525.Az

“Balaca Şahzadə”nin yeni səfəri - Şahanə Müşfiq yazır


 

“Balaca Şahzadə”nin yeni səfəri - <b style="color:red">Şahanə Müşfiq yazır </b>

Məşhur fransız yazıçısı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsəri uşaqlar üçün yazılmış böyüklərin oxumalı olduğu alleqorik novelladır.

Bir müddətdir, mətbuatda gedən elanlardan Azərbaycan Dövlət Musiqili Teatrında bu əsərin motivləri əsasında tamaşa hazırlandığını bilirdik və böyük maraqla premyera gününü gözləyirdik. Nəhayət, gözlənilən an gəlib çatdı və “Balaca şahzadə” Musiqili Teatrın səhnəsinə çıxdı.

***

Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimovadır. Onun əsərlərə özünəməxsus baxış tərzi, yozumu artıq illərdir ki, azərbaycanlı teatrsevərlərə yaxından tanışdır. Bu dəfə də o, bizi fərqli dünyaya- hər şeylə maraqlanan, çoxlu suallar verən yadplanetli şahzadənin dünyasına qonaq apardı.

***

Balaca Şahzadə bir planetdə yalnız yaşayır. O, sevdiyi qızılgülünə daha yaxşı qulluq etməyi və onu daha çox sevməyi öyrənmək üçün kainatı kəşfə çıxır vəYer planetindəki Böyük Səhrada (Saxara) pilotla rastlaşır. Pilot qəzaya uğramış təyyarəsini təmir etməyə çalışır. Pilotla danışır, dayanmadan suallar verərək öyrənmək istəyir. Beləcə dostlaşırlar.

Əsər balaca şahzadənin 6 planetə səyahəti və orada qarşılaşdıqları üzərində qurulub. O, orda yaşayan insanların həyatı, düşüncələrilə tanış olur. Onun gördükləri, əslində, insanlığın fərqli üzləri idi. O, bu səyahətilə böyüklərin dünyasını elə onların özlərinə təqdim edir. Hər planetdə böyüklərin, yetişkin insanların bir tipi təhlil olunur. Misal üçün, sərxoş çox ümidsiz, məyusdur, uğursuzluqlarını unutmaq üçün dayanmadan içir, incəsənət adamı özündən çox razıdır, kral sadəcə hökm etmək istəyir, tam bir diktatordur və sair. Ən sonda bizim planetə -Yerə gəlir. Heç bu planet də ideal məkan deyil. Çünki burada insanlar bir-birlərinə geyiminə, görünüşünə görə qiymət verirlər.

Əsər boyunca balaca bir uşağın dilindən söylənən hikmətamis sözlər, kəlamlar insanlığa ötürülən bir mesaj təsiri bağışlayır. O, böyüklərin dünyasındakı demək olar ki, bütün mövzular: həyat, insan, yaxşılıq, pislik, sevgi, nifrət, ümid və s. haqqında fəlsəfi fikirlər yürüdür, bəzən uşaqların dünyaya, hadisələrə yetişkin insanlardan daha açıq gözlə baxa bildiklərini sübut edir.

***

Tamaşa o zamana qədər Azərbaycan səhnəsində qarşılaşmadığımız maraqlı və qeyri-adi səhnə tərtibatı ilə də diqqət çəkirdi. Eyni zamanda, musiqilər, rəqslər səhnədə dinamik enerji, hərəkətlərlə mətnin harmonik sintezini yaradırdı. Arxa fonda iri monitorlarda göstərilən animasiyalarla aktyorların və balet artistlərinin sinxron şəkildə canlandırdıqları gözəl ifalar, dolğun və cəlbedici rəqs hərəkətləri, ifaçıların oyunu ilə ekrandakı hadisələrin möhtəşəm sintezi, həm də sənət ocağının səhnəsində daha bir yenilik idi.

Tamaşanın bəstəkarı ABŞ-da yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev, musiqi rəhbəri Əməkdar artist Vaqif Məstanov, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiyanın Əməkdar incəsənət xadimi, dünya şöhrətli baletmeyster Sergey Gritsay, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, səhnə üçün işləyəni Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, yazıçı-publisist İlqar Fəhmidir.

Balaca Şahzadə obrazını Musiqili Teatrın iki azyaşlı aktyoru - adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılan, Prezident təqaüdçüsü Atilla Məmmədov və Rahib Məmmədzadə canlandırırdılar. Digər rolları əməkdar artistlər Ələkbər Əliyev (Kral), Şövqi Hüseynov (Tülkü), Əmrah Dadaşov (Təyyarəçi), Nicat Əli (Dərviş) Aydan Həsənova (Qızılgül), Əliməmməd Novruzov (Şoumen), Məhərrəm Qurbanov (Əyyaş), Hüseyn Əlili (Fənərçi), Rauf Babayev (Kommersant), Emil Heydərov (Qlobus), İbrahim Əlizadə (Ora-bura) ifa edirdilər.

***

Gəzdiyi heç bir planetdə istədiyi, gözlədiyi həyatı görməyən Balaca Şahzadə onların hamısından çox məyus ayrılır. O, böyüklərin dünyasını belə təsəvvür etmirdi. Bəlkə də ən yaxşısı özünün saf, qayğısız, təmiz dünyasında çiçəyini sevməklə məşğul olmaqmış...

 





18.03.2019    çap et  çap et