525.Az

Əbülfəs Qarayev Fransaya səfər edib


 

Əbülfəs Qarayev Fransaya səfər edib <b style="color:red"></b>

Dünən Parisdə YUNESKO baş qərargahında YUNESKO-nun İdarəetmə orqanlarının rəhbərlərinin iclası keçirilib.

Mədəniyyət Nazirlinin mətbuat xidmətindən "525"ə verilən xəbərə görə, təşkilatın Baş Konfransının prezidenti Zahour Alaoui çıxış edərək iclasın əsas məqsədinin YUNESKO-nun konvensiyalarının müvafiq idarəetmə orqanlarının işçi metodlarının, prosedurların və idarəetmə vəziyyətlərinə dair işçi qruplarının müvafiq tövsiyə və təkliflərinin müzakirə edilməsindən ibarət olduğunu bildirib.

Daha sonra Fiziki təhsil və idman, İdmanda antidopinq, Kommunikasiyanın inkişafı üzrə beynəlxalq proqram, İnformasiya hamı üçün beynəlxalq şurası, Hərbi münaqişə zamanı mədəni mülkiyyətin qorunması, Qeyri-maddi mədəni irsin qorunması, Mədəni özünüifadə müxtəlifliyinin qorunması, Təhsilin planlaşdırılması və digər sahələrə cavabdeh olan komitə və proqramların rəhbərləri çıxış ediblər.

Nazir Əbülfəs Qarayev isə Ümumdünya mədəni və təbii irsin Qorunması üzrə 1972-ci il konvensiyasının icrasına cavabdeh olan Dünya İrs Komitəsinin sədri kimi çıxış edərək əsas təkliflərin və tövsiyələrin 1972-ci il konvensiyasının idarə orqanlarının prosedur qaydaları, strukturu, tərkibi və mandatının səmərəliyinin artırılması ilə bağlı olduğunu qeyd edib. Sonra müzakirələr ayrı-ayrı konvensiyalar üzrə üzv ölkələrin sualları üzrə davam etdirilib.

Martıb 26-da mədəniyyət naziri Əbülfəs Qarayev Parisə səfəri çərçivəsində YUNESKO-nun Ümumdünya İrs Komitəsinin direktoru xanım Mextild Rosslerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Görüş zamanı Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının sədri qismində çıxış edən Əbülfəs Qarayev ölkəmizdə sözügedən mötəbər tədbir ilə əlaqədar aparılan hazırlıq işləri ilə bağlı qarşı tərəfə ətraflı məlumat vermiş və İrs Komitəsinin Bakıda keçiriləcək 43-cü sessiyasının yüksək səviyyədə təşkil ediləcəyi ilə bağlı əminliyini ifadə edib.

İrs Mərkəzinin direktoru M.Rossler isə bu ilin 3-6 mart tarixlərində Bakıya səfəri zamanı hazırlıq işlərinin uğurla aparıldığının şahidi olduğunu vurğulayıb. M.Rossler öz əməkdaşları ilə birgə İrs Komitəsinin sədri Əbülfəs Qarayevə 43-cü sessiya zamanı müzakirəsi nəzərdə tutulan mədəni və təbii irsin qorunması sahəsindəki məsələlər haqda ətraflı məlumat verib.

Ümumdünya İrs Mərkəzinin regional koordinatorlarının hər biri məsul olduqları regionların ölkələrinə dair məlumat veriblər. Mərkəzin direktoru M.Rosler qeyd edib ki, artıq ölkələr tərəfindən Dünya İrs Siyahısındakı abidələrə və təbii irs məkanlarına dair 166 hesabat komitədə müzakirə edilmək üçün daxil olub. Eyni zamanda, gündəlikdə 42 ölkədən Dünya İrs Siyahısına yeni namizəd fayllar durur. Görüşdə, həmçinin, Komitə çərçivəsində büro və məşvərətçi iclaslar, Gənc Peşəkarlar Forumu və Abidə Menecerlərinin Forumunun formatı barədə də fikir mübadiləsi aparılıb.

Daha sonra tərəflər arasında sözügedən məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb və Bakı sessiyasına hazırlıq çərçivəsində müzakirələrin davam etdirilməsinə dair razılıq əldə edilib.

 





28.03.2019    çap et  çap et