525.Az

Çiçəklərin, hüzurun və eşqin vəhdətində - Türkan Turan


 

Çiçəklərin, hüzurun və eşqin vəhdətində - <b style="color:red">Türkan Turan </b>

Təyyarədən enib pasport yoxlanışını gözləyərkən təəccüblənirəm. Hamının canında bir rahatlıq var. Uğultu, gurultu, pıçıltı, səs-küy eşidilmir.

Heç yoxlanışdan keçərkən qarşısında dayanıb gözünü zillədiyin o kamera da yoxdur. Bütün “yox” kimi görünənləri isə işıqlı, təmkinli, hansı tərəfdən baxsan, çöhrəsindən hüzur yağan polis həyata keçirir. Öz-özümə fikirləşirəm, yəqin çox yorğunam, ona görə gözümə hamı başqa cür görünür, ya da bəxtim gətirib belə adamla qarşılaşmışam. Möhür vurulandan sonra çamadanımı götürüb gəliş saatımdan düz 50 dəqiqə sonra hava limanını tərk edirəm. Qarşılanmadan sonra yola düşürük. Kiçik, solğun, boş görünən hava limanı əvvəl-əvvəl buranı sevməyəcəyim təsəvvürünü yaratmışdı. Bu duyğu yorğunluğuma məyusluq qatmışdı. Düşünmüşdüm ki, burada bir gün də keçməz, sıxılar, darıxaram. Danışmağa həvəsim yox idi. Nə olacaq, nə baş verəcək, hansı gün hansı işlər görüləcək deyə beynimdə çək-çevir edir, planlar qururdum. Bu məqamda elə bil yuxudan oyandım. Yolun sağında və solunda yamyaşıl çəmənləri, xüsusi olaraq əkilib becərilmədiyi hər halından bəlli olan sünbülləri, hər tərəfdən insanın üzünə gülən, ləçəkləri sapsarı, ortası qara çobanyastıqlarını görəndə heyrətdən az qalırsan ağzındakı kiçicik dilini udasan. Bir qədər getdikdən sonra sıra-sıra düzülən lalələr insanın üzünü güldürür. Fikirləşirsən ki, deməli, buralara yaz çoxdan gəlib.

Az qala, hər addımda baxışına tuş gələn, olduqca iri, hündürlüyü iki metrə yaxın, geniş əraziyə yayılan kaktusları görəndə səssizliyimi pozdum. Sürücüyə:

- Bu kaktuslar yabanı halda, öz-özlərinə bitib böyüyürlər, yoxsa xüsusi qulluq var?

- Yox, onlardan buralarda çoxdur. Yağışdan, qardan, doludan, günəşdən özləri-özlərini qoruyub, uzun illər yaşayırlar. Belə bitkiləri buralarda çox görəcəksiniz.

Həmin an Bakı bulvarı yadıma düşür. Oradakı kiçik ərazidə salınan “Kaktus bağı”nı xatırlayır, bir budağına nə qədər xərc çəkildiyini təsəvvür etməyə çalışıram. Gözlərim önünə onların üstünə yazılmış “Ayka, səni sevirəm”, “Gülka, məndən ayrılma”, “Q+M=EŞQ” kimi bayağı sözlər gəlir. Yox, yox, tez-tələsik bütün neqativləri düşüncələrimdən qovuram. İndi, bu anda  mənə gözlərim önündəki mənzərələr lazımdır.

Bura Kiprdir. İstiqamət Bafra kəndinədir. Yolumuz uzundur. Sürücü yolculuğumuzun təxminən bir saat sürəcəyini deyir. Hərdənbir ona suallar verib beynimdəkilərə aydınlıq gətirməyə çalışıram.

Burada avtomobillər sağdan idarə edilir. Yəni sükan sağ tərəfdədir. Bu da adama qəribə görünür. Hətta sürücünün yerinə adam özü narahat olur. Sənə elə gəlir ki, hər an baş verəcək qəzadan qurtuluş qaçılmazdır. Amma sürücünün rahatlığını görəndə bir az arxayınlaşırsan. Artıq 30 dəqiqədən çoxdur ki, yol gedirik. Ətrafdakı qədim, amma xaraba qalmış tikililər diqqət çəkir. Sürücü çoxunun keçmişdən qalan kilsə olduğunu deyir. Onu da öyrənirəm ki, burada nə məscidlərə, nə də kilsələrə çox gedilir. Cavabına əmin olduğum növbəti sualı verirəm:

- Burada cinayətlər olmur, elədir?

- Hə, demək olar ki, olmur. Çox nadir hallarda baş verir. Məsələn, 2007-ci ildə bir iş adamı və həyat yoldaşı ayranına zəhər qatılaraq öldürülmüşdü. 1-2 il əvvəl ər arvadını öldürmüşdü. Siz hardan bildiniz cinayət olmadığını?

- Şəhərin üz-gözündən.

Həqiqətən, getdiyin hamar, təmiz yollara, yerin yaşılına, göy üzünün mavisinə baxanda sənə elə gəlir ki, burada nəinki cinayət işləmək, səsini ucaltmaq da günah olar. Bu cür gözəlliyi qana bulamaq üçün ancaq barbar, vandal ruh daşımaq lazımdır.

Ətrafda villalar gözə dəyir. Yenə heyrət, yenə təəccüb... Bəs, hanı bunun hasarları, hanı sonu görünməyən həyətyanı sahəsi, bəs, qalaya bənzəyən divarlardan bu villaların ətrafında niyə yoxdur?! Heç villanın qapısını açıb küçəyə addım atarlar? Bu nə təzad, bu necə ziddiyyətdir? Bir villanın ki, nəhəng darvazası, darvazanın üstündə yekə bir at nalı, ondan da yekə gözmuncuğu yoxdur, daha ondan nə villa olar? Hə, deməli, belə də ola bilirmiş! Özü də kəndin düz ortasında...

Evlərin hamısı, elə bil, bir-birinin eynisidir - ağ rəngə boyandıqları üçün göz oxşayırlar. Ətraf sadəliyi və səliqəsi ilə adamı məftun edir.

Ölkənin üç yüz minə yaxın əhalisi var. Diqqət çəkən məqamlardan biri isə küçədə nə polisin, nə də avtomobilinin gözə dəyməsidir. Hətta yollarda, ətrafda bir dənə də müşahidə kamerası yoxdur. Burada kameraların ulduz kimi çox olduğu yer kazinolardır (Bu haqda ətraflı yazacam).

Uzaqdan qalacağım otel görünməyə başlayır. Hava limanında yorğunluqdan əldən düşdüyümü hiss etsəm də, indi o halımdan heç bir əsər-əlamət qalmayıb. Özümü cənnətə düşmüş kimi hiss edirəm!

Gəldiyim bir saatlıq yol mənə “önyarğılı olma” prinsipini bir daha sübut etdi. Solğun, kiçik görünən şeylərin arxasındakı işıq, parıltı həmişə insanı yanıldır. Bircə pərdəni aralayıb, arxasına baxa bilməyi bacarasan...

Gələn yazımda Akdeniz sahilindən - saatların su kimi axdığı, hərdən şimşəyin çaxdığı, ara-sıra yağış dənələrinin düşdüyü cənnət bir məkandan, hər kəsin sevdiyi, nüfuzlu insanların söhbətlərindən və daha fərqli mövzulardan bəhs edəcəm.

Gözləyin...

Kipr

 





16.03.2019    çap et  çap et