525.Az

Vidadi Həsənov: “Teatr tənəzzüldədir” deyənlər gerçəkliyi görmürlər”


 

Vidadi Həsənov: “Teatr tənəzzüldədir” deyənlər gerçəkliyi görmürlər”<b style="color:red"></b>

Əməkdar artist, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, “M.Teatr Production”un bədii rəhbəri Vidadi Həsənovun teatr və kinomuzun hazırkı vəziyyəti, perspektivləri barədə müsahibəsini təqdim edirik. 

 - Vidadi müəllim, teatr sahəsilə bağlı görülən son işlərə münasibətiniz necədir?

- Düşünürəm ki, Azərbaycan prezidentinin ölkəmizin mədəniyyət xadimlərilə bu günlərdə keçirilən görüşü çox əlamətdar bir hadisədir. Son illərdə ilk dəfə idi ki, birbaşa belə bir ünsiyyət oldu. Ölkəmizin yüksəlişindən tutmuş problemlərə qədər hər şeydən danışıldı. Ondan sonra sanki teatr mühitində canlanma yaranıb. Məsələn, Şuşa Teatrının binası çox gözəl şəkildə təmir olunub təhvil verildi. Bu proses növbəti teatrlar üçün də nəzərdə tutulur. Mədəniyyət nazirinin keçirtdiyi mətbuat konfransında da dediyi kimi, bizim Yuğ Teatrı haqqında da düşünülür artıq. Biz hələ ki, yeri-yurdu olmayan teatrıq axı (gülür). Bəli, biz Kukla Teatrının kollektivi ilə çox gözəl münasibətdəyik, ancaq “el-elə sığışar, ev-evə sığışmaz” - deyirlər. Biz demirik ki, bizə cah-cəlallı, əzəmətli bina verilsin. Sadəcə teatrın öz funksionallığını bərpa edə biləcəyi, rahat adaptasiya olacağı yeri olsa, çox gözəl olar.

Bu son hadisələr əslində, çox şeylər vəd edir. Məncə, bu görüş teatr cameəsi üçün bir başlanğıc olmalıdır. Teatrlar özü də hərəkətə keçməli, çıxış yolları axtarmalıdır. Hər şeyi dövlətdən gözləmək olmaz. Dünya bizdən yeni ideyalar tələb edir. Biz birlikdə buna cavab verməliyik. Teatr əhli özü yeni ideyalarla çıxış etməlidir. Eybi yox, qoy, o ideyalar 3-5 ildən sonra işə yaramasın, ancaq görək ki, hərəkət var.

- Sizin nəzərinizdə aktyor kimdir?

- Aktyor heç bir müəlliflik hüququ olmayan fədakar insandır. Baxın, teatr sahəsində daxili xırda çəkişmələrdən tutmuş, böyük söz-söhbətlərə qədər bütün problemlərin alt qatında aktyorun tamaşa oynamaq, rejissorun tamaşa qurmaq istəyi durur. Bu qədər çətin şəraitə baxmadan onlar işləmək istəyirlər. Ona görə də əksər ailələr övladlarına ya “hüquqşünas ol”, ya da “həkim ol” deyirlər. Heç kim “get aktyor ol” demir. Çünki aktyor sənəti üzdə olan, amma müəllifliyi olmayan sənətdir. Yazıçı, ssenarist, rejissor, rəssam, bəstəkar - hamısı öz əsərinin müəllifidir. Onu onlardan almaq olmaz. Amma aktyorun belə bir hüququ yoxdur. Halbuki digər sənətçilər kimi, sən də zəhmət çəkirsən. Hətta yazıçı yazdı, rejissor qurdu, rəssam səhnə tərtibatını verdi, aktyor olmayandan sonra nəyə lazımdır bu? Onu tamaşaçıya təqdim edən aktyordur. Bizim işimiz dəniz kənarındakı ləpədöyəndə qoyulan iz kimidir. İndi nə yaxşı ki, kino var, serial var, televizor var, tarixə düşür rollar. Onlar da olmasa heç bir hüququ olmayan işlə məşğuluq. Amma bununla belə məşğul olmaq istəyirik.

