525.Az

Məmməd Tahir haqqında məqalə və müsahibələr bir kitabda


 

Məmməd Tahir haqqında məqalə və müsahibələr bir kitabda<b style="color:red"></b>

Bugünlərdə "Qanun" Nəşriyyatında "Səmimiyyətin poeziyası" adlı yeni kitab işıq üzü görüb.

Kitabda çağdaş Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən biri Məmməd Tahirin Vətən, yurd, insan sevgisi ilə zəngin olan çoxşaxəli və özünəxas yaradıcılığına həsr olunmuş məqalələr və müxtəlif illərdə mətbuata verdiyi müsahibələr toplanıb.

Kitabın məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimli, nəşrə hazırlayan və redaktoru isə Nəriman Əbdülrəhmanlıdır.

Birinci hissədə Məmməd Tahir haqqında müxtəlif qələm sahiblərinin məqalələri, portret yazılar yer alıb. İlk məqalə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoyluya aiddir. O, M.Tahirdən "Səmimi və kövrək duyğuların tərənnümçüsü" deyə bəhs edir: "Məmməd Tahirin şeirləri ilk növbədə səmimi və təbii, kövrək və ilıq duyğuların sadə və axıcı bir dillə, həm də yüksək poetik bir biçimdə bədii ifadəsi ilə diqqət çəkir. Həcmcə çox da böyük olmayan, yüksək obrazlılığı ilə seçilən şeirlərinin hər birində özünəməxsus deyim tərzi, ifadə orijinallığı, dərin məna tutumu qabarıq şəkildə özünü göstərir, oxucunu həm düşündürür, həm qəlbinə bir sərinlik çiləyir, həm də ona xoş ovqat, gözəl əhvali-ruhiyyə bağışlayır".

Bu bölmədə həmçinin, Vaqif Yusifli, Xanəli Kərimli, Nizami Muradoğlu, Arif Əmrahoğlu, Bayram İsgəndərli, Fərqanə Mehdiyeva, Kəmaləddin Qədim, Məmməd Oruc, Səyavuş Sərxanlı, Vaqif Məmmədov, Heydər Oğuz, İnqailab Orxan, Aydın Uluxanlı, Hikmət Məlikzadə, Əhməd Oğuz, Bəradər Səmindərli, Fərman Rəsulov, Akif Axundov, Sevindik Vəliyevin M.Tahirin söz dünyası haqqında məqalələri çap olunub.

Kitabın "Müsahibələr" bölməsində M.Tahirin Fərzux Seyidbəyli və Faiq Balabəyli ilə söhbətləri var. Burada şair ədəbiyyat, poeziya, söz haqqında fikirlərini, müasir ədəbiyyatın durumu ilə bağlı rəyini bildirib. O, poeziya haqqında danışarkən deyir: "Poeziya duyğu və düşüncənin dilidir. Bu dili yer kürəsində hamı başa düşür. Poeziya həyatın və insanların yaşayış tərzinin estetik tərəfidir, zövqverici xüsusiyyətə malikdir. Həyatın romantik tərəfləri yalnız poeziyada öz əksini tapır. Bu mənada, insanların ona ehtiyacı var".

Kitab ədəbiyyat araşdırıcıları, eləcə də kütləvi oxucular üçün nəzərdə tutulub.

Şahanə MÜŞFİQ

 





05.04.2019    çap et  çap et