525.Az

"Ömrüm nar qabığıdı, acılı-şirinli illər kimidi içindəki dənələr..." - Səxavət Sahil


 

"NAR SİLSİLƏSİ"

"Ömrüm nar qabığıdı, acılı-şirinli illər kimidi içindəki dənələr..." - <b style="color:red">Səxavət Sahil </b>

Bəlkə sabah olmadı?!

Toran çökür
Günəş “boğulur” təpənin arxasında,
öz kölgəsini yorğan kimi
başına çəkir ağaclar.

Buludsuz səmada
nar dənəsi kimi qızarır ulduzlar
bir azdan şeh düşəcək,
hələ yuyunmağı var
yaşıl yarpaqların.

Hələ heç kim
daş atmayıb gölə,
qurbağalar sabahadək
“canlı konsert verəcək”.

Gecənin kədərinə
aram-aram
bayquş da töhfə verir
cansıxıcı səsiylə.

Qaranlığın canına
bir az da qorxu dolur -
bəlkə sabah olmadı?!
İçimdəki ümid də
yavaş-yavaş can verir.
Baxıram vahiməylə,
qaranlığın canından
neçə iblis doğulur.

İlan kimi sürünür budaqların kölgəsi

Nar ağaclarının arasındakı ev
payızda miskin görünür.
Yarpaqsız budaqlar,
bozaran gövdələr
və kəllə kimi çürümüş nar qalağı.

Seyr elədikcə bu mənzərəni
elə bilirəm xarabalıqdayam,
cənuba köçən quşların əvəzinə
mərmilər uçub gəlib sanki.

Gecələr bu mənzərə
qara rəngin çalarında
daha da qorxunc görünür.
Ay çıxıb hərlənəndə isə
budaqların kölgəsi
yerdə ilan kimi sürünür.

Əslində bu çox sadədi
həm də xatirədi,
gözlərimi yumuram
hər yerdən, hər yerdən
uşaqlığım görünür.
Gümüşü nar

Ay çıxıb
yaşıl yarpaqlar
gümüş olub,
qıpqırmızı meyvələr
gümüş olub.
Narın kölgəsi
gümüş olub
torpağa səpilir.

İndi fərqi yoxdu
qurd düşən narın da
kölgəsi gümüş olub.

Kölgələr ayırmır
yaxşını-pisi.
Kölgələr ayırmır
ağı-qaranı.

Bəlkə də belə olub
dünya yaranan gün,
hər şey kölgə olub.

Bilirsən nar ağacı

Bilirsən, nar ağacı,
payızda küləklər başlayanda
yarpaqların ayrılıq səsi
gizilti salır canıma.

Xatirələr  oyanır,
elə olur ki,
bir yox,
bir neçə adamdan sarı
darıxmağa başlayırsan!

Bilirsən nar ağacı,
bir neçə adamdan sarı darıxmaq
Tantal əzabıdır -
heç nəyə çata bilmirsən,
hərəyə görə bir az darıxırsan,
bölünüb neçə yerə darıxırsan.
Bu darıxmaq deyil e,
nəsə ayrı bir əzabdı.
Bəlkə də
darıxa bilməmək əzabıdı.
Bilirsən nar ağacı,
bəlkə də elə sən bilirsən.

Ay nəğmə deyir

Buludlar dağılıb
yağış ara verib,
yaşıl nar kollarına
ay nəğmə deyir
süd rəngli işığıyla.

Külək də susub,
yarpaqlar qımıldanmır
budaqlar təmkinlidi,
bircə ay oxuyur.

Pozulur kənd yolunun
ay işıqlı sükutu,
kimsə keçir
kölgəsi yol yoldaşı,
addımları yuxulu.
Söykənib pəncərəyə
baxıram aya sarı,
baxıram, unuduram
unuduram, dünyanı -
Ay nəğmə deyir
süd rəngli işığıyla.

Qara bulud

Qaraldıqca
qaralır göyü üzü.

Bir igidin ömrü qədər
kəsib ay işığını
qara buludlar.

Ərəbzəngi
dastanlardan çıxıb
göyə qalxıb,
bulud olub
yol kəsib.

Qara yarpaqlı
nar ağacı
qara dənəli
nar gətirir.

Bir igidin
ömrü qədərdir ki,
hər şey
qara bar gətirir.

Su axır, ay aparır

Su axır.
Təzə doğmuş ayın
əksi düşüb suya.

Su axır,
üzündə ləpələnir ay,
tanrının kitabındakı
balıq kimi
bölünür, çoxalır ay.

Su axır,
nar ağaclarının dibindən axır.
Su axır,
elə bil “əlində” ay aparır.

Su axır.
təzə doğmuş ay
İsa kimi suyun üstündə gəzir.

Su axır -
ömür də su kimidi,
heç yerdə dayanmır
axır, axır, hey axır.

Sarı

Küləyin qulağından uzaq
elə saralıb ki, nar yarpaqları
bir əsim himə bənddi.

Günəş də öləziyib -
öz sarısını “yarpaqlara verib”,
daha yoxdur avqust qızmarı.
Sarı zambaqlar
baharda qalıb,
indi çiçəklərin əvəzinə
yarpaqlar saralır.

Amma ömrün payızı
rəngsiz olur -
yarpaq kimi tökülüb,
günəş kimi öləziyib,
çiçək kimi solursan.

O dünya yalandı
sadəcə torpağa qarışıb,
qarışıb, yox olursan.

Çiçəklərlə suvarılır ürəyi yanan çöllər

Sular axır,
axdıqca toplayır
yerə döşənmiş
nar çiçəklərini.

Sular axır
axır, aparır
nar bağından
nar çiçəklərini.

Sular axır,
dodaqları çatlamış
boz torpaqlara
çiçək aparır.

Külək əsir
çiçəklər səpələnir,
sular axır,
çiçəklər toplanır,
çiçəklərlə suvarılır
ürəyi yanan çöllər.

Ad günümə

Ömrüm nar qabığıdı,
acılı-şirinli illər kimidi
içindəki dənələr.

İsadan 7 gün sonra doğulmaq
bəlkə də xoşbəxtlik deyil
Məsihin fiziki əzablarını
8-ci günə daşımaqdır.
Müsəlman olsaq da,
İsadan öz payımızı götürmüşük -
hərənin öz əzabı var,
1982 il sonra doğulsaq belə.

Ömrün əvvəli və sonu olmur,
ömrün bədbəxtlik və
xoşbəxtlik bölgüləri var.

Xilaskar İsa,
xilas edə bilməsən də bizi
yenə də sənə minnətdarıq,
minnətdarıq ki,
əzab çəkməyi öyrədibsən.

Xilaskar İsa,
yenə də tənhayam,
heç olmasa tənhalıqdan xilas et məni.
Yeni ilin ilk günündəyəm
əlimdə şərab,
yenidən doğuluram,
yenidən doğuluram, yenidən.

 





23.03.2019    çap et  çap et