525.Az

"Böyük Ermənistan iddiası çox böyük tərbiyəsizlikdir"


 

ARXEOLOQ, TARİXÇİ TATYANA KRUPA: "ERMƏNİSTAN HÖKUMƏTİ İRƏVAN XANLIĞI İLƏ BAĞLI BÜTÜN TARİXİ ABİDƏLƏRİ QƏSDƏN, MƏQSƏDYÖNLÜ ŞƏKİLDƏ DAĞIDIB"

"Böyük Ermənistan iddiası çox böyük tərbiyəsizlikdir"<b style="color:red"></b>

V.N.Karazin adına Xarkov Milli Universitetinin əməkdaşı, tanınmış arxeoloq, bərpaçı, tarixçi Tatyana Krupa bir müddət öncə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsiylə bağlı öz düşüncələrini bölüşmüşdü.

Bu yaxınlarda xanım Krupa ilə Xarkovda görüşüb, ondan "525-ci qəzet" üçün müsahibə aldım. 

Xanım Krupa söhbət əsnasında heç bir tərəfə kin bəsləmədiyini, əksinə, tərəflərlə qarşılıqlı hörmət əsasında işləmək, əməkdaşlıq etmək istədiyini vurğuladı. Dedi ki, gəldiyi qənaətlər Ermənistana, daha dəqiq desək, İrəvana səfərindən sonra  formalaşıb.  

- Tatyana xanım, söhbətimizə elə Ermənistana səfərinizdən başlayaq. Səfər zamanı nələrlə qarşılaşdınız, sizi nələr narahat etmişdi?

- İrəvanda bir neçə dəfə səfərdə olmuşam. Hər dəfə də məni çox yaxşı qarşılayıblar. Şəhər gəzintisində olmuşam, müxtəlif abidləri gözdən keçirmişəm. Məni narahat edən şəhərdə İrəvan xanlığına aid bir dənə də olsun tarixi abidəyə rast gəlməməyim oldu. Ola bilməzdi ki, burada tarixin o dövrünə aid nəsə qalmasın. Mən, bildiyiniz kimi, mədəni irsin müdafiəsiylə məşğulam. Bu, mənim üçün çox vacib məsələdir. Buna görə də orda gördüklərim məndə müəyyən suallar doğurdu. Axı niyə burada bir dənə olsun İrəvan xanlığının saraylarına, ya da heç olmasa, onlara aid arxeoloji qalıqlara rast gələ bilmədim? Şəhərdə erməni kilsələri var. Bəs necə olur, Erebuni qalası, Teyşebaini qalası qalıb, amma xan saraylarının qalıqları yoxdur? Onlar nə müharibə, nə də zəlzələ zamanı yox ola bilərdilər. Bu, mümkün deyil! Bura nə bomba düşüb, nə də ki Spitakdakı kimi güclü zəlzələ olub. Bəs necə olur ki, xan sarayları qalmayıb, amma həmin dövrə aid adi tikililər qalıb? İrəvanda mütləq çoxlu sayda məscidlər olmalıydı. Mütləq! Bəs, onlar necə oldu? Niyə bircə dənəsi gözə görünmür? Şəhəri gəzdikcə, ordakı abidələri gördükcə məni belə fikirlər rahat buraxmırdı.

Mən bütün bunları görəndən sonra belə bir nəticəyə gəldim: erməni hökuməti məqsədyönlü şəkildə, qəsdən onları dağıdılıb yer üzündən silib! Nəzərə alanda ki, onların Osmanlı Türkiyəsi və Səfəvi İranıyla problemləri vardı, bunu nədən ötrü etdikləri tam aydın olur. Binalar dağıdılıb,  XVII-XIX əsrə aid mədəni irs yoxa çıxarılıb! Mən təkrar edirəm, bunlar qəsdən edilib! Deməli, İrəvanın keçmişi haqqında siyasi miflərin heç birinin qətiyyən tarixə aidiyyəti yoxdur. Bunlar elə sözün əsl mənasında mifdir...

