525.Az

O əjdahadan bizdə niyə yoxdur? - Zülfü Livaneli ilə müsahibə


 

O əjdahadan bizdə niyə yoxdur? - <b style="color:red">Zülfü Livaneli ilə müsahibə </b>

İstanbulun İstiqlal küçəsində yerləşən Yapı Kredi Kültür və Sənət Mərkəzinə ilk gedişimin səbəbi yazıçı, ssenarist, resjissor, siyasətçi Zülfü Livaneli ilə müsahibə almaq idi. Məni orada nəyin gözlədiyini bilmirdim.

Fikirləşirdim ki, yazıçı ilə görüşdür, bura nə qədər insan gələcək ki? Uzağı 40-50 insan toplanacaq və adi tədbir olacaq. Onsuz da məkan da böyük deyil. Üstəlik, yağış yağır və soyuqdur, bu havada kimdir evdən çölə çıxan?! Mərkəzə tez getdiyimdən əvvəl-əvvəl gözümə 7-8 adam dəymişdi. Bu, məni lap arxayın salmışdı. Amma dəqiqələr keçdikcə topa-topa gələn insanların sayı artır, bütün yerlər bir gözqırpımında dolurdu. Gələn insan selinin ardı-arası kəsilmirdi. Böyük zalda ayaq basmağa yer qalmamışdı. Kimi yerdə oturmuşdu, kimi divara söykənmişdi, hətta səhnənin arxasındakı qapıya qulağını söykəyib, yazıçının üzünü görmədən dinləyənlər belə vardı. Dəhlizdə içərini yayımlayan kiçicik manitorun qarşısında isə o qədər çox adam vardı ki, sanırdın, hamısı bir-birinə zəncirlənib, onları yarıb keçmək mümkün deyildi. Pilləkəndən aşağıya qədər düzülən, qırıq-qırıq, boğuq, qulaqlarına hərdən-hərdən gedib çıxan səsi dinləyənlərdən heç danışmıram... İnsanların dayanmadan mərkəzə axın etməyi, izdihamın səngimək bilməməsi Kültür Mərkəzinin qapısını kilidlənməsinə səbəb oldu. İçəridəkindən daha çox insan çöldə - yağışın altında qaldı.

Gördüyüm mənzərə qarşısında heyrətdən donub qalmışdım, o nə idi, İlahi?!

Növbəti tədbirlərin birindən çıxanda çox gec idi. Qapıdan çölə yenicə addım atmışdıq ki, bir də gördüm, ətrafda olan hamı Zülfü Livaneliyə doğru qaçır. Kimi şəkil çəkdirirdi, kimi kitab imzaladırdı, kimi "sizi bir dəfə qucaqlaya bilərəmmi" sualını verirdi. Mənim üçün hələ də müəmmalı olan budur ki, insanlar o darmacalda müəllifin kitablarını haradan tapıb imzaladırlar?! Nəsə, mövzumuz bu deyil. Bütün bu mənzərəni seyr edirdim. İnsanların həyəcanı, sevincləri gözlərindən süzülürdü. Livaneli təkcə o gün yox, həmişə böyük bir səbrlə, hər kəsə təbəssüm edərək həm imzalayır, həm də şəkil çəkdirir. Bütün bunları və bənzər mənzərələri gördüyüm üçün bir gün ona sual verdim.

- Bu qədər sevəniniz var. Saatlarla qapı arxasında sizi gözləyirlər. Niyə imza günləri keçirmirsiniz?

- Buna 3-4 ildən artıqdır, son qoymuşam.

- Nə üçün?

- Bəzən imza günləri 10-13 saata qədər davam edir. Üstəlik, səni sevərək gəlirlər, ona görə qırmaq olmur. Axıra qədər həm imzalamağa, həm şəkil çəkdirməyə məcbursan. Doğrudur, bu qədər sevgi gözəldir, amma həmin an insan yorulur, bu isə adamı məhv edir.

Sonra uzun bir səssizlik oldu. Nəsə düşündüyümü görüb bu dəfə sualı o verir:

- Sizdə hansı yazıçının imza günü izdihamlı keçir?

Sanki başımdan buz kimi su tökdülər. Ünvanladığı suala hazırlıqsız yaxalanmışdım. Hələ bir az özümü eşitməməzliyə də qoydum. Sonra donuq təbəssümlə və utana-utana, "10-13 saat kitab imzalayacaq elə biri yoxdur" cavabını verdim.

Doğrudur, ölkə daxilində bu bizə adidən adi gəlir, mövcud vəziyyət bizi çox da narahat etmir, yəqin alışmışıq. Amma kənarda bu mövzuda sual yağışına tuş gələndə, adam lap xəcalət çəkir! Özünə milyon dəfə "axı niyə?" sualını verirsən. Sonra düşünürsən ki, əşşi, adi bir iş görürsən, qoşulmayan söz, şahid olmadığın eybəcərliklər qalmır, təqdirləri özlərinə qalsın, dartışdıra-dartışdıra bölüb min tikə edirlər. Bu şəraitdə əlbəttə, 10-13 saatlıq imza mərasimi olmaz. 

