525.Az

Bişkek sammiti: ŞƏT daxili ziddiyyətlərdən xilas ola biləcəkmi?


 

Bişkek sammiti: ŞƏT daxili ziddiyyətlərdən xilas ola biləcəkmi?<b style="color:red"></b>

Qırğızıstanın paytaxtında keçirilmiş Şanxay Əməkdaşlıq Təşkilatının növbəti toplantısı maraqlı məqamlarla yadda qalıb. Üzv dövlətlər qlobal və regional miqyasda cərəyan edən geosiyasi prosesləri müzakirə ediblər. Onlar iqtisadi və maliyyə sahələrində əməkdaşlığı genişləndirmək imkanlarına nəzər salıblar. Sammitdə təşkilata daxil olan güclü ölkələrin hər şeydən əvvəl öz maraqlarına üstünlük verdiyi də müşahidə edilib. Ekspertlər bununla bağlı ŞƏT-in gələcəyi haqqında ehtiyatlı danışırlar.

Geosiyasət və iqtisadiyyat: hansı daha vacibdir?

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkek sammitində əhəmiyyətli qərarların qəbul ediləcəyinə ümid edənlər az deyildi. Suriya ilə əlaqədar yaranmış geosiyasi vəziyyət bunun üçün müəyyən qədər əsas yaratmışdı. Hətta bəzi dairələr ŞƏT-in qlobal siyasətin dinamikasını dəyişə biləcək addımlar atacağını proqnozlaşdırırdı. Ümumilikdə, bu tədbirin "Şərq Qərbə qarşı'' ruhunda keçəcəyindən yazılırdı (bax: Андрей Полунин. Саммит ШОС: Восток против Запада. Москва отыгрывается в сирийском вопросе за G8 и G20 / www.svpressa.ru, 13 sentyabr 2013).

Qırğızıstan paytaxtına təşkilata üzv olan 6 dövlətin başçılarından əlavə müşahidəçi ölkələrin rəhbərləri (Hindistan, İran, Pakistan, Əfqanıstan) də toplaşmışdı. Bu məqam sammitdə əsasən regional və qlobal təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyini göstərirdi. Doğrudan da, tədbir iştirakçıları Suriya, Əfqanıstan, İranın nüvə proqramı və narkotik maddələrin qanunsuz dövriyyəsi problemləri üzərində daha çox dayanıblar. Bunların fonunda iqtisadi və maliyyə sferalarına elə də diqqət ayrılmayıb. Sammitdə 5 sənəd qəbul edilsə də, ekspertlər əsas diqqəti "Bişkek bəyannaməsi''nə yönəldirlər (bax: Принята Бишкекская декларация глав государств ШОС (текст) / www.centrasia.ru, 13 sentyabr 2013). Orada təhlükəsizlik, beynəlxalq münasibətlər, təşkilatın yaxın perspektiv üçün inkişaf imkanları, iqtisadi və maliyyə məsələlərinə aid ümumi müddəalar yer alıb.

Lakin mütəxəssislərin rəyinə görə, həmin sənəddə faktiki olaraq, heç bir məsələ konkret həllini tapmayıb (bax: Андрей Шарый, Тимур Токтоналиев. ШОС. Саммит без итогов / www.svoboda.org, 13 sentyabr 2013). Bunun əvəzində bütövlükdə həmin təşkilat üçün xarakterik olan bir sıra məqamlar üzə çıxıb. Ekspertlər onları təhlil edərək, ŞƏT-in nə dərəcədə perspektivli olması haqqında proqnozlar verirlər (bax: sonuncu mənbəyə). Bu aspektdə maraq doğuran bir sıra məqamlar mövcuddur.

