525.Az

Məsuliyyətimizi nə üçün janrın boynuna atırıq? - Xalq yazıçısı Elçinin III məqaləsi


 

TƏNQİDİMİZ VƏ ƏDƏBİ PROSESİMİZ ƏTRAFINDA BİR NEÇƏ SÖZ

Məsuliyyətimizi nə üçün janrın boynuna atırıq? - <b style="color:red">Xalq yazıçısı Elçinin III məqaləsi </b>

Ədəbi prosesdə tez-tez rast gəldiyimiz yanlış iddialardan biri də budur ki, ədəbi tənqid sosrealizm mirasıdır - əlbəttə, belə deyil və o başqa məsələ ki, sosrealizm, daha ətraflı götürsək, ümumiyyətlə, Sovet ideologiyası ədəbi tənqidi özünün tərkib hissəsinə çevirmişdi.

Düzdür, bizim ədəbiyyatşünaslar Azərbaycan ədəbi tənqidinin ibtidai köklərini orta əsrlərə, daha əvvəlki dövrlərə aparıb çıxarır (və inandırır!), ancaq fakt budur ki, keçən əsrin əvvəllərində özünü rüşeyim halında göstərməyə başlamış müasir tənqidimiz bir janr kimi məhz Sovet dönəmində, sosrealizm şəraitində formalaşmışdır və görünür, “ədəbi tənqid sosrealizm mirasıdır” fikrinin yaranmasında bu faktorun da rolu az deyil. Gənc və təcrübəyə malik olmayan bir janr kimi Azərbaycan ədəbi tənqidini ram etmək, sosrealizm üçün Belinskisi, Pisarevi, Dobrolyubovu, Annenkovu və b. olan rus ədəbi tənqidini ram etməkdən asan idi, hərçənd rus ədəbi tənqidinin özü də, xüsusən 30-40-50-ci illərdə vulqar sosiologizm baxımından “Pravda” qəzeti kimi qüdrətli partiya tribunasına malik “nümunəvi” və “rəhbər” (!) tənqid idi.

Biz artıq demişik ki, sosrealizm tənqidi postsovet (o cümlədən, Azərbaycan) ədəbi tənqidinin keçdiyi məcburi bir mərhələdir, ancaq tarix tərəfindən qıfıllanmş bir janr deyil - mərhələ qıfıllanıb, janr isə yaşayır və aydın məsələdir ki, bu janr ədəbi qadağaların aradan götürüldüyü bir vaxtda, nəinki, sadəcə, davam etdirilməli, o, daha hərtərəfli, daha proqressiv (və obyektiv!) şəkildə inkişaf etdirilməli, onun yetmiş il ərzində yaranmış nəzəri-estetik boşluqları doldurulmalıdır. Əgər bizim ədəbi tənqidimiz hələ də sosrealizm cazibəsindən qurtara bilməyibsə, bu, janrın məhkumluğu yox, onu yaşatmalı və inkişaf etdirməli olan qələm sahiblərinin fəaliyyətindəki durğunluqdur və bu yerdə söhbət fərdi yox, bir küll halında nəzərdə tutulan fəaliyyətdən gedir, yoxsa ki, aktiv tənqidçilərimiz də var, düzdür, azdır, ancaq var.

Sosrealizm daxilində də ondan, yəni sosrealizmdən istifadə edə-edə ideologiyaya yox, milli ədəbiyyata xidmət etmək kimi unikal və qiymətli bir xüsusiyyət barədə artıq danışdığımız üçün, bir daha bu məsələyə qayıtmağa yəqin ki, ehtiyac yoxdur və müasir tənqidimiz 20-90-cı illər arasında yaranmış ədəbiyyatda sosrealizmin yerini bugünkü ədəbi prosesdə necə müəyyənləşdirir? - məncə, mühümü budur.

Tənqidimiz ara-sıra sosrealizmin “məzmunca sosialist, formaca milli” prinsipinə (Əsəd Cahangir buna “postulat” deyir) və bu prinsipin (əslində, nə qədər eybəcər səslənsə də, “inzibati-bədii-estetik şüarın”) ədəbiyyatın inkişafındakı antisənət rolu barədə mülahizələr irəli sürür və mən Əsədin adını çəkdim, elə ondan da bir misal gətirmək istəyirəm: “Bu (yəni həmin prinsip- E.) o demək idi ki, əsas sosializm ideyasıdır, millilik ikincidir və o sosialist ideyasına xidmət etməlidir. 20-50-ci illərin yazıçıları, tutaq ki, Süleyman Rəhimov öz romanlarında çoxlu atalar sözləri, frazeoloji ifadələr söyləyirdi və hesab olunurdu ki, bununla da bədii əsərin milliliyi təmin edilir”.

Tənqidçinin “postulata” bu cür yanaşması metodoloji baxımdan dürüstdür, ancaq bu da faktdır ki, elə həmin 20-50-ci illərdə bəzən istedad ya şüurlu, ya da təhtəlşüur olaraq belə bir ideoloji tələbə qarşı daxilən üsyan edirdi və o illərin bədii təsərrüfatında bu cür istisnalar az deyildi. İosif Stalinin vəfatından sonra, 1950-ci illərin ortalarında Vladimir Dudintsev “Yalnız çörəklə yox” romanını yazdı və gurultulu bir ideoloji etiraz kampaniyası başladı, “Pravda” başda olmaqla partiya mətbuatı hiddətlə bu romanı - rus alimlərinin həyatından bəhs edən və milli koloriti “ikinci” olmayan istedadlı bir əsəri antisovet təxribatı adlandırdı, ancaq nəticədə nə oldu? - hay-küy yatdı, Dudintsev də yazıb, çap olunmağına davam etdi.

