525.Az

Turistlər üçün nəzərdə tutulan "Bakı kart"ın təqdimatı olub


 

Turistlər üçün nəzərdə tutulan "Bakı kart"ın təqdimatı olub<b style="color:red"></b>

Bakı Konqres Mərkəzində Azərbaycanın 6 ölkədə fəaliyyət göstərən xarici turizm nümayəndəlikləri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə keçirilən görüşdə yerli turizm sənayesinin iştirakçıları nümayəndəlik ofislərinin fəaliyyəti ilə tanış edilib, qarşılıqlı əməkdaşlıq imkanları haqqında məlumat verilib.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid təmsil etdiyi qurumun son illər ölkəmizin turizm imkanlarının təbliği istiqamətində reallaşdırdığı layihələrdən və gələcək planlardan söz açıb.

Bildirilib ki, 2018-ci ilin dekabrından Almaniyanın Frankfurt, BƏƏ-nin Dubay, Səudiyyə Ərəbistanının Ər-Riyad, Çinin Pekin, Hindistanın Mumbay, Rusiyanın Moskva şəhərlərində fəaliyyətə başlayan nümayəndəliklər ölkənin xaricdə daha çox tanıdılmasına nail olmaq, hədəf bazarlardan turist axınını artırmaq, ümumilikdə ölkədə turizmin inkişafına dəstək vermək məqsədini daşıyır. Nümayəndəliklər fəaliyyət göstərdikləri ölkə və region üzrə Azərbaycanın turizm potensialının təbliği, marketinq araşdırmaları, hesabatların hazırlanması, təbliğat materiallarının hazırlanması və yayımlanması, təlimlərin keçirilməsi və s. kimi istiqamətlər üzrə fəaliyyət göstərirlər. Rəsmi turizm nümayəndəliklərinin fəaliyyəti həmçinin Azərbaycana aid seminarların, eləcə də yerləşdiyi regionlardakı və Azərbaycandakı turizm və səyahət şirkətlərinin əməkdaşlıq etməsi üçün görüşlərin təşkil edilməsi, Azərbaycanın beynəlxalq sərgilərdə təmsil olunmasına dəstək verilməsi və koordinasiya işlərini həyata keçirərək ikitərəfli əlaqələrin stimullaşdırılmasına xidmət edir.

Onun sözlərinə görə, yaxın vaxtlarda Böyük Britaniya, Fransa, İran və Koreya Respublikasında da daimi turizm nümayəndəliyinin açılması nəzərdə tutulur.

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə keçirilən tədbirin ikinci hissəsi səyahət agentlikləri, tur operator və hotellərin nümayəndələrinin iştirakı ilə ikitərəfli görüşlər formatında müzakirələr çərçivəsində davam etdirilib.

Tədbir çərçivəsində Bakıya səyahət edənlər üçün Bakı Turizm İnformasiya Mərkəzinin rəhbəri Rüfət Bağırov tərəfindən rəsmi şəhər kartı olan "Bakı kart"ın ("BakuCard") təqdimatı olub.

"BakuCard" yeni və innovativ məhsul olaraq kart sahiblərinə Bakı şəhərində ictimai nəqliyyatdan və hava limanından şəhərə və əksinə transfer xidmətini həyata keçirən "Baku City Aero Express" avtobuslarından ödənişsiz istifadə imkanı tanıyır. Həmçinin, kartı əldə etməklə turistlər Bakı şəhəri üzrə turistik yerlərə gəzintilər həyata keçirən "Baku City Tour" avtobuslarına biletləri 50 faiz endirimlə əldə edə biləcəklər.

Kart vasitəsilə 20-dən çox muzey və istirahət mərkəzlərinə pulsuz və ya endirimli giriş, 200-dən çox pərakəndə satış mağazasında və ticarət mərkəzində, müxtəlif restoran və kafelərdə endirimlər, salamlama içkiləri və ödənişsiz məhsullardan faydalanmaq mümkündür. Etibarlılıq müddətinə görə 24 saatlıq, 72 saatlıq və 1 həftəlik olmaqla 3 növü olan kartların qiymətləri müvafiq olaraq 24 AZN, 45 AZN və 70 AZN təşkil edir. Kartların satışı Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, turizm informasiya mərkəzləri, müxtəlif hotellər, turizm agentlikləri, kiosklarla yanaşı, onlayn olaraq www.bakucard.az saytı vasitəsilə həyata keçirilir.

Vurğulanıb ki, turistlərin qənaət edərək vaxtlarını daha səmərəli keçirmələrinə şərait yaradan "BakuCard" kartları geniş funksional imkanlar tanıyaraq Bakı şəhərinin beynəlxalq turizm məkanı kimi cazibəsini daha da artıraraq, paytaxtımızın sürətlə inkişaf edən turizm şəhəri olmasına töhfə verəcək.

 





07.04.2019    çap et  çap et