525.Az

Mirzə Cəlilin "İranda hürriyyət" hekayəsi: mütləqiyyətdən istiqlaliyyətə


 

Mirzə Cəlilin "İranda hürriyyət" hekayəsi: <b style="color:red">mütləqiyyətdən istiqlaliyyətə</b>

"Cəlil Məmmədquluzadənin "İranda hürriyyət" hekayəsi bədii vasitələrlə ifadə olunmuş, hər dövr üçün müasir səslənən və əhəmiyyətli olan "hürriyyət payı"dır. Mirzə Cəlil bu hekayə ilə Azərbaycan ədəbiyyatının ən mükəmməl hürriyyətnaməsini yaratmışdır".

Akademik İsa Həbibbəyli 

Cəlil Məmmədquluzadənin hürriyyət ideyaları onun bütün yaradıcılığının əsas leytmotivinə çevrilmiş və "Molla Nəsrəddin" jurnalında uğurla davam etdirilmişdi. Jurnalın ilk nömrəsində dərc olunan "Təbriz... camaata hürriyyət müjdəsi verildi: belə ki, sərbazların ciyərçilik, qəssabçılıq və dilənçilik etmələrinə dövlət tərəfindən maneçilik yoxdur" xəbəri "İranda hürriyyət" hekayəsinə açılan pəncərə, epiqraf rolunu oynayan maraqlı müqəddimədir. Ədib həmin "teleqraf xəbəri"nə özünəməxsus yozum verərək yazır: "Molla Nəsrəddin" dilini ciddi mənaya çöndərsək, belə məlum olur ki, əvvəla Təbriz camaatına hürriyyət verilmək ehtimalı çox uzaq imiş və ikinci, İran sərbazları genə köhnə peşələrində imişlər: ciyərçilik, qəssablıq və dilənçilikdə".

Əsərdə, keçən əsrin əvvəllərində baş verən mühüm ictimai-siyasi, sosial problemlərə yazıçı münasibəti dövrün real gerçəklikləri kimi diqqət mərkəzində saxlanılır. C.Məmmədquluzadə "İranda hürriyyət" (1906) hekayəsini İranda və Cənubi Azərbaycanda baş verən məşrutə inqilabından sonra Məmmədəli şahın xalqa verdiyi yalançı hürriyyət vədi fonunda qələmə almışdı. Yazıçı İranda xalq hərəkatının mütləqiyyətə qarşı ardıcıl və uzunmüddətli mübarizəsi nəticəsində 1906-cı ilin avqustunda elan edilmiş hürriyyətin əsl mahiyyətini ifşa etməklə yanaşı, həm də azadlıq mücahidlərini, fədailəri fəal mübarizəyə səsləyir. Ədib ön planda hürriyyət məsələsini qabarıq nəzərə çarpdırmaqla bərabər, ötəri təsvirlərdə keçən il (1905) baş verən, hələ də davam etməkdə olan erməni-müsəlman məsələlərinə işarət etmiş, "şulux"luq, qatma-qarışıqlıq içərisində Şura Azərbaycanında da ictimai-siyasi vəziyyətin, insanların yaşam tərzinin, ölkədə sakitliyin olmaması faktlarının təsvirinə də diqqət yetirmişdi. Yazıçı xalqların mövcud durumu, onların siyasi hadisələrin tüğyan etməsindəki rolu və o taylı, bu taylı insanların siyasi çəkişmələrin, müharibələrin qurbanlarına çevrilməsini böyük sənətkarlıqla öz oxucusuna çatdırır. Şərq aləmində baş verənlərin iri dövlətlər - xalqı saxta hürriyyət oyunu ilə aldadan İran mütləqiyyətinin və erməni militaristlərinin şovinist siyasətini dəstəkləyən, milli qırğına rəvac verən rus imperiyasının əli ilə törədildiyini göstərir. Bütün bunlar təəssüf doğurucu və kinayə ilə süslənmiş yazıçı tendensiyasının görünən və tarixə çevrilən məqamlarıdır. Mirzə Cəlil hekayənin əvvəlində bu siyasi mənzərələri yaratmaqla və konkret tarixi faktı (1906) göstərməklə oxucuda real gerçəkliklər haqqında dolğun təsəvvür yaradır. Bütün bunlarla yanaşı, müəllif İranda baş verən məşrutə inqilabının güclü və zəif tərəflərinə dönə-dönə "Molla Nəsrəddin" jurnalında dərc edilən publisistik əsərlərdə, "Həmşəri" felyetonunda, Səttarxana həsr edilmiş şeirlərdə, teleqraf xəbərlərində geniş yer vermiş, lakin xalqın, sadə zəhmət adamlarının hələ də şüurca yetkin olmadığını, savadsızlığın, avamlığın, dini xurafatın taleyüklü problemlərin həllində bir sipərə çevrildiyini də göstərmişdir.

