525.Az

Anar Məmmədxanovdan yeddi lətifə


 

Anar Məmmədxanovdan <b style="color:red">yeddi lətifə </b>

1 Aprel dünya gülüş günü münasibətilə

25 yaşında Azərbaycan Respublikası Milli  Məclisinin deputatı olmuş, 15 il bu mötəbər  kürsüdən öz sözünü demiş Anar Məmmədxanovdan qalan həm də yüzlərlə  lətifədir - səhnəciklərdir.

A.Məmmədxanov  sağlığında bu yumoristik yazıları feysbuk  səhifəsində paylaşıb, amma rus dilində. Bu lətifələrin (“bayka”ların) bir qismini ana  dilimizə çevirmək qərarına gəldim. Əlbəttə, buna görə hər şeydən öncə millət vəkili  Elmira Axundovaya minnətdar olmalıyıq. Çünki bu yazıların toplanmasında və kitab  halında (rus dilində) çap olunmasında pay  sahibidir; Elmira xanım kitabın müqəddəməsində yazır ki, qeyri-adi yumor duyğusuna malik, son dərəcə gözəl hekayəçi  Anar Məmmədxanovun bir zamanlar  internet saytlarında paylaşdığı bu məzəli  tarixi hadisələri kitab halında nəşr etməyi ona görə gərəkli hesab edib ki, bu  nümunələr A.Məmmədxanovun portretini  yeni cizgilərlə tamamlayır.

Beləliklə, Anar Məmmədxanovdan yeddi lətifə.

Məmməd ORUC

1978-ci ilin 20 sentyabrı. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin  nümayəndə heyəti Birinci katib Heydər  Əliyev yoldaşın başçılığı ilə 26 Bakı  komissarlarının güllələnməsı ilə bağlı 60  illik anım tədbirlərinə qatılmaq üçün Bakıdan Türkmənistana uçur.

Aşqabaddakı rəsmi qarşılanma səmimi  təmənnəşmələrlə tamamlanır.

Leninin abidəsinə çələng qoyurlar. Türkmənistan SSR-in Ağcaqum rayonuna  yola düşürlər. Bir xeyli yol qət edəndən  sonra çatırlar komissarların güllələndiyi  əraziyə. Sonra Ağcaqum rayon Mədəniyyət  sarayında matəm iclası keçirilir.

Əvvəlcə Türkmənistan KP MK-nın Birinci  katibi, sonra Azərbaycan KP MK-nın Birinci katibi çıxış edirlər. Sonra meydan  verilir tarixçilərə və ictimaiyyət  nümayəndələrinə - komsomolçulara, pionerlərə və s.

Daha sonra söz verilir Ağcaqum rayon   partiya komitəsinin Birinci katibinə. Kürsüyə qalxan yekəpər, tosqun türkmən öncədən hazırlanmış məruzənin mətnini  oxumağa başlayır. Bir saatın tamamında o, bir dəqiqə su içir. Bəs neyləsin? İstiyə  dözmək mümkün deyil, axı... Amma  bununla belə, iştirakçılar bilirdilər ki, bu  sonuncu çıxışdı və səbirsizliklə, məruzənin bitməsini gözləyirdilər. Nəhayət  ki, o, gözlərini qarşısındakı vərəqlərdən ayırıb, çıxışını bitirdiyini nümayiş etdirmək  istəyəndə gurultulu alqışlar qopur və sanki  bu coşqunluq onu həvəsləndirir ki, son  sözlərini bədahətən söyləsin:

- Biz xoşbəxtik ki, 26 Bakı komissarlarını  məhz bizim torpaqda güllələyiblər.

Pərdə qapanır!

***

Ukrayna prezidenti Leonid Kuçmanın Azərbaycana rəsmi səfəri. Artıq üç saatdır  ki, fəxri qarovul dəstəsi aeroportda məşq  eləyir. Fəxri qarovul dəstəsinin rəisi, hərbi  qaydada addımlayan və sonra da farağat  dayanan əsgərlərə yaxınlaşır, cibindən  kağız parçası çıxardır, kağıza gözucu nəzər  salır və gur səslə deyir: “Zdorovenki bulı!”. Əsgərlər xorla cavab verirlər: “Bulı!”

