525.Az

İndoneziya səfiri Memarlıq və İnşaat Universitetində


 

SƏFİR AZƏRBAYCAN MAHNILARI İFA ETDİ

İndoneziya səfiri Memarlıq və İnşaat Universitetində <b style="color:red"></b>

İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Husnan Bəy Fanani Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrlə görüşüb.

Görüş zamanı AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova İndoneziyanın ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu deyib. G.Məmmədova səfirin ölkəmizi çox sevdiyini, Azərbaycanın tarixini, mədəniyyətini yaxşı tanıdığını vurğulayıb. Universitetin rəhbərliyini, müəllimləri və tələbələri salamlayan səfir görüşün təşkil edilməsinə görə AzMİU-nun rəhbərliyinə təşəkkür edib. Hüsnan Bəy Fanani Novruz bayramı ərəfəsində AzMİU-nun tələbələri ilə görüşmək və onların qarşısında çıxış etməkdən məmnun olduğunu bildirib.

Diplomat əhalisinin sayına görə dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziyanın tarixi, mədəniyyəti və iqtisadiyyatı haqqında tələbələrə ətraflı məlumat verib. Mədəni və mental dəyərlər baxımından iki ölkə xalqı arasında oxşarlıq olduğunu bildirən səfir İndoneziyanın multikultural, plüralist ölkə olduğunu diqqətə çatdırıb. O, Azərbaycanda olduğu qısa vaxtda bu ölkəni artıq yaxşı tanıdığını və sevdiyini bildirib. Azərbaycan mədəniyyəti, elmi, ictimai-siyasi həyatı ilə uşaqlıq yaşlarından maraqlandığını deyən səfir Azərbaycanda çox böyük işlər gördüyünü, ölkəmizin dinamik inkişaf yolunda olduğunu bildirib.

Çıxış edən Hüsnan Bəy Fanani Azərbaycanın dünyanın ən gözəl, zəngin ölkələrindən biri olduğunu vurğulayıb. Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan diplomat ölkəsinin Azərbaycanın ədalətli mövqeyini - ərazi bütövlüyünü birmənalı şəkildə müdafiə etdiyini vurğulayıb.

İndoneziyanın mədəniyyətini və paytaxtı Cakarta şəhərini əks etdirən videoçarxın nümayişindən sonra səfir əvvəlcədən hazırladığı musiqi kompazisiyası ilə tədbir iştirakçılarının təəccübləndirib. Səfirin pianodakı ifası maraqla qarşılanıb, gurultulu alqışlarla müşayiət olunub. Eyni zamanda, Fanani İndoneziya milli müsiqisini və məşhur Azərbaycan mahnıları olan “Sarı gəlin”, “Azərbaycan”, “Gəl səhərim”i tələbələrlə birgə ifa edib.

S.QARAYEVA

 





17.03.2019    çap et  çap et