525.Az

Türkiyə bələdiyyə seçkiləri astanasında...


 

Türkiyə bələdiyyə seçkiləri astanasında...<b style="color:red"></b>

Seçki araşdırma şirkətlərinin rəy sorğularının nəticələrinə görə, AKP qələbəyə daha şanslıdır

Türkiyə ictimai-siyasi həyatında ən mühüm hadisələrdən biri olan bələdiyyə seçkiləri kampaniyasının son günlərini yaşayır. Cümhuriyyət tarixinin 14-cü seçkisi olacaq bələdiyyə seçkilərinə qatılmış siyasi qüvvələr bütün potensial imkanlarını səfərbər ediblər. Türkiyə siyasi tədqiqat mərkəzlərinin bildirdiyinə görə, yerli seçkilər prezident və parlament seçkiləri qədər ciddi siyasi əhəmiyyət daşıdığından martın 31-də seçki məntəqələrində yüksək aktivlik müşahidə olunacaq. Qeyd edək ki, bu 2017-ci ildə keçirilmiş referendumda qəbul edilən prezident idarəçiliyindən sonrakı ilk bələdiyyə seçkisidir.

Türkiyə Ali Seçki Komissiyasının (YSK) qərarına görə, seçkilərdə Ədalət və İnkişaf Partiyası (AKP), Müstəqil Türkiyə Partiyası (MTP), Böyük Birlik Partiyası (BBP), Cümhuriyyət Xalq Partiyası (CHP), Demokrat Partiyası (DP), Demokratik Sol Partiyası (DSP), Xalqların Demokratik Partiyası (HDP), "İYİ" Partiyası, Milliyyətçi Hərəkat Partiyası (MHP), Səadət Partiyası (SP), Türkiyə Kommunist Partiyası (TKP) və Vətən Partiyası iştirak edir və 74 minə yaxın yer uğrunda mübarizə aparılır. Onlardan 1398-i bələdiyyə sədri, 22 mini bələdiyyə üzvü, 50 min 372-si isə muxtardan (kənd və məhəllələri idarə edən və bələdiyyə statusu olmayan orqan) ibarətdir. Seçkilərdə 30 böyük şəhər, 51 vilayət, 519 böyük şəhər rayonu, 402 rayon və 396 qəsəbə bələdiyyəsinə namizəd irəli sürülüb.

Hazırda Türkiyənin iri şəhərlərində və əyalətlərində davam edən seçki təşviqatında siyasi mübarizəyə qatılmış partiyaların və ittifaqların liderləri səviyyəsində izdihamlı mitinqlər davam edir. Təşviqat kampaniyasında bələdiyyələrə namizədlərlə yanaşı, siyasi partiyaların və ittifaqların liderləri dayanmadan fəal təbliğat aparır, seçicilərlə sıx görüşlər keçirirlər.

Sual oluna bilər, Türkiyədə bələdiyyə seçkilərinin bu qədər gərgin və qızğın mübarizə şəraitində keçməsinin əsas səbəbi nədir?

Məlum olduğu kimi, Türkiyənin ictimai-siyasi həyatında yerli özünüidarəetmə orqanlarının rolu digər seçkili qurumlardan az deyil və bələdiyyələr birbaşa ölkə vətəndaşlarının sosial həyatının və yaşayışının təmin olunmasında iştirak edirlər. Bələdiyyələr vətəndaşlarla hər gün təmasda olan, onların sosial-iqtisadi problemlərinin həllində əsas yükü üzərinə götürən və insanların ilk olaraq üz tutduqları institutdur. Türkiyədə yerli orqanlar ötən illər ərzində fəaliyyətləri ilə ümumi ictimai-siyasi proseslərin fonunda cəmiyyətdə demokratik və mədəni inkişafda güvən qazanıb, hakimiyyətin həyata keçirdiyi iri proqram və layihələrin reallaşdırılmasında ön planda olublar. Buna görə də bələdiyyələrin ümumi ictimai-siyasi proseslərə təsiretmə imkanları çox geniş və güclüdür. Bələdiyyə seçkilərində qələbə qazanan siyasi qüvvə növbəti seçkilərdə daha potensial imkanlar əldə edə bilər. Çünki bu seçkilərdə qalib gələn partiya növbəti seçkilərə daha güclü sosial bazaya malik qüvvə kimi gedəcək, sosial-siyasi dividentə malik qüvvə kimi çıxış edəcək. Türkiyənin yeni seçki sisteminə əsasən parlament və prezident seçkiləri eyni gündə keçiriləcək və bu baxımdan hazırkı seçkilər 2023-cü il seçkiləri üçün olduqca mühüm əhəmiyyət kəsb edir.