Hər beş dəqiqədən bir məşq təkrar olunur. Daha doğrusu, fəxri qarovul dəstəsinin rəisi Kuçmanın “mətnini” söyləyir. “Zdorovenki   bulı” salamlaması və “bulı” cavabı yüz dəfə  təkrar olunduğundan iki kilometr aralıda  dayananları da bezdirir. Hə, budur, aeroporta Heydər Əliyev gəlir. Demək  görüşə hamı hazırdır. Səmada Ukrayna  prezidentinin təyyarəsi görünür. Uçaq yerə  enir. Prezidentlərin görüşündən sonra fəxri  qarovul dəstəsinin rəisi (protokola uyğun  olaraq) Kuçmaya yaxınlaşıb məruzə eləyir  ki, fəxri qarovul düzlənib. Hə, indi Kuçma  sizin də güman etdiyiniz kimi söyləməlidir: “Zdorovenko bulı!” Amma Kuçma qarovul  dəstəsinə yaxınlaşıb başqa söz deyir: “Salam, əsgər!”

Belə görünür ki, sürpriz etmək qərarına  gəlibmiş. Qarovul dəstəsi isə Kuçmanın  sürprizinə cavab olaraq, sinə dolusu nəfəs alır, vəssalam. Kuçma Əliyevə nəzər salır, Əliyev Kuçmaya. Kuçma güman eləyir ki, sözünü ucadan söyləməyib, ona görə də   dərindən nəfəs alıb var səsilə dillənir: “Salam, əsgər!” Amma qarovul dəstəsi bu  salamın da cavabını qaytarmır və ətrafa  iniltiyə bənzər bir səs yayılır. Kuçma və  Əliyev bir-birinə baxırlar. Əliyev  situasiyanı öz əlinə almaq istəyir və sərt  tərzdə deyir: “Salam, əsgər!” Qarovul  dəstəsi bir nəfər kimi hay verir: “Salam!” Rəhbərlər xalçanın üstü ilə addımlayarkən Kuçma astadan soruşur:

- Heydər Əliyeviç, bəyəm mən düzgün  tələffüz etmirdim?

Əliyev cavab verir:

- Yox, düzgün tələffüz edirdiniz,  indi hər  şeyi aydınlaşdırarıq. - Və Heydər Əliyev protokol xidməti rəisini yanına çağırıb  soruşur ki, bu nə məsələdir? O, dərhal  cavab verir: “Qarovul “Zdorovenko bulı”nı  məşq eləyib.

Pərdə qapanır.

***

Avstraliyada olimpiya oyunlarını  izləyirdim. Yəqin ki, xatirizdədir, bizim ilk  qızıl medalımızı stend atıcılığı üzrə yarışda Zemfira Meftahəddinova qazandı. Sözün  düzü, bu, çoxdan gözlənilən qələbə idi və bizə hava, su kimi gərəkdi. Zemfiraya qızıl  medal təqdim olunanda mən həyatımda ilk  dəfə sevincdən ağladım və elə qışqırdım ki, yəqin bu qitənin aborigenləri də bu səsdən  vahiməyə düşdülər və bəlkə də hesab etdilər  ki, ağlar yenə də onları qırmağa gəliblər və  bu səs də bir işarədir.

Mən, əlbəttə, dostlarıma növbə ilə telefon  açmağa və sevincimi paylaşmağa başladım.

Yaxın dostlarımın sırasında növbə  Aleksandr Abdulova çatdı. Məlum oldu ki, Saşa bir erməni dostunun ad günündədir və  masa arxasında oturanların demək olar ki, hamısı ermənilərdir. Amma mən bunun  fərqinə varmadan sevincdən bağıra-bağıra  dedim:

- Saşa, bizim qızımız stend atıcılığında qızıl  medal qazandı!

Məclisdəki ermənilərin kədərlənməsinin  səbəbini kəsdirən Abdulov başa düşür ki, bu  uğura burda sevinən olmayacaq. Bir qədər  fikrə gedəndən sonra sözünü belə  tamamlayır:

- Yəqin ki, Qarabağda məşq eləyib.

Pərdə qapanır.

***

1992-ci il. Nyu-York. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi  ilə  bağlı BMT Təhlükəsizlik Şurasının növbəti  yığıncağı. İclas zalının giriş qapısında erməni tərəfinin nümayəndələri ilə Həsən  Həsənovun rəhbərlik etdiyi Azərbaycan  nümayəndə heyətləri üz-üzə dayanıblar. Hiss olunur ki, gözləmə zalı bir qədər iri  olsa, heç münaqişə tərəfləri bir-birinə, ümumiyyətlə nəzər salmazlar. Amma indi  bir-birinə qarşı düşməncəsinə baxmaq və  baxışları ilə daha çox kin-küdurət nümayiş  etdirmək məcburiyyətindədirlər.