“Sakit Don” yalnız Sovet dönəmi rus ədəbiyyatının yox, XX əsr dünya ədəbiyyatını ən sanballı romanlarından biridir, ancaq millilik bu əsərdə heç vəchlə “ikinci” deyildi və heç vəchlə də “sosialist ideyasına xidmət” etmirdi. “Sakit Don” klassik rus ədəbiyyatında ən milli əsərlərdən biri, birincilərdən biridir və parodoks bundadır ki, həmin sovet ideologiyası “Sakit Don”u plagiat adlandıranları (əsl müəllif kimi kimlər qaldı ki, adı çəkilməsin: A.Platonov, M.Bulqakov, N.Qumilyov, B.Pilnyak, hətta A.Serafimoviç, V.Kaverin, hansısa ağ qvardiyaçı zabit, Don kazaklarından olan bir müəllim və s. və i.a.) yerində oturdub, bu romanı nəinki qəbul etdi (Stalinin sağlığında!), onu hər cürə mükafatlandırdı, təbliğ və təşviq etdi (Bu barədə daha ətraflı bax: Sosrealizm bizə nə verdi? Bakı, Mütərcim, 2010).

1937-38-ci illər represiyyasının ən kəskin, qorxunc çağında yazılmış Səməd Vurğunun “Vaqif” pyesi ilə bağlı bədii-dramaturji, eləcə də tarixilik baxımdan iradlar söyləmək olar, ancaq “gərək ana dilində yazsın sənətkar” deyən bu əsərin tam milliliyi heç bir mübahisə obyekti deyil və baxın, Sistem bu əsəri qəbul etdi, onu Stalin mükafatı ilə mükafatlandırdı, bununla da Sovet tarixinin ən dəhşətli bir məqamında müəllifi cismani cəhətdən müdafiə etdi.

Yaxud Mirzə İbrahimovun elə həmin dövrdə yazılmış  “Həyat” pyesi olsun ki, ağır həyat yolu keçmiş gənc yazıçının siyasi fanatizminin bəhrəsi idi və bu solğun pyesdə millilik, bəli, “ikinci” idi, səhnəyə çıxarılmış süni sinfi mübarizənin kölgəsində qalırdı, ancaq “Gələcək gün” romanına bədii-estetik baxımdan iradlar söyləmək mümkünsə də, oradakı milli, hətta milli-siyasi mahiyyət şübhə altında deyil - Firudin bir tərəfdən sosrealizm qəhrəmanıdırsa, o biri tərəfdən də (bəlkə daha artıq dərəcədə!) milli qəhrəmandır. Sistem bu əsəri də qəbul etdi, hətta ona Stalin mükafatı verdi.

Bu yazını yazarkən, Əyyub Abbasovun xeyli müddət bundan əvvəl oxuduğum “Zəngəzur” romanını xatırladım və onu yenidən gözdən keçirdim. Vaxtı ilə tənqidimizin diqqətini o qədər də cəlb etməmiş, sonralar isə demək olar ki, unudulmuş bu romana bu günün meyarları ilə yox, yarandığı dövrün kontekstində nəzər saldıqda görürük ki, onun bədii mündəricatının daxili kütləsini məhz milli mahiyyət təşkil edir və bu mahiyyət də “ikinci” deyil. Düzdür, “Zəngəzur” nə Stalin mükafatı aldı, nə də başqa bir mükafat, Əyyub Abbasovun da ən böyük vəzifəsi, bildiyim dərəcədə “Azərnəşr”də şöbə müdiri idi, ancaq eyni zamanda, Sistem onu təqib də etmədi, yəni dediyim odur ki, “məzmunca sisialist, formaca milli” “postulatı” bəzən istedadın və milliliyin həmin “postulat” çərçivələrindən kənara çıxmasına mane ola bilmirdi və Sistem də buna nəinki dözürdü, gördüyümüz kimi, bəzən belə əsərləri mükafatlandırır, çox zaman da özünü görməməzliyə vururdu (Sovet paradoksları son dərəcə qəribə və anlaşılmaz bir fenomen kimi, ayrıca mövzudur!).

Mən bu yazının əvvəlində qeyd etdim ki, Sovet hakim ideologiyası, Sistem Lenin doqmalarını ədəbiyyatda da, gündəlik həyatda da normativ prinsipə çevirmişdi, ancaq baxın, Lenin Dostoyevskini arximurdar (arxiiyrənc, arxiyaramaz kimi də tərcümə etmək olar, orijinalda: “arxiskvernıy”) hesab edirdi, ancaq baxın, Sistem könülsüz də olsa, Dostoyevskinin nəşrinə də, tədqiqinə də razılıq vermişdi, hakim ideologiya faktiki olaraq bununla barışmışdı.

Bu gün tənqid Sovet dönəmindəki bədii və nəzəri-estetik mənzərə barədə yazdıqda, görünür, məhz bu tipli paradokstları da gözdən qaçırmamalıdır və bu münasibətlə əvvəllər də yazmış olduğum (“Sosrealizm bizə nə verdi?”) başqa bir maraqlı cəhəti yenə də qeyd etmək istəyirəm: 1920-30-cu illərdə Azərbaycanda elə əsərlər meydana çıxdı və Sistem tərəfindən təbliğ olundu ki, onlar ədəbiyyatdan daha artıq dərəcədə milli-ictimai həyatda böyük hadisəyə çevrilmişdi. “Sevil” də, “Almaz” da istedadlı qələmin sosrealizmin təhriki ilə meydana çıxardığı əsərlər idi və Mirzə Səmədər, Atakişi, Babakişi, İmamyar, Şərif və b. kimi milli koloritə malik surətlər olsa da, bu pyeslərin əsas milli-emosional təsiri ictimai xarakter daşıyırdı: nə qədər qadın kütləvi surətdə “Sevilin çadrasını” atdı və təhsil dalınca getdi, nə qədər qadın Almasın təsiri ilə ictimai həyata daxil oldu və Cabbarlının  bu əsərləri milli tariximizdə ciddi rol oynadı və bu tarixin pozitiv faktına çevrildi.