Seçkilərdə əsas siyasi mübarizə isə son 20 ildəki iki ənənəvi qütb - hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Cümhuriyyət Xalq Partiyası (CHP) arasında getməkdədir. Hər iki partiyanın yaxın müttəfiqləri ilə qurduğu siyasi blok isə seçki hərarətini daha da artırıb. Söhbət Milliyətçi Hərəkat Partiyasının (MHP) AKP ilə birgə qurduğu “Xalq” ittifaqı (“Cümhur ittifaqı”)  və CHP və “İYİ” Partiyasının təsis etdiyi “Millət ittifaqı” arasındakı mübarizədən gedir. “Xalq ittifaqı” böyük şəhərlərin hamısında bələdiyyə başçısı postuna namizəd verib. 27 böyük şəhərdə AKP, 3 böyük şəhərdə isə MHP qələbə uğrunda mübarizə aparır. CHP və “İYİ” Partiyası birlikdə 23 böyük şəhərə namizədlərini irəli çıxarıb.

Bələdiyyə seçkilərində iştirak edən bütün tərəflərin əsas iddiası böyük şəhərlərdəki bələdiyyələrə sahib olmaqdır. Çünki iri şəhərlər Türkiyənin ictimai-siyasi həyatında həlledici yer tutur və ictimai rəyin nəbz nöqtələri hesab olunur. İstanbul, Ankara, İzmir və digər iri şəhərlər ölkənin ictimai-sosial həyatı ilə yanaşı, siyasi həyata da təsir edir. Bu baxımdan, hansı seçki blokunda təmsil olunmasından asılı olmayaraq özünə güvənən tərəflər həmin şəhərlərdə qalib gəlmək üçün inadla mübarizə aparırlar.

Həmişə olduğu kimi, siyasi proseslərin mərkəzində yenə də AKP Sədri və Prezident Rəcəb Tayyib Ərdoğan dayanır. Ərdoğan hər seçkidə olduğu kimi, bu seçkilərdə də şəhərlərə və bölgələrə səfər edən, ən çox mitinq keçirən və yeni proqramlarla çıxış edən möhtəşəm Liderlik xüsusiyyətləri ilə diqqəti cəlb edir. Partiyasının qurulduğu gündən indiyədək keçirilmiş 13 seçkidən zəfərlə ayrılan siyasi lider növbəti qalibiyyət üçün inamla, inadla və yorulmadan mübarizə aparır, partiyasının seçki kampaniyasını uğurla idarə edir.

On minlərlə insanın axınının müşahidə edildiyi hər görüşdə vətəndaşların güclü dəstəyi ilə qarşılanan R.T.Ərdoğan yeni tarixi qələbəyə yaxın olduqlarını bildirib: "Martın 31-də ölkəmizin həyatında əhəmiyyətli bir hadisəni yaşayacağıq. Millətimiz Vətənimizin gələcəyi naminə çox mühüm bir qərar verəcək. Türkiyənin mənfəəti, millətimizin əmin-amanlığı, övladlarımızın gələcəyi naminə 31 Mart seçkilərində AKP və “Cümhur” İttifaqı kimi dosta etibar ediləcəyinə inamımız böyükdür. Biz bu seçkilərdən düşmənə qorxu salacaq tarixi bir qələbəylə çıxmaq istəyirik. Milli iradənin üstünlüyünə ürəkdən bağlı bir partiya olaraq 31 martda ortaya çıxacaq nəticənin, ölkəmizə və millətimizə xeyirli olmasını arzu edirəm”.

