525.Az

Uzaq və yaxın Meksika - Telman Orucovdan yeni silsilə


 

Uzaq və yaxın Meksika - <b style="color:red">Telman Orucovdan yeni silsilə </b>

Meksika ilə ilk tanışlıq

Latın Amerikasının ən böyük dövlətlərindən biri, Mərkəzi Amerikanın isə aparıcı dövləti olan Meksika ilə tanışlığım yeniyetməliyimdən - bu ölkənin romantik kinofilmlərindən başlamışdı.

"Məhəbbət görüşü" filminin qəhrəmanı, inqilabçı Roman, ölüm təhlükəsinə baxmayaraq, vurulduğu qıza söz verdiyinə görə onunla rəqs etmək üçün görüşə gəlmiş və orada həlak olmuşdu. O, öz mərdliyinə sadiqliyini həyatına olacaq qəsddən də yüksək tutmuşdu. Bir obrazda meksikalılara xas olan nəcib xüsusiyyətlərin ümumiləşdirilməsi qənaətinə gəlmişdim. Böyük sovet kinorejissoru Sergey Eyzenşteynin "Meksika" sənədli filmi də bu ölkə və yenilməz xalq haqqında təsəvvürlərimi genişləndirmişdi. Sonralar isə Nobel mükafatı laureatı Oktavio Pasın poeziyası da mənə güclü təsir göstərməmiş qalmamışdı.

Meksikalılarla yaxın tanışlığım isə 1983-cü ildə SSRİ-yə qonaq gəlmiş Meksika parlament nümayəndələri ilə görüş və bir neçə gün davam edən ünsiyyət hesabına mümkün olmuşdu. 1982-ci ildə Heydər Əliyevin başçılıq etdiyi SSRİ Ali Sovetinin nümayəndə heyəti Meksikada səfərdə olmuş və eyni səviyyədəki nümayəndə heyətinin SSRİ-yə və həmçinin, Azərbaycana gəlməsi dəvətini o, Meksika Konqressinə çatdırmışdı.  Sonrakı ili meksikalıların səfəri baş tutmuşdu və onları SSRİ Ali Sovetinin Millətlər Sovetinin sədr müavini və SSRİ Meyvə-Tərəvəz Təsərrüfatı nazirinin birinci müavini N.M.Zayçenko və SSRİ-nin Meksikadakı səfiri R.A.Sergeyev müşayiət edirdilər. Heydər Əliev isə Azərbaycana rəhbərliyini artıq başa vurmuşdu, ölkə miqyasında yüksək vəzifəyə irəli çəkilərək, Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Moskvada işləyirdi. Meksika parlamentinin nümayəndə heyəti Moskvaya gəldikdən sonra səfər proqramına müvafiq olaraq Bakıya təşrif buyurmuşdu.

Mərkəzi Komitə Bürosunun qərarı ilə Azərbaycanda nümayəndə heyəti ilə işləmək mənə həvalə olunmuşdu. Çünki xarici qonaqlarla, biznes dairəsinin aparıcı adamları ilə artıq müəyyən iş təcrübəm var idi. Bir neçə il əvvəl Bakıya gəlmiş ABŞ-ın görkəmli iş adamı Con Kristalı uzun müddətli səfərdə müşayiət etmək eyni qaydada mənə tapşırılmışdı. Con Kristalın o dövrdə Sov. İKP MK katibi olan M.S.Qorbaçovla xoş münasibətləri var idi və onun əmisi, həm də var-dövlətinə varis olduğu Qarst Ayova ştatında vaxtilə iri taxılçılıq təsərrüfatlarının sahibi olmuşdu və N.S.Xruşşov ABŞ-da səfərdə olduğu vaxt onun qarğıdalı plantasiyasına da getmişdi. Qarstın dünyada tanınması isə bir fotoşəkillə əlaqədar idi. Xruşşov plantasiyaya girəndə jürnalistlər də tarlaya hücum çəkmiş, qarğıdalı bitkisinin gövdələrini tapdaladıqda, Qarst bir qarğıdalı kolunu çıxarıb, onunla jurnalistləri döyüb, sahədən qovmağa başlamışdı. Bu fotoşəkil bütün dünya mətbuatını dolaşmışdı və qocaman fermeri beləcə məşhurlaşmışdı.