"Böyük yazıçılar ustalıqla oxucunun ruhuna sızırlar" 

Zülfü Livanelinin oxumaqla bağlı fikirləri fərqlidir. Bunun günahını oxucuda yox, əsasən yazıçıda görür. Livaneli deyir ki, yazıçı oxucuya zövq vermirsə, qalaq-qalaq kitablar yazmaq əhəmiyyətsizdir: "Görülən hər iş kimi kitab da zövq alınaraq oxunmalıdır. Ədəbiyyat insanları canından bezdirəcək səhifələri ard-arda sıralamaq deyil, nə qədər dərin fikirlər deyilirsə-deyilsin, bunlar oxucuya zövq verməlidir, vərəqləri səbirsizliklə çevirməyə vadar etməlidir, hətta oxucunu "heç bitməsin" deyəcək həddə çatdırmalıdır. Bütün böyük yazıçılar bu üstünlüyə sahibdir. Siz heç Servantesi, Dostoyevskini, Tolstoyu, Dikkensi, Floberi, Stendalı, Markesi oxuyarkən sıxılan, "ah, uf" deyən insan gördünüz? Mən görmədim. Çünki bu yazıçılar böyük ustalıqla oxucunun ruhuna sızırlar. Roman qəhrəmanlarını real həyatdakı insanlardan daha aydın tanıdır, oxucuya özünü onların yerinə qoymağı bacarırlar".

"Oxumamağın başlıca səbəblərindən biri ədəbiyyat dərslikləridir"

Yazıçı kitablarla insanlar arasında yaranan soyuqluğun təməlində məktəbdə keçilən ədəbiyyat dərslikləri dayandığını deyir: “Məktəb illərimizdə ədəbiyyat dərslikləri təəssüf ki, bizi ədəbiyyatdan soyutmaq üçün əlindən gələni edirdi. Divan ədəbiyyatından iki misra götürüb oradakı "sənəti" açıqlamaq, əruz vəznlərini əzbərləmək kimi sıxıntıdan boğulacaq vəziyyətə salırdı. Halbuki o yaşda uşaqlara kitab oxumağı sevdirəcək necə gözəl proqramlar tərtib edilə bilərdi. Amma etmədilər. Hər halda, məktəblərdə hələ də eyni vəziyyət davam edir".

"Çexovdan dərinsən, Tolstoydan böyük yazansan?"

"Məktəbdəki ədəbiyyat travmasının ardınca yazıçılar gəncləri oxumaqdan soyutdular" - deyən Livaneli, buna səbəb kimi uğursuz yazılan kitabları göstərir: "Təkcə məktəblər yox, ədəbiyyat aləmi də gəncləri oxumaqdan soyutmaq üçün əllərindən gələni etdilər. Çox dərin və intellektual görünmək istəyən yazıçılar biz zavallı fanilər üçün yazmaq lütfündə olduqları kitablarda uzun, əndrabadi cümlələr, hadisələrin zəncirvari şəkildə davam etmədiyi, obrazların kölgə kimi qaldığı uğursuz işlər ərsəyə gətirdilər. Səhifələri minbir lazımsız mətləblərlə doldurdular. Sonra da bu bacarıqsızlığı, hava yığınını "postmodern" kimi dəbdəbəli sözlərin arxasında gizlətdilər. Təcrübəsiz pianist mütəmadi bir nota basıb "Siz anlamırsınız, bu, çağdaş musiqidir" deyənlərlə, quş şəkli belə çəkməyi bacarmayan bir rəssamın ortada kiçik qırmızı bir ləkə yerləşdirib "siz bilmirsiniz, bu, sənətdir" kimi mənasız işlərə qol qoyanlarla mübarizə aparacaq vəziyyətə düşdük. Bəzən onlara sual vermək istəyirsən, "Sən Çexovdan daha dərinsən, Yunus Əmrədən daha ağıllısan, Tolstoydan daha böyük yazansan? Onlar oxunur, sən niyə oxunmursan? Əgər yazacaq hekayən yoxdursa, sus. Əgər oxucuların ətinə, sümüyünə işləyəcək və heç vaxt unudulmayacaq xarakterlər yaratmırsansa, get başqa işin qulpundan yapış. Bütün bunlar bir yana, bir də oxucuda "deyəsən, məndə yanlışlıq var, kitab çox ağırdır, başa düşə bilmirəm" fikri yaradılır və oxucuya vurulan yarımçıq zərbə tamamlanır". 

"Kitab özünü oxuda bilmirsə, at getsin" 

Yazıçı deyir ki, bu gün ortalıq ədəbiyyata dəxli olmayan və "mən yazıçıyam" deyən insanlarla doludur: "Əziz oxucu, əgər dahi yazıçıları həvəslə oxuyursunuzsa, digərlərindən niyə sıxılırsınız? Cavab sadədir. Çünki həmin kitablar yorucudur. Özlərini oxuda bilmirlər. Yazıçının işi kitabını oxutmaqdır. Dünyanın ən böyük yazıçıları özlərini oxudurlar. Dostoyevski, Tolstoy tarixin ən böyük bestselleridir, Dikkens qat-qat çap edilirdi, insanlar oxuma zallarında toplanıb bir-birlərini qırırdılar onu əldə etsinlər deyə. Yaxşı və pis ədəbiyyat necə ayrılır deyirlər: oxuduğunu anlayırsansa, pis ədəbiyyatdır, anlamırsansa, yaxşı ədəbiyyatdır (gülür). Hər yer ədəbiyyata aidiyyatı olmayan, vaxt keçirmək məqsədi ilə sevgi, ya da cinayət kimi mövzuları istismar edən kitablarla doludur. Yaxşı kitablar da onların arasında itib gedir. Əgər bir kitab özünü oxuda bilmirsə, o zaman bu kitabı dərhal at getsin. Dünyada oxunmasını gözləyən saysız kitablar var. Kapitalizmin çaşdıran məhsul sırıma oyunlarından qurtulmağın tək yolu oxu zövqünə güvənməkdir".

Qulaq asdıqca, yazdıqca adam özünü zəif hiss edir. Bir az da dərinə gedəndə adamı "Bəyin oğurlanması" filmindəki o məşhur sual rahat buraxmır: "Bəs, o əjdahadan bizdə niyə yoxdur?"

 





06.04.2019    çap et  çap et