Seçkilərdə bütün imkanlardan faydalanmağa çalışan müxalifət təəssüf ki, yenə də antimilli qüvvələrin dəstəyi ilə hərəkət edən bəzi maliyyə qaynaqlarından öz məqsədləri üçün istifadə etməkdədir. Ölkədəki kürd seçiminin səsini qazanmaq üçün “Millət ittifaqı”nın FETO və HDP ilə gizli danışıqlar aparmasına dair kəşfiyyat məlumatları da buna işarədir. MHP-nin lideri Dövlət Baxçalının vurğuladığı kimi, müxalifət Türkiyənin bütövlüyünə və milli inkişafına qarşı açıq fəaliyyət göstərən HDP və onun havadarı olan PKK ilə əlaqələr qurub: "31 mart bələdiyyə seçkiləri yaxınlaşdıqca duman pərdəsi dağılır, tərəflərin kimin yanında olduğu üzə çıxır. Gizli əlaqə şəbəkələri ifşa edilir. CHP-HDP-İP-ÖDP ittifaqı şəbəkəsi qarşımızdadır. PKK-FETÖ isə bu ittifaqın tam mərkəzindədir".

Bəs, ölkənin aparıcı tədqiqat institutlarının və sorğu mərkəzlərinin proqnozları necədir?

Türkiyənin "ORC", "PİAR", "Gezici", "Aksoy" araşdırma şirkətlərinin keçirdiyi rəy sorğularının nəticələrinə görə, AKP-nin namizədləri daha şanslıdır. Rəy sorğularına əsasən "Cümhur İttifaqı" "Millət İttifaqı"nı 15 faizədək üstələyir. "Konsensus" araşdırma şirkətinin keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən bələdiyyə seçkilərinin əsas mübarizə nöqtəsi olan İstanbulda AKP-nin namizədi Binəli Yıldırım 45 faiz səslə qalib gələcək. "Aksoy" araşdırma şirkətinin keçirdiyi sorğunun nəticələrinə əsasən də İstanbulla yanaşı, digər iri şəhərlərdə də bələdiyyə sədri postunu AKP namizədi qazanacaq.

Ötən illər ərzində keçirilmiş sorğuların özünü tamamilə doğrultması bu seçkilərdə AKP-nin mütləq qələbə qazanacağından xəbər verir. Təbii ki, bu da AKP-nin cəmiyyətdəki güclü nüfuzu ilə bağlıdır. Ötən illərdə bütün siyasi sınaqlardan üzüag çıxan hakim partiyanın lideri Rəcəb Tayyib Ərdoğanın nüfuzu sayəsində bu seçkidən də zəfərlə ayrılacağı şəksizdir.

AKP-nin bu seçkilərdə qalib gələcəyini mühüm ictimai-siyasi, sosial-iqtisadi amillər də əsaslandırır. 2019-cu ildə yeni islahatlara daha güc və inadla başlayan və ötən 2 ayda müsbət iqtisadi göstəricilər əldə edən hökumətə xalqın inamı daha da artır. Türkiyənin maliyyə bazarlarında sabitliyin möhkəmlənməsi, xarici şokların minimuma endirilməsi, iqtisadi aktivliyin canlandırılması və ötən 2 ayda istehsalın və ixracın əhəmiyyətli dərəcədə artması ölkədə adi vətəndaşdan, əkinçidən tutmuş biznes icması və iri sənaye-maliyyə holdinqlərinin nümayəndələrin qədər hamının  hazırkı hökumətə inam və etimadını daha da möhkəmləndirib.

Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə hazırlanmış yeni iqtisadi və sosial paketin həyata keçirilməsi Türkiyədə hər bir vətəndaşın üzünü güldürməkdə, sosial yaşayışına yeni müsbət həyat çalarları qatmaqdadır. İş dünyası, ticarətçi, sənətkar, əkinçi, məmur, bir sözlə xalqın hər bir təbəqəsi iqtisadi uğurların davamı naminə Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında daha sıx birləşir. Onlar hökumətin həyata keçirdiyi islahatların davamı naminə qarşıdakı seçkilərdə AKP-yə səs verməkdə qərarlıdırlar.

 





28.03.2019    çap et  çap et