Con Kristal ucaboylu, iri bədənli adam idi. Biz onunla Lənkəranda olduq və yerli təbiət, Qızılağac qoruğu, Xanbulan süni gölü ona çox xoş gəlmişdi, həm də mətbəx nümunələri onu xeyli təəccübləndirmişdi. Meşədəki bulaq başında təşkil olunan piknik isə ona əsl ləzzət vermişdi. Ümumiyyətlə, Azərbaycanda olmağından çox razı qalmış və respublika rəhbərliyinə göndərdiyi məktubda razılığını bildirmiş və onu müşayiət edənə  təşəkkürünü çatdırmaq sözlərini əlavə etməyi də unutmamışdı.

Bundan başqa, İsveçrə, Fransa, İtaliya və Yunanıstan işgüzar dairələri ilə danışıqlar aparmış, onlarla iqtisadi əməkdaşlığın bünövrəsini qoymuşduq. İsveçrədən konserv sənayesi üçün avadanlıq, İtaliyadan bizim təklifimizlə müvafiq texnologiya işlənib hazırlandıqdan sonra nar emalı üçün iki bütöv zavod alınmışdı. Bu, nar şirəsinin keyfiyyətinin xeyli yaxşılaşmasına şərait yaratmaqla yanaşı,  zavodlar işə düşdükdən sonra əhalidən Azərittifaq tərəfindən tədarük edilən 100 min ton miqdarındakı narın elə mövsüm ərzində sürətli və çox keyfiyyətli emalını mümkün etmişdi. Fındığın çeşidlənməsi və emalı üçün İtaliyanın başqa firmasından fındıq zavodu, Yunanıstandan isə zeytun yağı istehsal edən zavod alınmışdı. Bu tədbirlər respublikada konserv və digər emal müəssisələrini geniş tərəqqi yoluna çıxarmışdı. Bakıda fransız iş adamları ilə görüşümüz olmuş, onlarla işgüzar əlaqələr yaratmışdıq. Beləliklə, əcnəbi qonaqlarla və iş adamları ilə təmasda olmaq adi bir praktiki iş sferasına daxil olmuşdu. Onu da qeyd etmək lazımdır ki, 1980-ci illərin birinci yarısında respublika rəhbərliyi aqrar-sənaye kompleksinin sürətli inkişafına böyük diqqət və qayğı göstərirdi, bizim bu sahədəki müsbət təşəbbüslərimizə də daim dəstək verirdi. Respublika rəhbəri kimi Heydər Əliyev bütün sahələrdə olduğu kimi, bu kompleksdəki novator dəyişikliklərin başında dururdu, onun əli daim  iqtisadiyyatın geniş sferasının nəbzi üzərində olurdu. Respublikada bu ənənə tam intensivliklə olmasa da, Qorbaçov ölkə rəhbərliyinə gələnə qədər davam etdi. Azərbaycanda işlərin yüksək səmərəliliyini görən İttifaq nazirliyi də investitsiya və xarici valyuta ayrılması barədəki xahişlərimizi müsbət qarşılayırdı. Qorbaçov hakimiyyətə gələndə isə iqtisadi inkişafı "sürətləndirmə" şüarını irəli sürsə də, reallıqda onun əməli inkişafa "dayan" göstərişinə çevrilmişdi. İqtisadi tənəzzül böyük sürət götürdü, ölkədə ciddi ərzaq qıtlığı yarandı, bunlara özü bilavasitə günahkar olduğu halda, onun mənbəyi timsalında diqqəti, Brejnev dövrünün özünün adlandırdığı "durğunluğuğuna" yönəltməyə cəlb etmək yolunu tutmuşdu. Ölkədə nüfuzu kəskin surətdə aşağı düşdüyü halda, Qərbdə Qorbaçov (onu pərəstiş ifadəsi kimi orada "Qorbi" adlandırırdılar) az qala qəhrəman qiyafəsində təsvir edilirdi.

