525.Az

Nikolay Doroxov: "Azərbaycanda balet sənəti əmin əllərdədir"


 

Nikolay Doroxov: "Azərbaycanda balet sənəti əmin əllərdədir"<b style="color:red"></b>

Artıq bir neçə ildir ki, respublikada xoreoqrafiya sənəti sahəsində ardıcıl və səmərəli islahatlar aparılır, həm ölkə, həm də beynəlxalq səviyyəli tədris-yaradıcılıq layihələri həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaradılmış Bakı Xoreoqrafiya Akademiyası qeyd olunan işlərin lokomotivi olmaqla yanaşı, yarandığı gündən təkcə xoreoqrafiya sahəsinə deyil, həm də mədəniyyət və incəsənətin bir çox sahələrinə töhfələr verməkdədir. Əlbəttə ki, bu töhfələr və nailiyyətlərə beynəlxalq təcrübənin öyrənilməsi, tətbiq edilməsi, xarici sənət müəssisələri və mütəxəssisləri olmadan az bir müddət ərzində nail olmaq çətin olardı.

Məhz bu səbəbdən Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyinin, şəxsən rektor, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyevin təşəbbüsü ilə akademiyanın 4 il aktiv fəaliyyəti ərzində beynəlxalq sənət arenasında tanınmış 17 mütəxəssisin ustad dərsi təşkil edilərək, bu sahədə müvəffəqiyyətlər əldə edilib, ustad dərslərinin bir çoxları həm akademiyanın, həm də ölkənin ictimai-mədəni həyatında mühüm hadisəyə çevrilib.

Bakı Xoreoqrafiya Akademiyası bu dəfə tələbələrə ustad dərsi keçmək, müəllimlərlə təcrübə mübadiləsi aparmaq üçün Rusiyanın tanınmış balet artisti və solisti, "Bolşoy Teatr"da 20 il səhnə fəaliyyəti, Moskva Dövlət Xoreoqrafiya Akademiyasında isə klassik və duetli-klassik rəqs üzrə 25 il pedaqoji stajı olan Nikolay Doroxovu dəvət edib.

N.Doroxovun bu barədə fikirlərini təqdim edirik. 

- Cənab Doroxov, Sizi Bakıda, Xoreoqrafiya Akademiyasında görməkdən məmnunuq. Bildiyimiz kimi, bu Azərbaycana ilk səfərinizdir. Təəssüratlarınız bizə maraqlı olardı.

- Əvvəla onu qeyd edim ki, Azərbaycan haqqında çox eşitmişəm. Lakin eşitdiklərim və burada əyani şəkildə gördüklərim arasında xeyli fərq var. Xalqınızın qədim tarixi, mədəniyyəti, zəngin adət-ənənələri olmaqla yanaşı, şahidiyəm ki, onu müasirlik ruhu da heç zaman tərk etmir. Paytaxt Bakıda, Azərbaycanın digər tarixi-mədəni yerlərində, dilbər guşələrində gördüklərim məni həm valeh etdi, həm də yaradıcı bir insan kimi ilhama gətirdi. Yəqin bilirsiniz ki, baletlə məşğul olan hər bir kəs təbiətlə daim ünsiyyətdə olur. Azərbaycanın coğrafi şəraiti, dağları, çayları və əlbəttə ki, Xəzər dənizi yaradıcı insanlarda canlı obrazlar yaradır. Heç şübhəsiz ki, Qarayev, Əmirov, Məlikovun əsərləri, xüsusilə də baletlərinin ərsəyə gəlməsində təbii istedadla təbii mühitin qarşılıqlı əlaqəsinin böyük rolu olmuşdur.

- 280 illik tarixi olan rus balet məktəbi dünyanın ən qocaman və zəngin sənət ənənələrinə malik bir yaradıcılıq mücəssəməsidir. Bu məktəbin nümayəndəsi olmağın yəqin ki, ayrıca məsuliyyəti var. Bu haqda nə deyə bilərsiniz?

- Şübhəsiz ki, rus balet məktəbi qocaman olmaqla yanaşı, bu gün də dünyanın ən qabaqcıl və nüfuzlu sənət məktəbidir. Bildiyiniz kimi, Rusiyada balet, rəqs və ümumiyyətlə, xoreoqrafiya təmayüllü ali və orta ixtisas təhsil müəssisələri kifayət qədərdir, lakin klassik qanunlara sadiqliyi və konservativliyi ilə seçilən A.Y.Vaqanova adına Rus Baleti Akademiyası və klassik ənənələrlə yanaşı, müasir sənət prosesinin nəbzini tuta bilən Moskva Dövlət Xoreoqrafiya Akademiyası bu sahədə liderliyini qoruyub saxlamaqdadır. Rus balet Akademiyası mənim üçün bir sənət məbəddir və onun tərənnüm etdiyi hər bir nümunə klassik ənənələrə sadiq qalan hər bir kəs üçün qanundur. Bu məktəbin məsuliyyəti mənim peşəkar fəaliyyətimdə, uğurla oynadığım rollar və partiyalar, əldə etdiyim nailiyyətlərdə öz əksini tapır.

- Bəs təhsilinizi harada almısınız?

- Mən Moskva Dövlət Xoreoqrafiya Akademiyasının və QİTİS kimi tanınan Rusiya Teatr Sənəti İnstitutunun məzunuyam. A.Prokofyev, P.Pestov, L.Jdanov kimi professional müəllimlərimə sonsuz minnətdaram ki, balet sənətinin sirlərini mənə təhsil aldığım müddət ərzində öyrədib, aşılaya bilmişlər. Aldığım baza təhsili, təbiətin verdiyi istedad və əzmkarlıq nəticəsində balet artisti kimi yetişdim.

