525.Az

Yaxın Şərq seçimi: diplomatiya, yaxud müharibə?


 

Yaxın Şərq seçimi: diplomatiya, yaxud müharibə?<b style="color:red"></b>

Amerika ilə Rusiyanın Suriya məsələsində müəyyən razılığa gəlməsi dünya siyasi mühitinə ciddi təsir edib. Problemin BMT çərçivəsində həllinə inamın artması ilə yanaşı, bir sıra ziddiyyətlər də meydana çıxıb. ABŞ, İngiltərə və Fransa xarici işlər nazirlərinin Paris görüşündən sonra isə bəzi suallar yaranıb. Qərbin Dəməşqə qarşı sərt davranmasından Kreml ehtiyatlanır. Bunlar bütövlükdə Yaxın Şərqin tarixi seçim qarşısında olduğu təəssüratı yaradır.

Zorən diplomatiyamı?

Suriyanın kimyəvi silahlarına nəzarət məsələsində ABŞ-la Rusiyanın razılığa gəlməsi müəyyən ümidlər yaratdığı kimi, bəzi problemləri də meydana çıxardı. Ekspertlər prosesin dalana dirənə bilməsindən danışırlar. Qəribə də olsa, onların fikrinə görə, bunun səbəbi beynəlxalq münasibətlər sistemindəki mövcud problemlərdədir. Konkret olaraq, ABŞ, Fransa, İngiltərə və Yaxın Şərqin böyük dövlətlərinin məsələyə öz münasibəti vardır.

ABŞ, Fransa və İngiltərənin xarici işlər nazirləri Parisdə Suriya ilə əlaqəli ortaq bir sənəd hazırlayıblar. Həmin sənəd BMT TŞ-də qəbul olunmalıdır. Lakin Moskva Fransanın təklif etdiyi layihəni son dərəcə sərt hesab edir. Məsələn, orada BMT-nin "7-ci maddə'' adlanan şərtini Paris nəzərə almağı lazım bilir. Bununla ABŞ, İngiltərə və Türkiyə də razıdır.

Ancaq Rusiya XİN rəhbəri S.Lavrov bəyan edib ki, Vaşinqtonla əldə etdikləri razılaşmada həmin maddə yoxdur. Yəni rəsmi Dəməşqə qarşı heç bir halda hərbi güc tətbiq edilməməsi haqqında Amerika ilə Rusiya razılığa gəlib.

Fransa isə mövqeyini yumşaltmaq fikrində deyil. Əslində, Ankara da Parisə dəstək verir. Türkiyə rəhbərliyi B.Əsəd rejiminin devrilməsini zəruri sayır. Bir zamanlar Yuqoslaviyada baş verənlərin Yaxın Şərqdə də təkrarlana bilməsi təhlükəsini xatırladırlar. Keçən əsrin 90-cı illərində S.Miloşeviçlə də diplomatik razılıq əldə edilmişdi, lakin o, şərtlərə əməl etmədi. Bosniyalılara qarşı soyqırımı davam etdi. Yalnız bundan sonra NATO qəti addım atdı. İndi rəsmi Ankara hesab edir ki, B.Əsəd eyni taktikadan istifadə edir. Bəzi informasiyalara görə, Dəməşq kimyəvi silahlarını İraq və İrana ötürür. Əgər bu proses varsa, problemin sülh yolu ilə həlli imkansız ola bilər.

Müşahidələr göstərir ki, çətinlik yalnız rəsmi Dəməşqə olan inamsızlıqla məhdudlaşmır. ABŞ-ın siyasi dairələrində belə Moskvanın davranışlarında səmimi olduğuna inam yoxdur. Senator C.Barrosso "The Wall Street Journal'' qəzetində yazır ki, "...ruslara inanmaq olmaz, onlar öz kimyəvi silahlarını hələ məhv etməyiblər''. Onun rəyinə görə, birincisi, Suriyanın kimyəvi silah ehtiyatının məhvini ABŞ-Rusiya sənədində nəzərdə tutulmuş vaxtda həyata keçirmək mümkün deyil; ikincisi, Moskva reallıqda B.Əsəd üçün zaman qazanır (bax: План Керри-Лаврова: успех дипломатии или напоминание о Боснии 1990-х? / InoPressa, 16 sentyabr 2013).