Yaranmış gərginliyi və həm də sükutu erməni nümayəndəliyinin başçısı üzünü  Həsən Həsənova tutaraq pozur:

- Həsən Əzizoviç, bax, indi biz belə bir anturajda dayanmışıq (ermənilər “trivialno”, “tolerantno”, “anturaj” kimi mənalı ifadələr  işlətməyi xoşlayırlar), amma siz əvvəlcədən  bildirsəydiniz ki, Qarabağ Ermənistan  ərazisidir, heç bir problem meydana  gəlməzdi.

Erməni susur və təbii, gözləyir ki, qarşı  tərəf cavab versin və bu minvalla da münaqişə başlasın. Gözlərini erməni  nümayəndə heyətinin başçısından  çəkməyən Həsən Həsənov əsla dillənmir.  Erməni nümayəndə heyətinin başçısı dözmür və sırtıqcasına sözünün ardını  gətirir.

- Özünüz düşünün, Həsən Əzizoviç, Qarabağın tarixi Ermənistanın yarasıdır, bütün bu tarix bizim folklorumuzda, nağıllarımızda, mifologiyamızda, əfsanələrimizdə əks olunub.

Həsən Həsənov xəfifcə gülümsəyib deyir:

- Tamamilə düzdür, siz bir daha təsdiq  etdiniz ki, Ermənistanın bütün tarixi - nağıl, mifologiya və əfsanədir.

Pərdə qapanır.

***

Polad Bülbüloğlunun yubileyi ilə əlaqədar  banketdə məşhur rəqqas Mahmud Esambayev təntənəli tost deyəndən sonra, qəfildən papağını çıxardıb qoyur Poladın  başına. Mahmud Esambayevin daz başı  hamını heyrətləndirir, həmçinin, onun daz  olduğunu birinci dəfə görən İosif Kobzonu  da. İ.Kobzon onun daz başından gözünü  çəkmədən deyir:

- Polad, növbəti tostu mən söyləyəcəm, amma mən parikimi sənə verə bilmərəm.

Pərdə qapanır.

***

Dostlarım Şəkiyə, Marxal gölünə dincəlməyə gedirlər. Məlumdur ki, bizdə bir  çoxları üçün yaxşı dincəlmək anlayışı yaxşı  yeməkdən, o ki var içməkdən və doyunca  yatmaqdan ibarətdir. Gölün sahilindəki  yeməkxanada onların daha çox xoşuna  gələn çay balığı olur. Onlar dördüncü dəfə də çay balığı sifariş verəndə xörəkpaylayan  ciddi tərzdə deyir:

- Balıq məsləhət deyil...

Dostlarım çaşıb qalırlar. İkisini elə o andaca qarın ağrısı tutur. Nisbətən diribaşı isə  qorxa-qorxa soruşur:

- Niyə məsləhət deyil?

Xörəkpaylayan tükü də tərpənmədən cavab  verir:

- Çünki yoxdur!

Pərdə qapanır.

***

Bir jurnalistlə parlamentin binasından təzəcə  çıxmışdım ki, seçicilərimdən biri qarşıma  keçib qolumdan yapışdı və yalvarmağa başladı:

- Ay qurban olum, mənim oğlumu tutublar, 15 il veriblər. Kömək elə.

Soruşdum:

- Məhkəmə qərar çıxardıb?

O, cavab verdi:

- Qərar çıxarılıb, amma məhkəmə yox, Ali Məhkəmə tərəfindən. Dedim ki, belə olan  təqdirdə kömək etmək mümkünsüzdür. Amma o, yenə qolumu buraxmadı və  oğlunun günahsız olması haqqında mühakimələrinə davam elədi. Hətta söylədi ki, oğlunu heç nədən ilişdiriblər. Mən  soruşdum ki, axı oğlu neynəyib? O, sakit  tərzdə, hətta deyərdim ki, saymazyana  cavab verdi:

- Heç nə eləməyib, polisi öldürüb!

Pərdə qapanır.

 





01.04.2019    çap et  çap et