525.Az

Bir kitab - bir insan...


 

Bir kitab - bir insan...<b style="color:red"></b>

Bir kitaba sahib olmaq! Onu oxumazdan öncə üz qabığını ən kiçik detallarınacan incələmək, səhifələrini xəfifcə vərəqləmək, vərəqlədikcə qoxusunu içinə çəkmək... Bunlar insana, ən azı, həmin kitabı oxumaq qədər zövq verir.

Kitaba anlam qatan bir əsas məqam da oxuduğun hər cümlədə, hər abzasda obrazların yaşadıqlarını onlarla birgə yaşamaq, hiss etmək, birlikdə sevinmək, birlikdə üzülməkdir. Bambaşqa bir duyğu da var - sətir-sətir, söz-söz sona yaxınlaşdıqca kitabın bitəcəyindən ehtiyatlanıb daha sakit, asta-asta oxumaq duyğusu. Kitab oxumaq - hər cümləni səslə söyləmək və onu bütün ruhunla yaşamaqdır. Kitab oxumaq - sadəcə, vərəqləri çevirmək deyil, qəhrəmanlarının hiss və duyğularına, qəminə, kədərinə, sevincinə - bütün daxili aləminə bələd olmaqdır.

Hər situasiyada duyğudan-duyğuya keçməklə bizə bambaşqa bir dünya təqdim edir kitablar. Və o dünyada biz artıq özümüz olmuruq, oradakı obrazlar kimi düşünür, onlar kimi yaşayırıq. Onlar kimi yaşamadan, onlar kimi düşünmədən, onların içindən gələn  səsləri, sözləri dinləmədən kitab oxumaq, sadəcə, vəqələri çevirib keçməkdən başqa bir şey deyil. Bunu üçün isə çalışıb müvəqqəti sakini olduğumuz o dünyadan ayrılmamalı, ani bir diqqətsizliyin, hər hansı məşğuliyyətin kitabdakı düynanın yaşatdığı duyğulara müdaxiləsinə imkan verməməliyik. O duyğuların ki, bizim olmasa da, içərisində olduğumuz aləmin daimi sakinlərinə xas olsa da, artıq bizim tərəfimizdən də mənimsənilib. Həm də bu zənginliyə sahibləmək bizə  yalnız və yalnız kitab oxumaq hesabına nəsib olub. Müəyyən müddətə olsa da, başqası ola bilmək, hadisələrə onun nöqteyi-nəzərindən yanaşmaq şansı əldə etmək, o dünyanın insanlarının hisslərini bölüşmək, getdiyi yerlərə getmək, onlar kimi düşünmək isə gözəl və mübhəm duyğudur. Kitab oxumaq yəqin ki, insanı həm də bu cəhətlərinə görə cəlb edir. Kitab insanı öz qayğılarından uzaqlaşdırır, özünü başqalarının yerinə qoyub onların fikirlərini analiz etməyə, öz düşüncələri ilə onlarınkının müqayisəsini aparmağa şans verir. Bizi daxilimizdə gizlənmiş, indiyə qədər özümüzün belə görmədiyi, tanımadığı duyğularla tanış edir, üzləşdirir.

Deyir, kamil olmaq üçün beş kitab oxumaq kifayət edir, ancaq həmin beş kitabı tapmaq üçün yüzlərlə kitab oxumaq lazımdır. Yüzlərlə kitab oxumaq - yüzlərlə insanı tanımaq, onları görmək, onların həyat təcrübələrindən yararlanmaq deməkdir. Bu mənada anlamlı bir kitab təcrübəli bir insan ömrünə bərabərdir. O insan ki, onunla söhbət etmək dəyərli və qiymətlidir.

Aysel ƏSƏDOVA

 





04.04.2019    çap et  çap et