Hər şeydən əvvəl, ŞƏT-in iki güclü üzvü – Rusiya və Çinin təşkilata münasibəti arasındakı ziddiyyət özünü göstərir. Belə ki, Pekin sammitə iqtisadi və maliyyə üzrə böyük imkanları olan dövlət kimi gəldisə, Moskva daha çox hərbi və təhlükəsizlik sahələrinə diqqət yetirdi. Çin prezidenti sammit ərəfəsində bütün Mərkəzi Asiya ölkələrinə 50 milyard dollarlıq sərmayə qoyuluşu haqqında uğurlu danışıqlar aparıb. Orta Şərq və Mərkəzi Asiya üzrə ekspert Aleksandr Knyazevin qənaətinə görə, Pekinin Bişkek sammitində əsas vəzifələrindən biri regionda yeni səviyyədə fəallıq mərhələsinə başladığını nümayiş etdirməkdən ibarət idi (bax: Александр Князев. Китай прибирает к рукам ШОС. Заявленные интересы Пекина становится трудно сдерживать / www.ng.ru, 13 sentyabr 2013).

Hazırda Çin faktiki olaraq bölgənin bütün dövlətləri ilə uzunmüddətli əməkdaşlığa hesablanmış müqavilələr imzalayıb. Orada söhbət Pekinin həmin ölkələrə iri həcmdə sərmayə qoyuluşundan, hərbi-texniki sahədə əlaqələrin inkişafından, çinli işçilərin Mərkəzi Asiyaya axınının sadələşdirilməsindən və s. əhəmiyyətli məsələlərdən gedir. Həmin sırada regionda Çin dilinə marağın artması diqqəti çəkir. Artıq Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanda Çin dilini tədris edən mərkəzlər fəaliyyət göstərir. Özbəkistanda Konfutsi İnstitutu yaradılıb. İndi orada Çin dilini öyrənənlərin sayı əvvəlki illərə nisbətən 4-5 dəfə artıb (bax: В Центральной Азии растет спрос на китайский язык / www.rus.azattyq.org, 13 sentyabr 2013). Qazaxıstanda da analoji proses gedir.

Liderlik yarışı: kimin şansı çoxdur?

Bunlardan ümumi belə bir nəticə çıxarmaq olur ki, Pekin Mərkəzi Asiyada iqtisadi, maliyyə və humanitar sahələrdə dominant rol oynamaq məqsədini qarşıya qoyub. Ekspertlər həmin istiqamətdə Çinin imkanlarının Rusiyadan daha çox olduğunu söyləyirlər. Bunu Kremldə də yaxşı başa düşürlər. Çıxış yolu kimi Rusiyanın iki aspektdə fəallıq göstərdiyi müşahidə olunur.

Onlardan biri ŞƏT daxilində iqtisadi və maliyyə sahələrinə aid layihələrin reallaşmasını mümkün qədər ləngitməkdən ibarətdir. Moskva konkret olaraq 2015-ci ildə bu təşkilatda sədr olacağı dövrü gözləyir. Səbəbi ondan ibarətdir ki, həmin dövrə qədər Rusiya Gömrük İttifaqı və Avrasiya inteqrasiya modelini başa çatdırmalıdır. Buna nail olsa, Çinin qarşısına daha böyük iqtisadi və maliyyə gücü qismində çıxmaq şansı əldə edəcək. O zaman Moskva ŞƏT-in inkişaf fondu və ortaq bank ideyasını gerçəkləşdirməyə razı olar. Təsadüfi deyil ki, Bişkekdə Rusiya prezidenti V.Putindən başqa digər liderlər məhz inkişaf bankının yaradılmasından danışıblar (bax: Андрей Шарый, Тимур Токтоналиев. ШОС. Саммит без итогов / www.svoboda.org, 13 sentyabr 2013).

Bu taktiki gedişin fonunda Moskva hərbi və təhlükəsizlik aspektlərinə daha çox əhəmiyyət verilməsinə çalışır. Çünki bu sahələrdə Rusiya güclüdür və tərəfdaşlarına səmərəli təkliflər verə bilər. Hazırda Kreml həmin istiqamətdə fəallığını xeyli artırıb. Bişkek sammitinin yekun sənədində bu məqam geniş əks olunub. Orada Suriya, İran və Əfqanıstan məsələlərinin BMT çərçivəsində beynəlxalq hüquqa əsasən həll edilməsinin vacibliyi vurğulanıb.

