525.Az

Talesizlərin taleyi və ya "Mən öləndə ağlama" - Fotolar


 

Talesizlərin taleyi və ya "Mən öləndə ağlama" - <b style="color:red">Fotolar </b>

İnsan nə zaman xoşbəxt olur? Ya da nə zaman bədbəxt? Xoşbəxtkən, ya bədbəxtkən bunun, həqiqətən, fərqinə varırıqmı? Nədir bədbəxtliyin rəngi? Qara? Qırmızı? Bəlkə sarı? Məncə, hərənin bədbəxtliyinin öz rəngi var. Lev Tolstoy da Anna Kareninanın faciəsini nəql etməzdən öncə demişdi axı, bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, hər bədbəxt ailə isə özünə görə bədbəxtdir.

***

Leyla da bədbəxt idi. Onun taleyilə tanış olarkən sanki heç zaman xoşbəxt olmadığını düşünürsən. Sanki bütün ağrılar, bütün problemlər, bütün əzablar onun balaca çiyinləri üçün yaradılıbmış. Amma ömrü boyu bədbəxtliyə düçar olmaq mümkündürmü? Heçmi olmamışdı xoş günləri? Yox, olmuşdu. Bəs, Mika nə günə dururdu? Axı, Leyla onun haqqında böyük sevgiylə, özləmlə, gözlərindəki gülüşlə danışırdı. Mika onun boz, nimdaş, rəngsiz, fərəhsiz, soyuq həyatına qəfil günəş kimi doğmuşdu. Bunu biz demirik, o, özü danışır. Amma hər xoşbəxtliyin bir bədəli var. Leylanın qısa müddətli xoşbəxtliyinin də bədəli ağır oldu, çox ağır...

***

Yazıçı-dramaturq Pərvinin yaratdığı obrazdır Leyla. Martın 29-da Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində, ağ mələfəyə bürünmüş çarpayının arxasından çıxıb 30 illik həyatını danışan Leyla... Gənc aktrisa Səbinə Məmmədovanın həyat verdiyi obraz yazıçı təxəyyülünün məhsulu olsa da, reallıqla səsləşir. Hiss edirsən ki, Leylada hər qadından bir az nəsə var. Azərbaycan cəmiyyətinin qadına münasibətidir bu gənc qadının həyatı...

Həmin gün premyerası keçirilən "Mən öləndə ağlama" mono tamaşasından danışıram sizə. Rejissor Ayla Osmanovanın quruluş verdiyi tamaşanın plastik həlli Ceyhun Dadaşova, səhnə tərtibatı Reyhan Aslanovaya aiddir. Səhnə əsəri eşq, ölüm, ailə, yalnızlıq... və başqa məsələlərdən danışır. Bir insanın dilindən insanlığa aid bütün hisslər, duyğular, qorxular, həyəcanlar, yaşantılar nəql edilir.

Əgər mənə "tamaşa haqqında danış" - desəniz, düzü, danışmağa söz tapmaram. Adi kiçik səhnə, balaca çarpayı, sarı, zəif işıq düşən barmaqlıqla örtülmüş pəncərə və ağ paltarda öz-özünə danışan gənc qadın. Nə bər-bəzəkli səhnə tərtibatı var, nə də insanın fikirlərini yayındıracaq pafos. Hələ premyeradan öncə mətbuatda gedən açıqlamada rejissor A.Osmanova özü də demişdi pyesi səs-küysüz, pafossuz, sadə hazırladığını. Biz də baxdıq və şahidi olduq.

Mən sizə danışa bilərəm Leyladan. Hə, bir də Şubertin "Serenada"sından. Leylanın sevimli "Serenada"sı... Sevgilisinə dinlədə bilmədiyi "Serenada"... İnsanın duyğularını öz əlində xəmir kimi yoğurub istədiyi formaya salmağı bacaran ilahi "Serenada"...

Əslində, Leylanın da həyatında qeyri-adi, insanı silkələyəcək, təəccübləndirəcək, "yox, bu qədəri də olmaz" dedirdəcək heç nə yoxdur. Adi qadının yaşadıqlarıdır. Ətrafımıza nəzər salsaq, o qədər Leyla kimi atası içki düşkünü, başqa qadınlarla gəzən, bədbəxt anası dərddən, qəmdən tez dünyasını dəyişən, erkən yaşında işləyib evə çörək, atasına içki pulu qazanmağa məhkum, sevgidən, qayğıdan, nəvazişdən uzaq qadınlar taparıq ki. Hərəsinin öz hekayəsi, hərəsinin öz ağrıları...

***

Psixi dispanserin, el dilində desək, dəlixananın sakinidir Leyla. Görünür ki, yenicə düşüb bura. Özü demiş, psixikası pozulub. Amma bu pozulmaya qədər nələr çəkib, nələr yaşayıb. Məsələ də budur. Düz bir saat Leyla uşaqlığından başlamış buraya gəlib düşənə qədərki ağrılarını, acılarını danışır.

