525.Az

Erməni zülmünün Başlıbel - "Qanlı kaha" səhifəsi


 

Erməni zülmünün Başlıbel - "Qanlı kaha" səhifəsi <b style="color:red"></b>

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi 

Qarabağ müharibəsi tarixində elə hadisələr var ki, haqqında ya çox az söz açılıb, ya da ondan heç bəhs olunmayıb. 1993-cü ilin aprelində erməni hərbi birləşmələrinin əsarətinə keçən Kəlbəcər rayonunun Başlıbel kəndində baş verənlər də həmin hadisələrdəndir.

Araşdırmaçı-jurnalist Elxan Salahovun "Qanlı kaha" sənədli-publisistik povestində Başlıbel kəndinin erməni quldurları tərəfindən işğal edilməsi, bu zaman mühasirəyə düşüb köməksiz vəziyyətdə qalan kənd sakinlərinin dörd aya yaxın müddətdə məhrumiyyətlərlə dolu həyatından söhbət açılır.

Başlıbelin mühasirə gündəliyi kimi xarakterizə olunan "Qanlı kaha" kitabında nankor qonşularımız olan ermənilər tərəfindən Başlıbel kəndində törədilən faciə təsirli dillə oxuculara çatdırılır. Mühasirədə qalan uşaq, qoca, qadınların həyatını xilas etmək üçün böyük fədakarlıq göstərən şəxslərin şücaəti, vətən sevgisi burada öz dolğun əksini tapıb.

Elxan Salahovun "Qanlı kaha" kitabı nədən bəhs edir?

Tanınmış jurnalist Süleyman Qaradağlının redaktoru olduğu sənədli povest 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndinin yurd-yuvasını tərk etməyən, 4 ay ərzində kahalara sığınmış 76 dinc sakinin mühasirə həyatından bəhs edir. Mühasirəyə düşənlər arasında 8 uşaq, 24 qadın, 15 qoca da olub. Onların 113 gün davam edən və hər an silahlı erməni quldurları ilə üz-üzə gəlmək təhlükəsi ilə keçən ağır həyatı, soyuğa, aclığa qarşı apardıqları mübarizə Qarabağ müharibəsinin ən dəhşətli səhnələrindəndir. Mühasirə zamanı dəfələrlə erməni silahlılarının hücumuna məruz qalan dinc sakinlərdən 19 nəfəri girov götürülüb, 36 sakin amansızlıqla qətlə yetirilib, 1 nəfər itkin düşüb, 29 nəfər isə yalnız gecələr gizli dağ yolları ilə mühasirədən çıxa bilib. Qətlə yetirilən sakinlərin 27 nəfəri, girov götürülənlərin isə hamısı mülki vətəndaşlardır. Qətlə yetirilənlərin 14-ü qadın, 1-i azyaşlı uşaq, 7 nəfəri yaşı 70-dən yuxarı qoca, o cümlədən, 3 nəfəri yaşı 100-ü keçmiş şəxsdir. Təəssüf ki, Azərbaycan ərazisinin işğalı zamanı törədilən ağır cinayətlərə görə təcavüzkar Ermənistana qarşı beynəlxalq miqyasda hələ də heç bir ciddi tədbir görülməyib.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda Başlıbel kəndində kahalara sığınan, tez-tez mövqeyini dəyişmək məcburiyyətində qalan sakinlərin mühasirə həyatı, erməni silahlı qüvvələrinin törətdiyi kütləvi qətliamlar, vandalizm həmin hadisələri gözləri ilə görmüş, həmin məhrumiyyətləri yaşamış şahidlərin xatirələri əsasında oxuculara çatdırılıb. Povestdə, o cümlədən, 1994-cü ilin yanvar-fevral aylarında Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlər, məşhur "Murovdağ əməliyyatı" və onun acı nəticələri haqqında ətraflı məlumat verilib. Başlıbel kəndi Kəlbəcərin ən böyük və ən ucqar yaşayış məntəqələrindən biri idi.

Başlıbel əhalisi niyə mühasirədə qaldı?