Sovet dönəmində yaranmış ələbiyyat (ümumiyyətlə, mədəniyyət, maarif) haqqında danışanda söz-söhbəti, artıq dediyim kimi, total ədalətsizliyə, birtərəfliyə, bəzi hallarda isə aşkar yalana çevirmək olmaz (özünü həqiqətən Sovet senzurasından əziyyət çəkən yazıçılarla bir sıraya qoymaq istəyən qrafoman qarayaxması: guya onun da “əsərlərini” çap olunmağa Sistem imkan verməyib! onun “əsərlərini” çap olunmamağa istedadsızlığı imkan verməyib!) - onsuz da həqiqət (indiki halda istedad, kompleks halında isə ədəbiyyatın inkişafında oynanılmış rol) nə qədər dərinə batırılsa da, sular tamam durulan kimi, üzə çıxacaq, sadəcə, tezi-geci var və bu təmayül, yəni əsərlərə, hadisələrə obyektiv yanaşma və qiymətləndirmə artıq postsovet məkanında özünü göstərməkdədir.

Baxın, Moskvanın mərkəzi meydanlarından birində Maksim Qorkinin heykəli ucalırdı və Sovet İttifaqının şərəfsiz sonundan sonra o heykəli aşırıb, harasa aparıb, böyrü üstə uzatdılar. İllər keçdi, ədəbi prosesdəki süni haray-həşir, qeyri-obyektiv ajiotaj yavaş-yavaş sakitləşməyə başladı və nə oldu? - keçən il həmin heykəl yenidən öz yerinə qayıtdı. 1930-cu illərdə Rusiya tarixində xüsusi yeri olan Nijnı Novqorod şəhərinə İosif Stalinin təhriki ilə “Sovet yazıçılarının rəhbəri” elan edilmiş Qorkinin adı verildi, bu gün isə rus ədəbi prosesində və ictimai fikrində hətta bu qədim şəhərə belə, yenidən Qorkinin adının qaytarılması üçün çağırışlar səslənir.

Mən əvvəllər yazmışdım ki, Sovet dönəmində Qorkini Allah eləmişdilər, Sovet İttifaqı çökəndən sonrakı ilk illərdə isə onu heç etdilər, ancaq Qorki nə Allah, nə də “heç” idi, o, böyük rus yazıçısı idi. SSRİ çökəndən sonra obıvatelin, kommunistdən çönüb demokrat olmuş konyukturaçının, yalançı liberalın, ədəbi prosesdə cidd-cəhdlə özünə yer eləmək istəyən istedadsızın əlinə fürsət düşdü, Qorkinin həqiqi siyasi-ictimai səhvlərinin, bəzi hallarda isə hətta xətalarının haqlı tənqidindən qat-qat artıq dərəcədə bu yazıçıya qarşı böhtanlar, qarayaxmalar baş alıb getdi, şayiələr yayıldı. Mühacirətdə yaşayan ortabab rus şairi Georgi Adamoviçin Mark Aldanova yazdığı hansısa bir məktub (guya Bunin Qorkinin kitabdakı şəkilinin altında “döşəməsilən, oğru, qatil” sözlərini yazıb) ədəbi prosesin gündəliyinə gətirildi və o,  Bunin, Kuprin, Zamyatin, Aldanov, Belıy kimi Sovet sisteminin yad, hətta düşmən (!) hesab etdiyi mühacir yazıçılarla (baxmayaraq ki, Belıy, sonra da Kuprin SSRİ-yə qayıtmışdılar) qarşı-qarşıya qoyuldu - bəs, bu gün hansı nəticə əldə edildi? Nəticə o oldu ki,  faciəvi mövqe yanlışlığına baxmayaraq, Qorkinin istedadı onun rus ədəbiyytındakı yerini bərpa etməyə başladı - onsuz da ədəbiyyatda, ümumiyyətlə, sənətdə heç kim heç kimin yerini tutmur, böyükdən balacaya kimi, hər sənətkarın öz yeri var.

Yadıma gəlir, “perestroykanın” sonlarına yaxın - 1988-89-cu illər idi və Moskvada nəşr olunan “Teatr” jurnalının Aleksandr Soljenitsının “Qaliblərin kef məclisi” pyesini (orta, bədii cəhətdən bəlkə ortadan da aşağı səviyyəli bir pyes idi) dərc etməsi rus ədəbi prosesində ajiotaj yaratdı, əlinə qələm alan da, almayan da coşğun bir ruh yüksəkliyi ilə bu dərcin timsalında Böyük ədəbiyyatın tarixi qələbəsini təntənə ilə qeyd etdi. Məsələ burasındadır ki, 1960-cı illəri ortalarında KQB bu pyesi müsadirə etmişdi və bu axmaqcasına müsadirə heç kimin oxumadığı həmin pyesi az qala “ədəbi əfsanəyə” çevirmişdi (o vaxt elə mən özüm də o cür təsir altında idim!).

