525.Az

“Əsrlərin sədası” Bakıda dərin rəğbət doğurdu


 

“Əsrlərin sədası” Bakıda dərin rəğbət doğurdu<b style="color:red"></b>

Martın 15-də Azərbaycan Dillər Universitetində Germanistika İnstitutunun və Avstriyanın Bakıdakı səfirliyinin birgə təşkilatçılığı ilə orta əsr minnezanq və minneklanq sevgi poeziyası mövzusunda zaltsburqlu professor Tomas M.Şallabök ilə “Klang der Jahrhunderte” (“Əsrlərin sədası”) adlı möhtəşəm konsert təşkil edilib.

Həmçinin, konsertin təşkilində Avstriya Mübadilə Xidmətinin lektoru Ştefani Matzer, ADU-nun baş müəllimi Lətifə Qurbanova, Germanistika İnstitunun sədr müavini İsmayılzadə Leyla birbaşa iştirak edib. Konsertdə Avstriyanın Bakıdakı səfiri Alexandr Bayerl və səfirliyin digər nüməyəndələri,  Azərbaycan Milli Konservatoriyasından dəvət olunmuş qonaqlar da iştirak ediblər. Tədbirin əvvəlində bütün qonaqlara Tomas Şallabökün yaradıcılığı, konsertdə səsləndiriləcək nəğmələr haqqında məlumat, alman və Azərbaycan dillərində bu nəğmələrin sözləri qeyd olunan  Ziqlinde Hartman, Ştefani Matzer, İsmayılzadə Leyla və Germanistika İnstitutunun tələbələri tərəfindən tərtib və tərcümə olunmuş  kitabçalar paylanıb.

Tomas Şallabök, Avropa orta əsr səhnəsinin ən yaradıcı musiqiçilərindən biridir. O, instrumentalist, bəstəkar, eyni zamanda, ifaçılığı da özündə birləşdirir. Buna görə də dəfələrlə ən yaxşı minnezanq kimi mükafat qazanıb. Əslində, onun Avropanın  və Cənubi Amerikanın 14 ölkəsində 1000-dən çox konserti, Avropa, Yaponiya və Amerika Birləşmiş Ştatlarında  saysız televiziya çıxışları otuz illik müvəffəqiyyət hekayəsindən xəbər verir.

Konsertdə avstriyalı professor Tomas M.Şallabök orta əsr çalğı alətlərində həmin dövrə aid müxtəlif musiqiləri ifa edib. Bir-birindən maraqlı 15 fərqli  çalğı alətində ifa edən Tomas Şallabök rəngarəng çıxışlarla tamaşaçıların marağına səbəb olub. O,  səhnəyə milli geyimdə, xüsusi bir rəqs melodiyası “Ductia” ilə daxil olub. Bu melodiya bugünədək saray musiqisinin ən gözəl nümunələrindən biri hesab edilir. Tomas Şallabök solo ifaları da olduqca fərqli tərzdə ifa edib. İfaçı bir-birinin ardınca “Falkenlied”, “Tagelied”, “Nein, ja”, “Under der linden”, “Nieman kan mit gerten”, “Kalenda Maya”, “Maienzeit one neidt”, “Nu huss”, “Kühhorn” əsərlərini səsləndirib. O, hər bir əsəri yaşayaraq, özünü obrazın yerinə qoyaraq gah ciddi, qəmgin, gah da gülməli üz ifadələri ilə ifa edib. Müxtəlif hissləri ard-arda yaşayaraq, gah şahin quşunu itirən müğənninin şikayətlərinə qulaq asaraq, gah ayrılıq əzabı çəkən bir aşiqə çevrilərək, gah da sevdiyi qızdan sadəcə “hə” cavabı gözləyən bir sevgilinin hisslərini keçirərək, əsərdəki bütün poetik üslubu səhnədən tamaşaçılara ötürməyi bacarıb. 

Bakıda ilk dəfə konsertlə çıxış edən Tomas M.Şallabök çıxışları ilə tamaşaçıların böyük marağına səbəb olub. Onun proqramına  Haynrix fon Morunqen,  Valter fon der Foqelvayde və ya Osvald fon Folkenştayn kimi məşhur minnezengerlərin seçilmiş əsərləri daxildir. Konsertdə musiqiçi həm də yenidən aranjiman etdiyi orta əsr nəğmələrini təqdim edib. Belə ki, Fransanın ən məşhur trubadoru Rembo de Vakayrasa aid musiqi parçasını özünəməxsus bir şəkildə Rembonun sevgi iztirablarını çatdırıb. Konsertdə Germanistika İnstitunun tələbələri də Tomas Şallaböklə eyni səhnəni bölüşüblər. İfa ediləcək hər bir əsər haqqında tələbələr həm alman, həm də Azərbaycan dillərində tamaşaçılara ətraflı məlumat veriblər. Konsertin sonunda isə Tomas Şallabökün müşayiəti ilə tələbələr Haynrix fon Morunqenin “Ove” əsərini birgə səsləndirdilər. Konsert bir-birindən maraqlı, fərqli musiqi keçidləri ilə yaddaşlarda qalıb. Konsertdən sonra qonaqlar və tələbələr təşkilatçılarla birgə müxtəlif müzakirələr aparıb.

NİGAR

 





20.03.2019    çap et  çap et