525.Az

Rəna Mirzəzadə: “Cəmiyyətimizdə gözlə görünən və görünməyən o qədər çatışmazlıqlar var ki...”


 

“MƏNƏVİYYATDA, ƏDƏB-ƏRKANDA, ƏXLAQDA, MƏDƏNİYYƏTDƏ DÜZƏN YARATMAQ, ONU FORMALAŞDIRMAQ ÜÇÜN BƏZƏN ƏSRLƏRLƏ ZAMANA EHTİYAC OLUR”

Rəna Mirzəzadə: “Cəmiyyətimizdə gözlə görünən və görünməyən o qədər çatışmazlıqlar var ki...”<b style="color:red"></b>

Həmsöhmətimiz - AMEA Fəlsəfə İnstitutunda şöbə müdiri, AMEA Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, “Tərəqqi” medallı Rəna Mirzəzadə ilə cəmiyyətimizin çatışan və çatışmayan yönlərindən, davranış mədəniyyətindən və televiziyanın, mətbuatın bu sahədəki rolundan danışdıq.

- Rəna xanım, bir ziyalı kimi cəmiyyətimizdəki davranış mədəniyyətini necə dəyərləndirirsiniz?

- Bu gün Azərbaycan gözlə görüləcək qədər dəyişir, inkişaf edir. Bu, nə Sovet Azərbaycanı, nə də 15-20 il öncəki Azərbaycandır. Demək olar ki, kəndlər şəhərləşib, hər tərəfdə yeni mədəniyyət görünür. Bu inkişafı yaradan dövlət, dövlət başçısı və dövlət rəhbərinin siyasətini dəstəkləyən Azərbaycan xalqıdır. Azərbaycan xalqı əsrlərdən gələn özünəxas adət-ənənələrə malikdir. Elə adətlər var ki, onlar daşlaşıb, cəmiyyətin qanına hopub, onları dəyişmək qeyri-mümkündür. Heç mən də hesab etmirəm ki, hansısa adət-ənənəni dəyişmək lazımdır. Ancaq dövr dəyişir. XXI əsr texnologiya, innovasiya əsridir. Bu gün hər kəs dünyanın istənilən yerində baş verən hadisələrdən xəbərdar ola bilir. Bütün bunlar balaca bir telefona, planşetə, komputerə yerləşirsə, hesab edirəm ki, dünya elə həmin o cihazlar boydadır. Bəs belə sürətli informasiya axınında Azərbaycan insanı necə görünür, davranış qaydaları hansı tərzdədir?

Davranış qaydaları deyəndə, öncə mən insanların bir-birinə qarşı mədəni davranışlarını nəzərdə tuturam. Çünki siyasətdə siyasi mədəniyyət var. Siyasi fəallar bir-birinə həmin qaydalar çərçivəsində hörmətlə yanaşırlar. Bəs adi insanlarda bu necədir? Lap elə ali statuslarda da oxşar mənzərəylə qarşılaşa bilirik. Məsələn, açıq şəkildə deyirəm, bəzən elə bir tədbir olur, orada kiminsə dilindən eşidirsən ki, belə deyir: “Hörmətli prezident İlham müəllim”. Dövlət başçısının statusu var: Prezident və Ali Baş Komandan. Müraciət forması da birmənalı şəkildə belə olmalıdır: “Cənab (hörmətli, möhtərəm və s.) prezident (və ya Ali Baş Komandan)”. Bu, konstitusiyamızda da belədir, biz də cəmiyyətə belə təlqin etməliyik. Bəli, vaxtilə oxuyub, müdafiə edib, dərs deyib və dərs dediyi zamanda müəllim olub. İndi isə ölkənin birinci şəxsi olaraq xüsusi statusları var və ona bu statuslarla da müraciət olunmalıdır.

O ki qaldı “müəllim” müraciətinə, o, “öyrədən”, “uzman” deməkdir. Biz isə hər kəsə müəllim deyirik. Kateqoriyalarından asılı olmayaraq, hər kəsin öz statusu var. Müəllim də bir statusdur və toxunulmazdır. “Müəllim” sözünü yalnız müəllimlərə xitabən işlətmək lazımdır, digərlərinə də öz statusları ilə müraciət edilməlidir: hörmətli direktor, cənab nazir və sair. Və yaxud televiziyada hər kəsə “politoloq”, “sosioloq” deyirlər. Bu, bir ixtisasdır. Müraciət olaraq isə əgər siyasətdədirsə, “siyasi fəal”, ictimaiyyətdədirsə, “ictimai fəal” deyilə bilər.

