525.Az

"Oyuq" teatr-studiyası balacaları sevindirib


 

"Oyuq" teatr-studiyası balacaları sevindirib<b style="color:red"></b>

Birləşmiş Millətlər Təşkilatının (BMT) təşəbbüsü ilə 2007-ci ildən başlayaraq hər il aprel ayı "Dünya autizm maarifləndirmə ayı" kimi qeyd edilir.

Bu münasibətlə bütün dünyada olduğu kimi, Azərbaycanda da ictimaiyyətin diqqətini autik spektr pozuntuları ilə üzləşmiş insanların və ailələrin ehtiyaclarına yönəltmək və ümumiyyətlə, əhalini autizm barədə məlumatlandırmaq məqsədilə müxtəlif tədbirlər keçirilir.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, teatrın nəzdindəki "Oyuq" teatr-studiyası da bu ideyaya xidmət edən silsilə tədbir-tamaşalar həyata keçirir. Artıq ənənə halını alan bu təşəbbüsün növbətisi də aprelin 4-də reallaşıb.

Dünən "Oyuq"çular balaca tamaşaçıları qarşısında "Qırmızıpapaq" tamaşası ilə çıxış ediblər.

Səhnələşdirənləri Qurban Məsimov, Səidə Haqverdiyeva, quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadə olan bu rəngarəng tamaşada uşaqlara sevimli nağıl qəhrəmanlarının səhnə çələngi təqdim olunub. Balacalara sevgi və humanizm aşılayan səhnə işinin əsas ideyası "dünyanı dostluq xilas edəcək" şüarıdır.

Tədbirin əsas qonaqları da məhz autizm sindromlu uşaq və yeniyetmələr, onların ailə üzvləri olublar.

Xatırladaq ki, autizm sindromlu uşaqların iştirakı ilə səhnələşdirilən və onlara həsr olunan "Əlimdən tut" adlı ilk tamaşa və sosial çarx da məhz "Oyuq" teatr-studiyası tərəfindən hazırlanıb və bu barədə cəmiyyətdə sistemli olaraq maarifləndirmə işi aparılıb.

Şahanə MÜŞFİQ

 





05.04.2019    çap et  çap et