C.Məmmədquluzadənin böyük uzaqgörənliklə "acından Rusiya torpağına dağılan", məclislərdə "adam yerinə qoyulmayan" cənublu qardaşlarına üç müdrik tövsiyəsi siyasi və taktiki cəhətdən yazıçının yüksək intellektual səviyyəsindən xəbər verir: əl-ələ verib birləşmək; "tar-mar vətənin", zalımlar əlində dağıdılıb viran edilmiş məmləkətin halına yanmaq, taleyinə biganə qalmamaq; mütləqiyyət rejiminə, şahın yalançı hürriyyət vədlərinə aldanmamaq, bel bağlamamaq. Bütün bunlar hekayənin əsas məğzini təşkil edir.

Yazıçı ilk baxışda çox sadə görünən fabulada böyük mətləbləri aça bilmişdir. İran məmləkətində şahlıq rejiminin yaratdığı yoxsulluq girdabında boğularaq bir parça çörək pulu arxasınca vətənindən uzaq düşmüş Usta Cəfərlə Ərəblər kəndinin sakini Kərbəlayı Məmmədəlinin ailə tragikomediyası, avamlıq, savadsızlıq, kortəbiilik və şüurlarda hökm sürən gerilik hekayənin əsas bədii materialını təşkil edir. Akademik İsa Həbibbəyli Cəlil Məmmədquluzadə yaradıcılığının əsas qəhrəmanlarına çevrilən bu "kiçik adam"ların mənəvi dünyasından bəhs edərək yazır: "Savadsız olmaları, poçt qutusunu tanımamaqları, "hürriyyət"dən baş çıxarmamaları özlərinin deyil, onları daim əsarətdə saxlamaq istəyən mövcud rejimin yaratdığı müstəmləkə zülmünün təzahürləridir".

Şübhəsiz ki, insanların hürriyyətin mahiyyətini anlaya bilməməsi, minlərlə, milyonlarla Kərbəlayı Məmmədəlilərin deyil, onları bu vəziyyətə salan İran mütləqiyyətinin, şahlıq rejiminin, xalqı kölə vəziyyətinə salan mövcud quruluşun yanlış siyasətinin nəticəsidir. Çünki hər bir fərdi şəxsiyyətə çevirən onu əhatə edən mühitdən, cəmiyyətdən, ictimai-siyasi formasiyadan və hakim qüvvələrin kimə və nəyə xidmət etməsindən asılıdır.

Əsərin qəhrəmanı Kərbəlayı Məmmədəli ehtiyac üzündən Arazın bu tayına gəlsə də, ailəsinə pul qazanıb göndərə bilmir, əksinə, siğə yolu ilə yenidən Pərinisə ilə evlənməsi onsuz da ağır maddi vəziyyətdə olan iranlı mühacirin düşdüyü durumu daha da çətinləşdirir. O, şəriət qanunlarına əməl edərək ikinci dəfə evlənməklə özünü uçuruma yuvarlatmış olur. Yazıçı ata-babadan miras qalmış, ailə qanunlarına zidd olan ikiarvadlılığa qarşı çıxır, onu ictimai bəla kimi tənqid atəşinə tutur. Mirzə Cəlil hürriyyət məsələsində olduğu kimi, ailə problemlərində də baş verən hadisələrin əsl səbəbini elmsizlikdə, cahillikdə, savadsızlıqda görür. Əsərdəki obrazların üzləşdikləri çətin situasiyalar məhz bu səbəblərdən baş verir. Bu ictimai, sosial amillər feodal dünyasının qaranlıq mühitinin acınacaqlı və arzuolunmaz məntiqi yekunu kimi ortaya çıxır.