Bu gün rus ədəbi prosesində isə “Qaliblərin kef məclisi” adına təsadüf etmək mümkün deyil və mən xüsusi olaraq internetdə Rusiya teatrlarının repertuarına baxdım və onu görmədim. Bu gün rus ədəbi prosesində  Soljenitsının ilk yazılarını (“İvan Denisoviçin bir günü”, “Matryonanın həyəti”) çıxmaq şərtilə yaradıcılığındakı bədii çatışmazlıq haqqında ciddi analitik məqalələrə rast gəlmək təəccüblü bir şey deyil, hətta bu barədə kitablar nəşr olunur (məs.: V.Buşin. Neizvestnıy Soljenitsın, Moskva, Alqoritm, 2018). Sovet İttifaqında Soljenitsın haqqında bu tipli yazıları KQB təşkil edirdi, bəs, indi kim təşkil edir? Obyektivlik.

Hər bir sənətkarın ədəbiyyatda öz məxsusi yeri olduğu kimi, hər bir əsərin də öz yeri var və sənətkarı da, əsəri də süni surətdə nə qədər şişirdirsən, şişirt - zaman onu öz yerinə qoyacaq. Maraqlı, eyni zamanda, əlamətdar bir cəhətdir ki, belə bir  aqibəti elə Sovet dönəmində aqressiv antisoljenıtsin mövqeyində olan və Sovet İttifaqı ilə birlikdə keçmişdə qalmış mətin partiyalı yazıçılar - rus “ədəbiyyat generallarının” da (Nikolay Qirbaçovun, Anatoli Safronovun, Sergey Sartakovun, Fyodor Panferovun, bir çox qələm sahiblərinin “roman-donos” adlandırdıqları “Axı sən nə istəyirsən?” romanının müəllifi Vsevolod Koçetov, dəfələrlə Stalin mükafatı laureatı, “Qızıl ulduzlu qəhrəman” romanı SSRİ xalqlarının bütün (!) dillərinə tərcümə edilmiş və s., və i.a. Semyon Babayevski və b.) timsalında görmək mümkündür.

Zaman heç nədən çəkinmir, hissə də qapılmır və onun müttəfiqi yalnız obyektivlikdir.

Boris Pasternakın “Doktor Jivaqo”su partiya sənədlərində və mətbuatda antisovet bir əsər kimi qadağan edildi, bu roman ətrafındakı ajiotaj ona Nobel mükafatı verilməsi ilə nəticələndi, ancaq bu gün Sovet sistemindən azad olmuş rus ədəbi prosesində söhbət “Doktor Jivaqo”dan yox, əsas etibarilə Pasternakın şeirlərindən gedir, çünki bu poeziyanın bədiiliyi, bu poeziyanı yaradan istedadın miqyası “Doktor Jivaqo”dakı bədiilikdən və miqyasdan qat-qat artıqdır.

Başqa bir misal: “perestroyka” zamanı Anatoli Rıbakovun “Arbatın uşaqları” romanı meydana çıxdı və əsər Stalin dövrünün, dolayısı ilə Sovet sisteminin əleyhinə yazılmışdı, yəni siyasi mahiyyəti “Doktor Jivaqo” ilə üst-üstə düşürdü. Ancaq perestroyka başlamışdı və birdən-birə demokrat olmuş keçmiş mətin partiyaçılar həmin romanı perestroyka dalğalarında ədəbiyyatın zirvəsinə qaldırdı, bu gün isə Rıbakovun partiyalı olduğu, Stalin mükafatı aldığı dövrdə Sovet vətənpərvərliyi mövzusunda yazdığı “Qəmə” (“Kortik”) povestinin adı ədəbi prosesdə adda-budda da olsa, pozitiv mənadə daha çox hallanır, nəinki “Arbatın uşaqları” - mövzusuna baxmayaraq, həmin povestin bədii çəkisi daha artıq olduğu üçün.

Mən bu misalları ona görə xatırladıram ki, onlar sosrealizmdən sonrakı, yəni bu günün ədəbi tənqidinin Sovet dövrü ədəbiyyatına yalnız hərtərəfli, tendensiyaçılıqdan uzaq münasibəti ədəbi prosesdə obyektiv mənzərə yarada bilər və deyilən söz də kəsərli olar.

 Süleyman Rəhimovun, yaxud Mehdi Hüseynin, yaxud da Əbülhəsənin əsərləri var ki, siyasi-ictimai baxımdan zamanın sınağından çıxmadı - artıq bu, faktdır, ancaq “Su ərizəsi”, yaxud “Yeraltı çaylar dənizə axır”, yaxud da “Tamaşa qarının nəvələri” kimi bu və ya digər dərəcədə sosrealizm çərçivələrinə pərçim edilməmiş əsərləri də bu yazıçılar yazıb və tənqid belə bir “bədii təzadı” görməsə, bunu təhlil etməsə, qiymətini verməsə - o zaman ədəbiyyatımızın mənzərəsi tam olmayacaq, eləcə də tənqid öz missiyasını tam şəkildə yerinə yetirməyəcək, boşluqlar yaranacaq. O biri tərəfdən isə (və mən bunu dəfələrlə yazmışam, ancaq yenə xatırlatmaq istəyirəm), zamanın sınağından çıxmayan, yeni milli-siyasi formasiyanın qəbul etmədiyi elə həmin “sosrealizm əsərlərinin” milli ədəbiyyatımızda janrların (roman, povest, hekayə) formalaşmasında, ədəbi dilimizin inkişafında və onun lüğət fondunun zənginləşməsində, bədii təhkiyənin sadələşmə və təmizlənməsində oynadıqları ciddi rolu da unutmaq olmaz.

Sosrealizmin (hakim ideologiyanın!) “formaca milli, məzmunca sosialist” tələbi bir tərəfdən “Dədə Qorquda” da mürtəce abidə (!) damğasını tətbiq edilib, onu yasaqlasa da, o biri tərəfdən Nizaminin, Xaqaninin, Məhsətinin Azərbaycan şairi kimi təsdiq edilməsinə, Nəsiminin, Füzulinin, Vaqifin, Axundovun, Məmmədquluzadənin, Sabirin, onlarla, hətta yüzlərlə digər qələm sahiblərimizin milli ədəbiyyatımızın faktları kimi təsdiq və təbliğ edilməsinə mane ola bilmədi.