Bizim bu müraciət formalarımızda, davranış qaydalarımızda bir çaşqınlıq yaranıb. Ulu öndər öncə ölkədə iqtisadi sabitliyi tənzimlədi, sonra siyasətə diqqət yönəltdi. Sonralar bu siyasətin layiqli davamçısı İlham Əliyev onun yaratdığı xətti rəhbər tutaraq, bu kursu davam etdirdi. Bu kursda. bu yeniləşmə və modelləşmə prosesində biz ziyalıların işi cəmiyyətdə görünən və görünməyən nüanslara diqqət yönəltmək, ölkə siyasətinə uyğun şəkildə tənzimləmək olmalıdır. Bəzən elə hallar olur ki, onu qanunla tənzimləmək olmur. Davranış qaydalarıyla bağlı konstitusiyada konkret qaydalar yoxdur.

Televiziyalarda görürük, qadındırsa, işimiz asanlaşır, hamıya “xanım” deyib müraciət edirlər. Qalanlara isə “müəllim”. Müğənni nə vaxtdan müəllim olub? Ola bilər, məsələn, Arif Babayev preofessordur, müəllimdir. Amma olmayanlara da müəllim deyirlər axı. Ondansa, “müğənni”, “xanəndə” filankəs deyib müraciət edin də. Küçədə, çöldə-bayırda “ay qız”, “ay arvad”, “ay kişi”, “ay sarıbaş arvad”, “ay oğlan” və sair kimi jarqon ifadələrə tez-tez rast gəlirik. Olmazmı ki, yaşlı qadına “ay ana”, “ay xala” və sair deyək? Kişilərə də öz peşələrilə. Ya da “qardaş”, “bacı” deyərək. Burda ayıb heç nə yoxdur, yavaş-yavaş dilimiz öyrəşəcək.

Hər kəs öz statusuyla adlandırılmalıdır. Bunlar, cəmiyyətimizin düzələn, ancaq ağrılı məqamlarıdır. Düzəlməsi üçün də düşünürəm ki, Azərbaycanın ziyalı kontingenti bu məsələyə münasibət bildirməli, dəyirmi masalarda müzakirə etməlidir. Azərbaycan dili çox zəngin dildir, ancaq müraciət formaları sarıdan kasıbdır.

Qardaş ölkədə müəllimə “hocam”, “uzman” deyib çox yüksək tuturlar. Bizdə isə “müəllim” sözü ucuzlaşıb. Ölkəmizdə gedən inkişafın dilimizə, xüsusən müraciətlərə də sirayət etməsinə ciddi ehtiyac var.

- Bütün bunlarda televiziyanın rolu nə qədərdir?

- Televiziya hər bir evə icazəsiz daxil olan bir fenomendir. Ona görə də televiziyanın insanların həyatındakı rolu hədsiz dərəcədə yüksəkdir. Televiziyaya çıxan insanların, aparıcıların, görünən-görünməyən insanların hamısı bu məsuliyyəti hiss etməlidir. Çünki xüsusən gələcək nəsil dediyimiz uşaqlarımız televiziyaya baxaraq böyüyür, yaxşını da, pisi də oradan öyrənirlər. Orada göstərilən hər şey uşaqların beyninə həkk olunur. Məsələn, o gün görürəm ki, televizorda bir balaca qız uşağı sevgidən mahnı oxuyur. Şux, ritmik mahnıdır. Ancaq uşağın yaşına uyğun deyil axı. Televiziya bunu efirə niyə buraxır? Hanı bizim uşaq mahnılarımız? Onları kim oxusun? Televiziya uşağı efirə çıxarırsa, tələbini də özü qoymalıdır ki, yaşına uyğun mahnı oxusun. Bəli, gözəl səsi var, gözəl uşaqdır, mahnı da yaxşıdır, amma səsinə və yaşına uyğun deyil axı. Uşaq efirə uşaq geyimində çıxmalıdır. Niyə böyük qadın kimi geyinsin, bəzənsin ki? Bunlar da vacib məsələlərdir. Onda uşaq da uşaqlığını yaşayar. Uşaqları vaxtından tez böyütməyə nə gərək var ki? Bu, onun uşaqlığını əlindən almaqdır və bunda uşağın heç bir günahı yoxdur. Bunda müəllimlər, valideynlər, biz böyüklər günahkarıq.

