525.Az

AKP seçkiləri uğurla başa vurdu


 

BƏLƏDİYYƏ SEÇKİLƏRİNDƏN ZƏFƏRLƏ AYRILAN PARTİYA GÜCÜNÜ 2023-CÜ İL HƏDƏFLƏRİNƏ YÖNƏLTDİ

AKP seçkiləri uğurla başa vurdu <b style="color:red"></b>

Bizimki bir eşq hekayəsi...

Türk xalqının 7-dən 70-ə hər kəsin dilində əzbərə çevrilən, hamının qəlbində bir coşqu və sevgi oyadan bu məşhur mahnının misralarının özünün seçki manifestinə çevirən Ədalət və İnkişaf Partiyası (AKP) 3 aydan artıqdır ki, davam edən gərgin siyasi mübarizəyə öz qələbəsi ilə martın 31-də nöqtə qoydu. Cümhuriyyət tarixinin 14-cü seçkisi olan yerli seçkilərin (bələdiyyə seçkiləri) keçirilməsi ilə bütün siyasi qüvvələr də rahat nəfəs almış oldu.

Seçkilərdə Ədalət və İnkişaf Partiyası, Müstəqil Türkiyə Partiyası (MTP), Böyük Birlik Partiyası (BBP), Cümhuriyyət Xalq Partiyası (CHP), Demokrat Partiyası (DP), Demokratik Sol Partiyası (DSP), Xalqların Demokratik Partiyası (HDP), "İYİ" Partiyası, Milliyyətçi Hərəkat Partiyası (MHP), Səadət Partiyası (SP), Türkiyə Kommunist Partiyası (TKP) və Vətən Partiyası qüvvəsini sınadılar. Türkiyə xalqı 74 minə yaxın yer uğrunda mübarizə aparıldığı seçkilərdə 1398-i bələdiyyə sədri, 22 mini bələdiyyə üzvü, 50 min 372-si muxtarı seçdi.

Kifayət qədər böyük seçki fəallığı şəraitində baş tutan seçkilər növbəti dəfə Türkiyə demokratiyasını, insanların azad seçim iradəsini, şəffaf və ədalətli seçki institutunun təntənəsini nümayiş etdirdi.

Türkiyə Ali Seçki Komissiyasının (YSK) elan etdiyi nəticələrə əsasən, rəqabət Ədalət və İnkişaf Partiyasının və Milliyətçi Hərəkat Partiyasının birgə İttifaqı olan "Xalq ittifaqı" (“Cümhur ittifaqı”) və CHP və “İYİ” Partiyasının təsis etdiyi “Millət ittifaqı” arasında gedib. Seçkilərin qalibi “Xalq ittifaqı”, bu ittifaqın əsas siyasi dayağı olan Ədalət və İnkişaf Partiyası olub. “Xalq ittifaqı” 51,7 faiz, 37,53 faiz səs toplayıb. AKP-nin təkcə qazandığı səslər isə 44,42 faizə bərabər olmaqla, yenə də liderliyini davam etdirməsinə imkan verib. CHP-nin isə partiya olaraq əldə etdiyi səslər 30,7 faizə çatıb. "İYİ" Partiyası isə 7,46 faiz səs toplayıb. Digər partiyaların bu dəfə də seçkilərdə səs faizləri aşağı olub.

