525.Az

Azərbaycan vətəndaşlarına qaytarılmış sovet əmanətlərinin məbləği açıqlandı


 

Azərbaycan vətəndaşlarına qaytarılmış sovet əmanətlərinin məbləği açıqlandı<b style="color:red"></b> Azərbaycan vətəndaşlarına sovet banklarında batmış əmanətlər görə ödənişlərin verilməsinə başlanan gündən 2013-cü il sentyabrın 1-dək 1.620.809 hesab üzrə 596.908.486,06 manat qaytarılıb. 

525.az-ın məlumatına görə, bu barədə modern.az-ın sorğusuna Maliyyə Nazirliyindən verilən rəsmi cavabda bildirilib. Qeyd edək ki, “Kapital Bank” ASC-də 01.01.1992-ci il tarixinədək qalığı olan əmanət hesabların sayı 2.400.000 təşkil edib. 

Maliyyə Nazirliyinin verdiyi məlumata görə, fərdi birdəfəlik ödəmələrin verilməsi üçün “Kapital Bank”ın nəzdində 143 məntəqə yaradılıb. Bu məntəqələrin 65-i Bakı şəhərində, 7-si Naxçıvan Muxtar Respublikasında, qalan 71-i isə ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərir.

Eyni zamanda, problemli əmanətlər üzrə Bakıda, Naxçıvan Muxtar Respublikasında, Gəncədə və Sumqayıtda 6 xüsusi məntəqə yaradılıb. Həmçinin, Naxçıvan Muxtar Respublikasının ərazisindəki rayonlarda, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərizasinə daxil olan rayonlarda, habelə işğal olunmuş digər rayonlarda əmanət hesabları olan və hal-hazırda Bakı şəhərində yaşayan Azərbaycan Respublikası vətəndaşlarının birdəfəlik ödəmələrini yaşadıqları yerdə almalarını təmin etmək məqsədilə də 1 məntəqə açılıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 30 mart tarixli, 72 nömrəli qərarı ilə Maliyyə Nazirliyinin nəzdində 7 mərkəzi icra hakimiyyəti orqanından ümumilikdə 15 nəfər olmaqla Xüsusi Komissiya formalaşdırılıb. Xüsusi Komissiyanın fəaliyyətə başladığı 2012-ci ilin iyun ayından etibarən Komissiyanın müvafiq qərarlarına əsasən bankda əmanət hesabları olan, lakin kitabçaları olmayan və ya təqdim olunmaq üçün yararsız vəziyyətə düşmüş kitabçaya malik 107 mindən artıq əmanətçiyə əmanət kitabçalarını əvəz edən sənəd verilib. Xüsusi Komissiyaya 3300-dən artıq, nazirliyin rəsmi internet səhifəsində fəaliyyət göstərən [email protected] ünvanına 1200-ə yaxın, fərdi birdəfəlik ödəmələrin verilməsi ilə bağlı yaradılmış “Qaynar xətt”ə isə 30 minədək müraciət daxil olub. Həmin müraciətlər operativ şəkildə araşdırılaraq, cavablandırılıb.
 
 





19.09.2013    çap et  çap et