525.Az

Sezar və Krassın Romaya ağalıq etmək iddiaları - Telman Orucov


 

SİSERON - NATİQLİYİN SİNONİMİ

Sezar və Krassın Romaya ağalıq etmək iddiaları - <b style="color:red">Telman Orucov </b>

(Əvvəli ötən şənbə sayımızda)

Sezar və Krassın Romaya ağalıq etmək iddiaları (b.e.ə. 68-64-cü illər)  

Katilinanın evində Krass oturmuş, Sezar isə ayaq üstə dayanmışdı. Krass danışığın başa çatdığını elan etdi. O dedi: “Biz yenidən görüşəndə, bizim və Romanın taleyi həmişəlik dəyişilməlidir”. Lakin Sezar və Krassın qəsdi bir neçə ay ərzində dörd hissəyə bölünməli idi. Onlar dövlətə nəzarəti ələ keçirmək məqsədini güdməklə, ümumi seçkini yoxa çıxarmaq istəyirdilər. Bütün işləri komissiya idarə edəcəkdir. Təkcə iki konsula deyil, həm də bütün on tribuna, üstəlik, iki pretora malik olacaqlarını düşünürdülər. Rüşvət toplayanlar xəbər verirdilər ki, işlər yaxşı gedir. Bu, əslində, dövlət çevrilişi demək idi. Krassın və Sezarın başçılığı altında bu komissiya ölkənin əsl ağası olacaqdı, konsullar və digər magistratlar sadəcə olaraq sıfıra bərabər olacaqdılar.

Terentsiya ərinə təklif edirdi ki, onlara qarşı mübarizəyə başçılıq etsin. Axı bu qadın nəsil özəyinə görə aristokrat idi: “Sən nəsə etməlisən. Sən bunun baş verməsinə sadəcə imkan verməməlisən”. Siseron arvadına dedi ki, “Mənim əziz Terentsiyam, aristokratlar da sənin kimi düşünürlər. Onlar heç vaxt bunu müdafiə etməyəcəklər”. Ona görə də Siseron onların yanına gedib deməli idi ki, Krass və Sezarın nə etmək istədikləri budur, mənə dəstək verin və mən çalışacağam ki, bunu dayandırım.

Siseron Krassla görüşəndə, ondan gözlərini çəkib dedi: “Bu adam kübar ailədə doğulmuşdur, rüşvətlə rüşvətin özü barədəki qanun layihəsini kənara atdırmışdı. O, indi belə niyyətdədir ki, rüşvətlə konsul seçilsin, özü də özü yox, ondan asılı olan iki adam - Hibrida və Katilina seçilsinlər. Onlardan biri səfeh, digəri isə dəlidir”.

Katilina Siserona dedi ki, mən bəraət almışam, Siseron bu sözə güldü: “Bəraət almısan, sən? Bəraət almısan? Sən özünü hər cür seksual eybəcərliklə və pozğunluqla biabır etmisən. Sən öz əllərini qətlə yetirdiklərinin qanına bulamısan, öz müttəfiqlərini qarət etmisən. Sən, ilk olaraq, bir qızı pozduqdan sonra onun yaşlı anasına evlənmisən. Bəraət almısan? Sən onda ancaq təsəvvür edə bilərsən ki, Roma cəngavərləri yalançılar olmalıdır. Belə ən böyük şərəfi olan şəhərin sənədli şəhadətləri onda saxtadır. Ey bədbəxt insan, belə qərarla sən bəraət aldığına baxma, yalnız onu düşün ki, hansısa daha bir qorxulu cəza vardır”.

Katilina hədyanlıq etmək istədikdə, konsul liktorları tərəfindən sakitləşdirildi. Dostları - onların arasında Krass və Sezar da var idi, - dartıb, onu yerində oturtdular.

Siseron gərgin mübarizədə konsul seçilir 

Siserona rəqibi Hortensinin reaksiyasından başqa, bir şey qalmamışdı. Lukull Roma divarının arxasında özünə böyük mavzoley tikdirmişdi. Hortensi utancaq şəkildə irəli gəlib, Siseronu Lukulla təqdim etdi. Lukull onun əlini sıxmaya bilərdi, çünki onun xoşlamadığı Pompeyin pərəstişkarı olduğunu bilirdi.

Katul hirslə dedi ki, “Mənim oxuduğum düz imiş, cinayətkar qəsdin nəticəsi kimi dövlətə vətəndaş təhlükəsi törədilirmiş. Mən oxuduğum əgər saxta imişsə, bu, bizim tarixdə olan ən əxlaqsız bir saxtakarlıq idi. Katilina dəlisov idi, bunu hamı kifayət qədər bilirdi. Lakin o, düzgün və nəcib romalıdır”.