ŞƏT-in iki güclü üzvü arasında bu cür fərqli yanaşmaların olması ciddi amildir. Bu faktiki olaraq təşkilatın taleyinə qeyri-müəyyənlik gətirir. Eyni zamanda, problemlər bununla məhdudlaşmır. ŞƏT-in strukturunun genişlənməsi və təkmilləşməsi məsələlərində də irəliləyiş hiss edilmir. O cümlədən, İran və Hindistanın təşkilata üzv olmaq istəyi yerinə yetirilməyib. İran prezidenti Həsən Ruhani sammitdə nüvə proqramından və BMT-nin fəaliyyətindən danışıb. O, sələfi Əhmədinejatdan fərqli olaraq, ABŞ-a qarşı xeyli ehtiyatlı ifadələr işlədib. Lakin ekspertlər rəsmi Tehranın bu addımında başqa məqamın mövcud olduğunu vurğulayırlar. "Polis Asiya'' analitik mərkəzinin eksperti Pavel Dyatlenkonun fikrinə görə, İranın yeni prezidenti əsasən Suriya məsələsindən və nüvə proqramından danışmaqla Qərbə mesaj göndərir. H.Ruhani "...Qərbə işarə edir ki, İrana qarşı tətbiq edilən sanksiyalar Şərq istiqamətində diplomatik fəallığı artırmaqla zəiflədilə bilər'' (bax: sonuncu mənbəyə).

Bütün bunlardan ŞƏT-in Bişkek sammiti ilə bağlı bir neçə mühüm qənaət əldə etmək olar. Birincisi, bu təşkilat hələlik yalnız qlobal geosiyasi problemlər üzrə ortaq qərarlar qəbul edə bilir. Səbəb ondan ibarətdir ki, Yaxın Şərqdə yaranmış geosiyasi vəziyyət təşkilatın bütün üzvləri üçün təhlükəsizlik məsələsini daha da aktuallaşdırır. Onlar, məsələn, Misir və Suriyanın, yaxud İraqın taleyini yaşamaq istəmirlər. Lakin bu faktorun hansı müddətə təsirli olacağı barədə dəqiq proqnoz yoxdur. Əgər həmin aspektdə vəziyyət ciddi surətdə dəyişsə, ŞƏT-in təhlükəsizlik strategiyasının necə yenilənəcəyi məlum deyil.

İkincisi, regionda liderlik uğrunda Rusiya ilə Çin arasındakı güzəştsiz mübarizə təşkilatın tam formalaşması qarşısında ciddi maneədir. Pekin həmin bölgədə fəallığını getdikcə artırır və maliyyə, iqtisadi, humanitar və enerji sahələrində Rusiyanı açıq şəkildə sıxışdırır. Ekspertlər hesab edirlər ki, bu cür vəziyyət gec və ya tez ŞƏT daxilində ziddiyyətlərin kəskinləşməsinə səbəb olacaq.

Üçüncüsü, təşkilata yeni üzvlərin qəbul edilməsi ləngidiyindən onun perspektivi haqqında ehtiyatlı danışmaq lazım gəlir. Görünür, ŞƏT hələ, deyək ki, Avropa İttifaqı kimi bitkin qurum deyil. Orada həllini gözləyən problemlər kifayət qədərdir. ŞƏT-in süni şişirdilməsi də təhlükəli hal olardı. Çünki bu zaman onun fəaliyyəti tamamilə səmərəsizləşərdi. Bu səbəbdən Bişkek sammitinin təşkilatın gələcəyi ilə əlaqəli konkret bir nəticə verdiyi nəticəsini çıxarmaq çox çətindir. Üzv dövlətlərin tam razılaşdığı yeganə məsələ Suriya probleminin BMT çərçivəsində həll edilməsi olub. Ortaq razılığın olduğu digər problemlər haqqında isə ümumi ifadələr işlədilib. Bütün bunlara baxmayaraq, ŞƏT-in perspektivsizliyi haqqında nəticə çıxarmaq hələ ki tezdir.

Newtimes.az

 





20.09.2013    çap et  çap et