- Bəzən son 15-20 illik Azərbaycan teatrından danışarkən bu dövrü “teatrın tənəzzül dövrü” kimi xarakterizə edirlər.

- Ümumiyyətlə, bu fikirlə razı deyiləm. Bu, ya bəzi insanların teatra həddindən artıq tələbkarlığındandır ki, indi dünya teatrları insanların ovuclarının içindədir, görürlər, müqayisə edirlər. Ya da o fikrdə olanların heç teatrdan xəbərləri yoxdur. Əvvəl yenə heç olmasa, televiziya kanallarında teatr tamaşaları olardı, aktyorlar göz önündə olardı. Tamaşaçı da görürdü, tanıyırdı. İndi belə şeylər yoxdur axı. Teatra da hər adam gəlmir. Marks demişkən, ədəbiyyatı başa düşmək üçün gərək adamın heç olmasa bir az ədəbiyyat anlayışı olsun. İnsan var ki, onun teatr haqqında heç bir bilgisi, marağı yoxdur. Onun teatra gəlməyinin nə mənası? Teatr tənəzzül edir deyən adamlar gerçəkliyi görmürlər. Teatr canlı orqanizmdir, uğurları da var, çatışmazlıqları da. Əsas olan odur ki, yerində dayanmır, hərəkət edir.

- Nəsillər dəyişir, Yuğ Teatrına da gənclər cəlb olunur. Bu dəyişimlərin fonunda Vaqif İbrahimoğlu ənənələri, Yuğ estetikası nə dərəcədə qorunub-saxlanır?

- Təbii ki, nəsillər dəyişməlidir. Bəzən mən elə getmək istəyirəm, təqaüd yaşımı gözləməyə səbrim çatmır. Bəzən isə yaşı 65-i keçmiş aktyorlarımız belə qalıb işləmək istəyirlər. Çünki alacaqları təqaüd onları təmin etməyəcək qədər azdır.

- Vidadi müəllim, aktyora təqaüd yaşı ölçmək, onu məcbur təqaüdə göndərmək nə qədər doğrudur? Bəs tamaşalardakı qoca rollarını kimlər oynayacaq?

- Vaxtilə problem o idi ki, yaşlı aktrisalarımız cavan qız rolunu oynamaq istəyirdilər. İndi isə vaxt gələcək qoca rolunu oynamağa aktyor tapılmayacaq. Məcbur cavan adam onu oynayanda da biz axıra kimi inanmayacağıq. Amma bütün hallarda bu məsələlər düzələndir. Dünya praktikasındakı özəl teatrlarda ştat cədvəli yoxdur. Hansısa əsəri hazırlamaq istəyəndə prodüsser rejissoru, rejissor da aktyorlarını seçir, qoca lazımdı qoca aktyor dəvət edir, müəyyən müddət hazırlaşıb tamaşanı oynayırlar, bölgələrə, xarici səfərlərə gedirlər. Bir sezonu cəmi bir tamaşa ilə yekunlaşdırırlar. Sezon sonunda hər kəs qazandığını qazanır. Yeni sezonda yeni əsər və yeni truppa toplanır. Burada aktyor və rejissorlar üçün bir rəqabət imkanı olur ki, necə eləsin ona hər zaman tələbat olsun. Dövlət teatrlarında aylıq maaşdır, oynasan da, oynamasan da. Nə rəqabət olur, nə həvəs. Orada yaşlı, cavan aktyor problemi yoxdur.

- Yenidən qayıdaq “Yuğ”a...

