525.Az

1918-ci ilin Mart soyqırımı... Nuru Paşa və Bakı...


 

GÜLLÜ MƏMMƏDOVANIN "QAN İÇİNDƏ İŞIQ" ROMANI HAQQINDA DÜŞÜNCƏLƏR

1918-ci ilin Mart soyqırımı... <b style="color:red">Nuru Paşa və Bakı...</b>

Güllü Məmmədova bədii yaradıcılığa olan bağlılığını hər yeni əsərindəki yaradıcı məhsuldarlığı və araşdırıcı zəhmətkeşliyi ilə ortaya qoyan söz adamlarımızdan biridir.
 
Dekabrın ilk günlərində telefonla danışanda yeni nəşr olunmuş "Qan içində işıq" romanını avtoqrafla mənə göndərdiyini bildirəndə xeyli sevindim. Bundan əvvəl Güllü xanımın "Qarabəkir əfsanəsi", "Kalbalı xan" kimi tarixi romanlarını oxumuşdum. Bədii təxəyyülünə, sözlə rəftarına görə yazıçılıq məharətinə heyranlıq duyduğum müəllifin yeni romanının adından yola çıxaraq tarixi mövzuya həsr olunduğunu təxmin edirdim. Gümanımda yanılmadım da.

Kitab haqqında fikirlərimə keçməzdən əvvəl Güllü xanım haqqında bəzi məqamları vurğulamaq istəyirəm. Hələ ötən əsrin 70-ci illərində ədəbiyyat aləminə gələn və həmin dövrün ədəbi mətbuatında yazılarıyla çıxış edən Güllü Məmmədovanın "Bağışlaya bilmirəm" adlı ilk hekayəsi "Azərbaycan" jurnalında nəşr olunub. Bundan sonrakı illərdə "Bağışlaya bilmirəm", "Yay nağılı", "Qərənfillər ağlamır", "Zamanların qəhrəmanı Qarabəkir", "Mənim üçün varsan" adlı kitabları oxucuların ixtiyarına verilib. İxtisasca jurnalist olsa da, artıq hamı onu yazıçı, son illərdə isə tarixi romanlar müəllifi kimi tanıyır.

"Qan içində işıq" romanı 1918-ci ildə mənfur erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri soyqırımlardan, xalqımızın tarixində özünəməxsus yeri olan Azərbaycan Demokratik Cumhuriyyətin qurulmasından, ən əsası isə müxtəlif qüvvələr tərəfindən işğal edilmiş Bakının Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu tərəfindən azad edilməsindən bəhs edir. 

2018-ci ildə Bakının işğaldan azad edilməsinin 100 ili tamam oldu. Güllü xanım bir yazıçı kimi tarixi xidmət göstərərək o dövrün hadisələrini sənədlər əsasında faktları bədii mətn daxilində əridərək axıcı dillə və maraq doğuran sujetlə oxucuya təqdim edib. Əsəri oxuyarkən də bunun şahidi olursan. Müəllif sənədləri quru statistika kimi vermir. Xronoloji rəqəmlər arasında oxucunu yormur. Sıxıcı təhkiyə üslubundan uzaq bir yol seçərək həm tarixi işıqlandırır, həm bədii əsərini ortaya qoyur, həm də oxucusuna mənəvi zövq aşılayır.

"Nuru Paşanın və əsgərlərinin ölümsüz xatirəsinə" həsr etdiyi romanın girişində müəllif yazır: "2018-ci ildə Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 100 ili tamam olur. Lakin bir 100 il deyil, min 100 il keçsə də, Nuru Paşanın, Xəlil Paşanın, Mürsəl Paşanın, general Əliağa Şıxlinskinin, Həbib bəy Səlimovun, Cəmil Cahid bəyin, Süleyman İzzət bəyin bu torpaqdan qəhrəmanlıq izləri silinməyəcəkdir".

Yazıçı əsərdə elə bir tarixi dövrə müraciət edib ki, həmin dövr Azərbaycan ya varlığını davam etdirmək, ya da tarix səhnəsindən birdəfəlik silinmək kimi iki yolayrıcında qalmışdı. O dövrə qiymət verən ümummilli liderimiz Heydər Əliyevin romanın ilk səhifələrində öz yerini tutan bu sitatı da dövrün mahiyyətini anlamaq baxımından düşündürücüdür: "...1918-ci ildə Azərbaycanı dağıdırdılar, parçalayırdılar. Əgər Nuru Paşanın komandanlıq etdiyi Osmanlı ordusu olmasaydı, Azərbaycan ayaq üstə durmasaydı, bəlkə də Azərbaycan yox idi".

Osmanlı imperiyasının özünün də içində olduğu ağır müharibələr, dörd bir tərəfdən düşmən basqısı altında olmasına baxmayaraq yenicə qurulmuş Azərbaycan Demokratik Respublikasının məktubuna cavab verərək öz qardaş və dost köməyini əsirgəməməsi ayrıca bir mövzu olmalıydı. Güllü xanım bu məqamların hər birini yazıçıdan öncə bir tarixçi baxışı ilə nəzərdən keçirmiş, daha sonra usta bir qələm adamı kimi masa arxasına keçərək bitkin, dolğun, dəyərli, əhəmiyyətli və bu qəbildən olan bütün sifətləri özündə cəmləşdirən "Qan içində işıq" romanını ədəbiyyatımıza qazandırmışdır. Həm də təkcə Azərbaycan ədəbiyyatına deyil. Ayrı-ayrı dillərə tərcümə olunub yayıldığı təqdirdə Türkiyə və dünya ədəbiyyat tarixində də bu romanın milyonlarla oxucusunun olacağını qəti şəkildə söyləmək istəyirəm. Hətta ən qısa zamanda tərcümə olunması zərurətini də diqqətə çatdırmağa ehtiyac var.

