525.Az

Həmid Araslının 110 illiyi ilə bağlı sərgi


 

Həmid Araslının 110 illiyi ilə bağlı sərgi <b style="color:red"></b>

Bu il Azərbaycanın Əməkdar elm xadimi, akademik Həmid Araslının yubileyidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında 11 fevral 2019-cu il tarixli Sərəncamına uyğun olaraq Mərkəzi Elmi Kitabxananın (MEK) Sərgi salonunda alimin yubileyi ilə bağlı sərgi açılıb.

Sərgidə akademik Həmid Araslının kitabxana fondlarında saxlanılan "İmadəddin Nəsimi", "Xaqani Şirvani", "XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi", "Tarla qızları", "Azərbaycan ədəbiyyatı: tarixi və problemləri", "Böyük Azərbaycan şairi Füzuli", "Şairin həyatı", o cümlədən, "Həmid Araslı" (biblioqrafiya), "Ədəbiyyat" (8-ci sinif üçün dərslik, müəlliflər H.Araslı və H.Eyvazov) kitabları, Türkiyədə çap olunan "Gülşehri ve Genceli Nizami", "Leyli ve Mecnun" məqalələri nümayiş olunur.

H.Araslı 1939-cu ildə "Kitabi-Dədə Qorqud"u nəşr etdirməklə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, eləcə də bütün türkologiya elminə böyük töhfə verib. Alim əsərin nəşri ilə yanaşı, onun tədqiqi və təhlili ilə də ciddi məşğul olub. O, türk xalqlarının müştərək eposu olan "Kitabi-Dədə Qorduq"da dil, üslub, hadisələrin cərəyan etdiyi məkan etibarilə Azərbaycanla bağlılığını konkret dəlillərlə əsaslandırıb. Akademik dastanda çətin anlaşılan müasir Azərbaycan dilindən çıxmış bir çox kəlmələrin folklor və klassik şairlərin əsərlərində işlənməsini bədii nümunələrlə təsdiq edərək abidənin dilinin Azərbaycan dilinə yaxınlığını sübut edib. H.Araslı böyük əmək sərf etdiyi bu abidə ilə bağlı axtarışlarını sonralar da davam etdirərək 1962 və 1978-ci illərə aid nəşrlərində bəzi təshihlərlə daha da təkmilləşdirib.

Qeyd edək ki, sərgidə nümayiş etdirilən kitablar MEK-in elektron kataloquna daxil edilərək Milli Rəqəmsal Yaddaş bazasında yerləşdirilib.

Sərgi 2019-cu ilin sonunadək davam edəcək.

ŞAHANƏ

 





05.04.2019    çap et  çap et