Rayonun işğalı zamanı kənd ucqar olduğuna görə, sakinlərin ermənilərin Kəlbəcəri üzük qaşı kimi mühasirəyə almasından gec xəbər tutmuşdular. Kənd əhalisi inana bilməmişdi ki, doğrudan da Kəlbəcər işğal oluna bilər. Çoxları bunun təxribat xarakterli məlumat olduğunu hesab etdiyindən kimsə öz evini tərk edib getməmişdi. Aprel ayının 1-də kəndin ayağı yer tutan sakinləri dağ yolu ilə Kəlbəcərə doğru köç etməyə başlamışdı. Lakin kənddən yaşlılar, uşaqlar, xəstələr və qadınlar çıxa bilməmiş, evlərində qalan insanlar ancaq aprelin 4-də erməni kəşfiyyatçılarının kəndə gəlişi ilə başa düşmüşdülər ki, həqiqətən də Kəlbəcər işğal olunub.

Həmin andan sonra sakinlərin bir qismi evlərini tərk etmək istəsə də, onlardan 10 nəfəri düşmən tərəfindən qətlə yetirilib, 5 nəfəri girov götürülüb, qalan 76 nəfər isə dağlara üz tutub. Sonda cəmi 62 nəfər qalıb. Həmin 62 nəfər də dağlarda kahalara sığınıb. Müəllif də məhz o insanların 100 gündən çox birlikdə yaşadığı zamanı qələmə alıb.

Canlı şahidlərin dilindən danışan kitab

Başlıbel camatı inanılmaz dəhşətlər, müsibətlərlə üzləşib. Kitabı oxuduqca o dəhşətlər, insanların yaşadıqları faciələr göz önündə canlanır. Başlıbel kəndində törədilmiş soyqırımın canlı şahidlərinin fikirləri, mühasirədə qalan uşaq, qoca qadınların həyatını xilas etmək üçün böyük fədakarlıq göstərmiş şəxslərin şücaəti, Vətən sevgisi bu kitabda özünün hərtərəfli əksini tapıb. Elxan Salahov da "Qanlı kaha" kitabını yazmaqla ermənilərin Başlıbeldə törətdiyi vəhşiliyi, cinayəti şahidlərlə, faktlarla oxuculara təqdim edib.

Ermənilərin köməksiz vəziyyətdə kahalara sığınmış dinc sakinlərə qarşı törətdikləri vəhşilikləri oxuduqca insanı dəhşət bürüyür.

İnsanlığa sığmayan cinayət

XX əsrin başlanğıcında və sonunda ermənilər tərəfindən Azərbaycanın Qarabağ bölgəsində azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törədildiyi hər kəsə bəlli həqiqətdir. Ermənilərin məqsədi yalnız müharibədə qalib gəlmək yox, Qarabağ ərazisində yaşayan müsəlman əhalisini tamamilə məhv etmək, etnik təmizləmə siyasətini başa çatdırmaqdır. Bu da düşünülmüş surətdə törədilən cinayət və soyqırımdır. Azərbaycanın Qarabağ regionuna gəlmə olan bu ermənilərin azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşiliklər tarixdə heç bir müharibədə baş verməmiş, insanlığa qarşı yönəlmiş terrordur. Kəlbəcər rayonunun Başlıbel kəndində də ermənilər insanlığa sığmayan cinayət, sözün əsl mənasında, terror, soyqırım törədib.

"Kitabın 25 ildən sonra ərsəyə gəlməsinin ən əsas səbəbi..."

Kitab Kəlbəcərin işğalından 25 il sonra ərsəyə gəlib. Müəllifin fikrincə, işğal edilən torpaqların azad edilməsi istiqamətində görülən işlər, aparılan sülh danışıqları uzandıqca bu hadisələrin şahidləri azalır, faktlar, ağrılar, acılar tarixə çevrilir. Kəlbəcər yeni işğal olunanda deyilirdi ki, rayon tezliklə azad olunacaq. Çünki Birləşmiş Millətlər Təşkilatı bununla bağlı qətmanə qəbul etmişdi. Təəssüf ki, bu siyasi çabalar heç bir nəticə vermədi.

Elxan Salahov nəzərə çatıdırır ki, o özü də Qarabağ müharibəsi iştirakçısıdır: "Həmin hadisələrdə mən və ailəm, dostlarım, sinif yoldaşlarım yaralanıb, döyüş yoldaşlarım şəhid olub. İllər keçdikcə Kəlbəcərdə, ümumilikdə Qarabağda baş verən hadisələrin şahidləri azalır. Bu kitabı yazmaqda məqsədim, gənc nəslə, gənclərə bu hadisələrin təfərrüatı barədə ətraflı məlumat verməkdir. Kitabın 25 ildən sonra ərsəyə gəlməsinin ən əsas səbəbi bu idi.

