525.Az

Gül kimi yazı - İlqar Kamil


 

Gül kimi yazı - <b style="color:red">İlqar Kamil </b>

Əl mərd, göz namərddi, deyərdi; əmin-əmin deyərdi, arxayın-arxayın deyərdi, qəşəngcə gülərdi də ardınca. Ağır bir işə başlamaq istəyərkən duruxduğumu görüb tez şirin dilini salardı işə: oğlum, igid balam, göz baxar, insanı qorxudar, Allah bax bu əllərə bərəkət versin: bir də baxarsan ki, yavaş-yavaş, xırda-xırda işi görüb bitirib ey. Yekun sözüsə belə olardı rəhmətliyin: Allah, Məhəmməd, ya Əli, qalx ayağa, gözümün işığı, görülən işdən gül ətri gələr.

Gül demişkən xatırladım, sizcə, bir güllə bahar olarmı?

Bir dəfə “klinik psixologiya” dərsinin sonunda əziz müəlliməmiz Korj Elena Mixailovna əyilib qulağıma nə desə yaxşıdı: “Dərsə sırf sənə görə belə dərindən hazırlaşıram!” Qırxa yaxın şagirddik auiditoriyada, hamısı sözdinləməz, hamısı gənc, hamısı nadinc. Bircə məndim dərsi əvvəldən axıra diqqətlə dinləyən, bircə məndim hansısa mətləblə razılaşmayan, tez-tez sual verən və bircə məndim hər dərsin axırında ona yaxınlaşıb səmimi-qəlbdən təşəkkür edən. Yəqin bundan təsirlənmişdi dosent xanım və o məşhur gülüşünü də sözünə fon edib gizli-gizli demişdi: dərsə məhz sənə görə belə dərindən hazırlaşıram!

Yəni nə?

Yəni olar, bir güllə də bahar olar!

Refreyming haqda yazmışdım bir dəfə, yazmışdım, ən məşhur şablonları sorğulamaq, darmadağın etmək cəhdidir refreyminq, məsələn, sən deyirsən, zorla gözəllik olmur, adam razılaşmır səninlə, deyir, olur, üstəlik, gözəllik elə zorla olur.  Bir də əməli refreyminqlər var, bir az da bu haqda danışaq; tutalım, sən kimisə ruhdan salmaqçün əlinə mikrofon alıb “bir güllə bahar olmaz”, deyirsən, bu misralara hətta mahnı da bəstələyirsən, fəqət tanımadığın bir nəfər gəlib elə bir iş görür ki, əlin ağzında qalır: olarmış, a kişi, bir güllə də bahar olarmış!

Tarix o “bir nəfər”ləri unutmur, unutmur. Tanrısa daha artığını deyir: mən bütün kainatı o tək güllər xətrinə yaratdım! Təsəvvür edin, bağbanın qəsdi barlı-bəhrəli o ağacı suvarmaqdı, ətrafındakı ot-ələf də sirab olur.

Tarix onları unutmur, ona görə ki, tarix onlara borcludu, dünya onların çiynində dayanır, bəşər o təklərin hesabına yaşayır. O tək kişilərin! Biri haqda Allah özü danışır, Yasin surəsində: “racülün” deyir eləcə, yəni bir kişi - nə adını çəkir, nə soyadını səsləndirir, sadə və anonim danışır: gəldi şəhərin o başından bir kişi, dedi ki...

Bir digəri haqda da biz danışaq. Milli qəhrəmanımız Şəhid Mübariz İbrahimov! Kişi qalxdı ayağa, silahını götürüb tək başına əməlli-başlı refreyminq elədi, meydan oxudu, qiyamət qopardı: kim deyir ki, bir güllə bahar olmaz? Mən edərəm, olar! Olmadımı? Siz Allah, bahar olmadımı? Oldu, özü də bir fəsillik olmayanından!

Kimdən öyrənmişdi bu refreyminqi böyük şəhid? İmam Hüseyndən! O güldən ki, sanki dünyaya məhz bu məşhur şablonu dağıtmaq, hətta darmadağın etməkçün gəlmişdi: bir güllə də olar, əzizim, bir güllə də bahar olar!

Məsələ, şair demiş, gül ola bilməkdir!

 





22.03.2019    çap et  çap et