Meksikalı qonaqlar o vaxtlar ən yaxşı otel sayılan "Moskva" mehmanxanasında yerləşdirilmişdilər. Otelin restoranında ilk nahar vaxtı mən mayyaları, astekləri, axırıncıların paytaxtı Tenoçtitlanı "xoş gəldiniz!" sağlığında xatırlayanda, qonaqlar təəccüblərini gizlətməyərək, doğma ölkələri haqqında xoş sözlərdən məmnunluqlarını bildirdilər. Bu da aramızda səmimi münasibətin yaranmasına səbəb oldu. Yəqin ki, İttifaq nazirinin müavini olan Zayçenko da məni xeyli müddət tanıdığından, onlarla müəyyən fikir mübadiləsi aparıbmış. Bakını xeyli gəzdilər və bir gün biz Neft Daşlarına getdik. Xəzər dəniz Neft Birliyinin rəisi, məşhur neftçi, mərhum Qurban Abbasovun özü də yaxtasında bizimlə gedirdi. Biz estakadaya qədəm basdıqda, bu, meksikalılara elə bir təsir bağışlamadı, axı o vaxtlar artıq Meksika körfəzində su altındakı dərin qatlardan neft çıxaran iri, müasir platformalar mövcud idi. Xəzərdə isə neft 10-15 metrlik su qatının altından çıxarılırdı. Lakin Azərbaycanın dəniz nefti hasilatına görə öyünməyə də haqqı var idi, 1949-cu ildə buranın işə salınması ilə respublikamız bu qeyri-adi, həm də mühüm işin pionerlərindən biri olmuşdu. Texniki tərəqqidə isə biz geri qalırdıq və hətta "Amerika" jurnalının 1972-ci ildəki SSRİ-nin 50 illiyinə həsr olunmuş xüsusi nömrəsində ölkənin nailiyyətləri istehza qaydasında təhlil edildiyindən, Neft Daşları da dünyanın digər dəniz neft yataqları ilə müqayisədə, müasir zavodların fonundakı köhnə su dəyirmanı kimi lağ obyektinə çevrilmişdi.

1970-ci illərin sonunda Azərbaycanda fransızların köməyi ilə Dərin Özüllər zavodu tikilməyə başlandı və Xəzərdə dərin su qatı altında neft hasilatına imkan verən müasir  qazma-buruq platformaları istehsal edilməsinə start verildi. İndi Xəzər qazmaçıları üçün yeni daha məhsuldar yataqlarda 150 metrlik su qatı altından neft çıxarmaq da elə bir problem deyildir. 1984-cü ildən geniş fəaliyyətə başlayan Dərin Özüllər zavodu indi nəinki ölkəmizin, hətta bütün Xəzər hövzəsinin ən iri və müasir texnologiyaları tətbiq etməsi və sənaye potensialının çox böyük miqyası ilə seçilən   müəssisəsidir. Bugünkü dəniz neftçilərinin karbohidrogenlər hasilatında qazandıqları nailiyyətlərdə Dərin Özüllər zavodu fəhlələrinin, mühəndis-texniki işçilərinin, bu böyük kollektivin hər bir üzvünün, mübaliğəsiz olaraq, samballı payı vardır və əldə edilən uğurlarla geoloqlar, qazmaçılar və hasilatçılar kimi onların da öyünməyə haqları olduğunu inkar etmək olmaz. XXI əsrin birinci onilliyində  Azərbaycanda neft istehsalı sıçrayışla inkişaf edib, 2010-cu ildə 50 milyon ton səviyyəsinə çatması aparılan digər səmərəli işlərlə yanaşı, dənizdə yeni daha zəngin yataqların kəşfi və onların istehsal dövriyyəsinə daxil edilməsinin birbaşa nəticəsi idi. 