Roman birxətli, birsüjetli təhkiyə üzərində qurulmayıb. Biz burada Osmanlı padşahlarının sarayını da gəzirik, uzaq Afrika çöllərində də oluruq, Moskvada Kreml kabinetini də müşahidə edirik, Tiflis küçələrində də dolaşırıq, Krımda İsmayıl bəy Qaspıralının qonağı da oluruq, Azərbaycanın Gəncədən üzü bəri Bakıya kimi olan marşrut boyu kənd və rayon mərkəzlərini, ayrı-ayrı evləri də görürük. Ən sonda isə Bakı kəndlərini, Bakıətrafı məntəqələrdə Nuru Paşanın komandanlıq etdiyi orduda sıravi əsgər kimi döyüşürük də. Müəllifin ən böyük uğuru da məhz bundadır. O, öz oxucusunu romanın personajına çevirir.

100 il əvvəl ermənilərin Azərbaycanın bir çox şəhər və kəndlərində xalqımıza qarşı törətdikləri soyqırımları, bu zaman həyata keçirdikləri vəhşiliklər, insanlara, ümumiyyətlə, insanlığa qarşı qeyri-insani münasibətləri, öz doğma ev-eşiklərindən, yurd-yuvalarından didərgin salınmış azərbaycanlıların yaşadıqları əzab-əziyyətlər ən kiçik detallarına qədər romanda öz əksini tapıb. Bolşevik Lenindən dəstək alaraq "Böyük Ermənistan" xəyallarını həyata keçirmək iştahasıyla soyqırımlar törədən daşnak Şaumyanın azğın siyasətinin nəticələri də oxucular üçün çox da uzaq olmayan keçmişin real və aydın mənzərələrini görmək baxımından əhəmiyyətli faktlardır. Gəncədə, Göyçayda, Şamaxıda və digər Azərbaycan torpaqlarında Qafqaz İslam Ordusunun "ağ atlı" qəhrəmanı Nuru Paşanın sərkərdəlik bacarığı, yuxusuz gecələrdə verdiyi incə siyasi qərarlar 1918-ci ilin 15 sentyabrında Bakının azad olunması ilə nəticələndi.

Güllü Məmmədova bu mübarizələr zamanı görkəmli Azərbaycanın görkəmli simalarının - general Əliağa Şıxlinskinin, Nağı bəy Şeyxzamanlının, Həbib bəy Səlimovun, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Əhməd Cavadın, Əhməd Ağaoğlunun, bir-biriylə yola getmədiyi halda düşmənə qarşı birlik olmağı bacaran Bakı qoçularının, xeyirxah milyonçu Hacı Zeynalabdin Tağıyevin və başqalarının obrazını yaratmaqla bu tarixi prosesdə mühüm rol oynamış şəxsiyyətlərin qiymətini də layiqincə verə bilib.

Romanda Osmanlı sultanları Məhməd Rəşad, Məhmət Vehideddin, həmçinin, həmin hökümətin Xariciyyə naziri Tələt paşa, Hərbi naziri Ənvər paşa, eləcə də Rüştü bəy Türkər və başqaları da obrazlar arasında öz yerini tutub.

Bundan başqa, oxucular Azərbaycanın tarix səhnəsində silinməsi üçün canfəşanlıq edənləri də tanıma fürsəti qazanacaqlar. Belə ki, romanda Lenin, Stepan Şaumyan, Qriqori Korqonov, Hamazasp, Tatevos Əmiryan, Menukyan, Melkumyan, Lazar Bçeraxov, ingilis general Denstervil, Mak Donelli və başqalarını yaxından tanıyacaqlar.

Tarixi əsərdə, müharibələrin, döyüşlərin içində incə bir sevgi xətti də diqqəti cəlb edir. Yaralı türk əsgərlərinə can-başla kömək etməyə çalışan həmşirə Mələk və Sarıqamışda ruslara əsir düşən, Sibir soyuğunda sürgündə olan, yenidən Osmanlı qoşunları vasitəsilə Bakı zəfərində qəhrəmanlıq göstərən türk subayı Əlinin sevgisi.

Müəllif əsəri Bakının azadlığı kimi müsbət sonluqla bitirdiyi kimi, sevgi xəttində də nakam məhəbbəti sujetə yaxın buraxmır. Sevənləri Bakı vağzalında Gəncəyə yola düşən qatar perronunda qovuşdurur.

Güllü Məmmədovanın 2015-2017-ci illərdə Bakı və İstanbulda yazıb bitirdiyi "Qan içində işıq" əsəri axıcı, oxunaqlı bədii roman olmaqla yanaşı, gərgin araşdırmaların nəticəsi kimi çox dəyərli və əhəmiyyətli tarixi mənbədir. Bu münasibətlə müəllifi, dəyərli yazıçımız Güllü xanımı həm bir oxucu, həm də bir vətəndaş kimi təbrik edir, ona bundan sonrakı yaradıcılığında uğurlar diləyir, bizləri sevindiricək yeni nümunələr ortaya qoymasını arzulayıram.

Naxçıvan

 





05.04.2019    çap et  çap et