"The New York Times'' isə Kerri-Lavrov anlaşmasını "tərksilah üzrə tarixin ən ağır razılaşması'' adlandırıb. Kimyəvi silahlar üzrə amerikalı ekspert E.Smitson hesab edir ki, "5-6 il çalışmağı tələb edən prosesi bir neçə aya sıxışdırmaq, dünyada bənzəri olmayan haldır'' (bax: Визит Керри в Москву – проявление "иракского синдрома" Обамы? / InoPressa, 16 sentyabr 2013).

Qərb siyasi dairələrinin gətirdiyi başqa bir arqument müharibə gedən ölkədə silahlara nəzarətin həyata keçirilməsi prosesinin son dərəcə çətin olmasıdır. Əfqanıstandakı Britaniya qoşunlarının keçmiş komandanı Riçard Kemp "The Jerusalem Post'' nəşrinə müsahibəsində vurğulayıb ki, Suriyada yaranmış mövcud şərtlər daxilində kimyəvi silahlara səmərəli nəzarət etmək imkansızdır. Çünki heç kim özünü güllə altına vermək istəməz (bax: əvvəlki mənbəyə).

Bütün bunlar BMT-nin Dəməşq yaxınlığında kimyəvi silahın tətbiq edildiyini təsdiqləməsi fonunda olduqca düşündürücü görünür. Ekspertlər hazırladıqları hesabatda hadisə yerində zarin qazının izlərinə rast gəlindiyini göstəriblər (bax: BM raporu açıklandı: Suriye’de kimyasal silah kullanıldı / "Zaman'', 17 sentyabr 2013).

Artıq beynəlxalq ictimaiyyət B.Əsədin kütləvi qırğın silahı istifadə etdiyinə inanır. Bu psixoloji faktor sonrakı hadisələrdə həlledici rol oynaya bilər. O cümlədən, Qərbdə problemin ABŞ-Rusiya razılaşması çərçivəsində həll edilə bilməsinə olan şübhələr mənfi nəticələr verər.

Geosiyasi maraqların əsirliyində

Daha düşündürücüsü odur ki, Suriya məsələsi ilə bağlı əldə edilmiş razılaşmanı şübhə altına alan digər geosiyasi məqamlar da özünü göstərir. Biz, hər şeydən əvvəl, ABŞ prezidenti Barak Obamanın "ABC News” telekanalına verdiyi müsahibədə söylədiyi bəzi fikirləri nəzərdə tuturuq. O, prosesin yalnız Suriya ilə məhdudlaşmadığını deyib.

Şimali Koreya və İrana qarşı da analoji addımlar atıla bilər. Həmin dövlətlərin nüvə silahlarına beynəlxalq nəzarət həyata keçirilər və onların məhvi reallaşdırılar. Əks halda, məsələn, İrana hərbi zərbə endirilməsi mümkündür. B.Obama İranın yeni prezidenti H.Ruhani ilə məktublaşdığını etiraf etməklə yanaşı, bütün bunlar İrana hərbi zərbənin endirilməyəcəyi anlamına gəlməməlidir, deyə fikrini yekunlaşdırıb (bax: Вашингтон обхаживает Иран и успокаивает Израиль / "Независимая газета'', 17 sentyabr 2013).