Televiziya böyük qüvvədir və mən düşünürəm ki, bu cür məsələlər televiziyalarda, özü də bütün kanallarda canlı diskussiyaların mövzusu olmalıdır. Bir kanal və ya bir qəzet bunu götürüb özünün brendinə çevirməli deyil. Kanallar, qəzetlər, saytlar bu məsələ ətrafında birləşib cəmiyyətin diqqətini bu məsələyə çəkməlidir.

- Özəl günlərə, bayramlara münasibətləriniz necədir? Hamısı lazımlıdırmı?

- Bayaq da dediyim kimi, elə məsələlər var ki, onlar adət-ənənəyə çevrilib və onu heç nə ilə tənzimləmək olmur. Tutaq ki, 8 mart bayramı. 8 martın tarixinə varanda mən onu bayram kimi qəbul etməzdim. Sovet dövrü insanların düşüncələrini bu cür yönəltdi və bu, sonralar da belə qaldı. Həmin günü insanlar Qadınlar günü kimi qeyd edir. Bu, qadınlar günüdür, bayramı yox. Çünki o günə gələnə qədər yüzlərlə qadın canından keçib. Sonralar inqilabçıların təklifi ilə həmin gün tarixə yazılıb. Olsun! Əgər həmin gündə qadınlar sevinirsə, kişilər də bir gün əlavə istirahət edib sevinirlərsə, heç də pis deyil. Əgər biz indi durub desək ki, eləməyin, onsuz da bir xeyri olmayacaq. Keçirmək istəyən onsuz da keçirəcək. Bu, bir əsrdən çoxdur ki, belə formalaşıb və artıq oturuşub.

Müstəqillik illərində gənclər “Valentin günü”nü tapdılar. Artıq illərdir ki, bu da gənclər arasında formalaşıb. Nə etmək olar? Deyə bilmərik ki, etmə. Ona görə də bu cür məsələlərə loyal yanaşıb, ancaq öncədən tarixi mənbəyini açıb göstərərək, cəmiyyəti maarifləndirmək olar ki, insanların gözü açılsın, bilsinlər bu günlərin kökü hardan gəlir. Bəlkə, onda tədricən bunlar sıradan çıxar. Müraciət qaydaları tamamilə dəyişməlidir, onda konkretlik lazımdır. Ancaq bu bayramları edən etsin, etməyən etməsin, hər kəs özü bilər.

- Gül bazarına, hədiyyə sektoruna xidmət edən bayramlar...

- Yaxşı yadıma saldınız. Bizdə gül mədəniyyəti də ifrat dərəcədədir. Nəyə lazımdır qucaq-qucaq güllər, böyük dəstələr? Olmazmı ki, elə bircə güllə bir-birimizi təbrik edək? Qalan güllər də bağlarda, bağçalarda yaşasın? Matəm günlərində iki gül olan kimi, bayramlarda da güllərin sayı birə endirilsin. Bir nəfərə saysız-hesabsız güllər almaqdansa, məsələn, Qadınlar günündə, tanıdın-tanımadın, onlarla qadının hərəsinə bir gül bağışlayıb sevindirmək, məncə, daha gözəl olar.

- Qardaş Türkiyədə və digər xarici ölkələrdə “Analar günü” və “Atalar günü” qeyd olunur. Bizdə isə belə bir xüsusi günlər yoxdur. Sizcə, buna gərək varmı?