AKP Sədri, Prezident Rəcəb Tayyib Ərdoğan partiyasının böyük fərqlə qalib gəldiyini söyləyərək vurğulayıb ki, millətimiz növbəti dəfə iradəsini ortaya qoydu. Ankarada ənənəvi balkon çıxışında Ərdoğan bildirib ki, Türkiyə xalqı onları 15-ci dəfə seçkilərdə birinci etdi. 2002-ci il noyabrın 3-dən indiyə qədər keçirilmiş bütün seçkilərdən zəfərlə ayrılan AKP bu gün də birinci olmaqla millətin inam və qürur ünvanı olduğunu təsdiqlədi. “Bu seçkinin qalibi demokratiyadır, milli iradədir. Türkiyə demokratiya imtahanını bütün dünyaya nümunə olacaq şəkildə göstərdi. Bu gün milli iradə yenidən qalib gəldi. Bu, bizim hamımızın ümumi qələbəmizdir. AKP olaraq tək başımıza və ya “Cümhur İttifaqı” olaraq birlikdə seçkilərə qatıldığımız yerlərdə 16 böyük şəhər, 24 vilayət, 538 mahal, 200 qəsəbədə olmaqla ümumilikdə 778 bələdiyyədə qalib olmuşuq. Bu da ölkəmizdəki bələdiyyələrin təxminən 56 faizinin AKP tərəfindən idarə ediləcəyini göstərir. Seçkinin nəticələri Türkiyə dövləti və xalqının rifahına xidmət edəcək. Siyasi həyatımız boyunca qələbələr üçün davam etdik, millətimizə və dövlətimizə xidmətdən başqa məqsədimiz olmadı”.

AKP üçün ən mühüm uğurlardan biri Türkiyənin siyasi xəritəsinin mərkəzi, seçki qalası hesab edilən İstanbulda öz namizədinin qələbəsini təmin etmək oldu. İstanbul Böyükşəhər Bələdiyyə başçısı olmaq üçün Milli Məclisin sədrliyindən istefa verən Binəli Yıldırım Türkiyənin mənəvi paytaxtı hesab edilən İstanbulda qalib gəlmək üçün Ərdoğanla bərabər gərgin əmək sərf etdi və bu uğurlu kampaniya nəticəsiz qalmadı. Ötən illərdə partiyası və xalqı üçün böyük xidmətlər göstərmiş B.Yıldırım bundan sonrakı dövrdə siyasi proseslərin lokomotivi olan İstanbulda AKP-nin nüfuzunun qorunmasında daha ağır məsuliyyəti çiyinlərinə götürmüş olacaq.

Maraqlı məqamlardan biri Türkiyənin cənub-şərq bölgələrində kürd elektoratının HDP-nin deyil, AKP-nin namizədlərinə daha çox səs verməsidir. Küdrlərin yaşadığı coğrafi rayonlarda ənənəvi olaraq bütün seçkilərdə onların öz siyasi qüvvəsi, daha doğrusu HDP üstünlük qazanırdı. Bu seçkilərdə həmin bölgələrin əksər bələdiyyə sədrləri yerini AKP-nin namizədlərinin qazanmasında təbii ki, əsas səbəb Prezident Ərdoğanın yürütdüyü uğurlu siyasətdir. Türkiyə Prezidentinin kürdlərin yaşadığı ərazilərdəki insanlarla son illər intensiv təmasları və bölgədə səmimi qardaşlıq mühitinin yaradılmasının təmin olunması, bu bölgənin ictimai həyatında güclü təsiri, inkişaf layihələrində kürdlərlə bir addım atması yerli seçkilərdə AKP-yə olan etimadı artırdı. Şırnak kimi mürəkkəb bölgədə AKP-nin namizədinə etimad göstərilməsi artıq kürd xalqının separatçılardan uzaqlaşdığını və Ərdoğanın liderliyi altında sabit və təhlükəsiz Türkiyədə yaşamaq istəklərinin qətiləşdirən mühüm siyasi amildir. Bundan əvvəlki seçkilərdə səslərin 11,7 faizini qazanan HDP səslərini 3,8 faiz səviyyəsinə endirməklə siyasi səhnəni tamamilə tərk etməsinin anonsunu da verdi. Həmçinin, MHP-nin bazası əsasında yaranmış və keçmiş partiyadaşlarına qarşı ən çirkin vasitələrə əl atan “İYİ” Partiyasının da sarsıdıcı məğlubiyyəti kimi yadda qaldı. Ötən seçkidə 9,9 faiz səs qazanan partiya bu dəfə 7 faizdən artıq seçici səsini qazana bilmədi. MHP isə seçkidə kifayət qədər səs toplamaqla partiyanın siyasi səhnədə fəallığının daha da artmasını sübut etmiş oldu.

