525.Az

Şeir qoxusu - Orxan Aras Almaniyadan yazır


 

Şeir qoxusu - <b style="color:red">Orxan Aras Almaniyadan yazır </b>

Anam oxumaq, yazmaq bilmirdi. Bir dağ kəndində anadan olmuş, nənəsinin dizinin dibində laylalar, nağıllar və mahnılarla böyümüşdü. Ona görə də yaşlananda da ağzıdualı, könlü şeirli, nəğməli bir qadın idi. Mən məktəbə gedib hərfləri öyrənməyə başlayanda, yazdığım hər hərfi Quran ayəsi kimi oxşayar, qələm tutduğum balaca barmaqlarımdan öpərdi.

Gün gəldi, artıq sellər-sular kimi yazmağa və oxumağa başladım. Mən yazdıqca o, mənim nə yazdığıma baxmadan mahnılar oxuyar, şeirlər deyərdi. Sanki mənim gələcəkdə yazacağım kitablara toxum səpərdi. Həqiqətən də ən çox oxunan  “Ayrılığın rəngi hüzün” kitabımı öz adımla yayınlasam da, anamın yazdığı kitab kimi oxuyuram. Digər kitablarımı da diqqətlə oxuyanda sətir altında anamdan izlər görürəm.

Bir gün bu şeir ruhlu qadının yanına bir dostumla gəldim. On altı yaşında idik. Orta məktəbdə oxuyurduq, utana-utana şeirlər yazırdıq. Yazdığım şeirləri həmin dostuma göstərər, fikrini öyrənərdim. Çünki dostum təkcə şeir yazmırdı, ədəbiyyatdan da anlayırdı. Məktəbimizdə ibtidai sinifdə əruz vəznini bilən yeganə şagird o idi. Anam dostumun qarşısında oturdu, uzun-uzadı saçlarına, üzünə, gözlərinə baxdı və eynən belə dedi: “Oğlum, bu dostundan şeir qoxusu gəlir”.

Anama dostumun nə şeir yazdığını, nə də ədəbi bilgisindən bəhs etmişdim. Anam uzaqlara dalan kədərli baxışlarından, daraqsız saçlarından və titrəyən dodaqlarından şairi tanımışdı. O gündən mən də insanların saçlarına, gözlərindəki ifadəyə və dodaqlarındakı titrəyişə baxar oldum. Hətta şeir yazıb çap etdirməyən şair ruhlu insanları da belə tanıya bildim.

Azərbaycanda ilk dəfə təxminən 2007-ci ildə Yazıçılar Birliyinin qurultayında dağınıq saçlı, yanaqları qəmzəli, qaşları kədərlə sağa-sola boylanan, alnı qırışlı bir adam gördüm və heç tanımasam da, içimdə “Bu adam şairdir” dedim öz-özümə. Yanımdakı mərhum Tofiq Abdindən soruşdum, gülərək “Tanımırsan?” - deyə soruşdu. “Xeyr, ilk dəfə görürəm” - dedim. “Gözəl şairdir, adı Qəşəm Nəcəfzadədir” - dedi. Yazıçılar Birliyinin qapısının önündə tanış olduq. Qəşəm Nəcəfzadənin əl sıxışı, gülüşü də isti və şairanə idi.

Məni gənc yaşlı, uzun saçlı oğlu ilə tanış etdi, onun yazdıqlarından bəhs etdi. Almaniyaya qayıtdıqdan sonra yaddaşımda o qurultaydan qalan bir neçə simadan biri də Qəşəm Nəcəfzadənin şair siması idi. Sonradan Tofiq Abdin mənə onun bir neçə şeirini göndərdi, yanılmamışdım. Şair qoxusu gələn adamın şeirləri də gözəl idi.

Aradan illər keçdi. Onunla daha heç bir yerdə qarşılaşmadıq. Bəzi insanlar əgər gözümdə və könlümdə yer ediblərsə, onları görməsəm də, axtarmasam da, hafizəmdə onlardan izlər daşıyır və arabir onların nə etdiklərini izləyirəm. Qəşəm Nəcəfzadə ilə də belə oldu. Bəzən şeirlərini oxuyur, xoşuma gələnləri Türkiyə türkcəsinə və alman dilinə çevirirdim.

Bir gün Kölndə burda doğulub böyüyən və türkcədən daha çox almanca danışan universitet tələbələrinə ana dilinin önəmi haqqında seminar keçirdim. Seminara qatılan qızlardan biri ədəbiyyatla maraqlanırmış. Mənə “Bir cümlə ilə şeir nədir desəm, tərifini necə edərsiniz?” - deyə sordu. Ani sualı qarşısında çaşdım, amma həmən özümü toparladım. Şeirlə bağlı bütün izahları kənara qoyub, anamın şeir haqqında dediyini təkrarladım: “Şeir bəzən bir gülüş, bəzən bir baxış, bəzən də ayrılıqdır”. Sözlərimin ardından o anda cibimdə olan və elə yenicə Türkiyə türkcəsinə çevirdiyim “Yadındamı?” şeirini çıxarıb oxudum:  

Hatırında mı?
Senin küçücük bir masan vardı...
Üstünde çiçek gibi
Asabi, titrek ellerin...
Ellerinin yanında
Bir bardak soğumuş çay... 

