525.Az

Küçə musiqiçiləri. Onlar kimdir? - Foto


 

Küçə musiqiçiləri. Onlar kimdir? - <b style="color:red">Foto</b>

Bakı hər zaman sevimli, hər zaman doğma olub. Sözsüz! Amma son illərdə Bakı küçələri ilə gəzmək bir ayrı zövq, bir ayrı həzdir.

Qədimliklə müasirliyi özündə ehtiva edən, bəzən dünyagörmüş ahıl kimi təmkinli, bəzən gənc qız kimi şıltaq, bəzən də qucağını məskən etdiyi bütün insanların dərdini yüklənmişcəsinə fikirli şəhərimə son zamanlarda əlavə səs, əlavə hənir gəlib. Adətən, bu səs mərkəzdəki yeraltı keçidlərdən qandaldan qurtulmuş əsirlər kimi sürətlə azadlığa can atır, ətrafdakı insanları “mən də varam” deyirmiş kimi bir anlıq yolundan saxlamağa çalışır. Bacarırmı? Müşahidələrimə güvənib deyə bilərəm ki, bacarır. Yoxsa yəqin ki, nə mən bu reportaj üçün o səsin sorağıyla günlərlə sevimli Bakımın yollarını gedilməkdən yorar, nə də siz indi bu yazını oxumuş olardınız...

Söhbət axır dövrlərdə insanların diqqətini öz üzərinə çəkməyi bacaran küçə musiqiçilərindən gedir. Yadımdadır, bir neçə il öncə, hələ təkəmseyrək görünməyə başladıqları zamanlarda onlara qarşı insanların münasibəti heç də birmənalı deyildi. Kimi təəccüblə seyr edir, kimi istehzayla yanaşır, kimi də “dilənçiliyin yeni növü” kimi baxırdı. Mənə isə hər zaman maraqlı olub. Birinci ona görə ki, musiqini sevirəm. Fikirlərim özümlə, qayğılarımla məşğulkən tələsik arxada qoyduğum küçələrin birindən qəfil yüksələn musiqi səsi həm xoş, həm də əyləncəli olur. Ən azından bir anlıq da olsa, insanın diqqətini öz üzərinə çəkməyi bacarır. Hələ ayaq saxlayıb qulaq asırsansa, sonra bütün gün ərzində dilində, beyninin bir küncündə həmin musiqi, həmin səs dolaşır. Nəyi pisdir ki?

İkinci bir tərəfdən, gənclər bu yolla pul qazanırlar. Adətən, televizorda, hansısa xarici istehsal olan sənədli və ya bədii filmlərdə rastımıza çıxardı: biri küçənin ortasında oturub hansısa musiqi alətində ifa edir, qarşısında da ya papaq, ya da həmin musiqi alətinin boş çantası. Gələn-gedən də onun zəhmətinə hörmət əlaməti olaraq, həmin çantaya pul qoyur. Beləcə, bir nəfər də öz sevimli məşğuliyyətini həm də sosial yöndə onu təmin edəcək işə çevirə bilir. Əlbəttə, əgər bu, pul qazanmaq xətrinə edilmirsə, həqiqətən sevimli məşğuliyyətdirsə... 

Musiqinin küçə taleyi 

Əgər tarixi faktlara etibar etsək, onda deyə bilərik ki, küçə musiqiçilərinin ilk nümayəndələri Hindistandan dünyaya yayılan qaraçılar olublar. Bu, zaman-zaman filmlərə də mövzu olub, xüsusən, qaraçıların həyatından bəhs edən filmlərə. XIX əsrdən başlayaraq isə Amerikada küçə musiqiçiliyi bir sənət kimi formalaşmağa başlayır və dəb halını alır. Böyük əksəriyyəti orqan musiqi alətində ifa edən bu musiqiçilər məşğul olduqları sənətlə birgə həmin aləti də tanıdıb sevdirməyi bacardılar. Təsadüfi deyil ki, Amerikanın küçələrinə ayaq açan musiqi dünyaya Vudi Qatri və Joan Baezi kimi sənətkarlar da qazandırdı. Bundan sonra daha da ciddi yanaşılmağa başlayan və musiqi həvəskarlarının, ya da gənc musiqiçilərin özlərini tanıtmaq, ifalarını sevdirmək və tədricən professionallaşmaqlarında bir “tramplin” rolunu oynayan küçə musiqisi ilə sonralar bir sıra dünyaca mükafatlar qazanmış, milyonlarla fanat ordusuna sahib Edit Piaf, Bob Dlan, Carlos Santana, Joni Mitchell də məşğul olublar və zəngin dünya musiqi sənətinə, belə demək mümkünsə, küçədən gəliblər.

