525.Az

“Serj Sərkisyan hərbçilərin döyüş ruhunu öldürür”


 

“Serj Sərkisyan hərbçilərin döyüş ruhunu öldürür”<b style="color:red"></b>

MÜBARİZ ƏHMƏDOĞLU: “ERMƏNİSTANIN ƏSAS MƏQSƏDİ RUSİYANIN ADINDAN İSTİFADƏ EDİB DAĞLIQ QARABAĞ ƏHALİSİNİ YERİNDƏN TƏRPƏNMƏMƏYƏ MƏCBUR ETMƏKDİR” 

Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu növbəti Qarabağ saatını keçirib.

Rusiya adından Qarabağ ermənilərinə hərbi, iqtisadi və siyasi məzmunlu ruhlandırıcı mesajlar verildiyini deyən M.Əhmədoğlu bu istiqamətdə fəaliyyətin Sərkisyanın ölkəsinin Gömrük İttifaqına üzv olmaqla bağlı xahişindən sonra daha da intensivləşdiyini bildirib. Onun sözlərinə görə, siyasi və iqtisadi mesajların əsas daşıyıcısı “Troyka-Dialoq”, “Sberbank”, “Skolkovo”-nun direktoru olmuş rusiyalı iş adamı Vardanyandır: “Vardanyan “Ameriabank”ın Dağlıq Qarabağ filialının maddi-texniki bazasını və maliyyə imkanlarını xeyli gücləndirdi. “Ameriabank” Qarabağ ermənilərinin “girov götürülmə” mexanizminin aparıcı elementidir. Dağlıq Qarabağda əhali hərbi polis rejimi tərəfindən məcbur edilir ki, banklardan kreditlər götürülsün. Bununla da yerli əhalinin böyük əksəriyyəti bank qarşısında borclu vəziyyətə düşüb. Bu isə Dağlıq Qarabağdan “təsadüfən” kənara çıxan erməniyə qarşı axtarış elan edilməsinə hüquqi baza yaradır. Rusiyaya bağlı bankın bu işlə məşğul olması əhali üçün daha qorxunc vəziyyət yaradır. Əhalidə belə rəy formalaşdırılır ki, Qarabağ ermənilərinin yaşadığı yerləri tərk etməsini qadağan edən Rusiyadır. İtaliyanın “Versace”şirkətini Dağlıq Qarabağa gətirən də Vardanyandır.

Təxminən bir neçə gün əvvəl rus-erməni siyasətçiləri Qarabağ ermənilərinə təlqin edirdilər ki, rus silahı olan “Smerç”lərin Çin analoqu alınıb və alınan silahlar orijinal Rusiya “Smerç”lərindən qat-qat güclü olub, təxminən 30-40 km uzağı vura bilir. Çin silahının rus silahından üstün olduğunu təbliğ edən bu ekspertlər Ermənistanın Gömrük İttifaqına daxil olması ilə mövqelərini dəyişməyə məcbur oldular: guya “Smerç”lərin alınması ilə bağlı Çinlə danışıqlar hələki aparılır, amma rəsmi Moskva Ermənistana havayi qiymətə silahlar söz verib. Ermənistanın əsas məqsədi Rusiyanın adından istifadə edib Dağlıq Qarabağ əhalisini yerindən tərpənməməyə məcbur etməkdir.

Bu mexanizmlə Dağlıq Qarabağın de fakto rəhbərliyi icmalararası dialoqu arzulayanlar üçün təhlükə yarada bilər. Rəsmi Moskvanın ermənilərin bu siyasətinə diqqət yönəltməsi çox vacibdir. Əslən qarabağlı olmayan Vardanyanın Rusiyanın imici ilə belə rəftar etməsi sonuncunun strateji maraqlarına ciddi zərbə vurur”.

Politoloqun fikrincə, SSRİ-ni dağıdan Dağlıq Qarabağ münaqişəsi Gömrük İttifaqının formalaşması prosesini dayandıra bilər. Onun sözlərinə görə, Qarabağ münaqişəsi həll olunmadan Ermənistanın Gömrük İttifaqına üzvlüyü bu qurum üçün yalnız problemlər vəd edir: “Hazırda Gömrük İttifaqının daxilində ziddiyyətli proseslər baş verir. Gömrük İttifaqına üzvlüyün öz müstəqilliyinə təhlükə olacağını başa düşən Qazaxıstan sözügedən qurumun formalaşmasına maneçilik edir. Belorus da oxşar mövqedən çıxış edir. Təşkilatın indiki üzvlərinin Ermənistanın quruma qoşulmasından istifadə etmələri istisna edilmir:

Əvvəla, Qarabağ münaqişəsinin tənzimlənməməsi fonunda Rusiyanın Ermənistanı Gömrük İttifaqına üzv etməsi MDB məkanında separatizmin ruhlandırılması istiqamətində yeni presedent ola bilər. Etniki, dini parçalanmanın Qazaxıstanın da daxilində baş verməsi mümkündür; ikincisi, Qazaxıstan və Belorusiya Gömrük İttifaqının formalaşması ilə bağlı danışıqların uzanması üçün bəhanə kimi istifadə edə bilərlər; Dağlıq Qarabağ tənzimlənməsi və Ermənistanın Gömrük İttifaqına daxil olması danışıqları eyni vaxta düşərsə, bu, Rusiyanın dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə töhfəsi kimi qəbul oluna bilər. Eləcə də Gömrük İttifaqı faktoruna görə Dağlıq Qarabağın Azərbaycana qaytarılması Moldovada və Ukraynada da bu qurum haqqında müsbət rəy formalaşdıra bilər. Rusiya Dağlıq Qarabağın Azərbaycana qaytarılmasında nail olacaqsa, MDB məkanında separatizmin yolverilməz olduğunu bildirəcək. Dağlıq Qarabağ tənzimlənməsində təşəbbüs göstərməyəcəksə, o zaman Gömrük İttifaqı da MDB-dəki digər subregional qurumların taleyini yaşayacaq”. Onun fikrincə, Ermənistan prezidenti münaqişənin tənzimlənməsində bəzi addımlar atmalı olacağını başa düşür: “Eyni zamanda rəhbərlik etdiyi ölkənin indiki və gələcək tarixi qarşısında simasını da qorumağa çalışır. Belə vəziyyətdə yeganə çıxış yolu ordu ilə manevr etməkdir. Vaxtilə, Dağlıq Qarabağda döyüşüb Azərbaycan torpağını işğal edənlər indi təkcə allahın deyil, həm də Sərkisyanın qəzəbinə tuş gəliblər. Sərkisyan bəlkə də şüurlu şəkildə Suriya ermənilərinin Dağlıq Qarabağa köçməsinə, Ermənistan-Gürcüstan keçid məntəqəsinin super rekonstruksiyasına, frankofoniyaya, pul ayırıb ki, Qarabağ müharibəsində iştirak edənlərə pul çatmasın. Bununla da o, indiki hərbçilərin hərbi döyüş ruhunu öldürür. Qarabağda döyüşənlərinin mövcud durumları Azərbaycanla təmas xəttində dayanan hərbçilər üçün çox pis nümunədir və hərbi ruhun ölməsi deməkdir. Hərbi ruh Ermənistan rəhbərliyinin ən çox istifadə etdiyi təbliğat düsturlarındandır”.

Politoloqun sözlərinə görə, Qarabağ tənzimlənməsində ən mühüm dövr Avropa İttifaqının Vilnüs sammitindən ATƏT ministerialınadək olan vaxtdır: “Barak Obama yeni həmsədrin onun şəxsi nümayəndəsi olduğunu təsdiqlədi, Azərbaycan və Ermənistan prezidentlərinə göndərdiyi məktubda bunu xüsusi vurğuladı. Obama kompromislərin hazır olduğunu da bildirsə də, onların nədən ibarət olduğunu bildirmədi. ATƏT-in həmsədr ölkə prezidentləri tərəfindən Dağlıq Qarabağ tənzimlənməsilə bağlı 4 il əvvəl qəbul olunmuş rəsmi mövqenin rəsmi Yerevan tərəfindən qəbulu barədə Sərkisyanın təsdiqi göstərir ki, kompromislər Yenilənmiş Madrid Prinsipləri əsasındadır. Bu sənəd ətraf 7 rayonun dərhal, Dağlıq Qarabağın özünün isə Azərbaycana tədricən qaytarılmasını nəzərdə tutur. Ermənistanın bu prosesə maneçilik etməyə imkanı yoxdur. Belə məsələlərdə Ermənistanın maraqlarına cavab verən pozuculuq işi ilə Minsk Qrupu  həmsədrləri məşğul idilər. ABŞ-ın mövqeyi Rusiyanın mövqeyinə yaxınlaşıb. Putin Dağlıq Qarabağ münaqişəsini “siyasi vasitələrlə” tənzimləmək istəyirsə, Obama “siyasi vasitələr-dinc danışıqlar vasitəsilə” tənzimləmək niyyətindədir. ABŞ dövlət katibi Kerri Avropa İttifaqının Vilnüs sammitində iştirak etmək üçün noyabrın 29-30-də Litvada olacaq. ATƏT-in ənənəvi illik minsterialı isə dekabrın 4-5-nə təyin olunub. Aralıqda olan üç gün ərzində Kerri Azərbaycan və Ermənistan prezidentlərilə görüşə, onların birbaşa dialoqunun təşkilində iştirak edə bilər. Kerri çox böyük ehtimalla “Böyük Sülh Müqaviləsi”nin imzalanmasına cəhd edəcək. Azərbaycan yalnız Dağlıq Qarabağ münaqişəsinin praktik tənzimlənməsinin başlamasına imkan verən “Böyük Sülh Müqaviləsi”ni imzalaya bilər. Tənzimlənmə prinsipləri haqqında nəzəri, aralıq sənədlərin imzalanması Ermənistanın pul dilənmək maraqlarına cavab verir, Azərbaycanın maraqlarına ziddir”.