Hekayədə Kərbəlayı Məmmədəli ilə Usta Cəfərin eyni vaxtda mirzənin yanına gəlməsi, məktubların səhv düşməsi səhnələrinin təsviri yazıçının yüksək sənətkarlıqla yaratdığı bədii tapıntısı və hadisələrin düyün nöqtəsinin açılmasına xidmət edən ədəbi priyomudur. Fərqli məzmunda yazılmış hər iki məktub eyni ünvana - İran məmləkətinə göndərilir. Kərbəlayı Məmmədəlinin hər vəchlə o tayda qoyub gəldiyi ailəsindən gizlətməyə çalışdığı ikinci evliliyi də məhz məktubların dəyişik düşməsi səbəbindən açılır. Bu da yazıçının böyük, qlobal problemlərin həllinə məhz kiçik detallar vasitəsilə yol açmağın mümkünlüyünü göstərən dərin məntiqinin nəticəsidir. Əslində, bu zahiri dolaşıqlıq müəllifin düşünülmüş, planlaşdırılmış ədəbi priyomudur ki, bu da müəllif tendensiyasının açılmasına xidmət edən həlledici və mühüm məsələdir. Usta Cəfər öz məktubunda təzə arvad almağından, bahalıqdan söhbət açır, Kərbəlayı Məmmədəli isə anasına ünvanlandığı məktubunda yazır:  "... ay ana, deyirlər İrana hürriyyət veriblər. Dünən qonsur bizə xəbər verdi ki, bizim payımızı vətəndə paylayacaqlar. İndi, ay ana, mənim payıma hər nə düşsə, göndər..." Hekayənin əsas leytmotivi, tragikomik süjet xətti məhz bu hadisədə qərarlaşıb.

Yazıçı hürriyyət oyunundan məharətlə bir fon kimi yararlanmış, əslində, şahın zülm və məhrumiyyətləri içərisində məhv olan, bir parça çörək pulu üçün diyarbadiyar qürbət məmləkətlərə getməyə məcbur edilən məhkum İran xalqının faciələrlə dolu taleyini yüksək sənətkarlıqla göstərmiş, hadisələri ailə çərçivəsindən çıxararaq siyasi müstəviyə qaldırmış və qloballaşdırmışdır.

Ədibin diqqət mərkəzində saxladığı Kərbəlayı Məmmədəli Mirzə Cəlilin "Usta Zeynal" hekayəsindən, "Binəsiblər", "Xeyir-dua"... və digər məqalələrindən tanıdığımız zəhmətkeş insanlarla eyni taleyi yaşamışdı. Onun yaşadığı dövr -- XX əsrin əvvəlləri inqilabi mübarizələr əsri olsa da, minlərlə iranlı kimi Kərbəlayı Məmmədəli də şüurca yetkinləşməmiş, məhdud dünyagörüşü və savadsızlığı ucbatından ətrafında cərəyan edən böyük ictimai-siyasi hadisələrin mahiyyətini dərk edə bilməmişdi. Nəinki böyük mətləbləri anlaya bilir, hətta ailə daxilində belə xırda problemlərin həllində çox aciz və bacarıqsız görünür ki, bu da onu komik və satirik situasiya ilə üz-üzə qoyur. Onun hər şeyin nicat yolunu padşahdan gözləməsi, ona dua etməsi və Allahın yerdəki kölgəsi kimi ideallaşdırması, özünə hürriyyətdən pay umması düşdüyü faciənin səbəbini və səbəbkarlarını görə bilməməsindən irəli gələn böhranlı və faciəli məqamlardır.

Hekayənin mərkəzində İrana hürriyyət verilməsi kimi önəmli, mühüm bir məsələ dayansa da, yazıçı bu qədər taleyüklü bir problemi bilərəkdən satirik yönə istiqamətləndirir və sarkazma yüksəldir. Şübhəsiz, bütün baş verənlər Kərbəlayı Məmmədəlinin hürriyyətlə bağlı söhbətləri, arzu və istəkləri vasitəsilə oxucuya təqdim edilir. Yazıçının böyük ustalıqla hürriyyət oyunun iştirakçısına çevirdiyi ikinci obraz - Pərinisədir. Kərbəlayı Məmmədəli konsulla apardığı söhbəti ona çatdırmaqla Pərinisəni də bu yalançı hürriyyət oyununun paritet ifaçısına çevirir. Onların hər ikisinin hürriyyət haqqında düşüncələri eynidir. Çünki konsul israrla bildirdikdə ki, hürriyyətə yalnız öz vətəninizdə - İranda çata bilərsiniz. Bu reallığa Kərbəlayı Məmmədəli və Pərinisəni inandırmaq mümkün olmur. Hətta hürriyyətə maddi nemət kimi baxan Pərinisə ondan ehtiyat edir ki, Kərbəlayı Məmmədəlinin İranda qoyub gəldiyi birinci arvadı onun hürriyyət payını mənimsəyə bilər. Böyük realist ədib bu təsirli səhnələrin təsviri ilə hadisələri şiddətli satirik gülüşün kulminasiyasına yüksəldir. Bununla yanaşı, hekayədə satirik ittiham ayrı-ayrı fərdlərdən, personajlardan ötüb keçərək yüksək məqamda - İran mütləqiyyətinin, şahlıq üsul-idarəsinin ifşasında daha da sərtləşir.

