525.Az

Rejissor Rövşən Almuradlı dəfn edildi


 

Rejissor Rövşən Almuradlı dəfn edildi <b style="color:red"></b>

Bu gün səhər saatlarında dünyasını dəyişən tanınmış rejissor Rövşən Almuradlı dəfn edilib.

ONA-nın Sumqayıt bürosunun verdiyi məlumata görə, dəfn mərasimində rejissorun dostları, tanınmış ziyalılar və Sumqayıt ictimaiyyətinin nümayəndələri iştirak edib. 

R.Almuradlı Müşfiq qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Sumqayıt şəhərinin Sahil küçəsində dayanacaqda avtobus gözləyən Rövşən Almuradlının vəziyyəti qəflətən pisləşib.

Əraziyə dərhal təcili tibbi yardım çağırılıb. Rejissor xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. İlkin məlumata görə, 1954-cü il təvəllüdlü Rövşən Almuradlı ürək tutmasından dünyasını dəyişib.

Xatırladaq ki, R.Almuradlı 1976-ci ildən 1980-cı ilə qədər Şəki Dövlət Dram Teatrında aktyor kimi çalışıb. O, Şekspirin "Kral Lir"ində Kral Lir, Cəfər Cabbarlının "Aydın"ında Dövlət bəy, Anarın "Adamın adamı"nda İbiş İbşli və Xoca Zıq-zıq, Əkrəm Əylislinin "Kür qırağının meşələri"ndə Qasım obrazlarını yaradıb.

R.Almuradlı 1989-cu ildə "Azərbaycanfilm" kinostudiyasının "Debüt" studiyasında "Hücum" adlı qısametrajlı bədii filmin quruluşçu rejissoru, 1990-cı ildə çəkilən "Azadlığa gedən yollar" filminin rejissorlarından biri olub. 1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində açılan, müstəqil "İstiqlal" teatrının bədii rəhbəri olub. 1991-ci ildə M.Suleymanlının "Zirzəmi", 1992-ci ildə M.Dostoyevskinin "Şıltaq qız", 1992-ci ildə M.Qoqolun "Dəlinin qeydləri", 1992-ci ildə Gəncə Dövlət Dram teatrında Anarın "Beş mərtəbəli evin altıncı mərtəbəsi" kimi əsərlərin quruluşçu rejissoru olub. 1993-1995-illərdə "Bəri bax" müstəqil kinostudiyasında tammetrajlı "Yük" bədii filminin quruluşçu rejissoru olub. 1994-cü ildə "Doğma" kino-povesti əsasında çəkilmiş "Ümud" bədii filminin müəllifidir. 2006-2008-ci illərdə Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmiş “Cavad xan” bədiii filminin quruluşçu rejissoru olub.

2005-ci ildə Akademik Milli Dram Teatrında İ.Şıxlının "Ölüləri qəbiristanlıqda basdırın" əsərinin rejissoru olub.

Bakı Bələdiyyə Teatrında 2010-cu ildə M. Süleymanlının “Bəylik dərsi” əsərinə, 2011-ci ildə Anarın “Qaravəlli” əsərinə, 2012-ci ildə M.F. Axundzadənin “Müraviyyə vəkilləri əhvalatı” əsərinə, 2012-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında F. Dürrenmattın “Yaşlı xanımın gəlişi” əsərinə quruluş verib.

 





02.04.2019    çap et  çap et