- Teatra gələn bir nəfər belə özüylə yeni nəfəs, yeni ruh gətirir. İndi cavanlar işləməlidir. Vaqif İbrahimoğlu bu estetikanı əldə etmək, təsdiqləmək üçün 20 il yol gəldi. Vaqif İbrahimoğlu həm də bizim o mənada nailiyyətimizdir ki, o, özündən sonra bir poetika qoyub getdi. Yuğ Teatrı bu gün də çalışır ki, o poetikanı qoruyub saxlasın. Əlbəttə, bundan sonra da kim olur-olsun, Vaqif İbrahimoğlu olmayacaq. Amma bütün sistemlər, poetikalar ona görə yaxşıdır ki, hər kəs ondan bəhrələnib özünü ifadə edə bilir.

- Teatrşünaslarla teatrların qarşılıqlı münasibəti haqda nə düşünürsünüz?

- Bildiyim qədərilə, teatrşünaslar üçün teatrlarda ayrıca ştat yoxdur. Bu isə teatrların günahı deyil. Onlar lazımi qurumlara müraciət etməlidirlər bu haqda. Amma o ki qaldı teatrşünaslarla teatrların qarşılıqlı münasibətinə, onlar özləri bir az teatra yaxın gəlməlidirlər. Teatrşünaslıq olmasa, teatrın inkişafı olmayacaq. Çünki sıravi tamaşaçının “bu, xoşuma gəldi, bu, gəlmədi” fikriylə iş görmək olmaz. Teatrşünas isə tamaşa haqqında lazımi təhlili verirlər. Amma son dövrlərdə mən hələ görməmişəm ki, hansısa teatrşünasın yazdığı yazıya görə on nəfər gəlib o tamaşaya bilet alsın. Axı, sənin yazdığın yazı da teatra fayda gətirməlidir. Belə teatrşünaslarımız olub. Düşünürəm ki, teatrın inkişafı üçün lazım olanlardan biri də “iti diş” teatrşünasların yetişməsidir.  

- “M. Teatr” yaratdınız, amma davam etmirsiniz, deyəsən...

- Biz fəaliyyətimizi dayandırmamışıq, amma davam etmək üçün maliyyəyə ehtiyac var. Nə edək ki, kapitalist zamanında hər şeyi müəyyənləşdirən bir şey var: pul. Özəl teatrların yaranması vacibdir. Artıq yaranmış bir neçə teatra diqqət, qayğı lazımdır. Təəssüf ki, yaratdığın teatrla 3-5 il nəsə eləmək olur, sonra isə alınmır. Özəl teatrlar gənc nəslin yetişməsi üçün çox vacibdir, bir növ tramplindir. Yenə xaricin təcrübəsinə baxsaq, məsələn, Moskvada az qala hər metronun çevrəsində bir teatr var. Şəhər mühitidir, insanlar işdən sonra 1-2 saatlıq yol qət edib teatra gələ bilmirlər. Niyə onların yaşadığı ərazidə kiçik teatr olmasın ki? Orda yetişən aktyorlar sabah aktyorluq məktəbinin davamçılarına, oraya gedən tamaşaçılar isə sonradan böyük teatrların hazırlıqlı tamaşaçılarına çevriləcəklər. Mövcud teatrlarımız kifayət qədər iş görürlər. Ancaq bu, insan düşüncəsinin, qəlbinin, hisslərinin tam həddi deyil axı. Buna görə də teatrlar çox olmalıdır. Tiflisdə teatrların sayı-hesabı yoxdur. İnsanlar da öz zövqlərinə uyğun teatrlara gedirlər. Bizdə də çox olsa, onda insanların mədəniyyətlə ünsiyyəti daha rahat olacaq.

- Siz həm də müəllimsiniz. Bir müəllim kimi gənclərimizdə istedad və zəhmətin nisbətini necə görürsünüz?