M.Əhmədoğluna görə, Gürcüstan Azərbaycana qarşı ikinci cəbhənin açılması üçün Ermənistana şərait yaradır. Onun sözlərinə görə, Ermənistanla həmsərhəd ərazilərdə yaşayan Gürcüstan azərbaycanlılarının erməni hərbçiləri tərəfindən tutulması və Gürcüstanın bu həbslərlə indiyədək ciddi maraqlanmaması bunu deməyə əsas verir: “Ermənistanla Gürcüstan arasında sərhəd demarkasiya olunmayıb, iki ölkənin sərhədlərinin haradan keçdiyini hələ müəyyənləşdirməyib. Ermənistan hərbçiləri rahatca Gürcüstanda yaşayan azərbaycanlıları sərhədi pozmaqda ittiham edir, xəbərdarlıq etmədən həbs edib aparır və bir müddətdən sonra xasiyyətnamə istəyir. Sanki həmin azərbaycanlılar Ermənistan vətəndaşlarıdır. O azərbaycanlılar yaşadığı inzibati qurumlar da Ermənistana tabedirlər, ona görə xasiyyətnamə verməlidirlər. Bütün bunlar İvanişvili hökumətinin ermənilərdən asılı siyasətinin nəticəsidir İvanişvili gürcü dövlətçiliyini o dərəcədə aşağılayıb ki, Ermənistan da onu hesaba almır. Bütün kommunikasiyaları Gürcüstandan keçən ermənilər gürcülərdən tam asılıdırlar. Gürcüstanın isə Ermənistandan heç bir asılılığı yoxdur. Buna baxmayaraq, Ermənistan özünü Gürcüstanla münasibətlərdə dominant hesab edir. Ermənilərin məqsədi Azərbaycanın Gürcüstandan beş azərbaycanlı ilə bağlı hesabat istəməsinə nail olmaqdır. Dünya azərbaycanlılarının ciddi koordinasiyasına nail olan rəsmi Bakının qonşusu, iqtisadi cəhətdən ondan xeyli asılı olan Gürcüstanda soydaşlarının hüquqlarını müdafiə edə bilməməsi Azərbaycanın dövlət strategiyasına ciddi zərbədir. Gürcüstan vətəndaşı azərbaycanlıları oğurlamaqla rəsmi Yerevan Azərbaycanın strateji inkişafına zərbə vurmağa çalışmaqla yanaşı, Gürcüstanı da təhlükə altına almış olur. İvanişvilinin belə şeyləri dərk etməyə, ölkəsinin milli və strateji maraqlarını müdafiə etməyə halı yoxdur. İvanişvilinin 6 milyardı barədə deyilənlər həqiqətdirsə, bu pul Rusiyada erməni kriminallarının nəzarətindədir. B.İvanişvili həmin pulu qaytarmaq üçün ermənilərin diktəsilə Gürcüstanı Ermənistanın ayaqları altına atır, 6 milyard dollar vəsaitindən Gürcüstana 1 sent investisiya qoymayan, təxminən bir illik hakimiyyəti dövründə Gürcüstanda heç nə tikib-qurmayan, Gürcüstan iqtisadiyyatında heç bir irəliləyiş əldə etməyən İvanişvilinin əsas məqsədi prezident Saakaşvilini məhv etməkdir. Əlbəttə Saakaşvilinin də Gürcüstandakı azərbaycanlılara münasibəti sonadək səmimi deyildi, amma İvanişvilinin davranışı isə tamam fərqlidir. Burda təkcə Gürcüstan vətəndaşının taleyinə laqeydlik deyil, həm də Gürcüstan dövlətçiliyinin aşağılanması məsələsi var. İvanişvili bir neçə aydan sonra istefa verib kənardan Gürcüstanı idarə edəcəyini bildirir. İvanişvilinin bu davranışı Sovet dövründə restoran müdirinin davranışına bənzəyir. Sovet dövründə restoran müdirlər öz adlarına mülklərini qeydə aldıra bilməzdilər. Ona görə kasıb müəllim və ya fəhlə tanışlarının adına həmin restoranı və ya başqa obyekti sənədləşdirər, idarəçiliyini isə özləri aparardılar. İndi də İvanişvili iki cibiboş, amma adı müəllim olan şəxsi prezident və baş nazir təyin edir, özü isə kənardan idarə etmək niyyətindədir. Bu isə “sahibi” ilə xüsusi münasibət tələb edir”.

Politoloq daha sonra bunları söyləyib: “Rusiyadakı ermənilərin gücü bizə bəllidir. Hər şey Kremldən asılıdır: Rusiyadakı ermənipərəst qüvvələri neytrallaşdıracaqsa, Azərbaycanla münasibətlər qaydasında olacaq. İlk növbədə Kreml Rusiya Xarici İşlər Nazirliyini ermənilərin işğalından qurtarmalıdır. Rusiyanın daxilindəki erməni faktoru ABŞ–ı antirusiyaçılığa şirnikləşdirən, Rusiya üzərində qələbəyə ümid yaradan faktordur”.

AQİL

 





20.09.2013    çap et  çap et