525.Az

Əjdər Ol mühazirə dedi - Fotolar


 

"NƏSİMİNİ SONA QƏDƏR DƏRK ETMƏK, ANLAMAQ MÜMKÜN DEYİL..."

Əjdər Ol mühazirə dedi - <b style="color:red">Fotolar </b>

Aprelin 3-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda şair, yazıçı Əjdər Olun "Nəsimini niyə sevirik?!" mövzusunda ədəbi mühazirəsi təşkil olunub.

Tədbirdə gənc yazarla yanaşı, bir çox tanınmış şair, yazıçı və tərcüməçilər, eləcə də media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AYB-nin katibi Rəşad Məcid bildirib ki, “Nəsimi ili” çərçivəsində təşkil olunan "Nəsimini niyə sevirik" ədəbi mühazirənin məqsədi diqqəti Azərbaycan klassikinin üzərinə cəmləməkdi.

Sonra söz Əjdər Ola verilib. O deyib ki, bu mühazirənin məqsədi Nəsiminin kütləvi baxımdan anlaşılmasıdı: "Alim, yazar, şair haqqında verilən qərarlarda məqsəd diqqəti onların üzərinə yönəltməkdir. Cənab prezidentin sərəncamının Nəsiminin müəyyən qədər tanınmasında böyük rolu var. Nəsimi digər klassiklərlə müqayisədə çətin anlaşılan, çətin dərk olunandı. Təbii ki, bu işdə təşkil olunan tədbirlərin də əhəmiyyəti böyükdür. Nəsimini sona qədər dərk etmək, anlamaq mümkün deyil".

Əjdər Ol mühazirəsinin əvvəlində Nəsimi fəlsəfəsinin mənbəyinə varmaq üçün dövrün ədəbi və ictimai mənzərəsindən danışıb: "Əmir Teymur məzhəblərə, təriqətlərə çox vəsait buraxırmış, kömək eləyirmiş, məqsəd də nədir, çünki əsl elə bir zaman gəlib çıxıb ki, ərəb dövlətləri qüvvədən düşüb, amma İslam güclənib. İslam türk hökmdarlarının hesabına güclənib. Bütün türk hökmdarları İslam bayrağı ilə gəlirlər. "Quran" var ortada, 13-cü əsrdən başlayaraq, məzhəblər dəbə düşdü, çünki hər kəs qəbul etdi ki, müridlər ancaq Allahı mürşid vasitəsiylə anlaya bilər, yəni Allahı dərk etməyin yolu mürid-mürşid münasibətlərindən keçirdi. Və Nəimi "Cavidannamə" kitabında təkrar edirdi - ilk zahir tərəfləri deyim, sonra keçərik batin tərəflərə - zahir tərəflər bu idi ki, Quranda deyilir ki, Biz Adəmi öz şəklimizdə yaratdıq! Yəni Adəm, insan şəklindədi Allahın da şəkli. Və Həzrəti Məhəmmədin hədisinə söykənirdilər. Həzrəti Məhəmməd söyləyir ki (maraqlısı budur ki, Nəimi bu hədisi beş dəfə təkrar edir), mən merac gecəsi Allahın yanına yüksələndə (hər qatda hansı peyğəmbərləri gördüyünü yazır), Onu bığ yeri təzəcə tərləmiş, qıvırcıq saçlı, gözəl üzlü bir yeniyetmə oğlan kimi gördüm".