Bu gün dünyanın, demək olar, bütün ölkələrində küçə musiqiçiləri az və ya çox dərəcədə fəaliyyətdədirlər. Onlara hansı ölkədə necə yanaşıldığını deyə bilmərəm, amma bizim ölkəmizdəki vəziyyətlə tanış olmaq, Azərbaycan insanının, xüsusən Bakı sakininin bu istedadlara münasibətini öyrənmək maraqlı idi. Biz də bu məqsədlə öncədən qarşılaşdığımız insanları tapmaq üçün yola düzəldik. Adətən, küçə musiqiçilərinə paytaxtın Elmlər Akademiyası, Əhmədli qəsəbəsi və “Tarqovı” deyilən yerdə rast gəlirik. Hər yaş qrupundan musiqiçilərə rast gəlsəm də, gənclər çoxluq təşkil edir...  

Bizim Bakı “küçələri”... 

İlk müsahiblərim olan Tural və Elxan Nizami Kino Mərkəzinin qarşısındakı yeraltı keçiddə qarşıma çıxdılar. Onları əvvəllər də ya burda, ya da “Tarqovı” dediyimiz yerdə gördüyümdən indi də tapmaq çətin olmadı. Elə ilk üz tutduğum yerdən ucalan musiqi səsiylə üzümə təbəssüm qondurmağı bacardılar. Yeraltı keçidə düşərkən insanın bütün duyğularını hərəkətə gətirən, həm şən, həm cəsarətli, həm də özündə gizli bir kədər saxlayan musiqi yayılmışdı ətrafa. Qəhrəmanlarımdan biri tarda, digəri isə üstündə oturduğu kətildə elə şövqlə ifa edirdilər ki, insan musiqini sonlandırmağa qıymırdı belə. Sonradan öyrənəcəkdim tarda ifa edənin Tural, kətildəki papaqlı gəncin isə Elxan olduğunu. İndi isə özləri musiqini sonlandırana qədər qulaq asıram. Deyəsən, mənim bir kənarda sakitcə dayanıb dinləməyim onların da marağına səbəb olub. Daha da coşğuyla ifa edirlər. Ən maraqlısı isə ordan keçən insanların verdikləri reaksiyalar idi. Onlar həm musiqiyə, həm onu böyük enerjiylə, bir-birini həvəsləndirməklə ifa edən gənclərə, həm də onları sakitcə seyr edən qıza maraqla baxırdılar. Deyəsən, elə onların diqqətini çəkən ən böyük amillərdən biri də mən idim. Mən isə bu heyrətli baxışları üzərimdən atıb musiqinin sehrinə qapılmaq dərdindəyəm...

Bir az sonra qəhrəmanlarım musiqini dayandırırlar. Fürsətdən istifadə edib yaxınlaşıram. Küçə musiqisindən reportaj hazırlamaq, bu reportajda onların da fikirlərindən istifadə etmək istədiyimi biləndə təəccüblənmədilər və məmnuniyyətlə suallarımı cavablandırmağa razılıq verdilər. Sən demə, son zamanlarda medianın onlara yönələn diqqətinə artıq  öyrəşiblər.

Söhbətimizdən öyrənirəm ki, artıq bir ildir, bu işlə məşğuldurlar. Əvvəl Tural başlayıb, sonra isə eyni musiqi məktəbindən tanışı olan Elxan da ona qoşulub. Turalın 23, Elxanın isə 21 yaşı var. Hər ikisi Zəngilan Musiqi məktəbinin məzunlarıdırlar. Tural sonradan Şuşa Humanitar Musiqi Kollecində oxusa da, Elxanın təhsili yarımçıq qalıb. Tural ancaq bu işlə məşğul olsa da, Elxan tələbədir, komputer şəbəkələri mühəndisliyini öyrənir.  

“Həvəskar qalmaq istəmirik...” 

Cəmiyyətin küçə musiqisinə münasibəti haqda müşahidələrimdən müəyyən fikirlərim olsa da, onların özündən eşitmək mənzərəni daha dəqiq və aydın yaradardı. Onlar da bu işin birmənalı qarşılanmadığını deyirlər. Tural deyir ki, bəzən insanlar zərbin səsinə görə narazılıq edirlər. Qəribədir. Mən dinlədiyim müddətdə bu səs məni nəinki narahat etmiş, əksinə, tarla birgə yaratdığı ahəng xoşuma da gəlmişdi.

Qazanclarını soruşanda müsahiblərim konkret məbləğ demək istəmədilər. Bu yerdə məzəli də olsa, “qadından yaş, kişidən maaş soruşmazlar” məsələmizi xatırladım. Haqlıdır adamlar. Amma jurnalist marağım güc gəlir. Yenə də ümumi şəkildə onları qane etdiyini, qışda daha az olsa da, yay-yay aylarında artdığını öyrənə bilirəm. Deyirlər ki, ən çox turistlərin marağına səbəb olurlar. Çünki tar Azərbaycana xas musiqi aləti olduğundan onun görünüşü, səsi ilk dəfə görən turistləri heyrətləndirir.