- Belə günlər qeyd olunsa, çox yaxşı olar. Çünki 8 mart sırf cinslə bağlı yaşından, statusundan asılı olmayaraq bütün qadınların günüdür. Bir də olsun “Analar günü”. Müxtəlif peşələrin özlərinə məxsus günləri var. Niyə anaların, ataların günü olmasın ki? Özü də bunu iş gününə deyil, bazar gününə salmaq daha münasib olardı. Gərək deyil, tarixdən, ədəbiyyatdan nəyləsə uyğunlaşdıraq, əsaslandıraq. Elə-belə, hansısa ayın, məsələn, 3-cü bazar gününü Analar Günü, ya da Atalar Günü kimi qeyd edək. Nəyi pisdir ki? Həmin gün ata (ana) yad ediləcək, adına evdə süfrə açılacaq, övladları, nəvələri, onu sevənlər yığılacaq başına və bayramını qeyd edəcəklər. Bu, gənclik üçün də bir örnək olar. Televiziyada, qəzetlərdə də həmin gün ata (ana) haqqında yazılar gedəcək, cəmiyyətdə xoş duyğular yaranacaq. Qoy, həmin gün ata (ana) haqqında mahnılar oxunsun, verilişlər təqdim olunsun. Bu, həm də bayramdan çıxıb, bir yaddaş, xatırlama günü kimi də dəyərli olar. Bəlkə il ərzində valideynlərini yada salmayan, küçədə görsə, salam verməyən naxələf övlad həmin gün bütün ölkənin bu cür ana, ata haqqında xoş sözlərini eşidib utanar, o da öz valideynlərini axtarar, heç olmasa, bircə gün onları yada salar, rəhmətə gediblərsə, məzarlarını ziyarət edər.

- Bəzən 20 faiz torpaqlarımızın işğal gününün hər il xatırlanmasını istəməyənlər, bunu düzgün saymayanlar olur.

- Bəli, mən də qarşılaşmışam elə insanlarla. Hətta mənə sual veriblər ki, onları hər il yada salmaq şərtdirmi? Əlbəttə, şərtdir. Biz hər il bunları deməklə insanlara yenidən xatırladırıq. İnsan elə varlıqdır ki, unutmağa meyllidir. Əgər bunlar deyilməsə, tədricən unudulacaq. O gün olsun, Qarabağ torpaqları geri alınsın. Biz həm o qələbə günümüzü qeyd edək, həm də işğal günlərimizi xatırlayaq. Böyük Vətən müharibəsində Leninqradın mühasirəsi, mühasirədən azad olunması günləri bu gün də yad edilir. Bu, tarixdir, unudulmamalıdır.

- Sizcə, cəmiyyətimizdə daha nələr çatışmır?

- Təşəkkür və şükür mədəniyyəti. Sanki bir-birimizə təşəkkür etməyə xəsislik edirik. Ailədaxili mədəniyyətdə narahatlıq yaradan məsələlərdən biri də budur. Sonra bu, cəmiyyətə də sıçrayır. Bundan başqa, dilimizə yad olan bir söz də var: “Bağışla”. Üzr istəməyi bacarmırıq. Özümüzdən kiçik də olsa, böyük də olsa, “bağışla məni” deməyi bacarmalıyıq. Sanki bunu özümüzə sığışdırmırıq. Amma düşünmürük ki, bununla ancaq özümüzə pislik edirik. Cəmiyyətimizdə bu və bu kimi gözlə görünən və görünməyən o qədər çatışmazlıqlar var ki. İqtisadiyyatı, siyasəti düzəltməyə bir neçə il bəs edir. Mənəviyyatda, ədəb-ərkanda, əxlaqda, mədəniyyətdə düzən yaratmaq, onu formalaşdırmaq üçün isə bəzən əsrlərlə zamana ehtiyac olur.

- Bütün bu problemlərin həlli yolunda cəmiyyətə örnək olacaq şəxslər kimlərdir, sizcə?

- Əgər fikir verdinizsə, mənim iş otağımda Mehriban xanım Əliyevanın şəkilləri, haqqındakı kitablar yer alıb. Bu, onun Birinci vitse-prezident, ölkənin birinci xanımı olmasından yox, Mehriban xanımın insanlara münasibətinə olan hörmətimdən, sevgimdən irəli gəlir. Mehriban xanım bir qadın kimi çox uğurlu qadındır. O, ana, bacı, övlad, həyat yoldaşı kimi ən yüksək keyfiyyətlərə malikdir. O, öz yaxşılığından, xeyirxahlığından, özü böyük ola-ola sadə, səmimi münasibətindən qalmır. Onun üçün görüşə getdiyi yerdə insanların kimliyi, statusu heç də önəmli olmur. O, hər kəsə qucaq aça bilir. Onun timsalında mən müqəddəs ananı, qadını görürəm. Bəlkə, onun kimi olaq, onu örnək alaq? Deyirlər, ad insanın həyatının göstəricisidir. Adı da onun xarakterini əks etdirir. Mənim üçün o, öyrənməli, örnək göstərilməli insandır. Bu xüsusiyyətinə görə ona “müəllim” də demək olar.

Şahanə MÜŞFİQ

 





01.04.2019    çap et  çap et