Nəsimi poeziyasından bəhs edən şair deyib ki, onun şeirləri böyük ideyalara, böyük məqsədlərə xidmət edirdi: "Hürufilər həm də dövlət, yeni cəmiyyət arzusunda olanlar idi. Lakin bütün bu səbəbləri bir kənara qoyub onun şeirlərindəki türk dilinə, duruluğa, ilahi qatda olan metaforalara diqqət etsək, Nəsiminin ədəbiyyatımız üçün böyük bir irs olduğunu anlamaqda çətinlik çəkmərik. Onun Allah, peyğəmbərlər, göy üzü, yer üzü haqqında ideal təfəkkürü var idi. Hürufilər rəqəmlərə və hərflərə diqqət edir, Allahı insan simasında oxuyur, Qurandakı rəqəmlərin anlamını açırdılar. Nəsimi və digər hürufilər təkcə Azərbaycan ərazisində deyil, həm də İraq, Türkiyə, Suriyada da getdikcə tanınır və hürufiliyin coğrafiyasını genişləndirirdilər. Bəzi hürufilərin türkcə, bəzilərinin farsca, bəzilərinin ərəbcə qəzəllər yazması buna imkan yaradırdı. Bu baxımdan həm Nəiminin "Cavidannamə"si, həm Nəsiminin bütün yaradıcılığı bizə həm də ona görə lazımdır ki, o dövrün tarixi və ictimai-sosial problemləri ilə də tanış ola bilirik".

Mühazirə zamanı qonaqlar da fikirlərini səsləndirib, ədəbi müzakirəyə qoşulublar.  Əməkdar jurnalist İlham Abbasov deyib ki, biz Nəsimini anlamadan sevirik: "Onun qəzəllərinin mənası hələ də bizim üçün qeyri-müəyyəndi. Nəsiminin xarizması, taleyi və türkcə yazdığı qəzəllərin ahəngi bizi özünə cəlb edir. O, hələ min il sonra da araşdırılacaq, oxunacaq. Azərbaycan xalqı şairlərini sevən xalqdır. Bir dəfə xaricdən gələn bir qonaq mənə dedi ki, siz şairin şəklini pulun üzərinə vurursunuz (Nizami Gəncəvini nəzərdə tutur), belə şeyə ilk dəfədir rast gəlirəm. Həqiqətən, şairlərimizi yaşatmaq, unutmamaq üçün çalışırıq. Nəsiminin böyüklüyünü dərk edirik və hələ onun açılmayan qatlarını da kəşf edəcəyik".

Mühazirənin davamında Əjdər Ol maraqlı bir məqama toxunub: "Çox qəribədir ki, klassiklərimiz Nəsiminin adını çox az hallarda çəkiblər. Görünür, "Mənəm Allah" ifadəsindən qorxublar. Sonrakı dövrlərdə isə Nəsimin fədakarlığı müəyyən şeirlərdə özünü göstərir. Füzulidə də birbaşa olmasa da, müəyyən həddə Nəsimiyə nəzirələr var. Xətaidə daha çox rast gəlirik. Bunun səbəbi isə odur ki, sufilər hürufilərlə çox yaxın ideoloq idilər. Təsir güclü idi.

Nəsiminin yaradıcılığının tərcüməsi, xüsusən, 30-40-cı illərdən sonra davam edən tərcümə proseslərində həm ustadı Nəimi, həm də özü haqqında fikirlərimiz müəyyənləşir".

Mühazirə zaman Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Nəsiminin 650 illiyi ilə bağlı təşkil etdiyi qiraət müsabiqəsinin qalib və laureatı Ümid Abbas Nihani və "Odlar Yurdu" ritm qrupu,  Sabirə Abdullayeva, Xalq artisti Ağalar Bayramov Nəsiminin qəzəllərini ifa ediblər.

Sonra mühazirə iştirakçıların müzakirələri ilə davam edib.

Tənqidçi Əsəd Cahangir çıxışında Nəiminin "Cavidannamə" əsərinin nəhayət ki, dilimizə tərcümə edilməsi təklifini irəli sürüb. O, kollektiv zəhmət tələb edən bu işin "Nəsimi ili"nə ən böyük töhfələrdən biri olacağını vurğulayıb.

Daha sonra Sayman Aruz, Balayar Sadiq, Əli Əmirli, Adilə Nəzər və başqaları çıxış edərək Nəsimi poeziyası və onun Azərbaycan ədəbiyyatındakı izləri ilə bağlı düşüncələrini bölüşüb, təkliflərini irəli sürüblər.

Şahanə MÜŞFİQ
Foto: Nofəl ÜMİD

 





05.04.2019    çap et  çap et