Bunları nəzərə alaraq ekspertlər hesab edirlər ki, Vaşinqton Moskva ilə əldə etdiyi razılaşmanı əsas tutaraq Şimali Koreya və İran məsələsində daha sərt davrana bilər. Bununla o, həm dünya liderliyini təsdiqləmiş olur, həm də Təl-Əviv üçün bölgədə daha təhlükəsiz mühit yaradır. Türkiyədə hesab edirlər ki, ABŞ-ın Suriyanın kimyəvi silahlarını məhv etməyə çalışması, əslində, İsrailin maraqlarına xidmət edir. Çünki bununla həmin ölkədəki problem həll edilmir. İnsanları qurğuşunla öldürməklə zəhərli qazla məhv etmək arasında elə bir fərq yoxdur.

Buradan belə nəticə çıxır ki, B.Əsədin kimyəvi silahlarını məhv etmək ilk növbədə onu İsrail qarşısında müdafiəsiz qoymaq deməkdir. Üstəlik, İran da nüvə proqramını dayandırsa, Təl-Əviv regionda tam rahat hərəkət edə bilər. Şübhəsiz ki, kütləvi qırğın silahları məhv edilməlidir. Lakin bu, yalnız müsəlman ölkələrinə aid edilməməlidir. Eyni regionda yerləşən bir dövlətin nüvə silahını saxlamasına göz yumulursa, onda digərlərini nəyəsə inandırmaq çox çətindir.

Bu kimi incə geosiyasi məqamlar ABŞ-Rusiya anlaşmasını nüfuzdan sala bilər. Ancaq o da həqiqətdir ki, bundan başqa çıxış yolu görünmür. İndi çox şey Vaşinqtonla Moskvanın öz sözlərinə nə dərəcədə əməl edə biləcəyindən asılıdır. Maraqlıdır ki, Qərblə yanaşı, Rusiya da Yaxın Şərqin böyük dövlətlərini Suriya məsələsində ortaq hərəkət etməyə çağırır.

Xarici işlər naziri S.Lavrov Qahirədə keçirdiyi görüşlərdən sonra Türkiyə, Səudiyyə Ərəbistanı, İran və Misirin də həll prosesinə yardım etməsi zəruriliyini vurğulayıb (bax: Lavrov'dan Türkiye'ye Suriye krizinin çözümüne katkı daveti / "Zaman'', 16 sentyabr 2013). "Müsəlman dördlüyü'' adlandırılan bu ölkələrin Suriya probleminin aradan qaldırılmasına yaxından kömək etməsi vəziyyəti ciddi surətdə dəyişə bilər.

Görünür, rəsmi Moskva regionda geosiyasi nüfuzunu yüksəltmək üçün yaranmış situasiyadan maksimum yararlanmağa çalışır. İndi müxtəlif dairələrdə Moskvanın bölgədə böyük bir müharibənin qarşısını aldığına inanırlar. Həqiqətən də, Rusiya regionun böyük dövlətlərini də həmin prosesə real surətdə qoşmağı bacarsa, Yaxın Şərqdə əsas söz sahibi ola bilər. Buna Kremlin gücünün çatıb-çatmayacağı başqa məsələdir. Həm də Qərbin necə davranacağı məlum deyil.

Belə təəssürat yaranır ki, Suriya ilə əlaqədar dünyanın iki böyük dövlətinin müəyyən razılığa gəlməsi qlobal geosiyasi mühitdə bir fəallıq yaradıb. Bunun fonunda beynəlxalq böhranları həll etmək potensialı meydana çıxdığı kimi, mövcud ziddiyyətlər də özünü göstərir.

İndi bütün gözlər BMT TŞ-nin növbəti toplantısına dikilib. Burada hansı qərarların qəbulundan çox şey asılıdır. Hətta ortaq razılığın olmaması istisna edilmir. Ekspertlər ən çox proseslərin həmin istiqamətdə davam edə bilməsindən narahatdırlar. Bu halda Yaxın Şərqdə regional müharibənin yaranmasından ehtiyatlanırlar.

Newtimes.az

 





19.09.2013    çap et  çap et