525.Az

Tanıyaq və tanıdaq: Bəhruz İmani


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Bəhruz İmani </b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi. Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır. Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

Esmira Fuad
Filologiya elmləri doktoru

BƏHRUZ İMANİ

1964-cü ildə Sərab şəhərində anadan olub. İlk və orta təhsilini doğma şəhərində bitirdikdən sonra 5 il müdətində Tehranda "Yol" dərgisində yazar kimi fəaliyyət göstərib. Hazırda 20 ildir ki, Təbrizdə ana dilimiz uğrunda yorulub usanmadan çalışır. Təbriz radiosunda beş il Azərbaycan şifahi xalq ədəbiyyatı ilə bağlı "Şəlalə" adlı verilişin, iki il isə "Səhər" dərgisinin baş redaktoru olub.

Ay dəli ceyran

Ürəkdə arzularım bax talandı, ay dəli ceyran,
Aralı gəzmə bu eldən amandı, ay dəli ceyran.

Olubsan el bəzəyi, çöllərin gözəl gəlini,
Bu söz bu dünyaya çoxdan əyandı, ay dəli ceyran.

Saru, Xiyav, Qaradağ, Ərdəbil, soyuqudusa da,
Qışı yaz eləyən ancaq Muğandı, ay dəli ceyran.

Susuzdu çöllərimiz, qəmlisən bunu bilirik,
Necə ki Təbrizin üstü dumandı, ay dəli ceyran.

Savalanın başı qarsa, ətəkləri çiskin,
Suyu sərinə, isti calandı, ay dəli ceyran.

Kəmənd atarsa yad ovçu, səni vura bilməz,
Vurarsa öz içimizdən vurandı, ay dəli ceyran.

Tökəndə gözyaşı, həsrət üzümdə buz bağlar,
Görənmirəm səni çox bir zamandı, ay dəli ceyran.

Götür ağacı qov evdən kədərli ayrılığı,
Qalıb diyar, yarı yolda yubandı, ay dəli ceyran

Yaz nəfəsi

Tökülür budaqdan yenə də bir qış,
Axar duyğulara yazın nəfəsi.
Gəlin yaşılladaq düşüncəmizi,
Bəlkə çiçəklənsin sevgi nəğməsi.

Sorğu

Bax, bir gör bu yarpaqlar,
dünəndə bir belə yaşılıydı.
Bu xəbərçiləri burada görmüşdünmü,
baxışlarına bu budaqdan salxım dərdinmi?
Bax, gör bu daş dünən də beləydi,
Ot, həmin ot idi,
Yer, həmin yer idi.
Dəyməz

İlqarı, sayğısı olmayanların
Alışıb oduna, yanmağa dəyməz.
Bir məsəl qalıbdı ata-babadan:
Elə əyri var ki, yonmağa dəyməz!

Bənzətmə

Quşlar son təmkinliklə
yuva qurmaqdaydı.
Şairlər
Günəşi günəbaxan gülünə,
buğdanı çörəyə,
sözləri isə
özgürlüyə
bənzətdilər...

Üşüyür

Doğma ana yurdum Sərab şəhrinin
Çölləri donubdu, düzü üşüyür.
Sazaqlı günlərdən, əsən küləkdən,
Dərin baxışların gözü üşüyür.

Güzgü tək hamını tanıdar zaman,
Tutsa da üzünü toz-torpaq, duman,
Ayağı yer tutub yürü sənadan,
Ellərin söhbəti-sözü üşüyür.

Könlündən keçəni biri bilmədi,
Ağlar göz yaşını kimsə silmədi,
Ağrısı-acısı sana gəlmədi,
Əllisi köçübdü, yüzü üşüyür.

Bu şəhərin tarixdə öz səsi vardı,
Odurki dağının zirvəsi qardı,
Geniş meydanları mərdlərə dardı,
Əyrisi tərləyir, düzü üşüyür.

Çillə axşamı

Bu axşam
ulduzların ağlayışına
zillənən gözlərdə
qəm yox
sevinc görəcəksən.
Bu axşam
uzun gecənin qonaqlığında,
işıqlı düşüncə
alanında
sevgi saçlarının
ətrini duyacaqsan.
Bu axşam
bağlı qapılar kölgəsində
Günəşi gözləyən
baxışları
izləyəcəksən.

 





05.04.2019    çap et  çap et