Gələcəklə bağlı planları isə məni daha çox sevindirdi. Tural deyir ki, peşəkar musiqiçi olmaq arzusundadır: “Gələcəkdə Milli Konservatoriyada oxumaq fikrim var. Musiqi məktəbini və kollecini bitirsəm də, bunlar hələ mənim ibtidai təhsilimdir. Amma mən bu sənətdə daha savadlı, daha peşəkar olmaq fikrindəyəm. Həvəskar musiqi ilə savadlı musiqinin fərqini bilirəm. Mən də həvəskar kimi qalmaq istəmirəm. Savadlı ifaçının hər yerdə qiyməti var. Toylara getmək istəmirəm, ancaq restoranlara dəvət edəndə gedirik”.

Bayaqdan çox böyük ciddiyyətlə bizi dinləyən, mən sual verməsəm, söhbətimizə qarışmayan Elxan isə tamamilə başqa düşüncədədir: “Bu sənətlə sırf pul qazanmaq üçün məşğulam. Təəssüf ki, cəmiyyətimizdə sənətə diqqət, dəyər yoxdur. Ona görə də burda qalmaq fikrində deyiləm. Xaricə gedəcəm. Biz onsuz da təhsilsizik, həvəskar şəkildə məşğul oluruq. Əlbəttə, istərdim mən də bu sənəti davam etdirim, təhsil alım, peşəkar şəkildə ifa edim. Amma heyf ki, qiymət yoxdur”.

Onlarla sağollaşarkən bayaq ifa etdikləri musiqinin adını soruşdum. Çünki bu musiqini öncə heç yerdə eşitmədiyimə əmin idim. Sən demə, özlərinin bəstələdikləri, onların dilində desəm, “qurduqları” kompozisiya imiş. Özlərini həvəskar adlandıran, cəmiyyətin birmənalı yanaşmadığı küçə musiqiçilərinin belə gözəl kompozisiya qura bilməsi də istedadlarının ən gözəl nümunəsi idi.  

“Musiqini özüm öyrənmişəm...” 

Paytaxtın Səməd Vurğun küçəsiylə Nizami küçəsinin kəsişməsindəki yeraltı keçiddən hər zaman xoş musiqi səsi eşitmək mümkündür. Hətta bəzən gözəl səslə oxuyan gəncləri dinləmək fürsəti də qazanırıq. Demək olar, hər gün qarşılaşdığım bu gənclər bu gün reportajımın qəhrəmanına çevriliblər. Skripka və gitaranın sintezini yaradan kiçik qrup adətən, xalq mahnılarımızı ifa edirlər. Onlarla söhbətdən öncə də bir az dinləyirəm. Öncəki müsahiblərimdən Elxan səssiz, Tural aktiv idisə, burada məni başqa mənzərə gözləyirdi. Utancaq təbəssümü üzündən əskik olmayan skripka ifaçısı gənc dostumuz suallarımıza hazır şəkildə bizə də gülümsəyirdi. Gitara çalan gənc isə qara maskada idi, səsini çıxartmadan müsahibə vermək istəmədiyini dedi. Gənc buna xəstəliyini bəhanə etsə də, sonradan onun utandığını təəssüflə anladım.

Kənan qrupun skripka ifaçısıdır. Dörd ildir, bu işlə məşğuldur. 21 yaşlı bu gəncin heç bir musiqi təhsili yoxdur. Təhsil almadan skripka kimi çətin musiqi alətində ifa etməyi bacarması təəcübümə səbəb olur. Buna görə onu ancaq təbrik etmək lazımdır, məncə. İxtisası isə gəmiçidir.

Gitara ifaçısı dostumuzu da bizə Kənan təqdim edir. Adı Səiddir. Onun da heç bir musiqi təhsili yoxdur, öz-özünə öyrənib.

Kənan daha optimist, daha pozitivdir. Deyir ki, cəmiyyət artıq böyük əksəriyyət bu sənəti qəbul edib. Onlara kobud şəkildə desək, dilənçi kimi deyil, musiqiçi kimi yanaşırlar: “Bizi xoş qarşılayırlar. Ən çox yəqin ona görə ki, onların zövqünü oxşayacaq mahnılar ifa edirik. Ən çox xalq mahnılarımızı, şən musiqililəri ifa edirik. Turistlər olanda isə onların ölkələrinə xas mahnıları çalırıq. Qonaq olduqları ölkədə onlara aid musiqini küçədə canlı-canlı eşitmək onları sevindirir.

Onlardan ayrılıb yoluma davam edərkən istedadın evdə, küçədə, restoranda, böyük səhnədə olmağının heç br fərqi olmadığını dərk edirəm. Əgər istedad varsa, hardasa bir yerdə mütləq üzə çıxacaq.

Reportajımdan sonra artıq onları gördüyüm hər yerdə köhnə dostlarımı görmüş kimi sevinir, daha bir istedadlı, sənəti sevən və onu həyat tərzinə çevirən gəncləri tanıdığım üçün fərəhlənirəm. Siz də qarşınıza çıxan bu gənclərdən diqqətinizi əsirgəməyin. Onların başqa istəkləri yoxdur, axı...

 





30.03.2019    çap et  çap et