525.Az

“Erl Litzenberqer təhlükəsizlik məsələlərində ixtisaslaşıb”


 

“YENİ SƏFİR AZƏRBAYCANLA ƏMƏKDAŞLIQDA ENERJİ VƏ TƏHLÜKƏSİZLİK SAHƏLƏRİNƏ ÜSTÜNLÜK VERƏCƏK”

“Erl Litzenberqer təhlükəsizlik məsələlərində ixtisaslaşıb”<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev martın 12-də Amerika Birləşmiş Ştatlarının yeni səfiri Erl Litzenberqerin etimadnaməsini qəbul edib. İlham Əliyev qəbulda əməkdaşlıqla bağlı maraqlı fikirlər söyləyib.

Dövlət başçısı qeyd edib ki, Erl Litzenberqerin səfir kimi fəaliyyəti dövründə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin daha da genişlənəcəyinə və inkişaf edəcəyinə əmindir.

Həm İlham Əliyev, həm də Erl Litzenberqer Azərbaycan-ABŞ əlaqələrinin yüksək səviyyədə olması və uğurlu inkişafından məmnunluq ifadə ediblər.

Amerikanın yeni səfirinin iki ölkə arasında münasibətlərin inkişafına verə biləcəyi töhfələrdən danışan “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, ABŞ Azərbaycanla əsas 4 istiqamətdə əməkdaşlıq edir: İqtisadiyyat, enerji, təhlükəsizlik və demokratik institutların inkişafı.

Politoloq bildirib ki, son illər Vaşinqton Azərbaycanla əməkdaşlıqda enerji və təhlükəsizlik sahəsinə daha çox önəm verir: “Elə prezidentlə görüşdə səfir xüsusi olaraq vurğulayıb ki, Azərbaycanın Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyata canlı qüvvə ilə töhfəsini, bu əməliyyat əsnasında göstərdiyi logistik və nəqliyyat dəstəyinin ABŞ hökuməti yüksək qiymətləndirir”.

Mərkəz sədri hesab edir ki, Azərbaycanın ABŞ-a Əfqanıstanda verdiyi dəstək Vaşinqton üçün önəmlidir: “Vaşinqton Əfqanıstanda terrorla mübarizə aparır və müttəfiqlər içərisində müsəlman dövlətləri də görmək istəyir. Azərbaycan azsaylı müsəlman ölkələrdəndir ki, Əfqanıstanda ABŞ-ın yanında yer alıb”.

E.Şahinoğlunun sözlərinə görə, ABŞ Azərbaycan qazının Avropaya nəqlində də vacib rol oynayır: “ABŞ faktiki bu məsələdə Azərbaycana lobbiçilik edir. ABŞ Avropanı Rusiyanın qaz asılılığından qurtarmaq istəyir. Azərbaycan qazı Avropa üçün önəmli alternativlərdən biridir. Buna görə də Vaşinqton Avropanı Azərbaycan qazını almağa təşviq edir. Bu Azərbaycanın maraqları ilə də üst-üstə düşür. Təsadüfi deyil ki, Prezident İlham Əliyev açıqlamalarında bir neçə dəfə ABŞ-a xüsusi minnətdarlığını bildirib ki, Vaşinqton 1990-cı illərin ortalarında Bakı-Tbilisi-Ceyhan boru xəttinin tikintisinə siyasi dəstək verib. İlham Əliyev bunu ona görə hər dəfə xatırlayır ki, bu boru xəttinin və Azərbaycan neftinin dünya bazarlarına Türkiyə üzərindən nəqlinə mane olmaq istəyən xarici güclər var idi və Vaşinqton həmin xarici güclərlə mübarizədə Azərbaycana dəstək verib. Vaşinqton 1994-cü ildə Bakıda “neft kontraktının” imzalanmasına da dəstək olub. Halbuki Moskva bu kontraktın imzalanmasının əleyhinə idi”.

Politoloqun fikrincə, ABŞ-la Azərbaycan arasındakı əməkdaşlıqda yeganə problem Dağlıq Qarabağ münaqişəsidir: “ABŞ Minsk qrupunun 3 həmsədr dövlətindən biri olmasına baxmayaraq son 19 ildir ki, münaqişənin həlli üçün səy göstərmir. Rusiya əsas vasitəçiyə çevrilib. Bu isə Azərbaycanın maraqlarına uyğun deyil. Çünki Moskva münaqişənin ədalətli həllində maraqlı deyil. Azərbaycan ABŞ-ın münaqişənin həllindəki səylərini artırmasını istəyir. Yeni səfir əlbəttə ki, Qarabağ mövzusunda müxtəlif açıqlamalar verəcək, ancaq münaqişənin həlli prosesi səfirdən və onun fəallığından asılı deyil. Münaqişənin həlli prosesində ABŞ Dövlət Departamenti fəal rol oynamalıdır”.

“Erl Litzenberqer Azərbaycana təyinatına qədər Dövlət Departamentində hərbi-siyasi məsələlər üzrə büroda baş müşavir vəzifəsində çalışıb. Bu o deməkdir ki, yeni səfir təhlükəsizlik məsələlərində ixtisaslaşıb. Vaşinqtona Azərbaycanda məhz belə səfir lazımdır”, - deyə E.Şahinoğlu qeyd edib. O hesab edir ki, yeni səfir Azərbaycanla əməkdaşlıqda enerji və təhlükəsizlik sahələrinə üstünlük verəcək: “Çünki özü bu sahənin bilicisidir. Figər tərəfdən Vaşinqton da Azərbaycanla əməkdaşlıqda qeyd edildiyi kimi, iki sahəyə üstünlük verir. Bu, Azərbaycanın da maraqlarına uyğundur”.

Ceyhun ABASOV

 





16.03.2019    çap et  çap et