525.Az

Milli Məclis hökumətin hesabatını qəbul etdi


 

BAŞ NAZİR NOVRUZ MƏMMƏDOV HÖKUMƏTİN HESABATI VƏ SON BİR İLLİK FƏALİYYƏTİ İLƏ BAĞLI MİLLƏT VƏKİLLƏRİNİN TƏKLİFLƏRİNİN NƏZƏRƏ ALINACAĞINI BİLDİRDİ

<b style="color:red">Milli Məclis hökumətin hesabatını qəbul etdi</b>

Milli Məclisin (MM) dünənki növbəti plenar iclasında hökumətin illik hesabatının müzakirəsi keçirilib.

İclası açan spiker Oqtay Əsədov öncə Baş nazir Novruz Məmmədovun ad gününün hökumətin hesabat günü ilə üst-üstə düşdüyünü və bu səbəbdən deputatlar adından onu təbrik etdiyini bildirib.

Sonra spiker bildirib ki, ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan dinamik inkişaf prosesi hökumətin hesabatında özünün əksini tapıb. O qeyd edib ki, son bir il Azərbaycanda dərin islahatlar ili olub. Onun sözlərinə görə, bir il ərzində ölkənin xarici borcları 22 faizdən 18 faizə enib: “Görülən işlər nəticəsində iqtisadiyyatımızın dayanıqlı inkişafı təmin edilib. Cari ilin əvvəlində minimum əməkhaqqı, təqaüd və pensiyaların artırılması, eləcə də sosial məsələlərin həlli həyata keçirilən siyasətin nəticəsidir. Aparıcı təşkilatlar bu islahatları yüksək qiymətləndirir. Dünya Bankının hesabatında ölkəmiz əvvəlki illərlə müqayisədə 22 pillə irəliləyib”. Həmçinin, ölkənin valyuta ehtiyatları son bir ildə 45 miyarddan çox olub.

Sonra hökumət adından parlamentarilər qarşısında Baş nazir kimi ilk hesabatını verən Novruz Məmmədov öncə millət vəkillərini qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib. Baş nazir bildirib ki, 2018-ci il ölkənin ictimai-siyasi həyatında böyük nailiyyətlərlə və tarixi əlamətdar hadisələrlə zəngin olub. Ötən il tarixə “Cümhuriyyət ili” kimi düşüb. Eyni zamanda, ötən ilin əvvəllərində ölkədə növbədənkənar prezident seçkiləri keçirilib və Azərbaycan xalqı növbəti dəfə ölkə prezidenti İlham Əliyevə etimad göstərib.

Hər il 160 milyon dollar gəlir əldə edilməsi gözlənilir...

N.Məmmədovun dediyinə görə, keçən il ölkədə  yol infrastrukturuna 1,7 milyard manat vəsait yönəldilib. Onun qeyd etdiyinə görə, keçən il əsaslı təmir edilən, yeni çəkilən yollar 2000 kilometr olub: “Ləki-Qəbələ dəmir yolunun artıq 14 kilometri çəkilib. Keçən il iki təyyarə alınıb”. Baş nazir bununla yanaşı bildirib ki,  Azərbaycanda 19,2 milyard kubmetr qaz istehsal edilib. N.Məmmədovun qeyd etdiyinə görə, Sumqayıt Kimya Parkında karbamid zavodu fəaliyyətə başlayıb. Əlavə edib ki, bu zavodda ildə 650 min ton məhsul istehsal ediləcək: “Bu zavodun məhsullarının xarici ölkələrə satışından hər il 160 milyon dollar gəlir əldə edilməsi gözlənilir. Türkiyədəki “Star” zavodu isə ölkəyə ilk 5 ildə hər il 850 milyon dollardan çox gəlir gətirəcək”.

Azərbaycan Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlıdır...

Baş nazir çıxışında deyib ki, ölkə prezidentinin apardığı uğurlu xarici siyasət dövlətimizin nüfuzunun yüksəlməsinə və Azərbaycanı dəstəkləyən ölkələrin sayının artmasına səbəb olub. Baş nazir deyib ki, Qarabağ münaqişəsinin həlli Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti olaraq qalıb. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyi bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.

