525.Az

Xətai və Nizami rayonlarında şəhid ailələri ziyarət olundu - Fotolar


 

ŞƏHİDLƏR XALİQ ƏZİZOV VƏ MÜŞFİQ MƏMMƏDOVUN AİLƏSİNƏ BAYRAM SÖVQATI APARILDI

Xətai və Nizami rayonlarında şəhid ailələri ziyarət olundu - <b style="color:red">Fotolar </b>

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Novruz bayramı münasibətilə paytaxt və bölgələrdə bir qrup şəhid ailəsinə ziyarət təşkil edib, onlara bayram sovqatı təqdim olunub.

Xidmət rəisi general-leytenant Arzu Rəhimovun təşəbbüsü ilə həyata keçirilən aksiya çərçivəsində qurumun əməkdaşları ictimaiyyət nümayəndələrinin iştirakı ilə Bakının Xətai rayonunda Aprel döyüşləri şəhidi Xaliq Əzizovun ailəsinə baş çəkiblər. Görüşdə xidmət rəisinin müavini general-mayor Yusif Mirzəyev, xidmətin Xətai rayon idarəsinin rəisi polkovnik Əqid Bayroyev, Nizami rayon idarəsinin rəisi polkovnik-leytenant Kənan Məmmədov, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Əsgər Anaları Şurasının sədri Leyla Gərayzadə , “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev, “Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev iştirak ediblər.

Ziyarət zamanı xidmət rəsinin müavini Y.Mirzəyev qeyd edib ki, Azərbaycan dövləti Vətən yolunda canlarından keçən şəhidlərin xatirəsini daim əziz tutur, hörmət və ehtiramla yad edir, ailələrinə diqqət və qayğı ilə yanaşır.

Ə.Bayroyev isə bildirib ki, şəhid Xaliq Əzizovun atası Həsən Qasımov rayonda Səfərbərlik xidmətinin vətənpərvərlik mövzusunda keçirdiyi tədbirlərdə daim yaxından iştirak edir, fəallıq göstərir.

M.Vəliyev qeyd edib ki, Xaliq Əzizov Aprel döyüşlərində göstərdiyi böyük şücaətlə əbədiyyətə, ölməzliyə qovuşub: “Şəhidimizin xatirəsi Azərbaycan dövləti və xalqı üçün daim əzizdir”.

L.Gərayzadə isə bildirib ki, Xaliq Əzizov Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda aparılan döyüşlərdə qəhrəmanlıq nümayiş etdirərək şəhidlik zirvəsinə ucalıb: “Vətən bu cür qəhrəmanları ilə tanınır”.

M.Mehdiyev qeyd edib ki, torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olur: “Xaliq torpağı Vətən edən oğullardandır”.

R.Məcid bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Novruz bayramı münasibətilə təşkil etdiyi bu aksiya Azərbaycan dövlətinin şəhidlərimizə, onların ailələrinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. O qeyd edib ki, qədirbilən Azərbaycan xalqı Xaliq Əzizov kimi qəhrəmanlarını heç vaxt unutmur, onların ailələrinə minnətdarlıq duyğusu ilə yanaşır: “Xaliqin valideynləri belə bir övlad yetişdirdikləri üçün haqlı olaraq qürür duymalıdırlar. Bu cür qəhrəmanlarımızın sayəsində Azərbaycan dövləti mövcudluğunu həmişə qoruyacaq, torpaqlarımız tezliklə düşmən işğalından azad olunacaq”.

Şəhidin atası Həsən Qasımov və anası Nigar Qasımova göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təşəkkür edib. Qeyd edilib ki, Xaliq Əzizov 2015-ci ilin oktyabr ayında hərbi xidmətə yollanıb. O, 2015-ci ilin aprel ayında Tərtər rayonun Talış kəndi istiqamətdə gedən döyüşlərdə şəhid olub. Ölümdən sonra prezident İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib, böyüyüb boya-başa çatdığı binaya barelyefi vurulub, küçəyə adı verilib.

Daha sonra Bakının Nizami rayonunda şəhid Müşfiq Məmmədovun ailəsi ziyarət olunub. Qeyd edilib ki, Müşfiq Məmmədov 1992-ci ilin yanvarın 25-dən 26-dək həyata keçirilən Daşaltı əməliyyatında iştirak edib, düşmənlə döyüşdə böyük şücaət göstərib, qəhrəmancasına vuruşaraq şəhid olub. O, könüllülərdən ibarət Şıxov batalyonun yaradıcılarından biri olub.

Şəhidin atası Yusif Məmmədov, qardaşı Etibar Məmmədov göstərilən diqqət və qayğıya görə təşəkkür edib, Müşfiq Məmmədova Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdəki xidmətlərinin nəzərə alınaraq ölümündən sonra “Milli Qəhrəman” adı verilməsi üçün Səfərbərlik Xidmətinin rəhbərliyinə müraciət edib.

Xidmət rəisinin müavini Y.Mirzəyev məsələnin nəzarətdə saxlanacağını, müraciətin aidiyyatı üzrə baxılması üçün Müdafiə Nazirliyinə göndəriləcəyini bildirib.

Ceyhun ABASOV

 





18.03.2019    çap et  çap et