525.Az

"Qələmsiz yazılanlar"a sözardı - Rəşad Məcid yazır


 

"Qələmsiz yazılanlar"a sözardı - <b style="color:red">Rəşad Məcid yazır </b>

Bir neçə həftədir, Feysbuk statuslarımdan seçmələri "525"in oxucularına təqdim edirəm. Bu müddətdə müxtəlif səviyyələrdə çoxlu reaksiyalarla qarşılaşdım.

Statusların qəzetdə dərcinə münasibət bildirənlərin arasında sosial şəbəkələrdən şikayətlənənlər də oldu, onun mənəviyyatımıza vurduğu zərər barədə danışanlar da. Münasibət bildirənlər içərisində ziyalıların sosial şəbəkələrdə fəal olmasını arzulayanlar da var idi. Bu reaksiyalardan onu da hiss elədim ki, statuslar sosial şəbəkələrdən uzaq insanlar üçün daha yeni və maraqlı görünürdü!

On ildir Feysbukdayam! Tvitterdə bir müddət oldum, sonra davam etmədim. Statusları çap etdirdiyim ərəfədə İnstaqrama da girdim - fərqin, üstünlüyün, kəm-kəsirin görüm deyə. Feysbuk mənə daha sivil məkan kimi gəldi. İnstaqram hər cür xırdavatın, kimin nəyi var, satışa çıxardığı "tolkuçka"nı xatırlatdı mənə. Bu tipli bazarda son dəfə İssık-Kuldan - "Köçəri oyunları" yarışlarından geri dönərkən Bişkek ətrafında olmuşdum. Adı da qəribəydi, həm də, təsadüfdənmi, ya nədənsə, mahiyyəti ilə assosiativ əlaqə doğururdu: "Durdom!" İnstaqram da buna bənzər bir yerdir - ağız deyəni qulaq eşitməyən xaotik bir məkan - əsl bazar! "Dünyanın sonu xaosla gələcək" fikrini İnstaqramda bir də xatırladım. Qısası, İnstaqramın düzəlməsi mənə imkansız göründü və ümidsizlik doğurdu!

Feysbuk isə, bütün əyər-əskiklərinə baxmayaraq, düzələsi, normal virtual düşüncə mübadiləsi mərkəzinə çevrilməsi mümkün olan bir məkandır! Siyasi maraqlar, məqsədli şərləyici qruplar-trollar, bəsit fikirlilər daha çox meydan sulasa da, Feysbukda ciddi, səviyyəli və istedadlı adamların da səsi eşidilir, sözü diqqəti cəlb edir! Düzdür, burada da kölgədə qalan bəzilərinin özünüifadə imkanları qazanması, narazıların ürəyini boşaltması, uğursuzların kin-küdurət püskürməsi, içinin xıltını tökməsi üçün əlverişli, münasib şərait var. Bir çoxlarının reallaşmayan arzularından doğan qəzəbi, uğur qazananlara qısqanclığı burada da aydın hiss olunur. Bununla belə, Feysbukda maraqlı və fərqli fikirlər söyləyən səhifələr, fəal profillər də - millət vəkilləri, siyasi xadimlər, yaradıcı adamlar, ziyalılar var və get-gedə da onların fəallığı artır. Şəxsən mənim Feysbukda statuslarını müntəzəm izləyib bəyəndiyim profillər az deyil və bir çox istedadlı gəncləri də məhz elə Feysbuk vasitəsiylə kəşf etmişəm. Amma təbii ki, bunların sayının daha da çox olmasını istərdim.

Statusların qəzetdə dərcinə davam etməyim və kitab halında nəşri ilə bağlı fikirlərimin möhkəmlənməsində və qətiləşməsində akademik İsa Həbibbəylinin rolunu xüsusi qeyd etmək istəyirəm. Şeirlərimə, publisistik yazılarıma böyük diqqət ayıran, ayrıca haqqımda "Bütün yönləriylə yaradıcı" adlı kitab yazan və bununla yaradıcılıq prosesinden uzaqlaşmağımı istəmədiyini deyən İsa müəllim məni bu dəfə də ruhlandırdı! Orxan Pamukun fikrini bir qədər də inkişaf etdirib bu statusların yeni bir janr olduğunu söyləməklə və yazıların davamını arzulamaqla məni "Qələmsiz yazılanlar"ın dərcinə həvəsləndirdi!

"Qələmsiz yazılanlar"ın ikinci hissəsi isə "sms-esse"lərdən ibarət olacaq. İndi sms-lər keçmiş məktubları əvəz edir, epistolyar janrın ən işlək və müasir variantıdır. Məktublara nisbətən bəzən daha lakonik və qısa ola bilər, amma sms-lər də müasir poçtalyonlar - insan hiss və duyğularını daşıyan göyərçinlərdir. Forma dəyişir, duyğular, həyəcanlar, emosionallıq qalır. Ümid edirəm ki, “sms-esse”lər də maraqla qarşılanacaq, statuslar kimi müzakirələrə səbəb olacaq.

Bir daha məni bu yazıların və kitabın çapına həvəsləndirən hörmətli akademik İsa Həbibbəyliyə və fikirlərini, müdrik məsləhətlərini söyləyən bütün dəyərli insanlara təşəkkürümü bildirirəm. Açığı, gözləmədiyim halda, statuslara çoxlu və maraqlı reaksiyalar oldu; Hörmətli Novruz Məmmədov statuslara münasibətini bildirdi və sosial şəbəkələrdə ziyalıların fəal olmasının vacibliyini vurğuladı. Ustad müəllimimiz Şirməmməd Hüseynov bunu "təzə janr" adlandırdı. Hörmətli Anar müəllim, Fikrət müəllim, şair Vaqif Bayatlı Odər öz reaksiyalarını bildirdilər. Statusların bəzilərində akademik Kamal Abdullanın esselərinin təsiri hiss olunurdu və bununla bağlı Kamal müəllimə öz təşəkkürümü çatdırdım. Onun da münasibəti məni mütəəssir etdi. Akademik Muxtar Kazımoğlu maraqlı və mənimçün gözlənilməz olan nüansları qeyd edərək təəccübümə səbəb oldu. Dilçi alim İsmayıl Məmmədov maraqlı mülahizələrini söylədi. Eləcə də xeyli ziyalılar statusları maraqla oxuduqlarını bildirdilər. Hamısı var olsunlar!      

İndi isə "Qələmsiz yazılanlar" kitabı üçün seçdiyim bu statusların qəzetdə dərcini dayandırıram. Ola bilsin, gələcəkdə qəzetin bir neçə sayında "sms-esse"lərdən də bəzi nümunələri dərc etdirim. Tam halda isə kitab nəşr olunanda görüşərik. Amma Feysbukda statuslar davam edəcək. Fürsətdən istifadə edib sosial şəbəkələrdən uzaq olan ziyalılarımızı bu məkana dəvət edir, onları yeni dövrün innovasiyalarından bəhrələnməyə və gəlişləri ilə sosial şəbəkələrə ciddilik, nizam-düzən sarıdan öz töhfələrini verməyə çağırıram.

 





08.04.2019    çap et  çap et