Elə bu yerdə demək istəyirəm ki, xüsusən 30-40-cı illərdə Leninə, Stalinə, hakim partiyaya, Kremlin qızıl ulduzuna və s. həsr edilmiş çoxsaylı poemalar, şeirlər yazılmışdı və bu yazıların arasında istedadsızlığı ört-basdır etmək üçün həmin mövzuya əl atmaq cəhdləri çox idi, hətta bu cəhdə nail olanlar da az deyildi, ancaq bu anti-poeziya ilə bərabər, Azərbaycan poeziyası elə nümunələrə də malikdir ki, poetik istedad onları siyasi konyekturadan yuxarı qaldırmışdır, onların bədii-estetik siqləti - forma və janr yeniliyi, folklor ilə yazılı təhkiyənin sintezi və s. poeziyamızın divan ədəbiyyatından, əruz epiqonçuluğudan hecanın müxtəlif formalarınacan, sərbəst və destruktiv şeirəcən inkişafında mühüm rol oynamışdır.

Hər halda Mikayıl Müşfiqin “Stalin”, Rəsul Rzanın “Lenin”, yaxud Bəxtiyar Vahabzadənin “Leninlə söhbət” poemaları, Səməd Vurğunun Stalinə həsr edilmiş şeirləri, yaxud da nəsrimizdə Ənvər Məmmədxanlının Lenin haqqında yazdığı hekayələr (“Qaralmaz günəş”, “Dirilik çeşməsi”) bədii cəhətdən sönük, yararsız “Leniniana” nümunələri ilə eyni səviyyədə deyildi və elə bilirəm ki, bu tipli əsərlərə yalnız siyasi baxımdan yanaşaraq, onların bədii-estetik xüsusiyyətlərindən sərf-nəzər etmək tənqidi özünün mühüm tərkib hissələrindən biri olan obyektivlik prinsipindən uzaqlaşdırır.

Milli təəssübkeşliyin bəlkə də təhtəlşüur surətdə yaradıcılığa müdaxilə etməsi baxımından maraqlısı odur ki, xüsusən 50-ci illər mətbuatını vərəqləsəniz, sosrealizm doqmaları əsasında yazılmış, vulqar sosiologizm tələblərinin sənətkarlıq meyarlarını əvəz etdiyi bəzi məqalələrdə belə, siz “milli ruh” yoxluğundan şikayətlərin şahidi olacaqsınız.

Sosrealizm bədii-estetik bir anlayış yox, hakim ideologiyanın gətirdiyi qeyri-təbii və əslində, administrativ bir qanun (!) idi - bunun mübahisəsi yoxdur, ancaq detallara, faktlara varmadan sosrealizm dövrü ədəbiyyatımız barədə söz demək obyektivliyə zərər toxundurur və belə olduqda tənqid ədəbi prosesi birtərəfli istiqamətə yönəldir.

Biz artıq “Vaqif”dən bəhs etmişik, ancaq daha bir prinsipial cəhəti qeyd etmək istəyirəm: 1970-ci illərin əvvəllərində Bulat Okudjavanın “Bir qurtum azadlıq” romanı çap edildi və yalnız rus yox, o zamankı ümumittifaq ədəbi tənqidinin də, oxucuların da  marağına səbəb oldu, haqqında çox yazıldı, çox danışıldı (görünür, bunda müəllifin populyar bir bard olması da az rol oynamırdı). Sovet dönəmində dekabristlərin hamısı çarizmə qarşı mübarizə aparan mətin inqilabçılar, yüksək mədəniyyətə və alicənablığa malik ziyalılar kimi təqdim olunurdu və Okudjavanın romanının qəhrəmanı da alman əsilli polkovnik, dekabrist Pavel Pestel idi. Əsərdə Pestel azadlıq carçısı, vicdan mücəssəməsi kimi təsvir edilirdi - indi isə məlum olub ki, Pestel heç də “vicdan mücəssəməsi” olmayıb, hətta oğruluğu da varmış, ədəbi prosesdə anasının ona məktubu da üzə çıxıb ki, oğlunu Allahdan imtina etməməyə çağırır (yəni əsərdəki “müsbət qəhrəman”, həyatdakı “mənfi qəhrəman” imiş!).

Deməli, söhbət bədii əsərdə tarixi təhrifdən gedir, həm də Sovet ideologiyasının bəzək-düzəklə təqdim etdiyi tarixi təhrifin bədii ifadəsindən gedir, ancaq buna baxmayaraq, “Bir qurtum azadlıq” bu günün özündə də nəşr olunur və ən başlıcası isə, ədəbi prosesin gedişatında Sovet dönəminin “mənfi ədəbi hadisəsi” kimi xatırlanmır, tənqid edilmir, kin-küdurət yoxdur, əksinə, sosrealizm dövrünün bədii nailiyyəti kimi qiymətləndirilir - çünki ortada istedad var.

İndi bu baxımdan bizim ədəbi prosesə nəzər salaq: Səməd Vurğun “Vaqif”də İbrahimxəlil xanın da, qismən Qacarın da tarixilik baxımından təhrif olunmuş surətlərini yaradıb, yəni bu tarixi şəxslərin surətlərini işləyərkən, Sovet ideolojisinin tələb və təhrik etdiyi sinifi mövqeyi ifadə edib, ancaq buna baxmayaraq, “Vaqif” tam şəkildə siyasi konyukturanın yox, istedadın bəhrəsidir (“Vaqif”dən sonra Azərbaycanda ən çox yayılmış ad Vaqif idi) və bizim ədəbi prosesdə bu tarixi təhrifə görə Səməd Vurğuna qarşı kampaniya açmaq düzgün deyil və təəssüf doğurur.

