525.Az

Rus bölmələri haqqında köhnə mif - Rəşad Məcid yazır


 

Rus bölmələri haqqında köhnə mif - <b style="color:red">Rəşad Məcid yazır </b>

Təhsil naziri Ceyhun Bayramovla media rəhbərlərinin görüşü sadəcə şam yeməyi deyildi. Görüşdə təhsil sahəsində baş verən proseslərlə bağlı çox ciddi mətləblərdən söhbət açıldı. Ən əsası isə son günlər haqlı narahatçılıq doğuran bir məsələ - valideynlərin öz uşaqlarını orta məktəblərin rus bölmələrinə verməsi meylinin artmasıyla bağlı emosional və açıq müzakirələr aparıldı.

Söhbət orta məktəblərin rus bölmələrinin birinci sinifinə tələbatın artmasından gedir. Nazir əvvəlcə media rəhbərlərinə problemin həlli yollarını necə gördükləri barədə sual verdi, fikirlərini öyrənməyə çalışdı. Mövzu ətrafında söhbət şaxələndi, hətta tədris dairəsindən kənara da çıxdı, bəzi hallarda siyasi çalarlar aldı və milli qürur hissi, vətənpərvərlik duyğuları önə çıxdı. Çox faydalı və riskli müzakirə idi. Hər halda mən hansısa dövlət məmuruyla, nazirlə media rəhbərlərinin bu qədər açıq və səmimi fikir mübadiləsini, həm də belə həssas mövzuda, xatırlamıram. Bu mənada nazir Ceyhun Bayramova rəğbətim daha da artdı.

Niyə valideynlər uşaqlarının rus bölmələrində təhsl almalarını istəyirlər?! Bununla bağlı media rəhbərlərinin dilindən ən fərqli, hətta kəskin, ağrılı fikirlər səsləndi. İndi Azərbaycanın dövlət müəssisələrində, ictimai yerlərdə, küçədə-bayırda, təyyarədə, qatarda rus dilində danışanların sayının artması, rusca danışmağın xüsusi, üstün keyfiyyət kimi önə çəkilməsilə bağlı narahatlıq vurğulandı. Hətta, sən demə, övladını rus bölməsində oxutdurmaq istəyən bir sadəlövh valideyn deyibmiş ki, onsuz da Azərbaycan Rusiyaya birləşəcək, biz də uşağımızın gələcəyini düşünürük. Başqa bir valideyn isə nazirliklərin birində eşitdiyi “Rusdillilər “çestni” olurlar” sözündən təsirlənibmiş.

Mövzu o qədər həssas və ağrılı idi ki, vaxtilə “bakinets” adında ayrıca millətin mövcudluğu barədə fikirlər də xatırlandı, rusdillilərlə anadillilər arasında düşüncə fərqinin yaranması qorxusu barədə narahatlıq dolu müzakirələr də yada düşdü. Bəzən həddini aşan narahatlıqlar ölkəmizin yüzillər boyu rus işğalı altında olması, zaman-zaman ana dilimizin, milli varlığımızın bu işğal nəticəsində təhlükə altına düşməsi ilə bağlıdır. Düşünürəm ki, Azərbaycanda ruscaya xüsusi status qazandırmağa çalışanlara, bu dilə həddindən artıq önəm verənlərə qarşı təpkilər ən çox da bundan qaynaqlanır. Yəni dünyanın digər yayğın, hegemon dillərinə nisbətən, ruscaya münasibətdə daha ehtiyatlı, çəkingən yanaşmaq heç də səbəbsiz, əsassız deyil.

Vaildeynlərin öz uşaqlarının gələcəyini fikirləşməsi təbiidir. Və orası da başadüşüləndir ki, insan həmişə işıq gələn səmtə meyllənir. Problemi mən də sezib hiss etmişdim və bu günlərdə bu mövzu ilə bağlı status yazsam da, sosial şəbəkədə paylaşmamışdım. Problemin nə qədər aktual sayılacağına diqqət kəsilmiş, gözləməyə üstünlük vermişdim. Həmin status belə idi: “Onlara (ruslara, rus dilinə) ehtiyacımız çoxdur, Bilməsək dil, əlacımız yoxdur!” Sovet vaxtı Seyid Əzimin bu misralarından rus dilinin təbliği üçün gen-bol istifadə olunurdu. Çıxışlarda tez-tez xatırladır, şüar kimi yazıb məktəblərin divarlarından asırdılar. Ən çox da rus dili və ədəbiyyatı fənninin tədris olunduğu siniflərdə... Bakıda, fizika-riyaziyyat təmayüllü orta məktəbdə oxuyurdum, çox cəsarətli və milli ruhlu bir müəllimimiz var idi. O, bir dəfə bu beyti xatırlatdı və diqqətimizi ikinci misradakı “əlacımız” sözünə yönəltdi: “Baxın, görün nə deyir?! Deyir ki, “...əlacımız yoxdur”! Yəni məhkumuq bu dili öyrənməyə!” Müəllimimiz bununla şüurumuza bir işıq salmış, bizi bu barədə düşünməyə, diqqətli olmağa sövq etmişdi. İndi - müstəqillik dönəmində də valideynlərin öz uşaqlarını rus məktəblərində oxutmaq üçün, az qala, mücadilə verdiklərini görürəm. Üstəlik, “rusdillilərin” yenidən əziz-xələf tutulduqlarının şahidi oluram. Ona görə tez-tez xatırlayıram Seyid Əzimin həmin beytini... Və müəllimimizin o yozumunu!”