Bildiyim qədər onlar indi Qarabağ torpaqlarında da Azərbaycana aid tarixi abidələri dağıdır, bəzilərini isə özününküləşdirirlər. Beynəlxalq normalara görə isə hər bir tərəf işğal etdiyi ərazinin mədəni irsini qorumalı, onlara toxunmamalıdır. Azərbaycanın işğal olunmuş ərazilərində tarixi və mədəni irsin qorunması problemi qlobal səviyyədədir. Elə təkcə Şuşada, bildiyimizə görə, 17 tarixi məscid var. Amma indi onlardan neçəsi qalıb, məlum deyil. İkinci Dünya müharibəsindən artıq 70 il keçib. Amma hələ də işğal olunmuş ərazilərdə itmiş mədəni irsi axtarırlar. Bu baxımdan Xarkov Bədii muzeyinin işini misal çəkə bilərəm. 70 il keçməsinə baxmayaraq, hələ də nələrsə tapılır. Qarabağ torpaqları da artıq 30 ilə yaxındır, işğaldadır. Bəs ordakı mədəni irs necə olsun? Bu, məni çox narahat edir.

- Siz dəfələrlə Azərbaycan da olmusuz...

- Bəli, Azərbaycana çox gəlmişəm. Və hər dəfəsində Azərbaycan öz gözəlliyi, qədimliyi, insanları ilə məni heyrətləndirib.  Bakıda və bir çox rayonlarda olmuşam. Çox maraqlı, qədim tarixi olan bir ölkədir. Sizdə hər şey gözəldir. Xüsusən də, tarixi abidələr, qoruqlar, qalalar məndə maraq doğurub.

Azərbaycana səfər zamanı mən Tovuza da getmişdim. Ordada qəbiristanlıqda oldum. Mənə çox maraqlı idi. Qəbiristanlıqda həm müsəlman, həm də xristian qəbirləri vardı. Yəni yan-yana düzülmüşdülər. Hiss olunurdu ki, onları 200-300 il əvvəl eyni usta hazırlayıb. Zaman keçdikcə yağışlar yağıb, küləklər əsib, qəbirlərin üstünü toz, palçıq tutub. Təbii ki, həmin qəbirlər bu qədər vaxt kəsiyində mamır da bağlayıb. Mən diqqətlə onları gözdən keçirdim. Xristian qəbirlərinin bəzilərində ermənicə yazıların olduğunu gördüm. Bu, məni çox təəccübləndirdi. Axı belə ola bilməzdi. Əgər o yazı da qəbirlər kimi qədim olsaydı, yəni qəbir daşı qoyulan vaxtda yazılsaydı, mütləq həmin hissələr də qəbrin o biri tərəfləri kimi mamır bağlamış olardı. Yəni kor-kor, gör-gördür ki, bu, sonradan edilib. Mən orada çobanlarla görüşüb söhbətləşdim, maraqlandım. Onlardan biri danışdı ki, 80-ci illərdə burda bir erməni polis vardı. Həmişə bu qəbirlərin arasında gəzirdi. Həmişə nəsə axtarırdı, nəsə eliyirdi... Bilirsinizmi, bəlkə də, elə bundan başlamaq lazımdır. Bütün bunlar onların hiyləsidir. Onlar həmişə bilə-bilə tarixi dəyişdirməyə çalışıblar.

- Qarabağla bağlı bu günə kimi apardığınız araşdırmalardan hansı nəticəyə gəlmisiz?

- Qarabağ Azərbaycan torpağıdır. Buna qətiyyən şübhə ola bilməz! Faktlar var,  sübutlar, tarix var! Azərbaycan Respublikasının formalaşma dövründə Qarabağ onun ərazisinə aid olub və təbii ki, indi də ora aiddir. Qarabağ və o ətrafda olan işğal edilmiş bütün rayonlar Azərbaycana mütləq geri qaytarılmalıdır.

- Ümumiyyətlə, Qarabağ müharibəsi, ermənilərin ta qədim zamanlardan Azərbaycan torpaqlarına göz dikməsi, bu yolda hər yola əl atması barədə nə düşünürsüz?

