525.Az

Prezident bayram ərəfəsində bir sıra məhkum ailələrini sevindirdi


 

“ƏFV SƏRƏNCAMI HUMANİZM PRİNSİPLƏRİNƏ SADİQLİYİN TƏSDİQİDİR”

Prezident bayram ərəfəsində bir sıra məhkum ailələrini sevindirdi<b style="color:red"></b>

Prezident İlham Əliyevin imzaladığı növbəti əfv sərəncamı Novruz bayramı ərəfəsində məhkum edilmiş bir sıra şəxslərin yenidən azadlıqlarına qovuşmasına imkan yaradıb.

Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub. Eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad ediliblər.

Mövzu ilə bağlı fikirlərini bildirən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, demokratik dəyərlərə sadiqlik, insan hüquq və azadlıqlarının qorunması üçün mükəmməl qanunvericilik bazasının yaradılması hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləyən dövlətimizin siyasətinin prioritetləri sırasındadır. O, “Azərtac”a bildirib ki, Azərbaycanın humanizm prinsiplərinə sadiqliyi beynəlxalq aləmdə də yüksək dəyərləndirilir, 1995-ci ildən bəri imzalanan əfv sərəncamları və qəbul olunan amnistiya aktları demokratiyanın inkişafına xidmət edən mühüm addım kimi şərh olunur: “Ümumilikdə atılan hər bir addım insan amilinə verilən dəyərin aydın ifadəsidir”.

V.Rəhimzadə qeyd edib ki, son 15 ildə Prezident İlham Əliyevin insan hüquqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində atdığı addımlar göz önündədir: “Təkcə bu faktı qeyd etmək kifayətdir ki, milli Konstitusiyamızın qəbulundan ötən 24 ilə yaxın müddət ərzində sənədə əlavə və dəyişikliklərin edilməsi məqsədilə keçirilən 2002-ci, 2009-cu və 2016-cı illər ümumxalq səsverməsinə çıxarılan dəyişikliklərin bir qismi idarəetmə sistemində təkmilləşməyə xidmət edirsə, digər əsas hissəsi insan hüquq və azadlıqlarının qorunmasına yönəlib”.

Baş redaktorun sözlərinə görə, “Dövlətin ali məqsədi” maddəsinə edilən əlavə insan amilinə verilən dəyərin bariz nümunəsidir: “Həmin əlavədə bildirilir ki, dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunması, həmçinin, onların yüksək həyat səviyyəsinin təmin edilməsidir. Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə 18 iyunun ölkəmizdə İnsan Hüquqları günü kimi təsis edilməsi də deyilənlərə bariz nümunədir”.

V.Rəhimzadə bildirib ki, humanizm prinsiplərinə hörmət və dəyər Prezident İlham Əliyevin siyasətində öz prioritetliyini saxlayır: “Dövlət başçısının əlamətdar günlər ərəfəsində əfv sərəncamları imzalaması humanizm siyasətinin uğurla davam etdirilməsinin təsdiqidir. 1995-ci ildən bu günə 60-dan çox əfv sərəncamı imzalanıb və 11 amnistiya aktı qəbul olunub. Nəticədə on minlərlə insan azadlığa qovuşub”.

Qeyd olunub ki, 32 əfv sərəncamı və 7 amnistiya aktı 1995-2003-cü illərdə həyata keçirilib: “Ölüm hökmünün ləğv olunması, əfv sərəncamlarının imzalanması və amnistiya aktlarının qəbulu ilə məhkumların azadlığa qovuşub cəmiyyət üçün faydalı şəxsiyyətə çevrilmələrinə şəraitin yaradılması Heydər Əliyev siyasətinin mühüm istiqamətlərindən biridir. Son amnistiya aktlarından 4-nün təşəbbüsçüsü Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevadır. Qəbul olunmuş hər bir amnistiya aktını humanizm prinsiplərinin, ideyalarının qələbəsi kimi dəyərləndirən Mehriban Əliyeva daim bildirir ki, 1994-cü ildə qoyulmuş bu siyasət nəticəsində minlərlə insan azadlığa buraxılaraq normal həyata qayıdıb və bu gün də bu ənənələr davam edir. Hər bir insan ləyaqətlə və azad yaşamağa layiqdir. Səhv etmiş insanlara həyatda yeni şans verməklə, bağışlayıb cəmiyyətimizə qaytarmaqla onlara yenidən həyatın, azadlığın dəyərini dərk etməyə, öz səhvlərini başa düşüb doğru yola qayıtmağa kömək edilir. Mərhəmətlilik, geniş qəlblilik, xeyirxahlıq, bağışlamaq bacarığı ən ali və insani keyfiyyətlər kimi qiymətləndirilib”.

V.Rəhimzadə deyib ki, dövlət başçısı İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə yüzlərlə məhkumun əfv olunması humanizm prinsiplərinə sadiqliyinin bir daha təsdiqidir: “Bu sərəncam 431 nəfər məhkuma şamil olunub. Onlardan 399-u cəzasının çəkilməmiş hissəsindən azad edilib, həmçinin, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bir neçə nəfərin cəzası yüngülləşdirilib. Bir mühüm məqamı da unutmayaq ki, əfv sərəncamı təkcə 431 nəfərə deyil, həmin şəxslərin hər birinin ailəsinə, övladlarına, valideynlərinə bəxş olunan sevincdir ki, bu da ümumilikdə yüzlərlə insanın sevinci deməkdir”.

“Bütün hüquqlarımız dövlət tərəfindən qorunur. Hüquqlarımızla yanaşı, vəzifələrimizin də olduğunu unutmamalıyıq. Dövlətimiz üzərinə düşən məsuliyyəti qəbul etdiyi mühüm əhəmiyyətli dövlət proqramları, qanunlarla, imzalanan fərman və sərəncamlarla gerçəkləşdirirsə, ölkə vətəndaşları da onların icrasına verdikləri töhfələrlə cavablandırmalıdırlar”, - deyə baş redaktor fikirlərini tamamlayıb.

Ceyhun ABASOV

 





20.03.2019    çap et  çap et