525.Az

Fon və fiqura... - İlqar Kamilin essesi


 

Fon və fiqura... - <b style="color:red">İlqar Kamilin essesi </b>

Zəlzələ kimi oldu bu, qəfil oldu. Uzandığım yerdə əlimi ürəyimə sürtüb hiss elədim ki, dostumçün bərk darıxıram.

Hər dəfə qonağı olanda “abi, qadan alım, bir az söhbət elə” deyib tez gitarasını əlinə alan qırışmalı deyirəm; ilk dəfə qəşəng-qəşəng təəccüblənmişdim də: ay qaqam, mən danışacamsa, bəs bu ifa nə? Gitarasını ən əziz adamı kimi sinəsinə sıxıb qımışmışdı:

Musiqiylə dediklərin daha təsirli olur, abi!

Sonralar bir komediya filmində də gördüm bu priyomu; oğul atasından maşının istəməyə gedir, dostunu da yanında aparır ki, bu yalvararkən dostu atasının ən sevdiyi mahnılardan birini zümzümə eləsin; indi siz təsəvvür edin, oğul danışır, dostu qəmli-qəmli mızıldıyır, oğul yalvarır, dostu lap kədərli mızıldıyır... nə gülürsüz, əsas odur, axır, qoparırlar açarı.

Fon vacibdi, çox vacibdi və lap sonralar yadıma düşür ki, düz iyirmi il qabaq mən özüm də fon-fiqura söhbəti eləmişəm; bərk dalaşmış balaca qardaşlarımı barışdırmaqçün köhnə maqnitofonumuzda küçük Əmrahın kədərli mahnılarından birini qoyub demişəm ki, biz dalaşmamalıyıq, qardaşlarım, axı bizim bizdən başqa heç kimimiz yoxdu!

Fon və fiqura! Psixologiyada ən maraqlı mövzulardan biridir; Fiqura - əsas olandır, fon - köməkçi vasitə, altda qalan, kölgə və s. Məsələn, vaizin nitqi fiquradır, ona yerləşdirilmiş musiqi isə fon. Sizə düzünü deyirəm, biz heç bir vacib sözü fonsuz səsləndirmirik, bununçün ən azı bir çay süfrəsi (fon) təşkil etməliyik, doğru olan da budur. Məsələn, yağışlı havada, dəniz kənarında edilən söhbətlər ona görə daha təsirli olur ki, yağış və dəniz nitqimizin təbii fonları olur.

Şəxsiyyət də fondur, nitqin, yazının, əməlin fonu. Burnunun üstündəki xalınacan eyni əməli iki fərqli adam edər, tamam fərqli mənalar verər, niyə? Çünki fiquraları eyni olsa da fonları (oxu: şəxsiyyətləri) fərqlidir. Fon deyib keçməyin, fiquranın məzmununu dəyişəcək gücə malikdir o; məsələn, yazırlar, bir gün şeytan həzrət İbrahimdən “la ilahə illəllah” deməsini istəyir, İbrahim (ə) demir; səhabələri təəccüblənirlər: o ki, sizdən pis şey istəmir... Həzrət gülümsəyir: görün onu məndən kim istəyir!

İşimiz, gücümüz, həyatımız alınmırsa, bəlkə problem fonumuzdadır? Məsələ budur ki, fon fiquraya uyğun olmalıdır; münasib olmayan fon çox gözəl bir fuquranı bərbad günə qoya bilər və əksinə. Məsələn, adi bir söhbəti çalarlandırıb, mənalandıran da gözəl fondur: qəfil musiqi kəsilir, ayılırsan ki, bayaqdan ləzzətlə oxuduqların adi, çox adi sözlərmiş...

Demək, həyatı hansı fonla yaşayırsınız - əsas olan budur, əmma və lakin unutmayın, fon fiquranı üstələməməlidir. Təsəvvür edin, alimin nitqinə fon-musiqi yerləşdiriblər, musiqi nitqdən daha ucadır, necə təsir edər? Həyatımız doludur, fonu fiqurasından möhkəm olan məsələlərlə və deyəsən, kələfin bir ucu da elə burdadır.

Yəni misal üçün, ideal ailə sistemində qadın fon, kişi fiqura olmalıdır. Şəxsən mən “hər uğurlu kişinin arxasında bir qadın dayanır” ifadəsini belə başa düşürəm. Bəli, əzizim, fon çox vacibdir, fuksionaldır, həyatidir... bir şərtlə ki, fiquranı üstələməsin.

 





16.03.2019    çap et  çap et