Heç kim inanmırdı ki, erməni silahlı qüvvələri Dağlıq Qarabağın sərhədlərindən kənarda hansısa hərbi əməliyyatlar apara bilər. Düzdür, Dağlıq Qarabağla həmsərhəd olan Laçın rayonunun işğalından sonra Kəlbəcərdə də mühasirə ehtimalları yaranmışdı. 1992-ci ilin aprelin 7-dən 6-na keçən gecə Ağdaban kəndinin yandırılması, 30-dan artıq dinc insanın qətlə yetirilməsi onu göstərirdi ki, Ermənistan silahlı qüvvələrinin Kəlbəcər istiqamətində hücumları bir qədər intensivləşəcək. Belə də oldu. 

"Heç kim inanmırdı ki, Kəlbəcər işğal oluna bilər"

Müəllif özünün də sakini olduğu Başlıbel kəndinin mövqeyindən, orada yaşayan əhalinin məntəqəni tərk etməsi və eləcə də mühasirəyə düşmə səbəbindən danışıb: "Başlıbel Kəlbəcərin ən böyük və ən ucqar yaşayış məntəqələrindən biri idi. 2 mindən artıq əhalisi olan Başlıbel kəndinin 100-ə yaxın sakinin mühasirədə qalmasının bir səbəbi var idi. Heç kim inanmırdı ki, Kəlbəcər işğal oluna bilər. Aprel ayının 1-də kəndin ayağı yer tutan sakinləri dağ yolu ilə Kəlbəcərə doğru köç etməyə başlayıb. Lakin kənddən yaşlılar, uşaqlar, xəstələr və qadınlar çıxa bilməyib. Evlərində qalan insanlar ancaq aprelin 4-də erməni kəşfiyyatçılarının kəndə gəlişi ilə başa düşüblər ki, həqiqətən də Kəlbəcər işğal olunub. Həmin andan sonra sakinlərin bir qismi evlərini tərk etmək istəsə də, onlardan 10 nəfəri düşmən tərəfindən qətlə yetirilib, 5 nəfəri girov götürülüb, qalan 76 nəfər isə dağlara üz tutub".

"Bunu yazmaq mənim borcum idi"

Elxan Salahovun sözlərinə görə, 76 nəfərdən axıra cəmi 62 nəfər qalıb: "Həmin 62 nəfər də dağlarda kahalara sığınıb. Mən də məhz o insanların 100 gündən çox birlikdə yaşadığı zamanı, o ağrıları, acıları, dəhşəti qələmə almışam. Yaşadıqlarım, gördüklərim o dəhşətləri yazmaq doğurdan da mənim üçün çox ağır idi. Yazdıqca sanki həmin anları təkrar yaşayıram. Asan deyildi. Bəzən bir səhifənin üzərində günlərlə, həftələrlə işləmişəm. Çünki kəndin sakinləri hərəsi bir diyara səpələnib, onları tapmaq, danışmaq çox çətin idi.

Qarabağ müharibəsi dövründə bir kəndin 100-ə qədər sakininin mühasirədə qalması ikinci belə hadisə idi. Bu 100 nəfərdən cəmi 62 nəfəri sağ qala bilmişdi. Bu, doğurdan da çox ağrılı vəziyyətdir. Bunu yazmaq mənim borcum idi".

Elxan Salhov qeyd edib ki, dövlət orqanları "Qanlı kaha" kitabına laqeyd qalmayıblar. Mədəniyyət Nazirliyi, o cümlədən, Diasporla İş üzrə Dövlət Komitəsi sənədli povestin tərcüməsi, beynəlxalq ictimaiyyətə təqdim edilməsi ilə bağlı tədbirlər planı hazırlamaq fikrindədir. Bu cür mövzuların, materialların işlənməsinin həm də vicdan borcu olduğunu deyən jurnalist ümid edir ki, kitab rus və ingilis dillərinə tərcümə olunaraq Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslara, səfirliklərə, diaspor təşkilatlarına çatdırılacaq.

E.Salahov, həmçinin nəzərə çatdırıb ki, kitab əsasında sənədli film hazırlanır. Filmin istehsalı Kəlbəcərin işğalının növbəti ildönümü gününə, yəni aprelin 2-nə qədər başa çatacaq.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür

 





15.03.2019    çap et  çap et