525.Az

"Ulduz” və “İnşaatçılar” stansiyalarının adı dəyişdirilə bilər


 

"Ulduz” və “İnşaatçılar” stansiyalarının adı dəyişdirilə bilər<b style="color:red"></b>

Azərbaycanda bir neçə metro stansiyasına vaxtı ikən qoyulan adlar dəyişdirilə bilər.

Bunu “APA-Economics”ə açıqlamasında Bakı Metropoliteninin İnşaat üzrə rəis müavini Rizvan Bayramov bildirib.
 
Onun sözlərinə görə, belə praktika əvvəllər də mövcud olub. Buna səbəb həmin metro stansiyalarının adlarının yerləşdikləri ərazilərə uyğun gəlməməsidir: “Əslində metro stansiyalarına qoyulan adlar yerləşdikləri ərazilərə uyğun olmalıdır. Məsələn, “Ulduz” və “İnşaatçılar” metro stansiyalarının adları yerləşdikləri ərazi ilə bağlı heç bir uyğunluq təşkil etmir. Amma “Sahil”, “İçərişəhər” kimi metro stansiyaları birbaşa yerləşdikləri əraziləri açıqlayır. Yəni metro ilə sahilə, Dənizkənarı Milli Parka və ya İçərişəhərə getmək istəyən şəxs çətinlik çəkmədən “Sahil” və ya “İçərişəhər”dən istifadə edə bilir”.
 
Metropoliten rəsmisi əlavə edib ki, stansiyalara adların qoyulması təkcə onun yerləşdiyi ərazi ilə məhdudlaşmır. Belə ki, həmin ərazidə olan əhəmiyyətli küçə və ya meydan adı, eyni zamanda orada baş verən hər hansı hadisə belə metro stansiyasına ad qoyulması üçün nümunə və ya səbəb ola bilər: “Məsələn, əvvəllər “20 Yanvar” metro stansiyasının adı “11-ci Qızıl Ordu Meydanı” idi. Lakin 20 Yanvar hadisələri ilə bağlı bu stansiyanın adı dəyişdirildi. Eyni zamanda “Koroğlu” stansiyası yaxınlığında Koroğlu meydanı yerləşir”.
 
R.Bayramov qeyd edib ki, Metropoliten metro stansiyalara ad verilməsi məsələsinə baxmır. Bu məsələ ilə bağlı qərarı Nazirlər Kabineti qəbul edir: “Səhv etmirəmsə, 1993-cü ildə Bakı şəhər İcra Hakimiyyətinə adların dəyişdirilməsi ilə bağlı bir qurum var idi. Məhz o qurum “11-ci Qızıl Ordu Meydanı” metro stansiyasını “20 Yanvar”, “Şaumyan”ı isə “Xətai” adı ilə əvəz etmişdi”.

 





19.09.2013    çap et  çap et