Seçki təşviqatı dövründə Türkiyənin maliyyə sektoruna müdaxilə edən müxtəlif birja spekulyasiyaları və valyuta oyunları ilə iqtisadiyyatda gərginlik yaratmaq istəyən xarici qüvvələrin də planları boşa çıxdı. Onlar bu cür çirkli oyunları ilə Türkiyənin iqtisadiyyatını çətinliyə salmaq və seçicilərin AKP hökumətinə olan etimadına təsir göstərməyə çalışdılar. ABŞ və Avropanın bəzi ölkələrinin köməyi ilə müxtəlif siyasi çaxnaşmalar törətmək istədilər, ancaq bu planların heç biri işə yaramadı.

Türkiyə xalqı bu cür siyasi və iqtisadi təxribatlara aldanmayaraq öz Siyasi liderinin arxasında dayandı. Bu seçkilər həm də növbəti dəfə AKP-nin, Onun liderinin siyasi çəkisinin ağırlığını bir daha sübut etdi. Seçki kampaniyasının başlanğıcından sonuna qədər yorulmaq bilmədən çalışan, tər tökən Ərdoğanın izdihamlı seçki kampaniyası, ölkənin ən ucqar bölgələrindən İstanbulun müxtəlif ərazilərinədək keçirdiyi görüşlər AKP-nin inamlı qələbəsinin təmin olunmasında mühüm rol oynadı. Partiyanın qurucu və lideri Rəcəb Tayyib Ərdoğanın siyasi nüfuzu, xarizması, təbliğat kampaniyasında aktiv iştirakı və xalq qarşısında möhtəşəm çıxışları seçkilərin nəticələrinə ciddi təsirini göstərdi. Bu qələbə növbəti dəfə AKP-nin güclü xalq dəstəyinə malik olmasını, güclü reytinqini, ölkənin iqtisadi-siyasi uğurlarında təkrarolunmaz nailiyyətlərə imza atmasının fonunda xalqın inam və güvənc yerinə çevrildiyini təsdiqlədi. Beləliklə, AKP yarandığı gündən qatıldığı 15-ci seçkidən də zəfərlə çıxdı.

Yerli seçkilər başa çatdı, bələdiyyələr qarşıdakı dövrdə Türkiyənin siyasi və ictimai həyatında hansı əhəmiyyət kəsb edəcək, yaxud bu seçkilərin siyasi proseslərə, növbəti seçkilərə hansı təsirləri olacaqdır?

Türkiyənin siyasi analitiklərinin fikrincə, bu seçkilərdə qalib olan partiyanın namizədləri öz fəaliyyətləri ilə təmsil etdikləri siyasi təşkilatın nüfuzunun və etimadının müəyyənləşməsində xüsusi rol oynayacaqlar. Qarşıda ölkə üçün ən ağır seçkilərə 4,5 il qalır. Həmin seçkilərdə iştirak edəcək siyasi partiyaların  üstünlük qazanmasında bələdiyyə başçılarının fəaliyyəti çox mühüm rol oyanayacaq. Ona görə də, Türkiyə bələdiyyələrinin 56 faizini idarə edəcək AKP hökuməti geosiyasi və iqtisadi zəfərlərinə çatmaq üçün yorulmaz fəaliyyətini davam etdirəcək. AKP növbəti sınağa daha məsuliyyətlə və əzmlə hazırlaşmaq üçün indidən qollarını çırmayıb. Qarşıda ölkənin 2023-cu il hədəfləri yolunda daha yeni bir məsuliyyətli və şərəfli vəzifə dayanır. Türkiyənin inkişafı, tərəqqisi, zənginləşməsi, dünyada etibarlı və söz sahibi olan ölkəsi olması üçün indi ikiqat güc və qüvvə tələb olunur. Ərdoğanın vurğuladığı kimi, yeni demokratik, hüquqi və iqtisadi islahatların davam etdirilməsi üçün partiyanın hər üzvü məsuliyyətini dərk edərək daha gücü səfərbər olunmalıdır.

 





02.04.2019    çap et  çap et