- Gürcüstanda İrəvan xanlığının qədim xəzinəsi aşkarlanıb. Onu araşdırmaq, öyrənmək lazımdır. Buna çox böyük ehtiyac var. Ermənilər İrəvan xanlığının tarixi ilə bağlı hər şeyi məhv edən bir zamanda ordan bəzi şeylər hansısa yollarla Tbilisiyə gəlib çıxıb. Orda İrəvan xanlığına aid fotolar, İrəvan xanlarının portretləri, Xan sarayının şəkli, üzərində günəş və aslan olan İrəvan xanlığının bayrağı  və s. var. O bayrağın üzərində olan emblemlərə qədim qəbir daşlarının üzərində də rast gəlinir. Bütün bunlar Tbilisi İncəsənət muzeyində saxlanılır. Gürcüstan çox da varlı bir ölkə deyil və təbii ki, konservasiyaya imkanı çatmaz. Və bu gün Gürcüstan bir ölkə kimi kiminsə gəlib orda araşdırmalar aparmasına açıqdır. Mən böyük məmnuniyyətlə bu işə əl qoyardım, araşdırmalar edərdim. Məncə, Gürcüstan tərəfi də buna etiraz etməz. Düşünürəm ki, onları, hətta məmnuniyyətlə Azərbaycana da verərlər. Ermənilər çox nağıl danışırlar. Bu qədər də olmaz.

Ruslar ermənilərə çox kömək edirdilər. Bu, gün kimi aydındır. Çünki ermənilər onlara lazım idi. Ruslar yalnız erməniləri özlərinə müttəfiq seçə bilərdirlər, başqa variantları yox idi. Osmanlılarla artıq müharibə etmişdilər, Şahla bu mümkün deyildi. Qalırdı bircə onlar. Ruslar ermənilərə pul və hakimiyyət verdi, onlar da təbii ki, bundan lazımınca istifadə etdilər. Yoxsa təkbaşına heç nə edə bilməzdilər.

Mən siyasətə qətiyyən qarışmıram! Mən sadəcə, öz işimi görmək istəyirəm və ermənilərin ağ yalan danışmağına etiraz edirəm. Onların böyük Ermənistan iddiası əlbəttə ki, çox böyük tərbiyəsizlikdir! Mən Tbilisidən İrəvana getmişdim. Yolboyu bəzi rayonlarda, kəndlərdə də oldum. Bir neçə günümü orda keçirdim. Hiss olunur ki, orda hamı gərginlik içindədir, yaşayış da yaxşı deyil. Azərbaycanın nefti, qazı varsa, orda demək olar ki, heç nə yoxdur. Müharibə çox qorxulu bir məfhumdur. Bircə elə adı gələndə adam artıq özünü itirir, canına qorxu, vahimə düşür. İndi təsəvvür edin, müharibəni görüb gəlmiş və bu gün orada yaşayan insanlar hansı dəhşətlərdən keçiblər. Orda minlərlə oğullar şəhid olub.  Bilirəm ki, artıq nə Azərbaycan, nə də Ermənistan tərəfi itki vermək istəyir. Hər iki tərəfdən də ölənlər insandır, hərəsi bir evin oğlu, kiminin əri, kiminin qardaşıdır. Nə bu tərəfin, nə o tərəfin anası oğlunu itirmək istəyir. Hər iki tərəf yetərincə şəhid verib. Özüm də hərdən müharibə haqqında düşünürəm. Mən də yoldaşımı itirmək istəmərəm. Və mənim kimi minlərlə, milyonlarla qadınlar var... Qarabağ ətrafında insanlar 30 ilə yaxındır ki, hərbi şəraitdə yaşayırlar. Bu məsələ necəsə öz həllini tapmalıdır artıq. Və mən hesab edirəm ki, bunu diplomatik yolla həll etmək lazımdır. Müharibəsiz! Silahsız! Bütün müharibələr, o cümlədən, Qarabağ müharibəsi də sülh yolu ilə həll olunmalıdır. Mən belə düşünürəm...

Xanım AYDIN
Ukrayna, Xarkov

 





28.03.2019    çap et  çap et