Siseron dedi: “Katul, mən sizdən, sizin hamınızdan heç nə istəmirəm və əgər sizin hamınız məni təhqir etsəniz də, mən sizə xeyirli axşam arzu edəcəyəm. Dövlətə cinayətkar qəsdin nəticəsi kimi vətəndaş müharibəsinin təhlükə törətdiyi barədə oxuduğun saxtadırsa, bu, bizim tariximizdə ən pis saxtakarlıqdır. Öz payıma mən inanmıram ki, o, düzdür, çünki mən inanmıram ki, belə xəbəri sağ olan əl icra edə bilər”.

Lukull ona dedi: “Siseron, geri qayıt. Mən məmnunam. Xəbər yerlidir”. Katul isə dedi ki, mən indiyə qədər inanmamışam. Hortensi buna belə cavab verdi. “Onda qoy səni bir adi sözlə inandırım. Sezar. Sezar Krassın qızılına bel bağlayır, həm də onun arxasında iki konsul və ön tribun dayanır”.

Çox sayda namizədlərin olması və onların arasında düşmənçilik Siseronu Senatda Katilinaya və Hibridaya hücum etməyə məcbur etdi. Aristokratlar o saatca, Siseronu dəstəklədilər.

Siseron onun arxasında möhkəm duranlara görə daim atlı (Romadakı patritsi təbəqələrindən biri) idi. Üstəlik, onu pompeyçilər və aşağı sinifdən olanlar dəstəkləyirdilər. Günorta namizədlərə verilən səslər məlum olduqda, Siseron 81 senturi səsi ilə Katilinadan və Hibridadan 2-3 dəfə irəlidə idi. Digər üç namizəd birlikdə 16 səs toplamışdılar.

Finalda seçkinin nəticəsi elan olunduqda Siseron 193 senturi səsi toplamışdı. Bu, Hibridanınkından iki dəfə, Katilinanınkından üç dəfə çox idi.

Beləliklə, Mark Tulli Siseron 42 yaşında, Roma konsulluğunun ali imperium-una nail oldu və onu senturilərin yekdil səslə seçməsi daha təəccüblü idi.

Siseron evində təşkil olunan məclisdə dedi: “Mən söz verirəm ki, Krassa və Sezara, tribunlara qarşı, əgər onlar özlərinin torpaq islahatı layihəsinin dərc etsələr, müxalifətə başçılıq edəcəyəm”.

Sonra o, gülümsünərək əlavə etdi: “Həyat elmi, qalxan problemlərlə sövdələşməkdir. Bu uzaq gələcəkdə onları həyacanlandırmaqla, birinin könlünü viran qoymaqdan daha yaxşıdır. Mən inanıram ki, biz öz əmimiz oğlu Lutsinin xatirəsinə tost deyəcəyik. Konsulluq barədə ilk dəfə söhbət gedəndə, o, burada onun bünövrəsində dayanmışdı və bu günü görməyi çox arzu edirdi”. O, öz qədəhini qaldırdı. Lutsi vaxtilə ona demişdi: “Sözlər, sözlər. Onların vasitəsilə icra edilən yalanların heç bir sonu yoxdur”

Öz konsulluğu dövründə Siseron Katilina qəsdini yatırtdığına görə, dövlətə böyük təhlükə törədən bu adam həm də problemin əsaslı qaydada həlli üçün edam edilmişdi, nəhəng siyasi zəfər qazandı. Buna görə o, sonralar sürgün olunsa da, həmin sürgündən b.e.ə.57-ci ildə böyük ehtirama layiq görülməklə qayıtmışdı. Lakin vaxtilə “Vətənin atası” adlandırılan bu böyük şəxsiyyətin siyasi təsiri artıq zədə almışdı, baxmayaraq ki, onun Romanı tərk etməsi həmin vaxtlar altruist qəhrəmanlıq kimi qiymətləndirilmişdi.

Belə bir şəraitdə o, bir sıra xoşa cəlməyən müdafiə tədbirləri görməyə və ictimai həyatı tərk etməyə məcbur oldu. Sonra onu Kiçik Asiyanın cənubundakı Kilikiya əyalətini idarə etməyə göndərdilər və ümumi rəy belə idi ki, o, bu vəzifənin öhdəsindən ləyaqətlə gəlmişdir.