- Bunu ölçmək mümkün deyil. Bəzən müşahidələr aldadıcı olur. Şəxsi pedaqoji təcrübələrimdə belə nümunələr var ki, “bundan aktyor” olmaz deyə düşündüyümüz indi ən məşhur aktyorlardan biridir. Mənimçün müəllim tələbənin istedad və potensialını ortaya qoyması üçün şərait yaradan adamdır. Heç bir sənəti onu öyrənmək istəməyən insana öyrətmək olmaz. Onun istəməsi üçün də özünü bu sənətdə göstərmək imkanı olmalıdır. İstedad və zəhmətsevərlik hamıda eyni deyil. Bir qrupdakı 15 tələbənin içindən bir neçə nəfər aktyor çıxır, ya yox. Ona görə də biz teatra gələn istedadlı gəncləri qorumağa çalışırıq. Çünki onlardan çox azdır. Amma bunu əminliklə deyə bilərəm ki, Azərbaycan teatrında heç zaman yaradıcı insan qıtlığı olmayacaq, bu zəncir heç zaman qırılmayacaq. Çünki bu xalqın özü istedadlıdır. Ona istedadını göstərmək üçün şərait yaratmaq lazımdır.

- Bir az da kinematoqrafiyadan danışaq. Çünki son görüşdə bu məsələ də gündəmə gətirildi və orada da irəliləyişi gördük. Bundan sonra kinodan nə gözləyirsiniz?

- Həmişə gözlədiyimizi... Son on ildə kinomuzda görülən işlərə baxsaq, bu zamanda 4-5 film çəkmişik və onlar da beynəlxalq festivallar gəzir. Biz Hollivud, ya da Bollivud deyilik ki, ilə yüz kino çəkək. Hətta cəmi bir kino çəkdiyimiz il olur ki, o kino bütün festivalları gəzir, mümkün nominasiyaların hamısında da mükafatlar qazanır. Qeyri-təvazökarlıq kimi olsa da, “Çölçü” filmini misal göstərim. Ssenari müəllifi və rollardan birində mənəm. Film 25-ə yaxın beynəlxalq festivalda iştirak edib, 17-18 mükafat qazanıb. Elə festival olub ki, mümkün nominasiyaların hamısını alıb. Almadığı bir mükafat qalmışdı: “İkinci plan aktyoru”, onu da bu yaxınlarda getdiyi festivalda qazandı. Film gedir festivalda iştirak edir, mümkün mükafatları alır gəlir, bayrağımızı qaldırır. Nə olsun? Amma baxın, idmançı gedir hansısa yarışda yer tutur, gəlir, ona diqqət, qayğı sonsuz halda göstərilir. O biri idmançı da ona baxıb daha çox çalışır ki, mən də qazanım, mənə də bu qayğı göstərilsin. Onların elədiyini biz də edirik, Azərbaycanın adını tanıdırıq, bayrağını qaldırırıq, amma özümüzdən başqa heç kim görmür. “Azərbaycanda kino yoxdur” deyənlər, kinomuzdakı gözəllikləri, inkişafı görmək istəməyənlərdir. Film çəkirsən, deyir, bu nə filmdir? Necə oldu, bu, getdi dünyada bəyənildi, sən bəyənmədin?

- Həm də ssenarilər yazırsınız. Aqibəti necə olur o yazdıqlarınızın?

- Bu işi əldən qoymuram, yazıram. Aralarında xoşum gələni də var, gəlməyəni də, böyük məbləğ tələb edəni də var, ucuz başa gələni də. Nə zamansa ehtiyac yaransa, ssenarilər istəsələr, aparıb təqdim edəcəm. Ssenari rejissora yazılan məktubdur. Elə rejissor var ki, sənin məktubda yazmadıqlarını da anlayar, eləsi də var ki, “mənim ssenarim deyil” deyib qol qoymaz. Yazılan hər şey tarixdir. Yazmaq çox məsuliyyətli işdir. İnsan ağzına gələni yaza bilər, amma gərək qələmindən hər töküləni yazmayasan. Xüsusən ssenari yazmaq heç də asan iş deyil. Çünki ssenari görüntüdür, ekrandır. “Çölçü” filminin ssenarisini mən başdan-ayağa, sıfırdan düz 22 dəfə yazmışam.

Düşünürəm ki, bu işlərin hamısının axırı yaxşı olacaq (gülürük).

Şahanə MÜŞFİQ

 





24.03.2019    çap et  çap et