Əsəd Cahangir (deyəsən, Əsədə çox istinad edirəm, amma bunun “təqsiri” onun özündə - ədəbi prosesdə aktivliyindədir) deyir ki, “sovet dövrü tənqidçiləri ideoloji çərçivələrdən kənara çıxmırdılar”, ancaq mənə elə gəlir ki, buradakı qətiliyi (“çıxmırdılar”!) yumşaltmaq daha dəqiq olardı, çünki istisnalar, həm də effektli istisnalar var idi və elə Əsədin özü “o dövr Azərbaycan tənqidi fikrinin zirvəsi, məncə, Yaşar Qarayevin yaradıcılığı idi” - yazırsa, rəhmətlik Yaşarın yaradıcılığının əksər hissəsi Sovet dövrünə təsadüf edir, ancaq əlamətdarı da budur ki, Yaşar Qarayevin  Sovet dövrü yaradıcılığı ilə müstəqillik dövründəki yaradıcılığı arasında çox üzvi bir vəhdət var, çünki o, Əsədin dediyi həmin çərçivələrdən kənara çıxırdı.

Söz yox, bu da həqiqətdir ki, dediyim istisnalarla bərabər, hakim ideologiya xüsusən 1940-50-ci illərdə (30-cu illərdə isə tənqid, artıq qeyd etdiyim kimi, inzibati ifşa alətinə çevrilmişdi) ədəbi tənqidi eybəcər vəziyyətə salmışdı, nəzəri-estetik meyarları “kommunizm quruculuğundakı fədakar fəaliyyətə” verilən qiymətlərlə əvəz etmişdi. Mən bu barədə hələ 60-cı illərin ikinci yarısında yazdığım “Tənqid və nəsr” monoqrafiyasında (maraqlananlar baxa bilər: Bakı, “Günəş”, 1999.) ətraflı bəhs etmişəm və indi qısaca olaraq bu “ədəbi eybəcərliyin” fantosmoqrafik, hətta sürrealist bir “bədii-estetik mənzərə” kimi görünən mahiyyətini çatdırmaq istəyirəm: ədəbi tənqid də bədii əsərlərdə olduğu kimi, qəhrəmanları iki antoqonist hissəyə bölürdü - “müsbət qəhrəmanlar” və “mənfi qəhrəmanlar”;

“müsbət qəhrəman” - gənc kolxozçu qız pambıq, barama, tütün və s. planını 150 faiz yerinə yetirirdisə, yaxud qocaman buruq ustası neft hasilatında fədakarlıq göstərirdisə, yaxud da bir traktorçu partiya iclasında çıxış edib, partiyanın göstərişlərini yerinə yetirməyin vacibliyini deyirdisə, ədəbi tənqid bunları bir “bədii obraz” (!) kimi, müəllifin nailiyyəti hesab edirdi;

“mənfi qəhrəman” - geri qalmış bir briqadir, ya kolxoz sədri  həmin kolxozçu qızın qədrini bilmirdisə, hətta ona qarşı mübarizə aparırdısa, yaxud bir trest müdiri həmin qocaman buruq ustasını sıxışdırırdısa, yaxud da rayon partiya komitəsinin birinci katibi  Sov.İKP MK-nın heyvandarlığın inkişaf etdirilməsi barədə çıxardığı qərarın mahiyyətini anlamayaraq, bu mahiyyəti dərk edən işgüzar ikinci katibin əleyhinə iş aparırdısa, elə bunlara görə də, “mənfi qəhrəmanı” ifşa etməkdə müəllifin bədii uğuru kimi qiymətləndirirdi;

yəni ədəbi tənqid əsərin bədii-estetik nailiyyətini, yaxud da uğursuzluğunu qəhrəmanların fəaliyyətindəki iqtisadi göstəricilərlə, onların siyasi-ictimai mövqeləri ilə müəyyənləşdirirdi.

Ancaq əlamətdar cəhət odur (və bunu da xüsusi qeyd etmək lazımdır) ki, bu tipli partiyalı tənqid məmulatı - vulqar (çılpaq!) sosiologizm elə tənqidçilərin (Məmməd Cəfər Cəfərovun, Məmməd Arifin, Cəfər Cəfərovun, Əkbər Ağayevin, Orucəli Həsənovun, İslam İbrahimovun və b.) özləri tərəfindən imkan tapılan kimi tənqid edilirdi, yəni janr hər vasitə ilə özünü müdafiə edirdi və belə bir müdafiə 1960-cı illərdən etibarən Məsud Əlioğlu, Pənah Xəlilov, Qulu Xəlilov, Bəkir Nəbiyev, Əhəd Hüseynov, Kamran Məmmədov, Yəhya Seyidov kimi aktiv tənqidçilərin yaradıcılığında aşkar bir dönüşün yaranmasında əhəmiyyətli rol oynadı, həmin dövrdə ədəbi tənqidə gəlmiş Yaşar Qarayevin, Gülrux Əlibəyovanın, Seyfulla Əsədullayevin, Arif Hacıyevin, Şamil Salmanovun, Asif Əfəndiyevin, Abbas Hacıyevin, daha sonrakı nəsil nümayəndələri Aydın Məmmədovun, Nadir Cabbarovun, Arif Məmmədovun və b. yaradıcılığında eybəcər vulqar sosiologizmdən uzaqlaşmağa nail oldu.

