525.Az

Gənc Ədiblərin növbəti görüşü


 

Gənc Ədiblərin növbəti görüşü <b style="color:red"></b> Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda dördüncü Gənc Ədiblər Məktəbinin növbəti görüşü keçirilib. Bu dəfə görüşdə gənclər Bakıda qonaq olan pakistanlı şair, yazıçı, tərcüməçi Həmzə Həsən Şeyxlə görüşüblər.

Tədbiri giriş sözü ilə açan Məktəbin rəhbəri, AYB katibi Rəşad Məcid qonağı iştirakçılara təqdim edib. Bildirib ki, Həmzə Həsən Pakistanda universitet müəllimidir, ingilis dili və ədəbiyyatından dərs deyir. Şeirlərini daha çox ingilis dilində, bəzi kiçik hekayələrini isə urdu dilində yazır.

Azərbaycana səfərindən və buradakı yazıçılarla, şairlərlə görüşündən məmnunluğunu bildirən pakistanlı şair Azərbaycan ədəbiyyatı haqqında fikirlərini də səsləndirib: “Bizim dillərimiz fərqli olsa da, məncə, ədəbiyyatın, şeirin dili birdir. Biz bir-birimizlə könül dilində danışırıq. Mən hələ illər öncədən Azərbaycan klassik ədəbiyyatı ilə maraqlanmış, bəzi nümunələr oxumuşam. Amma təəssüf ki, Pakistanda, Hindistanda bu ədəbiyyatdan çox da xəbərdar deyillər. Bizdə ingilis dili dövlət səviyyəsində dil olduğundan, ədiblərimiz də dünyaya çıxmağa maraqlı olduqlarından daha çox ingilis dilində yazırıq. Sizdə isə bu tendensiya yoxdur. Sizdə əsasən Azərbaycan və rus dilləri işləkdir. Mən istərdim ki, sizin ingilis dilində olan əsərlərinizi bizim dilə çevirərək Pakistanda, Hindistanda çap etdirim, bizim xalqımız da bu cür zəngin ədəbiyyatla tanış olsunlar. Eləcə də burada pakistanlı yazıçıların əsərləri dövrü mətuatda çap olunsun və beləcə qarşılıqlı ədəbi mübadilə ikişaf etsin”.

Azərbaycan Yazıçılar Birliyinin fəaliyyətilə yaxından tanış olduğunu vurğulayan qonaq, burada ədəbiyyata, sözə olan münasibətdən çox məmnun qaldığını deyib. O, artıq dördüncü dəfədir ki, keçirilən Gənc Ədiblər Məktəbini Yazıçılar Birliyinin gənclərə yaratdığı geniş imkanların bir nümunəsi kimi dəyərləndirib: “Çox sevindirici haldır ki, Azərbaycanda bu qədər gənc ədəbiyyata maraq göstərir və Yazıçılar Birliyi də onlara özlərini tanıtmaq, ədəbiyyatı daha dərindən öyrənmək üçün şərait yaradır”.

Daha sonra qonaq öz şeirlərini səsləndirib. Onun şeirlərini Azərbaycan dilinə Təhminə Vəliyeva tərcümə edib:

Əgər belə qəlbsizsənsə,
o zaman daşdan yonulmuş heykəl ol.
Sənə sitayiş etmək üçün
qarşında baş əyirəm,
Sənin mənim Tale İlahəm olduğuna inanaraq
öpürəm...

Həmzə Həsənin görüşdə səsləndirdiyi “Tale İlahəsi”, “Billur gözlər”, “Qaraçı”, “Sevdiyimiz birinə”, “Nifrət” və s. şeirləri gənc ədiblərin və tədbir iştirakçılarının marağına səbəb olub:

Bəzisi dəvənin üstündə,
Bəzisi piyada gedən
bir yığın insan gördüm.
Dəvə üstündə sevgi ilə gülümsəyən
Pəri görəndə elə bil xəyaldan ayıldım,
sanki dəliyə döndüm.
Onu dəlicəsinə axtarmaq üçün
o karvana qoşuldum.
Sanki ayaqlarım getmədi,
O naməlum qaraçını tapmaq üçün
yollara düşdüm,
O, məni də qaraçıya döndərdi...

Rəşad Məcid, həmçinin, görüşdə iştirak edən “Azərbaycan” jurnalı poeziya bölməsinin rəhbəri, şair Qəşəm Nəcəfzadə və gənclər şeirlər haqqında yüksək fikirlərini səsləndiriblər.

Daha sonra GƏM-in üzvlərindən Ələsgər Əhməd, Nərmin Fərzəliyeva, Aytac Məmmədli,Tahirə Nur, Aydın Cavad, Mirçingiz Ağazadə, Kənan İsmayılov, Ləman Bakuvi və başqaları öz şeirlərini, Qəşəm Nəcəfzadə oxunan mətnlər haqqında fikirlərini söyləyib, gənclərə ədəbiyyat, bədii mətn, yazı texnikası, poeziya haqqında tövsiyələrini dilə gətirib.

Şahanə MÜŞFİQ
 





17.03.2019    çap et  çap et