Siseron b.e.ə. 63-cü ildə, ölümündən hələ 20 il əvvəl Senatda Katilina qəsdinə qarşı ilk çıxışını edərkən, bu çıxışlar “Katilinarilər” kimi məşhurdur, respublika quruluşuna yaranan böyük təhlükəni nəzərdə tutaraq “O tempera, o mores!” sözlərini söyləmişdi. Rusca bu nida şəklindəki ifadə “O vremena, o nravı!” kimi tərcümə olunmuşdur ki, bu da “Ey zamanlar, ey adətlər!” mənasını verir və əslində, mexaniki tərçümə xarakteri daşımaqla, natiqin nəzərdə tutduğu fikri məzmunca açıq ifadə etmir. İngilislər isə latın dilindəki lakonik ifadəni mahiyyətinə uyğun qaydada “Shame on our time and its customs!” - “Ar olsun bizim dövrümüzə və onun qaydalarına!” kimi tərcümə etmişlər. Bu tərcümədə böyük natiqin öz dövrünə və onun qaydalarına qarşı hiddəti bütövlüklə əks olunmuşdur. Onun həmin lənəti gələcəkdə baş verəcək daha qorxulu hadisələri qabaqcadan görmək əlaməti idi. Bu ifadə həm də lakonikliyinə görə məşhurdur. Latın dili ifadə tərzində az sözlə geniş fikri əhatə etmək qabiliyyəti ilə seçilir. Bu sahədə qədim romalıları, bu sahədəki öz sələfləri olan spartalılarla müqayisə etmək olar. Yığcam ifadənin ən bariz nümunəsini Qay Yuli Sezar meydana gətirmişdir. B.e.ə. 47-ci ildə Bospor çarı Farnakı məğlub etdikdən sonra Romaya “veni, vidi, vici” - “gəldim, gördüm, qalib gəldim” kəlməsindən ibarət təntənəli raport göndərmişdi. Bu üç sadə söz lakonik şəkildə hər şeyi ifadə edir. Siseronun nifrət dolu harayı da yığcamlığına görə daha böyük təsir gücünə malikdir.

Sonralar Romada cərəyan edən keşməkeşlər onun xeyli əvvəl səslənən xəbərdarlıqlarını təsdiq etdi. Qay Yuli Sezarın b.e.ə. 49-cu ilin yanvarında Rubikonu keçməsi ilə Roma vətəndaş müharibəsinə cəlb edildi. Pompeyin Farsalda məğlubiyyəti və sonrakı qətli, həmçinin, digər əlverişli səbəblər Sezarın ömürlük diktaturasına yol açdı. Sezarın b.e.ə. 44-cü ilin martında Senatda qətlə yetirilməsi ilə ikinci Triumvirat meydana gəldi və o, Sulla diktaturasının eybəcər mirasını - proskripsiya siyahısını yenidən həyata gətirdi. Şübhəli bilinənlər və loyal olmayan hesab edilənlər təqib və edam edilirdi.

Qədim Roma respublikasında isə azadlıq idealı daim yüksək tutulmuşdu. Respublika quruluşuna qarşı hər bir həmlə böyük etirazla qarşılanırdı. Sezar ömürlük diktatorluq adı altında çar hakimiyyətinə yiyələnməyə can atdıqda, respublika quruluşunu xilas etmək üçün bir qrup senator bu xəyanətin qarşısını almaq üçün Sezara sui-qəsd edilməsinə və onun senatda qətlə yetirilməsinə qərar verdilər. Lakin onların gözlədikləri baş vermədi, Sezar tərəfdarları sui-qəsdçilərə qalib gəldilər. Sezarın varisi kimi siyasət səhnəsinə gələn Oktavian, Avqust titulunu qəbul etməklə ilk imperatora çevrildi. Beş əsr yarım mövcudluqdan sonra respublika quruluşu iflasa uğradı. Sezarın ölümündən sonra respublikanı xilas etmək sahəsində Sisernun da apardığı mübarizə heç bir nəticə vermədi.

B.e.ə. 43-cü ilin dekabrında böyük mütəfəkkir Mark Tulli Siseron da özünün “filippika” adı altında Mark Antoni əleyhinə olan 14 çıxışının qurbanı olmaqla, qətlə yetirildi.

Siseron fiziki cəhətdən məhv edilsə də, onun nəhəng elmi irsi qaldı və iki min il keçdikdən sonra da bu irs yaşamaqda və yüksək qiymətini saxlamaqda davam edir. Onu öldürtdürən Mark Antonidən Kleopatra ilə olan sevgi məcaralarından və Epirdəki Aktsidə b.e.ə. 31-ci ildə Oktavian tərəfindən ağır məğlubiyyətə düçar edilməsindən başqa heç nə qalmadısa, Siserondan isə xəzinə xarakteri daşıyan, fəlsəfə, siyasət, dövlət quruluşu nəzəriyyələri barədə əsərlər qaldı. Bu zəngin irs özlüyündə ölməz filosof və dahi natiq üçün əsl abidə xidməti göstərməkdə davam edir.

SON
Oktyabr 2017-ci il

 





24.03.2019    çap et  çap et