525.Az

Yeni rektor


 

Yeni rektor <b style="color:red"></b>

Prezidentin 2016-cı ildə təsdiqlədiyi “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə ölkəmizdə Ali təhsil müəssisələrinin “təhsil-tədqiqat-innovasiya”ќ formatında inkişafı nəzərdə tutulur.
 
Bu formatın gerçəkləşməsi üçün hər bir ali təhsil müəssisəsi üçün ilk növbədə bacarıqlı, savadlı, təhsil prosesinə və innovasiyalara dərindən bələd olan rektor obrazı böyük önəm kəsb edir. Artıq ali təhsil müəssisələrimizdə elm və təhsil sahəsində baş verən canlanma yeni rektor obrazı ilə sıx surətdə bağlıdır. Son illər Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi və “ADA” Universitetində təhsil və tədqiqatlar sahəsində ciddi keyfiyyət dəyişikliyi baş verib. Təcrübə göstərir ki, bu ali məktəblərə təyin olunmuş rektorlar uğura imza atmağın rasional yolunu bilirlər. Onlar rəhbərlik etdikləri ali məktəblərdə üfüqi idarəetmənin tətbiqi yolu ilə bacarıqlı kadrları prosesə cəlb etməyi və qısa zamanda rəqabət mühitinin yaranmasına öz töhfələrini verməyi bacarıblar.

Bugünlərdə həmin ali təhsil müəssisəsi rəhbərləri sırasına Bakı Dövlət Universitetinə (BDU) rektor təyin edilmiş fizika-riyaziyyat elmləri namizədi Elçin Babayev də daxil oldu. Elçin Babayev BDU-nun fizika fakültəsini əla qiymətlərlə bitirdiyi gündən rektor təyinatına qədər ciddi şəkildə elmlə məşğul olub. Elmlə təhsilin vəhdətini yaratmaq üçün isə mütləq yüksək elmi potensiala malik olmaq lazımdır. Vaxtilə təbiət elmlərinin beşiyi sayılan BDU neçə illər idi ki, öz yönümünü dəyişmişdi. Ümid edirəm ki, yeni təyin olunmuş rektorun BDU-da təbiət elmlərinin dirçəldilməsi ilə bağlı konkret planları var. Məndə olan bu inam onun özünün məhz təbiət elmlərinin təmsilçisi olmasından irəli gəlir. Bunula yanaşı, fikrimcə, BDU-da humanitar elmlərin də məzmunun yenilənməsinə, qloballaşma prosesində ortaya çıxan yeni paradiqmalırın tədqiqatı sahəsində işlərin aparılmasına ehtiyac var.

Böyük ispan filosofu Xose Qasset “Universitetin missiyası” kitabında yazırdı ki, “universitetlər mədəniyyəti nəql etməli, peşələri öyrətməli, elmi tədqiqatlar aparmalı və yeni tədqiqatçılar hazırlamalıdır”. İlk baxışdan elə təsəvvür yarana bilər ki, bu missiyanı bütün universitetlər yerinə yetirirlər. Əslində isə belə deyil. Fikrimcə, universitetin ümumi missiyasına daxil olan bu meyarlar bir-birini tamamlamalıdır.  Əks halda, həmin universitet nə cəmiyyətdə, nə də beynəlxalq reytinqlərdə ciddi nüfuz qazana bilər.

Azərbaycanın ən yaşlı universiteti olan BDU-nun tarixən özünəməxsus missiyası olub və bu ali məktəb bütün dövrlərdə özünü təşkilatlandıra bilib. Bu, birmənalı şəkildə ənənədən və kadr potensialından asılı olub. 50 il bundan əvvəl universitet qarşısına qoyulan tələblər indiki tələblərlə eyni ola bilməz. Nüfuzlu reytinq cədvəllərinə diqqət yetirəndə görürük ki, yalnız təhsillə elmin güclü vəhdəti olan universitetlər qabaqcıl yerləri tuturlar.  

Dünyanın ali təhsil sistemləri çərçivəsində tədqiqat universitetləri peşəkarların, alimlərin, tədqiqatçıların hazırlanmasında, eləcə də milli innovasiya sisteminin dəstəklənməsi üçün yeni biliklərin istehsalında mühüm rol oynayır. Tanınmış universitetlərdə hesab edirlər ki, tədqiqat professorların işinin ayrılmaz tərkib hissəsi olmalıdır. Yalnız elmlə aktiv şəkildə məşğul olan professor öz sahəsində son tədqiqatlardan məlumatlı olur və bu səbəbdən də tədris etdiyi materialı daha dərindən bilir. Digər tərəfdən, dərs demək elmi tədqiqatlar üçün də olduqca vacibdir. Yəni tələbələrə mürəkkəb materialları izah etmək cəhdi lektoru problematikanı və elmi paradiqmaları daha yaxşı və dərindən mənimsəmək məcburiyyətində qoyur. Bu mənada tədris etməklə tədqiqat aparmaq bir-birini kompleks halda tamamlayan keyfiyyət və komponentlərdir.

