525.Az

Artıq 6 binanın istismarına icazə verildi


 

PREZİDENTİN MÜVAFİQ FƏRMANININ İCRASINA UYĞUN OLARAQ ÇOXMƏNZİLLİ BİNALARDA YAŞAYAN 561 MƏNZİL SAHİBİNİN SƏNƏDLƏŞMƏ PROBLEMİ HƏLL OLUNDU

Artıq 6 binanın istismarına icazə verildi<b style="color:red"></b>

Prezident İlham Əliyevin “Bəzi çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” imzaladığı fərman mənzil-inşaat sektorunda uzun illərdən bəri yığılıb qalan problemlərin həllinə imkan verir.

Fərmanda qeyd olunduğu kimi, əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca prioritetlərindən biridir. Ölkənin sosial-iqtisadi inkişafı konsepsiyasına uyğun olaraq vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənən məqsədyönlü və sistemli tədbirlər həyata keçirilir. Son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində, o cümlədən, inşaat sektorunda əhəmiyyətli inkişaf müşahidə olunur, şəhərsalma və tikinti sahələrində irihəcmli investisiyaların böyük hissəsi çoxmənzilli yaşayış binalarının tikintisinə yönəldilir.

Bununla belə, ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərinin hüquq və maraqları nəzərə alınmadan aparılıb ki, bu da, öz növbəsində, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün edib.

Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə qərar qəbul edib.

Fərmana əsasən, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi qaydaları müəyyənləşdirilib.

Sənəd 400-dək yaşayış kompleksini, 50 minədək mənzili əhatə edir.

Martın 14-də Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanın icrası ilə bağlı məsələlərin müzakirəsinə həsr olunan müşavirə keçirilib.

Tədbirdə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, Prezident İlham Əliyevin imzaladığı fərman vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində növbəti mütərəqqi addım olaraq, bəzi çoxmənzilli binaların istismara verilməsinin sürətləndirilməsinə imkan yaradacaq. Nazir artıq bu istiqamətdə aidiyyəti dövlət qurumlarının birgə fəaliyyətini tənzimləyən işçi qrupun yaradıldığını və fərmandan irəli gələn məsələlərin operativ icrasına başlanıldığını qeyd edib. O bildirib ki, kiprezidentin bu mühüm fərmanının icrası nəticəsində illərlə qaz, işıq, su, poçt xidməti kimi problemlərlə üzləşmiş vətəndaşlar bu çətinliklərdən xilas olacaqlar. Bu baxımdan bu müşavirə adıçəkilən fərmanın icrası ilə bağlı aidiyyəti dövlət qurumlarının qarşılıqlı səmərəli fəaliyyətinin daha da gücləndirilməsinə və keyfiyyətinin artırılmasına xidmət edəcək.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev mühüm əhəmiyyət kəsb edən bu fərmanın icrası zamanı on minlərlə sakinin probleminin öz həllini tapacağını deyib. O, bildirib ki, işçi qrup artıq yoxlanılmış binaların istismara verilməsini daha da sürətləndirmək istiqamətində işlər aparır.

Prezidentin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev fərmandan irəli gələn məsələlərin əhəmiyyətindən danışaraq bu istiqamətdə aidiyyəti dövlət qurumlarının əlaqəli işinin vacibliyini vurğulayıb.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov fərmanın əhalinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm rol oynadığını diqqətə çatdıraraq bildirib ki, rəhbərlik etdiyi qurum işçi qrup çərçivəsində çoxmənzilli binaların istismara verilməsinin sadələşdirilməsi üçün lazımi işlərin görülməsində yaxından iştirak edir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov isə aidiyyəti dövlət qurumlarının birgə fəaliyyəti nəticəsində mühüm işlər görüldüyünü və fərmanın icrası istiqamətində Bakı Şəhər İcra Hakimiyyətinin də aidiyyəti dövlət orqanları ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

“Azərenerji” ASC-nin prezidenti Balababa Rzayev, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, SOCAR “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev adıçəkilən fərmana uyğun olaraq, bəzi çoxmənzilli binaların elektrik enerjisi, su və qaz ilə lazımi səviyyədə təminatı üçün müvafiq tədbirlərin həyata keçrildiyini bildiriblər.

Artıq müvafiq sənədləşmə prosedurlarından keçən çoxmənzilli binaların istismara verilməsinə başlanılıb. Bu barədə Prezidentin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin baş məsləhətçisi F.Mustafayev “Report”a açıqlamasında qeyd edib. O bildirib ki, fərmanın icrasına uyğun olaraq, Bakıda 6 çoxmənzilli yaşayış binasının istismarına icazə verilib. Onun sözlərinə görə, artıq dünəndən bu binalar rəsmi olaraq istismara qəbul olunub: “Uzun müddət idi ki, bu binalarda insanların yaşamasına baxmayaraq, mənzillər istismara qəbul olunmamışdı. Artıq Azərbaycanda həmin binalardan 6-sı istismara verildi. Bu, eyni zamanda, sakinlər üçün şad xəbərdir. Hesab edirəm ki, bu bir hədiyyədir”.

F.Mustafayev bildirib ki, istismara verilən Səbail rayonu, Badamdar qəsəbəsində “İdeal İnşaat” MTK-ya məxsus çoxmənzilli yaşayış binasında 561 mənzil var: “Həmin mənzillərin 50 faizdən çoxu istifadədədir. Prezidentin fərmanının əsas predmeti odur ki, vətəndaşlar tərəfindən uzunmüddətli istismar olunan binalarda sənədləşmə prosesi tamamlanmalıdır. Çünki bu olmasa, insanlar öz zəhmətləri hesabına aldıqları mülkiyyətin hüquqi sahibi sayılmırlar. Prezident bu humanist addımla vətəndaşlara hədiyyə etdi”.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Səbail rayonu, Badamdar qəsəbəsində istismara verilən binanın sakinləri üçün səyyar xidmət göstərilib və mənzil sahiblərinə çıxarışlar təqdim olunub.

Ceyhun ABASOV

 





16.03.2019    çap et  çap et