525.Az

Tanınmış rejissor Rövşən Almuradlı vəfat etdi


 

Tanınmış rejissor Rövşən Almuradlı vəfat etdi<b style="color:red"></b>

Tanınmış rejissor Rövşən Almuradlı vəfat edib.

ONA-nın yerli bürosunun məlumatına görə, bu gün səhər saatlarında Sumqayıt şəhərinin Sahil küçəsində dayanacaqda avtobus gözləyən Rövşən Almuradlının vəziyyəti qəflətən pisləşib.

Əraziyə dərhal təcili tibbi yardım çağırılıb. Rejissor xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Meyit müayinə üçün aidiyyatı üzrə təhvil verilib.

İlkin məlumata görə, 1954-cü il təvəllüdlü Rövşən Almuradlı ürək tutmasından dünyasını dəyişib.

1976-1980-cı ilə qədər Şəki Dövlət Dram Teatrında çalışan aktyor, həmin illərdə Şekspirin "Kral Lir"ində Kral Lir, Cəfər Cabbarlının "Aydın"ında Dövlət bəy, Anarın "Adamın adamı"nda İbiş İbşli və Xoca Zıq-zıq, Əkrəm Əylislinin "Kür qırağının meşələri"ndə Qasım obrazlarını yaradıb.

O, 1980-1985-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında Əkrəm Əylislinin "Vəzifə" tamaşasının, 1987-ci ildə Şəki Dövlət Dram teatrında M.Salimoviçin "Dərviş və ölüm", 1987-ci ildə Sumqayıt Dövlət Teatrında N.Hikmətin "Bayramın birinci günü", 1988-ci ildə Sumqayıt Dövlət Teatrında M.Süleymanlının "Dəyirman" əsərlərinin quruluşçu rejissoru olub.

1989-cu ildə "Azərbaycanfilm" kinostudiyasının "Debüt" studiyasında "Hücum" adlı qısametrajlı bədii filmin quruluşçu rejissoru, 1990-cı ildə çəkilən "Azadlığa gedən yollar" filminin rejissorlarından biri olub.

1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində açılan, müstəqil "İstiqlal" teatrının bədii rəhbəri olub.

1991-ci ildə M.Suleymanlının "Zirzəmi", 1992-ci ildə M.Dostoyevskinin "Şıltaq qız", 1992-ci ildə M.Qoqolun "Dəlinin qeydləri", 1992-ci ildə Gəncə Dövlət Dram teatrında Anarın "Beş mərtəbəli evin altıncı mərtəbəsi" kimi əsərlərin quruluşçu rejissoru olub.

1993-1995-illərdə "Bəri bax" müstəqil kinostudiyasında tammetrajlı "Yük" bədii filminin quruluşçu rejissoru olub.

1994-cü ildə "Doğma" kino-povesti əsasında çəkilmiş "Ümud" bədii filminin müəllifidir.

2006-2008-ci illərdə Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmiş “Cavad xan” bədiii filminin quruluşçu rejissoru olub.

2005-ci ildə Akademik Milli Dram Teatrında İ.Şıxlının "Ölüləri qəbiristanlıqda basdırın" əsərinin rejissoru olub. 

Bakı Bələdiyyə Teatrında 2010-cu ildə M. Süleymanlının “Bəylik dərsi” əsərinə, 2011-ci ildə Anarın “Qaravəlli” əsərinə, 2012-ci ildə M.F. Axundzadənin “Müraviyyə vəkilləri əhvalatı” əsərinə, 2012-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında F. Dürrenmattın “Yaşlı xanımın gəlişi” əsərinə quruluş verib.

 





02.04.2019    çap et  çap et