- Peşəkar səhnəyə gəlişiniz necə oldu?

- 1976-cı ildə məzun oldum və nailiyyətlərim nəzərə alınmaqla "Bolşoy Teatr"a balet artisti vəzifəsinə qəbul olundum. Bir müddət sonra teatrın repertuarına uyğun olaraq əsas partiyaların ifaçısı kimi balet solisti kimi fəaliyyətə başladım. 20 il ərzində Bolşoy Teatrın səhnəsində ilk dəfə səhnələşdirilmiş "Eşqlə eşq naminə" baletində, daha sonra "Qusar balladası", "Çippolino", "Hind poeması", "Daş gül", "Balaca şahzadə", "İvan Qroznı", "Yeniyetmə" və digər baletlərdə aparıcı rollarda çıxış etmişəm. 1982-ci ildə Bolşoy Teatrın Özbəkistanda qastrol səfəri zamanı Özbəkistan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşəm. Bu, fəxri adların çətinliklə verildiyi zamana təsadüf etdiyinə görə sevincimin həddi-hüdudu yox idi. Ümumiyyətlə qeyd etməliyəm ki, mən xoşbəxt balet artistiyəm: səhnədə görkəmli balerina Yekaterina Maksimova ilə bir tamaşada çıxış etmək, tanınmış balerina Lyudmila Semenyakanın tərəf müqabili olmaq hər kəsə nəsib olmur. Bu baxımdan bəxtim gətirib.

- Pedaqoji fəaliyyətiniz barədə nə deyə bilərsiniz?

- Pedaqoji fəaliyyətim əsasən Moskva Dövlət Xoreoqrafiya Akademiyasında olub. Burada 10 il ərzində müəllim vəzifəsindən kafedra müdirinin müavini vəzifəsinə qədər yüksəldim, bir neçə nəsil balet artisti yetişdirməyə müvəffəq oldum. Pedaqoji fəaliyyətimin səmərəliyi səbəbindən xaricə tez-tez dəvət alırdım. Odur ki, bir müddət Seuldakı Koreya Milli Balet məktəbində və Pekin Rəqs Akademiyasında çalışmışam.

- Bu cür nailiyyətləri olan bir balet artistinin quruluşçu-xoreoqraf kimi fəaliyyəti də maraqlıdır.

- Bəli, haqlısınız. Bu baxımdan ən məhsuldar və xoş əks-sədaya səbəb olmuş işim dünya şöhrətli xoreoqraf, Rusiya Federasiyasının Xalq artisti Yuri Qriqoroviçin "Daş gül" baletinin quruluşunda ustadın assistenti qismində çıxış etməyim və həmin əsərin 2017-ci ildə Mariinsk Teatrında səhnəyə qoyulmasında bilavasitə iştirakım olub.

- Məlumdur ki, fevralın 18-dən Siz Bakı Xoreoqrafiya Akademiyasında 40 günlük ustad dərslərinə başlamısınız və bu gün də bu ustad dərsləri uğurla davam edir. Akademiya haqqında fikirləriniz maraqlıdır.

- Ümumiyyətlə, xoreoqrafiya sənəti üzrə Şərqdə ilk çoxpilləli unikal təhsil və sənət ocağı olan Bakı Xoreoqrafiya Akademiyasında olmağım, buradakı professor-müəllim və şagird-tələbə heyətləri ilə ünsiyyətə görə akademiyanın rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Bir tərəfdən yüksək qonaqpərvərlik mədəniyyətiniz, digər tərəfdən akademiyada yaradılmış tədris-yaradıcılıq mühiti burada təlim-tərbiyə prosesini də asanlaşdırır. Müəllimlərinizin peşəkarlığına söz ola bilməz. Lakin müasir dövrün tələbləri mütləq nəzərə alınmalıdır. Akademiyanızın dostu olaraq arzu edərdim ki, burada klassik rəqs dərslərinə diqqət daha da artırılsın və fənn müəllimləri aparıcı müəssisələrdə stajçəkmə və ixtisasartırma kurslarına mütəmadi olaraq qatılsınlar. Bu, həm müəllimlərin, həm də onların şagird və tələbələrində özünü büruzə verəcək. Tələbələriniz isə məncə, bir qədər də əzmkarlıq və çalışqanlığını artırmalıdır. Bununla belə, xüsusi istedada malik tələbələriniz də az deyil. Ustad dərsləri və metodiki təlimlər zamanı həm müəllimlərin, həm də tələbələrin fəallığı xoreoqrafiya sənətinə böyük marağın olduğundan xəbər verir. Bir də, nailiyyətlərinizin daha çox olması üçün dövlətin dəstəyi və yaxından iştirakı da vacibdir: uzağa getmədən bu yaxınlarda fəaliyyətə başlamış Qazax Milli Xoreoqrafiya Akademiyasında olduğu kimi, tələbələrin yaradıcılıq laboratoriyası olan tədris teatrı, yataqxana və yeni tədris korpusları inşa edilib istifadəyə verilsə müəllim-tələbə fəaliyyəti daha məhsuldar və geniş olar. Ən əsası, burada olduğum müddət ərzində anladım ki, Bakı Xoreoqrafiya Akademiyası timsalında Azərbaycanda balet sənəti əmin əllərdədir. 

Əbülfəz BABAZADƏ
BXA-nın İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

 





19.03.2019    çap et  çap et