Yazıçının tipikləşdirmə və fərdiləşdirmə qüdrəti digər əsərlərində olduğu kimi, bu hekayəsində də diqqətdən yayınmayıb. Mirzə Cəlilin yüksək sənətkarlığının nəticəsidir ki, o, kiçik dialoqlarda da dərin psixoloji məqamları, bütöv xarakterləri, portretləri ustalıqla, bədii sözün qüdrəti ilə rəsm edə bilir. Obrazın öz dili, danışıq aktı vasitəsilə özünü tanıtdırma metodu Pərinisənin xarakteri üçün də səciyyəvidir. Onun fərdi cizgiləri, yaddaqalan obrazı qardaşı Kərbəlayı Rza ilə dialoqunda konkretləşir:

" - Dadaş, sən allah, bu kağızı apar ver bir adama oxusun, görək burda nə yazılıb?

- Ay qız, Pərinisə, sənin heç ağlın yox imiş.

- Niyə, ay dadaş?

- Bir fikir elə gör, İrandan bura hürriyyət gələr?

- Ay dadaş, sən niyə elə söz danışırsan? İran nə uzaq yerdi ki, gəlməsin?! Ərəblər kəndi odur a... Arazın qırağındadı. Nə bir uzaq yoldu ki?! Buradan ora üç-dörd günlük yoldur.

- Yaxşı deyirsən, Pərinisə, Ərəblər çox uzaq yer deyil. Amma... o taydan bu üzə həna gələr, səbzə, badam içi gələr, tütün, çay, tiryək... belə zadlar gələr; yoxsa, vallah mən ömrümdə bir dəfə də eşitməmişəm ki, hürriyyət gələr..."

Pərinisə bu lakonik, yığcam dialoqda özünün həyata, cəmiyyətə baxışındakı məhdudiyyəti açıb göstərir, bir növ özü özünün ən dəqiq xarakterik obrazını yaradır, kimliyini təsdiq edir. Bu, personajları oxucuya tanıtdırmağın ən əlverişli üsullarından biridir.

Hekayənin Pərinisənin yuxusu ilə tamamlanması da rəmzi xarakter daşıyır. Ciddi ixtilaf və gərginlik üzərində qurulan hekayənin Kərbəlayı Məmmədəlinin birinci arvadının öz qardaşı ilə bərabər onlara gəlməsi, Kərbəlayı Məmmədəli və Pərinisəni qovub evdən çıxarması kimi sonluqla bitməsi süjet xəttinin bədii inkişafından doğan bir final və ədibin həqiqi nicatınız öz əlinizdədir, ayılın və ətrafdakı hadisələrə açıq gözlə baxın fikrinin məntiqi yekunudur.

"İranda hürriyyət" hekayəsi Kərbəlayı Məmmədəlilərin, Pərinisələrin timsalında Cəlil Məmmədquluzadənin bütün bəşəriyyətə, zülm və istibdad məngənəsində sıxılan, əzilən zavallı insanlara, xalqlara azadlıq, hürriyyət və istiqlaliyyət harayıdır. Bu səsləniş dünənimizdən bu günümüzə, bu günümüzdən isə sabahımıza qəlbi Azərbaycan eşqi ilə çarpan dahi Mirzə Cəlilin vətən sevgisindən yoğrulmuş istiqlal nidasıdır. Böyük ədib göstərdi ki, hürriyyət heç vaxt verilməz, o, mübarizə və inqilab yolu ilə alına bilər. O yerdə ki, mütləqiyyət üsul-idarəsi hökm sürür, orada əsl azadlıqdan söhbət gedə bilməz. Ona görə ki, demokratiya ilə mütləqiyyət, hürriyyət ilə istibdad, bir-birinə zidd olan bu iki qüvvə bir araya sığmaz.

Azərbaycan xalqı böyük istiqlalçı Cəlil Məmmədquluzadənin arzuladığı hürriyyətə, azadlığa, müstəqilliyə keçən əsrin əvvəlindən sonunadək erməni-müsəlman qırğınları, Qarabağ savaşı, 20 Yanvar faciəsi, Xocalı soyqırımı kimi neçə-neçə ölüm-dirim mübarizəsi ilə üz-üzə qalaraq, saysız-hesabsız şəhidlər, qurbanlar verərək nail ola bildi. Bu gün yazıçının ömrü boyu mücadilə apardığı doğma vətəni Azərbaycanın azadlığını və müstəqilliyini qoruyub gələcək nəsillərə ərməğan etmək hər bir azərbaycanlının müqəddəs və şərəfli borcudur.

Gülbəniz BABAYEVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

 





15.03.2019    çap et  çap et