Məlum olur ki, o, elə sevgisiz, söz-söhbətli, vecsiz ailənin tək övladı olub. Atası başqa qadını sevir, anasından boşanmaq istəyir. Anası isə görməyə alışdığımız davranışı sərgiləyib, eşitməyə öyrəşdiyimiz sözləri deyir: "Yox, boşana bilmərik, bizim qızımız var, sabah onun haqqında nə deyərlər?! Sən getsən, biz necə dolanarıq?!" Və sair, və ilaxır... Beləcə, bir ailə də bir-birini sevmədən, istəmədən, iki yad olmaq bir yana, iki düşmən kimi nələrinsə, kimlərinsə (adətən, övlad - burada olduğu kimi) xətrinə, el qınağından qorxub bir-birinə dözməyə məcbur qalırlar. Əgər bu prizmadan yanaşsaq, onda tək adamlıq, mono tamaşanın talesizləri bir neçə nəfərdir:

Leylanın atası bədbəxtdir... Çünki həyat yoldaşını sevmir. Hətta ondan boşanmaq istəyir. Qadın razı olmur. O, başqasını sevir. Sevdiyi qadın da xəyanətkar çıxır. Onu atıb başqasına gedir. Beləcə, kişi içkiyə qurşanır. Bəli, sadaladıqlarımda kişiyə haqq qazandıracaq bir tərəf olmaya bilər. Amma etiraf edək ki, bu cür bədbəxtliyə düçar olan nə ilk, nə də sonuncu kişidir Leylanın atası.

Leylanın anası bədbəxtdir... Əri onu sevmir. Başqa qadınla münasibəti var, ondan boşanmaq istəyir. Qadın isə yaşadığı cəmiyyəti çox gözəl tanıyır. Onun gözünün ağı-qarası, bircə qızı "boşanmış ailənin övladı" damğasınımı qazansın? Heç bilirsiniz cəmiyyət belə ailələrin övladlarına, xüsusən, qızlarına necə yanaşır? Əlbəttə, bilirsiniz! Hamımız bu cəmiyyətin üzvüyük axı. Onda fədakar ana döyülməyə də, söyülməyə də, qadınlıq qürurunun ayaqlar altında əzilməyinə də razı olur, təki qızı "boşanmış ailənin övladı" olmasın. Nəticə? Bütün ağrı-acını sinəsində daşıyan qadın cavan yaşında vərəmləyib ölür. Üstündə əsdiyi, uğrunda həyatını, qadınlığını qurban verdiyi qızı isə içki düşkünü atanın araq pulunu qazanmaq üçün cəmi 18 yaşında, universitetdə oxumalı olduğu zamanda fərqli yerlərdə işləməli olur.

Leylanın sevgilisi, məşhur hakim Mikayıl (Mika) bədbəxtdir. 51 yaşı var. Həyat yoldaşı və beş yaşlı qızı illər öncə dəhşətli qəzada həyatlarını itiriblər. Ailəsini zamansız itirən bu adamın həyatı da elə Leylanın həyatı kimi rəngsiz, mənasız, maraqsızdır.

... Və iki rəngsiz həyatın birləşməsi ortaya əlvan, parlaq, gözqamaşdırıcı eşq hekayətini çıxarır. Çətin, məşəqqətli həyatına rəğmən, yüksək balla ali məktəbə, hüquqşünaslıq ixtisasına qəbul olan Leyla sonradan öz ixtisası üzrə işləyir. Bir gün məşhur hakimlə gənc vəkil xanımın yolları elə məhkəmə salonundaca kəsişir. Leylanın ən xoşbəxt günləri ilə paralel dəlixanaya gedən yolu da başlayır. Bu yerdə Leyla elə qayğısız, elə xoşbəxt görünür ki. Sevgilisi ilə keçirdiyi günlər elə gözəldir ki, tamaşaçı "nəhayət, tale bu bədbəxt qadının da üzünə güldü"-deyib içini çəkir, onunla birgə gülür, sevinir. Sanki bir anlıq Leylanın hardan dayanıb bu əhvalatı danışdığını da unudur. Həqiqətləri isə bircə Leylanın özü bilir...

***

Hə, Leyla dəlixanadadır, axı. Necə gəldi düşdü bura?

Aralarındakı 21 illik yaş fərqinə baxmadan bir-birini dəlilərcə sevən, bir-birinin həyatına rəng, məna, yaşamaq səbəbi, gülüş, sevinc gətirən cütlüyün xoşbəxtliyi nə yazıq ki, çox çəkmir. Həyatdan vaxtilə ən ağır zərbələr alan Mikayılın ürəyi "ağ bayrağını qaldırır", ömrünün bəlkə də ən gözəl günlərində sahibinə xəyanət edir, nə onu, nə də gənc sevgilisini xoşbəxt olmağa qoyur. Mənfur ölüm daha bir sevən cütlüyü ayırır. Dünya yaranandan ölümün ayırdığı nə ilk cütlükdür onlar, nə də son. Ölümün də işi bu deyilmi? Ayırmaq! Amma həqiqi eşq, saf məhəbbət olan yerdə ölüm ayrılıq gətirə bilərmi? Ancaq cismani... Ruhlara isə ölümün belə gücü çatmır. Elə bu əhvalatı danışan, çəkdiyi ağrılarla birgə sevdiyi adamı itirərək psixikası pozulan Leylanın da ruhunda sevgilisi yaşayır. Yoxsa nə Leyla öz əhvalatını danışmaq ehtiyacı duyardı, nə də tamaşaçı onun taleyinə göz yaşları axıdardı...

Göz yaşı demişkən, bəli, tamaşaçı Leylanın taleyinə, daha doğrusu, talesizliyinə göz yaşı axıdırdı, amma Leyla bütün bunları danışarkən gözlərinin dərinində iki damla yaş gizləsə də, sona qədər o yaşın o dərinlikdən azadlığa çıxmasına izin vermədi. Nə ağladı, nə də sızladı. Sadəcə danışdı... Danışdı... Yəqin ona görə ki, sevgilisi gözlərini yumarkən ona tək bir şeyi vəsiyyət etmişdi: "Mən öləndə ağlama..."

 





03.04.2019    çap et  çap et