Deməli, narahatlığım əbəs deyilmiş.

Görüşdə problemdən çıxış yolunu rus bölmələrində təhsilin ödənişli olmasında, alternativ - türk, alman, fransız, ingilis dilli ödənişsiz məktəblərin açılmasında görənlər də oldu, ana dilində təhsilin keyfiyyətini yüksəltməyi və ana dilində danışmağın cazibədarlığını artırmağı tövsiyə edənlər də.

Nazir bu il orta məktəblərin rus bölmələrində 1-ci sinifə normadan artıq müraciətlər olacağını təxmin etdiklərini bildirdi. Valideynlərin rusca bir kəlmə də bilməyən uşaqlarını rus bölmələrinə qoymaq istəmələrindən danışdı. Dedi ki, nazirlik çıxış yolu kimi 1-ci sinif rus bölmələrinə qəbul zamanı müsahibənin bərpa olunmasını zəruri sayır və bu yöndə təklif irəli sürəcək. Yəni o müsahibələrdə rusca az qala heç nə bilmədiyi ortaya çıxan uşaqlar rus bölmələrinə qəbul olunmayacaq. Bununla nazirlik yaranmış problemin qismən həllinə ümid edir.

Belə məlum oldu ki, Təhsil Nazirliyi, istəsə də, rus bölmələrinə qəbulu artıra bilməz. Çünki mövcud kadr potensialı şəraitində bu, mümkünsüzdür. Nazir narazılıqların olacağını bildiyindən müsabiqələrin kamera quraşdırılmış sinif otaqlarında keçiriləcəyini, şəffaflığın tam təmin ediləcəyini vurğuladı. Bu, bir texniki məsələdir. Narazı valideynlərin reallaşmayan istəklərinə görə səs-küy qaldıracaqları təxmin edilir. Amma neyləməli?!

Yeri gəlmişkən, rusdilli təhsilə meyillənən valideynlərin nəzərinə bir neçə faktı çatdırmaq istəyirəm. Məncə, mediamız və həmkarlarımız bu məsələləri qabartmaqla rus məktəblərinə olan ifrat  rəğbəti, əslində isə yersiz axını bir qədər azalda bilər. Sən demə, rus bölmələrinin guya Azərbaycan məktəblərindən səviyyəli olması barədə təsəvvürlər indi həqiqətdən xeyli uzaqdır. Daha doğrusu, illüziyadır, keçmişdən, Sovet dövründən qalan mifdir! Yaxşı müəllimlər və peşəkar kadrlar azlıq təşkil edir, tədrisin, təhsilin səviyyəsi geri qalır. Heç tələbə qəbulunda ən yüksək nəticə göstərənlərin ilk beşliyində də rus məktəblərinin adı yoxdur. Ona gərə də, rusca bilməyən uşaqlarını zorla rus məktəbində oxutdurmaq istəyən valideynlər əslində səhv qərar verir, övladlarının gələcəyini indidən riskə atmış olurlar!

Sonda bir məqamı qeyd edim ki, məncə, Azərbaycanda kimsə rus dilini bilməyin, öyrənməyin əleyhinə deyil. Rus dili dünyanın ən zəngin, işlək dillərindən biridir, böyük ədəbiyyat, mədəniyyət, elm dilidir. Bu dildə dünyanın bir çox məşhur şəxsiyyətləri danışıb-yazıblar və indi də belədir. Üstəlik, rus dili qonşu, tarixən bağlı olduğumuz nəhəng bir dövlətin dilidir. Bütün bunlara görə ruscanı da öyrənib-bilmək vacibdir. Amma çox vacib, hətta taleyüklü bir şərtlə: hansısa başqa dilin, o cümlədən ruscanın Ana dilimizdən nəinki yüksək, heç ona bərabər də tutulmasına, dövlət dilimizin önünə keçməsinə imkan vermədən!

 





18.03.2019    çap et  çap et