Məlum məsələdir ki, ədəbi tənqid bədii ədəbiyyatdan asılıdır, ədəbiyyat yazılmayanda tənqid nə edə bilər? - uzaq başı bir müddət belə bir vəziyyətin səbəblərini açmağa, göstərməyə çalışacaq, sonra həyəcan təbili çalacaq, bəs sonra?! Anarın, Mövlud Süleymanlının, Sabir Rüstəmxanlının, Kamal Abdullanın, Afaq Məsudun, Vaqif Nəsibin, Aqil Abbasın, Seyran Səxavətin, Məmməd Orucun, Natiq Rəsulzadənin, Rəşad Məcidin, Çingiz Abdullayevin, Əli Əmirlinin, Sadıq Elcanlının, Fazil Mustafanın, Saday Budaqlının, Elçin Hüseynbəylinin, Hüseynbala Mirələmovun, Orxan Fikrətoğlunun, Mübariz Cəfərlinin, Mustafa Çəmənlinin, İlqar Fəhminin, Şərif Ağayarın, Yaşarın, Günel Anarqızının,  Əjdər Olun, Fəxri Uğurlunun, Qan Turalının, Kənan Hacının... - mən hələ son üç-dörd ildə oxuduğum müxtəlif təsir gücünə malik, müxtəlif bədii səviyyəli nəsr əsərlərinin müəlliflərinin adını yada salıram, eləcə də bir çox sənədli əsərlərin müəllifi Elmira Axundovanın və başqalarının roman, povest və hekayələri, bu illərin poeziyası güman edirəm ki, ədəbi tənqid üçün tərifi və tənqidi ilə bərabər obyektiv söz deməyə, ədəbi prosesi canlandırmağa və təmizləməyə yaxşı imkan yaradır.

Sovet İttifaqı çökdükdən sonra dərc edilmiş, nəşr olunmuş bu əsərlərin biri  haqqında çox, o biri haqqında az sayda məqalələr yazılıb (elələri də var ki, haqqında, ümumiyyətlə, heç nə yazılmayıb və mən maklatura axınını yox, aşağı-yuxarı professional yaradıcılıq nümunələrini nəzərdə tuturam), ancaq biz deyə bilərik ki, onların bir küll halında təhlili və təqdimi sosrealizmdən azad olmuş ədəbi tənqidimizi zənginləşdirib, daha yüksək nəzəri-estetik mərtəbəyə qaldırıb?

Düzdür, Nizami İnstitutu, məruzələr eyni səviyyədə olmasa da, ilin yekunları ilə bağlı elə həmin institutun əvvəlki illərdən gələn yaxşı ənənəsini bərpa edib, Tehran Əlişanoğlu hələ də təkbaşına “Tənqid.net” jurnalını nəşr edərək, bədii və nəzəri-estetik təsərrüfat haqqında təsəvvür yaratmağa çalışır, bizim Təhsin Mütəllimov, Qəzənfər Paşayev, İsa Həbibbəyli, Nizami Cəfərov, Nizaməddin Şəmsizadə, Şirindil Alışanov, Vaqif Yusifli, Kamal Rüstəm, Məryəm Əlizadə, Qurban Bayramov, Nizami Tağısoy, Tərlan Novruzov, Niyazi Mehdi, İsrafil İsrafilov, Vəfa Xanoğlan, Məti Osmanoğlu, Atababa İsmayıloğlu, Baba Babayev və b. tənqidçilərimiz (onların bəzisi həm də görkəmli ədəbiyyatşünas, dilşünasdır) - biri az, o biri nisbətən artıq dərəcədə ədəbi prosesdə iştirak edib, ancaq biz yuxarıdakı suala bir küll halında müsbət cavab verə bilmirik.

Bura orasını da əlavə edək ki, Nərgiz Paşayeva, Rəfael Hüseynov, Vilayət Quliyev, Cahangir Məmmədov, İntiqam Qasımzadə, Kamil Vəliyev kimi qələm sahibləri demək olar ki, tənqiddən uzaqlaşıb, tədqiqatlarla, tərcüməylə, pedaqoji fəaliyyətlə, publisistika ilə məşquldurlar, yaxud İlham Rəhimli əsasən teatr tarixi ilə məşğuldur və bunlar da, əlbəttə, vacib, hətta mühüm məsələlərdir, ancaq hər halda, tənqidin hesabına olmasa, tənqid unudulmasa, ədəbi tənqidimiz qazandığı kimi, ədəbi prosesimizdə də “bədii və tənqidi məmulata” qarşı professionallıq həmrəyliyi daha effektli, daha təpərli olar. Yaxud da vaxtilə aktiv və orijinal tənqidçilərimizdən olan Akif Hüseynov da, Rəhim Əliyev də bu gün ədəbi prosesdə görünmür.

Biz tənqidimizin yeni mərhələyə adladığını dedik - yeni mərhələ isə, yeni nəfəs, yeni enerji deməkdir, ancaq siz fikir verin, adlarını çəkdiyim (və unutduqlarımla birlikdə) bu qələm sahiblərinin çoxunun yaşı altmışı keçib və ədəbi prosesə bu “yeni nəfəsi, yeni enerjini” hələ də onların və onlardan sonra ədəbi tənqidə gəlmiş aşağıda adlarını çəkəcəyim tənqidçilərin qələmi gətirir.