Millət vəkillərinin təklifləri nəzərə alınacaq

Sonra “Hökumətin hesabatı və son bir illik fəaliyyəti  barədə millət vəkillərinin mətbuatda gedən fikirləri ilə tanış olmuşam” - deyən Baş nazir bunları vurğulayıb: “Hər biri ilə şəxsən tanışam. Fikirlərinizə görə minnətdarlığımı bildirirəm və qeyd edirəm ki, dedikləriniz hamısı hökumətin gələcək fəaliyyətində nəzərə alınacaq”.

Elmira Axundova: “Yüz milyonlar niyə hansısa məmurun “qara sandığını” doldurmalıdır?”

“Mən yenidən Bakıda könhə və yeni yaşayış məntəqələri ilə bağlı məsələni dilə gətirmək istəyirəm.  İnsanlar həmin yaşayış məntəqələrində 20, 30 ildir yaşayırlar. Onlar bütün kommunal xərcləri ödəyirlər. Ancaq onlar orada nə qeydiyyata düşə bilir, nə qanuni şəkildə vergi ödəyirlər. Əslində, onların ödədikləri də hansısa məmurların cibinə gedir”. Bu fikirləri hökumətin hesabatı ətrafında çıxışı zamanı millət vəkili Elmira Axundova deyib. Millət vəkili hesab edir ki, artıq bu məsələ tam şəkildə öz həllini tapmalıdır: “Axı, bu pullar niyə büdcədən kənarda qalıb hansısa məmurun “qara kassasını” doldursun? Bu pullar az vəsait deyil, ilə 300-500 milyon arasında pul edir...”

Millət vəkili banklarla bağlı təklif verdi...

Millət vəkili Fəzail Ağamalı  çıxışında bildirib ki, ofşor zonalarında bank və maliyyə şirkətlərin yaradılması ölkənin maliyyə sisteminin əhəmiyyətli dərəcədə yüksəlməsinə xidmət edərdi. “Ölkədə maliyyə dövriyyəsinin gücləndirilməsi üçün bank sistemi sağlamlaşdırılmalıdır” - deyən,  millət vəkili qeyd edib ki, sığorta maliyyə şirkətlərindən, investisiya fondlarından ciddi maliyyə imkanları qazanaraq bank sistemini sağlamlaşdırmaq mümkündür: “Ofşor zonalarında bank və maliyyə şirkətlərin yaradılması ölkənin maliyyə sisteminin əhəmiyyətli dərəcədə yüksəlməsinə xidmət edərdi. Xarici borclar alaraq iqtisadiyyatımızın inkişafına təkan verməliyik. Çünki inkişaf etmiş ölkələrdə xarici borc ümumdaxili məhsuldan artıq olur. Amma bu, onların iqtisadi inkişafına mane olmur”.

Siyavuş Novruzov əlil tələbələrin təhsil haqqından azad edilməsi məsələsini qaldırdı 

”Azərbaycanda aparılan islahatları gözü götürməyən, bu islahatların onların təzyiqi nəticəsində aparıldığını iddia edənlər var”. Bunu da parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib. Komitə sədrinin sözlərinə görə, bəzi ölkələr hələ də Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edirlər: “Bu cəhdlər yersizdir. Onların cəhdləri heç bir nəticə verməyəcək”. Komitə sədri sonra bir qrup əlil tələbənin təhsil haqqından azad edilməsi üçün müraciət etdiyini nəzərə çatdırıb. “Bu əlil tələbələrin sayı elə də çox deyil. Bu təhsil haqlarının bir hissəsini dövlət, bir hissəsini universitetlər, bir hissəsini də sahibkarlar öz üzərinə götürsə, yaxşı olar. O əlil tələbələr də təhsillərini davam etdirər” - deyə, S.Novruzov sözlərinə əlavə edib.

Müzakirədən sonra hesabat səsverməyə çıxarılaraq qəbul edilib.

Kamil HƏMZƏOĞLU

 





16.03.2019    çap et  çap et