525.Az

Azərbaycan və Avstriya musiqisinin birgə təntənəsi


 

Azərbaycan və Avstriya musiqisinin birgə təntənəsi<b style="color:red"></b>

Martın 16-da Beynəlxalq Muğam mərkəzində avstriyalı professor Tomas Şallabökün Azərbaycanın qədim musiqi alətlərinin tədqiqatçısı Məmmədəli Məmmədovun bədii rəhbərliyi və Xalq artisti, professor Fəxrəddin Dadaşovun musiqi rəhbərliyi altında “Əsrlərin sədası” ansamblı ilə birlikdə qədim Şərq və Qərb musiqisinə həsr olunmuş birgə konserti baş tutub.

Konsertə Avstriyanın səfiri, səfirlik nümayəndələri, bir çox incəsənət xadimləri də qatılıblar. Konserti Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova açaraq tədbir barədə məlumat verib. O, çıxışında  konsertin keçirilməsinin mühüm əhəmiyyətindən bəhs edərək konsertin  təşkilatçıları olan Avstriyanın Bakıdakı səfirliyinə, Azərbaycan Dillər Universitetinə, Beynəlxalq Muğam Mərkəzinə və bu konsertin ərsəyə gəlməsində yardımçı olan şəxslərə dərin minnətdarlığını bildirib.  Daha sonra Avstriyanın Bakıdakı səfiri Alexander Bayerli səhnəyə dəvət edib.

Səfir Alexander Bayerl çıxışında bildirib ki, qədim Şərq və Qərb musiqisinə həsr olunmuş bu konsert Almaniya və Azərbaycan arasındakı əlaqələrin möhkəmlənməsində də böyük rola malikdir.  O, gələn qonaqları bir daha salamlayıb və onlara dərin təşəkkürünü bildirib. Daha sonra Milli Konservatoriyanın nəzdində olan “Əsrlərin sədası” ansamblı səhnəyə dəvət olunub. Ansambl üzvləri və  Azərbaycanın  qədim musiqi alətlərinin  adı tamaşaçılara təqdim olundu. Konsertdə  professor Tomas Şallabök ilə  Nüşabə Kərimli və Sərxan Bünyadzadə eyni səhnəni bölüşüblər. Konsert ifaçı Nüşabə Kərimlinin “Mahur rəngi” əsərini səsləndirməsi ilə başlayıb. Ardınca Tomas Şallabök, Nüşabə Kərimli və Sərxan Bünyadzadə ard-arda gözəl əsərlər ifa ediblər. Professor Tomas Şallabök  “Tagelied”, “Nein, ja”, “Under der linden”, “Kalenda Maya”, “Kühhorn” nəğmələrini təqdim edib. Hər bir ifadan öncə nəğmələrin mövzusu haqqında məlumat verilib. Bir-birindən fərqli musiqi alətlərində, eyni zamanda iki alətdə ifa edilən nəğmələr tamaşaçıların  böyük marağına səbəb oldu.

Yerli ifaçılar Nüşabə Kərimli və Sərxan Bünyadzadənin  ifasında  “Bəri bax”, “Söylə”, “Külək” əsərləri tamaşaçıların zövqünü oxşayıb.  İfa edilən milli musiqi və muğamlar  qonaqların böyük marağına səbəb olub. Konsertdə maraq doğuran məqamlardan biri də xalq mahnısı “Sarı gəlin”in fərqli tərzdə təqdim olunması idi. Belə ki, professor Tomas Şallabökün bəstələdiyi “Ove” nəğməsi ilə “Sarı gəlin” mahnısının sintezi səsləndirilib. Konsert “Bayram axşamı” nəğməsinin ifası və tamaşaçıların alqışları ilə yekunlaşıb.

NİGAR

 





20.03.2019    çap et  çap et