Meksikalıların marağına estakadada əkilmiş aqavalar səbəb oldu və onlar zarafatla dedilər ki, siz onun kökündən tekila arağı da istehsal edə bilərsiniz. Qonaqlar Azərbaycan dəniz neftçilərinin, Xəzərin şıltaqlığına baxmayaraq, çətin şəraitdə yanacaq hasil etmələrini həqiqi qəhrəmanlıq nümunəsi kimi qeyd etdilər və səfərdən bütünlüklə razı qaldıqlarını bildirdilər. Doğrudan da, dəniz neftçiləri Xəzərdə stixiyanın qəddar vendettasına qarşı mübarizədə bəzən hətta qurbanlar versələr də, axı onlar özlərini daim təbiətin qəddarlığı timsalındakı Stsilla və Xaribda arasına düşmüş kimi hiss edirlər, Heraklın igidlikləri ilə müqayisə edilə biləcək fədəkarlıq və yenilməzlik göstərirlər. Bu nəcib insanların böyük fayda verən dəlisovluğu himnlərdə vəsf olunmağa layiqdir. Dəniz allahı Poseydon belə, bunu müşahidə etdikcə, yəqin ki, vəcdə gəlir,  Xəzər neftçilərinin bu igidliyinə biganə qalmaq istəmir. Bethoven kimi qüdrətli bəstəkarımız olsaydı, onların şərəfinə onunkuna bənzər bir "Sevincə həsr olunan oda" yazardı, özü də onu təkcə öz adamlarımız oxumazdı, bu şərqi ən azı neft istehsalında bizimlə əməkdaşlıq edən digər ölkələrə də yayılardı. 

Yeddi il sonra, 1990-cı ilin noyabrında Meksikada Azərbaycan mədəniyyəti günləri keçirildi və nümayəndə heyətinə rəhbərlik Mərkəzi Komitə katibi kimi mənə etibar edilmişdi. Nümayəndə heyətinin tərkibinə rəssam Oqtay Sadıqzadə, mərhum bəstəkar Ramiz  Mirişli, AzərTAc-ın mərhum sədri Azad Şərifov, görkəmli müğənni Fidan Qasımova daxil idi. 11 il əvvəl mən Niderlandda Azərbaycan günləri keçirilərkən də qrupa rəhbərlik etmiş, bu səfərdə də mərhum bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi musiqiçilər kollektivinin, məşhur tarzən Ramiz Quliyev və kamançaçı Şəfiqə Eyvazovanın ecazkar sənəti holland tamaşaçılarına güclü təsir göstərmişdi.

Biz Moskvadan təyyarə ilə Meksikaya uzun yol getməli idik. Əvvəlcə İrlandiyanın Şennon təyyarə limanında olduq, sonra Atlantik okeanı üzərindən uçub keçəndən sonra Kubanın Havana beynəlxalq limanına endik və bir saat ərzində dəhşətli rütubətli və isti havadan cana doyub, Mexikoya yollandıq. Beynəlxalq aeroport meqapolisin kənarında, şəhərin daxilindədir. Bizi çox sayda jurnalistlər qarşıladı və pilləkəndən düşən kimi mənimlə intervyünü videoyaya çəkdilər və bizi ölkələrinə dəvət edən ev sahiblərinin dediyinə görə, bir neçə televiziya kanalı bizim gəlişimizi və intervyünü həmin axşam göstəribmiş.

Lakin Mexikonun da isti havası bizi boğazın ağrıması, öskürəyə tutulmaqla qarşıladı və bu vəziyyət iki gün davam etdi. Bizi başa saldılar ki, bu şəhərdəki smoqun təsirinin əlamətidir və tanış olmayanlar üçün adi haldır. Boğucu havaya da öyrənmək olur və ondan sonra elə bir diskomfort hiss etmirsən. Bu yerdə məşhur fransız filosofu Şarl Monteskyenin "Qanunların ruhu" əsərindəki bir epizod yada düşür. Şimali Amerikanın cənubundakı Missisipi deltası olan ərazini də əhatə edən Luiziananı fransızlar məskunlaşdırdıqdan sonra bataqlıqdakı metan qazını udan hindulara yazıqları gəldi və onları  bataqlıq sahədən çıxarıb, təmiz havası olan dağ yamacına köçürdülər. Hindular xəstələnib ölürdülər. Məlum oldu ki, hinduların ağ ciyərləri metan qazına necə öyrənmişdirsə, dağın təmiz havası ilə nəfəs almağı bacarmır və bu, onların xəstələnmələrinə səbəb olur. İndi də biz Mexikonun nəfəs almaq üçün çətin olan çirkli havasına bronxlarımızı və ağciyərlərimizi adət etməyə öyrədə bilmişdik.

(Ardı var)

 





08.04.2019    çap et  çap et