525.Az

ADU rektoru Macarıstan səfiri və Rumın Dili və Mədəniyyəti İnstitutunun rəhbərilə görüşdü


 

ADU rektoru Macarıstan səfiri və Rumın Dili və Mədəniyyəti İnstitutunun rəhbərilə görüşdü<b style="color:red"></b>

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi ilə görüşüb.

Görüşdə ADU-da Macar Mərkəzinin açılışı ilə bağlı müzakirələr aparılıb. Qeyd edilib ki, mərkəzin yaradılması macar dili və mədəniyyəti üzrə təhsil alan tələbələrin resurslarla təmin olunması və müəllimlərin fəaliyyətinə dəstək olmaq məqsədi daşıyır.

Vurğulanıb ki, Macar Mərkəzinin yaradılması Macarıstan və Azərbaycan arasında münasibətlərin inkişafına töhfə verəcək. Bu mərkəzdə bir sıra tələbələr, müəllimlər, Macarıstandan gələn alimlərlə görüşlərin, digər tədbirlərin, dərslərin keçirilməsi nəzərdə tutulur.

K/Abdulla bildirib ki, Macarıstan universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzi yaradılması da əsas məqsədlərdən biri olmalıdır. Eyni zamanda, Macarıstan unversitetlərindən birində Azərbaycan dilinin tədrisi lazımlı və əhəmiyyətlidir.

Rektorun təkliflərini müsbət qarşılayan səfir bu istiqamətdə lazım olan addımların atılacağını bildirib.

Kamal Abdulla, həmçinin, Rumın Dili və Mədəniyyəti İnstitutunun rəhbəri Daiana Cuibusla görüşüb.

Rektor qonaqları rəhbərlik etdiyi təhsil ocağında görməkdən məmnun olduğunu diqqətə çatdırıb. Martın 16-da ADU-da Rumın dili və mədəniyyəti mərkəzinin açılmasını ikitərəfli əlaqələr üçün müsbət addım kimi dəyərləndirən K.Abdulla mərkəzin uğurlu fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib:

“Azərbaycan Dillər Universitetində Rumın dili və mədəniyyəti mərkəzinin yaradılması faydalı işgüzar əlaqələrə gətirib çıxaracaq. Bizim universitetdə 20-ə yaxın ölkənin dil və mədəniyyət mərkəzi fəaliyyət göstərir. Onların hər biri təmsil etdikləri ölkələrin universitetləri ilə sıx əlaqədədirlər. Biz eyni zamanda Rumıniya universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılmasını planlaşdırırıq”.

D.Cuibus rəhbərlik etdiyi institutun bütün dünyada rumın dili və mədəniyyəti üzrə ixtisaslaşdığını diqqətə çatdırıb:

“Azərbaycanda rumın dilinin tədrisinə imkan yaratdığınıza görə sizə təşəkkür edirəm. Dillər vasitəsi ilə insanlar bir-birinə yaxınlaşırlar. Biz müxtəlif istiqamətlərdə əməkdaşlıq qura bilərik. Sizin çox gözəl tələbələriniz var. Biz onlarla yaxından maraqlanacaq, tədris prosesini izləyəcəyik”.

Görüşdə daha sonra qarışılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib, gələcəkdə ADU-dakı Rumın dili və mədəniyyəti mərkəzində latın dilinin  tədrisi istiqamətində fikir mübadiləsi aparılıb.

 





19.03.2019    çap et  çap et