Bu mənada, Bakı Dövlət Universitetində təhsil mühitinin yaxşılaşdırılması istiqamətində ciddi addımların atılmasına ehtiyac var. Fikrimcə, yeni rektor bu məsuliyyətli işin öhdəsindən gəlmək bacarığına malik bir alimdir. Bundan əlavə, müasir dövrdə rektor üçün menecer keyfiyyəti də önəmlidir. Bu keyfiyyət Qərbdə və Amerikada rektor seçimi prosesində mühüm rol oynayır. Universitetin mənafeyi baxımından iqtisadi faydalar göz önünə alınmalı, qrant və layihələrdən gəlir əldə olunmasına diqqət yetirilməlidir. Elçin Babayev bu istiqamətdə də kifayət qədər təcrübəlidir.

Mənim Elçin Babayev haqqında belə inamla söz açmağımın səbəbi onu uzun illərdən bəri, həm də yaxından tanımağımla bağlıdır. Onunla 1981-1986-cı illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində bir yerdə oxumuşuq. Sonra hər ikimiz təyinatla Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində işləmişik. Bu neçə illərin ünsiyyətindən və bələdçiliyindən çıxış edərək onun psixoloji portretini bir cümlə ilə belə cızardım: öz üzərində çalışan, möhkəm xarakterli və intizamlıdır.

Yeri gəlmişkən, burada bir məsələyə də münasibət bildirmək istəyirəm. Elçin Babayevin BDU-ya rektor təyinatından sonra belə iddialar səsləndi ki, guya bu nüfuzlu ali məktəbə ilk dəfədir, elmlər namizədi elmi dərəcəsi olan şəxs rektor təyin edilir. Əslində isə E.Babayev BDU-nun tarixində rektor təyin edilən üçüncü elmlər namizədidir. BDU-nun ilk eləmlər namizədi rektoru mərhum Mehdi Əliyev olub. 1965-ci ildə rektor təyin olunmuş fizika-riyaziyyat eləmləri namizədi M.Əliyev öz fəaliyyəti ilə yüksək elmə və təşkilatçılıq bacarığına malik rəhbər kimi yadda qalıb. Onun Azərbaycan dilində dərsliklərin və dərs vəsaitlərinin hazırlanmasında, fizika üzrə terminologiyanin tərtibində danılmaz xidmətləri olub. BDU-ya elmlər namizədi elmi dərəcəsi ilə rektor təyin edilən ikinci şəxs isə hüquq elmləri namizədi Firudin Səməndərov olub. O, bu vəzifəyə 1992-ci ildə rektor təyin edilmişdi.

Yəni əslində, rektor təyinatında elmi dərəcə əsas amil kimi götürülməməlidir. Müasir dövrümüz ali təhsil müəssisəsi rəhbərindən ilk növbədə, yuxarıda qeyd etdiyimiz kimi, yüksək savadlı, intellektli, təhsil prosesinə və innovasiyalara dərindən bələdçilik, menecer keyfiyyətlərinə mailk olmağı tələb edir. Elçin Babayev elm adamıdır, fizika-riyaziyyat eləmləri namizədir və hesab edirəm ki, o, müasir dovrdə ali təhsil müəssisəi rektoru üçün lazım olan keyfiyyətlərə malik  bir alimdir. Bəli, E.Babayevə çox məsul və şərəfli bir vəzifə həvalə olunub. Əslində, BDU-ya yeni təfəkkür daşıyıcısının təyinatını kollektiv də gözləyirdi. Onun universitetin tarixində yaxşı rektor kimi qalmaq şansı var. E.Babayev bu şansı itirməməlidir. Bu il BDU-nun yaranmasının 100 illiyi təntənəli şəkildə qeyd olunacaq. 100 yaşlı universitetin rektoru üzərində bu tarixin də məsuliyyətini hiss etməlidir. Arzuladığımız universiteti bizə bəxş edən şəxsə daima minnətdar olacağıq.

Tələbə yoldaşımı təbrik edir, ona uğurlar arzulayıram.

Etibar ƏLİYEV
Təhsil eksperti

 





18.03.2019    çap et  çap et