Ancaq bu, daimi ola bilməz - inkişafda sələflər kimi, xələflər də olmalıdır, bəs, hanı tənqidimizdə o yeni nəsil - sosrealizm təzyiqlərinə məruz qalmamış, sosrealizm mərhələsini adlamağa məhkum olmamış yeni nəsil? Əsəd Cahangir, Cavanşir Yusifli, onlardan sonra gələn Elnarə Akimova, Nərgiz Cabbarlı, İradə Musayeva, Bəsti Əlibəyli, Südabə Ağabalayeva, Günel Eyvazlı, Mətanət Vahid... daha kim? Həm də ədəbi prosesdə biri az, o biri çox iştirak edən bu tənqidçilərin özlərinə də artıq ardıcıllar lazımdır, ancaq hanı o gənc qələmlər? Gənc qələmlər poeziya ilə, proza ilə məşquldurlar və bu çox yaxşıdır, ancaq tənqid? Gənc poeziya və gənc proza yetişir, bəs onların çox vacib tərəf-müqabili kimi gənc ədəbi tənqid hanı? Pərvin, yaxud Şahanə Müşfiq kimi bir-iki nəfərin adını çəkmək olar (onlar da, deyəsən, publisistikaya daha çox meyllidirlər), ancaq gənc tənqidçilər zümrəsi hələ yoxdur və bu, çox ciddi çatışmazlıqdır.

Ədəbi proses də ədəbiyyat kimidir və onun da, görünür, bir-birini əvəz edən tənəzzül və inkişaf mərhələləri var və tənqidimizin ədəbi prosesin yüksək nəzəri-estetik simasını müəyyənləşdirən dövr şübhəsiz ki, 60-cı illərin sonu, 70-ci illər və 80-ci illərin ilk üç rübü oldu. Bu pik mərhələnin yaranmasında mühüm (sövqedici!) səbələrdən biri, bəlkə də birincisi 60-cı illər ədəbi nəslinin ədəbiyyata gəlməsi oldu və bu ədəbi nəslin yaradıcılığı 70-ci illərdə tamam təbii surətdə ədəbi prosesə yeni estetik təfəkkürlü, yeni ədəbi zövqlü tənqidçilər zümrəsini gətirdi.

Qəribə bir hal idi: Sovet sistemi “kiçik insanı” oxudurdu, partiyaya keçirirdi, özünü doğruldanları yüksək vəzifələrə gətirirdi, ancaq Sovet ideologiyası isə “kiçik insanı” qəbul etmirdi, çünki “böyük insan” (!), yəni “müsbət qəhrəməman” deyildi və Sistem o “kiçik insanı  “partiyalı tənqid” vasitəsilə ədəbiyyata buraxmamağa çalışırdı. 60-cılar isə həmin “kiçik insanı” ədəbiyyata gətirdilər və yeni tənqidçi nəsli də həmin “kiçik insanı” müdafiə etməyi bacardı. Düzdür, bir sıra yaşlı nəsl nümayəndələri - tanınmış qələm sahibləri də ədəbi prosesdə o “kiçik insanlara” pozitiv münasibət göstərdi və bu münasibət gənc yazıçıların, o cümlədən, mənim ədəbi taleyimizdə az rol oynamadı.

Yeni tənqidçilər zümrəsi (artıq onların adlarını çəkdiyim üçün təkrar etmirəm) get-gedə nəinki 60-cıların, onlardan əvvəlki nəsl nümayəndələrinin də yaradıcılığı haqqında sosrealizm doqmalarından azad, obyektiv, retuş edilməmiş söz deməyə başladı və prinsipial cəhət o idi ki, həmin yeni zümrə daxilən sosrealizmə (ümumiyyətlə, hakim ideologiyaya!) qarşı müxalifətdə idi. Artıq vulqar sosiologizm ədəbi prosesdə, yuxarıda dediyim kimi, nəinki aparıcı mövqeyini itirmişdi, o, istehza hədəfi olan bir istisnaya çevrilmişdi və ədəbi prosesin nəzəri-estetik və coğrafi ehtiva dairəsi xeyli dərəcədə genişlənmişdi, tənqid lazım gəldikdə rus və Qərb yazıçılarının əsərlərinə istinad edirdi, Respublikadan kənardakı ədəbi hadisələrdən sərf-nəzər etməməyə çalışırdı. Maraqlı, hətta simptomatik cəhət o idi ki, belə məqamlarda Azərbaycan ədəbi tənqidinin SSRİ-də Sistemin sevmədiyi, yaxud da şübhə ilə yanaşdığı yazıçı və şairlərə (Bulqakova, Platonova, Mandelştama, Pasternaka, Voznesenskiyə, Axmadulinaya, Aksyonova və b.) hüsn-rəğbəti, simpatiyası açıq-aşkar hiss olunurdu və Sistemin istedadlı yazıçı, böyük yazıçı “vəzifəsinə” təyin etiyi “ədəbiyyat generalları” ədəbi prosesdə tamamilə (və obyektiv olaraq!) zəifləmişdilər. 

Və biz də ümid edək ki, hələ hər şey irəlidədir.

Yeni mərhələnin yeni qurucuları - yaradıcılıq enerjiləri sosrealizmin hökmünə, təsirinə, sövqünə məruz qalmamış, şirnikləndirməsinə uymamış, yəni tendensiyaçılıqdan uzaq olan yeni nəsil, güman edirəm ki, Sovet ədəbi gerçəkliyinə bir küll halında daha obyektiv qiymət verə biləcək və sosrealizmin həm bədii, həm də nəzri-estetik ziyankeşliyini, bəzi hallarda (illərdə) həqiqi eybəcərliyini görəcək, ancaq sosrealizm dövründəki nailiyyətləri də dialektik inkişafın bir hissəsi kimi ədəbi prosesə təqdim edə biləcək. Bundan müstəqillik dövrünün bədii ədəbiyyatı da qazanmış olacaq, çünki daha dolğun, daha obyektiv şəkildə tamamilə başqa bir epoxanın ədəbi prosesinin predmetinə çevriləcək.

23 yanvar 2019. Roqaşka.

 





18.03.2019    çap et  çap et