Çox diqqətlə dinlədilər və sualı verən qız gülərək mənim izahıma şeirdən ağlında qalan bir sözü də əlavə etdi: “Bəzən soyumuş bir fincan çay da şeir ola bilirmiş”.

Biz Azərbaycan türkləri başdan-başa şeirin içindəyik, xəbərimiz yox. Bu, qədimdən belə olub. İstanbula Təbrizdən, Gəncədən, Şirvandan şairlər gələndə Osmanlı şairləri onları qısqanır, hətta onların əleyhinə şeirlər yazardılar. Çünki bizim coğrafiyadan ora gedən söz ustaları sarayda baş üstündə tutulurdular. II Bəyazid dövründə (1492) yaşayan Məsihi məsləkli şair bu qısqanclığı belə dilə gətirmişdi:  

Mesihi! Gökten insen sana yer yok.
Yürü var,  gel Acem'den, ya Arap'tan. 

İndi bəzi axmaqların bizə “Azəri” dedikləri kimi, o dövrdə də bizim coğrafiyadan İstanbula gedənlərə “Acem” deyirdilər. Bu cür örnəklər çoxdur. Yəni Füzulimizin maaşını gözü doymaz rüşvətxorlar yesələr də, o maaşı kəsən Qanuni Sultan Süleyman idi.

Bu böyük şairlərin mirasçısı olan Qəşəm Nəcəfzadənin də şeirlərində özünə xas bir lirizm və incəlik var. Həyatdan qopmayan, hətta həyatın bəzən görünməyən üzünü gətirib gözlərimizin önünə sərən bir kamera var elə bil onun şeirlərində:

Əllərin bulud kimi
kölgə salır
saçlarımın işığına,
Deyəsən, yağış yağacaq
axşama,
xəbərin varmı, bilmirəm? 

Onun hər bir şeirində, sanki çiskin yağan yağışların mülayimliyinin hiss olunma səbəbi şeirlərinə mütləq eşqi qoxlatmağıdır. Sosial şeirlərində belə, eşq qoxusundan sərxoş olmuş misraların zərifliyi gözə çarpır:

Yıxılmış evlər kimi
Yarpaqları qaldırın.
Yanan şamlar kimi
Tozları söndürməyin. 

Əslində, hər şeyi söküb yıxmağı özünə borc bilən bəzi daş ürəklilərə yazılmış bu şeirdə yıxılan evlərin düşən yarpaqlara bənzədilməsi və bir yarpağı yerdən qaldırmış kimi hər şeyin qaldırılmasındakı zərafət eşq qoxusu deyilsə, nədir? -  

Ağac səslərini su kimi tökür,
Bir yarpaq səs qalıb əlimdə
Ağac ölüb-dirilir...

Doğrusu, Qəşəm Nəcəfzadənin həyatının keşməkeşlərindən xəbərim yoxdur. Yəni niyə Bakıya köçüb, nə zamandan bəri bu şəhərdə yaşayır və harda işləyir, bilmirəm. Amma onun şeirlərini oxuyanda çıxdığı şeir səyahətini addım-addım izləyə bilirəm. Bəlkə də öz kəndindən gətirdiyi ağacların, çiçəklərin, suların qoxusu, rəngi və ahəngi demək olar ki, bütün şeirlərinə yansıyıb.

Onunla keçən il, isti bir yay axşamında Bulvarda bir çayçıda görüşdük. Yanında üzü də şeir kimi duru və təmiz olan başqa bir şair də vardı: Nuranə Nur. Bir saatdan çox ədəbiyyatdan, sənətdən, şairdən, şeirdən və ürəyimi yaralayan qürbətdən söhbət elədik. Qəşəm bəyin hərdənbir şeir qoxulu barmaqları ilə çay dəmliyini tutub stəkanıma çay süzməsi hələ gözümün önündədir. Onların yanında özümü rahat və xoşbəxt hiss edirdim. Eynən kənddəki evimizdə, anamın dizləri dibindəki kimi... Və ona görə o qədər çox danışmışdım ki, sonra buna görə özümə hirslənmişdim.

Nə zaman Köln küçələrində tək gəzirəmsə, anamı, şeiri və şair qoxulu insanları düşünsəm, mütləq ağlıma Qəşəm Nəcəfzadə gəlir. Və onun ürəyimi sərinlədən misraları:

Çağır,
Qırış fikirləri
Səslə ütülə.
Saçını qarışdır,
Adını soruş...
Bağla köynəyinin
Kimsəsizlik yeganəsi,
Açıq qalan düyməsini...
Köynəyin nəmini, tərini hürküt,
Orda donub qalan soyuğu kirit.
Aç gündəliyini,
Özünə oxşayan ikisinə bax,
Atası məktəbə gələn deyil,
Keçirt o uşağı, küçədən keçirt... 

Bu gün bu saçları dağınıq, qaşları gülən, şeir qoxulu adam 60 yaşına qədəm qoyur. Onu uzaqdan olsa da bir yazı ilə salamlamaq, təbrik etmək və Əli Tüdə kimi demək gəldi içimdən:

Yetmiş də, səksən də, öndədir hələ
Ürək qocalmasın, yaşa nə var ki!..

 





01.04.2019    çap et  çap et